Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 053 (Forbidding Murder)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

a) Qətlin qadağan edilməsi barışığımız üçündür (Matta 5:21-26)


MATTA 5:21-26
21 Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22 Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24 qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25 Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26 Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
(Çıx. 20:13; 21:12; Mark 11:25; Mat. 18:23-35; Luka 12:58-59; 1Yəh. 3:15)

Məsih Öz səlahiyyəti ilə Musanın Qanununu tam şəkildə təsdiq etmişdir. O bizi bu Qanunun nuruna gətirdi ki, ürəyimizdəki gizli niyyətləri aşkara çıxarsın. O bizə Allahın Padşahlığının Konstitusiyasının hüquqi şərhini vermədi, iman əsaslarını, Öz əqidələrini təqdim etmədi, lakin məhəbbəti gündəlik həyatımızın meyarı etdi. Həqiqətən, məhəbbət Qanunun tamamlanmasıdır və Səmavi Padşahlığın əsas haqq-ədalətidir.

Bu dünyada qatillər adətən ciddi cəzaya məhkum olunurlar. Hökm günündə də onlar Allahın qəzəbinə məruz qalacaqlar. Qatil tövbə edib Məsihdən salehliyi qəbul etməsə, bu dünyada əsla rahatlıq tapmaz.

Məsih bizə xəbərdarlıq edir ki, tələsərək qəzəblənən adam öz ürəyində başqasını qətl edir və beləcə altıncı əmri pozur. Qardaş dedikdə isə uşaq və ya qul daxil olmaqla, hər hansı bir insan nəzərdə tutulur. Qəzəb, insanın təbii hisslərindən biri olduğuna görə, bəzi hallarda qanuni və tərifə layiq ola bilər. Lakin biz səbəbsiz yerə qəzəblənəndə qəzəbimiz günah olur. Uşaqlara, yaxud xidmətçilərə, gücləri çatmayan işi səhv etdiklərinə görə hirsləndikdə, qəzəbimiz səbəbsiz olur. Qəzəbdə həddini aşdığımız zaman, hirsdən “partlayaraq” kimisə incitdiyimiz zaman günah edib altıncı əmri pozuruk, axı bərk qəzəblənən adam başqasını öldürə bilər və yalnız qətlin nəticəsindən qorxması onu qətldən saxlayır. Qabilin qətl cinayəti də qəzəbdən başladı. Ürəyində qətl fikirlərini saxlayan insan Allahın gözündə artıq qatildir (Mat. 15:19).

Qardaşına pis söz deyən adam onu dillə öldürən qatildir. Allah sənin ürəyini sınaqdan keçirəndə orada nə tapar: məhəbbət, yoxsa nifrət? “Axmaq, səfeh, ağılsız” kimi sözlər insanlara ağılsız və boş həyat barəsində xəbərdarlıq etmək üçün şəfqətlə, yaxşı niyyətlə söylənsə, günah olmaz. Yaqub da “Ey ağılsız adam…” (Yaq. 2:20) deyib; Paul da oxucularına “Ey ağılsız insan!” (1Kor. 15:36) deyə müraciət edib; Məsih Özü şagirdlərini “Ey ağılsızlar…!” (Luka 24:25) deyə tənbeh edib. Lakin bu sözlər qəzəb və kinlə deyildikdə, cəhənnəm odunun buraxdığı tüstü kimi olacaq və qətldən heç fərqlənməyəcək.

Aramicə “raka” kəlməsi qürurla təhqir etmək üçün işlənirdi. Bu sözü deyən adam başqasına: “Ey sən, başıboş insan!” deyə hörmətsiz və sevgisiz tərzdə müraciət edirdi. Adamı pisləməyimiz, tənqid etməyimiz ilə “dilin altında zəhər kimi” yavaş-yavaş öldürürük. Acı sözlər insana qəfildən atılan oxlar kimi (Zəb. 64:4), yaxud sümüyünə girən qılınc kimidir.

