Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 054 (Forbidding Adultery)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

b) Zinanın qadağan edilməsi pak həyat üçündür (Matta 5:27-32)


MATTA 5:27-30
27 “Zina etmə” deyildiyini eşitmisiniz. 28 Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29 Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30 Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
(Çıx. 20:14; 2Şam. 11:2; Əyy. 31:1; 2Pet. 2:14)

Məsih Əhdi-Cədidin ilahi Qanunvericisidir. O, qədim Qanunun gizli mənalarını açıqladı, Öz müqəddəs məhəbbəti ilə onları şərh etdi. Məsih əvvəlki əmrlərdən heç birini ləğv etmədi, ancaq onları təlimi və həyatı ilə tamamladı. Onun “Mənsə sizə deyirəm…” söyləməyə ixtiyarı var idi. Bu ayədə yeddinci əmrin Qanunvericinin Özü tərəfindən verilən şərhi yer alır. Bu əmr əxlaqsızlığa aiddir və ardıcıl olaraq əvvəlki əmrdən sonra gəlir. Əvvəlki əmr cismani hisslərə hakim olmaqla əlaqədar olduğu kimi, bu əmr cismani ehtiraslara hakim olmaqla əlaqədardır. Hisslər və ehtiraslar ağlın və vicdanın nəzarəti altında qalmalıdır, onların sərbəst buraxılması isə dəhşətli faciə ilə nəticələnə bilər.

Məsih günahkarları sevir və xilasa çağırır. Buna görə biz heç kəsə xor baxmamalıyıq, əksinə, hər kəsi sevməliyik. İnsanlar ərə getmədən hamilə qalan, yaxud uşaq doğan cavan bir qıza pis baxarlar, onu günahına görə qınayarlar, amma onların ağlına gəlməz ki, onlar ondan da betərdirlər, çünki qarşı cinsə şəhvətlə baxan hər adam Allahın gözündə zinakardır. İnsanlar şəhvətlə, murdar ehtiraslarla, arzularla doludurlar. Hamımız niyyət və arzularımızda pozulmuşuq. Yaxşı iş görən yoxdur (Zəb. 14:3; Rom. 3:12). Buna görə də ikiüzlülükdən ehtiyatlan və özünün bu həqir, rədd olunmuş zinakar qızdan daha yaxşı olduğunu düşünmə. Belə etiraf et: “Ya Allah! Mən günahkara rəhm et!” (Luka 18:13).

Hər insanın təbiətcə günahkar olduğunu həqiqətən dərk etmisənmi? Məsih günahkarlara “sağ gözün səni pis yola çəkərsə, onu çıxar at!” deyə əmr etdi. İsa ürəyimizdəki pis niyyətlərə agahdır. Hamımızın hiyləgər ürəklərimizə şəfa verəcək, onları təzələyəcək ruhani Həkimə ehtiyacımız vardır.

Sən səni pis yola çəkən əlini kəssən belə, hələ də qeybəti sevən pis dilin qalacaq. Həvarilərdən heç kəs öz əlini kəsmədi, çünki onlar yeni ürəyə, Müqəddəs Ruhun paklığına, ilahi ismətə nail oldular. Məsih “Gözünü çıxar at” və ya “Əlini kəs at” dedikdə, özümüzü şikəst etməmizi nəzərdə tutmadı, sadəcə olaraq günahkar vəziyyətimizi göstərmək və hər adamı cəhənnəmə sürüb aparan bu günahın nə qədər təhlükəli olduğunu öyrətmək istəyirdi.

Kiçikliyimizdən bəri bədənimiz pozulmuş, canımız hiyləgərdir, ancaq Məsihin qanı vicdanımızı bütün ölü işlərdən təmizləyə bilər. Onun Müqəddəs Ruhu bizdə şiddətli ehtiraslara üstün gələn yaxşı niyyətləri əmələ gətirə bilər. Günaha batmısansa, palçığın içində qalma! Ayağa qalx və Rəbbinin yanına sığın! O bilir ki, sən pak həyat sürməyə can atırsan. O səni özünə qalib gəlməyin üçün qüvvətləndirməyə qadirdir. Məsihdə qal, çünki pak həyata aparan yeganə yol Odur. Əsil Xilaskarın və sadiq Köməkçin Odur. O səni məhkum etmir, lakin hər zaman sevir və gözləyir!

DUA: Ey müqəddəs Rəbb, biz Sənin paklığının, müqəddəsliyinin önündə murdarıq. Hər murdar fikrimiz, sözümüz, yaxud əməlimiz üçün bizi bağışla! Bizi büsbütün təmizlə! Bizdə Müqəddəs Ruhunla məskən salaraq təmiz ürək yarat! Günahlarımızdan keç, qoy biz Sənin səsinə qulaq asaq və bizi əxlaqsızlığa, zinaya çəkə biləcək hər hansı vəziyyətdən uzaqlaşaq. Bizi büsbütün təqdis et ki, heç bir şey bizi Səndən ayırmasın!

SUAL:

  1. Bizi əxlaqsızlığa, zinaya çəkən ehtiraslardan necə azad ola bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:35 AM | powered by PmWiki (pmwiki-2.2.109)