Sən neçə dəfə adama heyvan deyib onu alçaltmısan? Bu cür sözlərə görə cəhənnəm alovuna layiq olduğuna əmin ol! Allah məhəbbətdir və Onun kimi sevməyən Onun Qanununu pozur. Allahın məhəbbəti əsasında qurulmayan bütün niyyətlər xudbinlikdən qaynaqlanır və puç olacaqdır. İnsanları sevməyən hər kəs qəlbən qatildir və qatil kimi cəzalandırılacaq. Elə bilmə ki, bu sözlər sadəcə olaraq fəlsəfədir, yaxud uydurmadır. Bunlar İlahi Konstitusiyanın Uca Hakim tərəfindən verilən şərhidir! Sən Rəbbin gözündə qatilsən və sinəndə qatil ürəyi döyünür!

Bundan elə nəticə çıxır ki, biz məsihi məhəbbəti ilə bütün qardaşlarımızla sülh içində yaşamağa çalışmalıyıq. Aramız pozulan kimi barışmalıyıq, öz təqsirimizi etiraf etməliyik, qardaşlarımızın qarışısnda özümüzü alçaldıb, üzr istəməliyik, verdiyimiz zərərin əvəzini vermək üçün əlimizdən gələni etməliyik. Buna tələsməyə iki səbəb var:

  1. Çünki biz barışmadan müqəddəs mərasimlərlə Allaha yaxınlaşa bilmərik.
  2. Çünki biz hirsli olanda Allahın önündə dini xidmətimiz məqbul olmur. Kin, paxıllıq, yaxud oğurluq kimi günahlar Allahı o qədər qəzəbləndirir ki, Allah öz ürəyində bu günahlara yer verən insandan razı qalmaz. Qəzəbli halda edilən dualar mənasızdır (Yeş. 1:15; 58:4).

Sən öz düşmənini sevirsənmi? Sevdiyini deyirsənsə, bunu əməldə göstər. Get onunla barış. Yalandan demə ki, aramız yaxşıdır. Onun yanına get, qapısını döy, onunla görüş. Səndə cüzi də olsa təqsir varsa, özünü alçaldıb ondan üzr istə. Birinci addımı sən at, çünki Allahın məhəbbətinin yolu budur. Bir insanla aran pozulubsa, Allaha necə dua edə bilirsən? Möminlər dəyişməsələr, günahkarlardan da ciddi mühakiməyə düçar olacaqlar. Çünki ikiüzlülük Allahın önündə ən mənfur günahdır. İnsana nifrət edə-edə Allaha həmd edirsənsə, vay başına! Allahdan sənin qürurunu bağışlamasını və bütün insanlarla barışmaqda sənə kömək olmasını istə.

Allah məhəbbətdir və əgər sən Onun məhəbbəti ilə dolusansa, O səni rəhmli, bağışlayan, həlim insana döndərəcək. Allahın bu işinə yol verməsən, başlanğıcdan bəri qatil olanın kin ruhunun qurbanı olarsan. Allahın daş ürəyini yumşaltmasına izin vermisənmi? Səni ittiham edən ilə, o sağ ikən, tez barış!

DUA: Ey müqəddəs Rəbb, mən kiməm? Adamı nifrətlə rədd edən qatiləm! Kinimi bağışla, ürəyimi təmizlə, biz düşmənləri ölümə qədər sevən vahid Oğlunun qanı ilə qəlbimi pak et! Yalvarırıq Sənə, Müqəddəs Ruhunun qüvvəsiylə ürəklərimizi təzələ, qoy biz məhəbbət və əzm ilə dolub düşmənlərimizlə barışaq və həmişə onlarla sülh içində yaşayaq!

SUAL:

  1. Məsihin Qanununa görə, qatil kimdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:35 AM | powered by PmWiki (pmwiki-2.3.3)