Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 017 (Jesus' birth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

2. İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)


MATTA 1:22-23
22 Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23 «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.

Mələk Yusifə Məryəmin həqiqətən də Müqəddəs Ruhdan hamilə olduğuna şəhadət etdi və bu şəhadəti 700 ildən əvvəl Yeşaya peyğəmbərin elan etdiyi bir qədim peyğəmbərlik (Yeş. 7:14; 9:6) ilə təsdiq elədi ki, Yusif bu möcüzənin bir təsadüf olmadığını, lakin çox qədimdən Allah tərəfindən hazırlanmış bir olay olduğunu anlasın. Bu olay, Allahın xilas məqsədlərinin və yəhudi xalqının tarixinin zirvəsidir.

Vəd olunan Körpə qadın olan bir bakirədən doğulacaq idi (peyğəmbərliyin ibrani mətninə görə). Onun vasitəsilə Allah insanlara yaxınlaşacaq idi. Onun adı "İmmanuel" idi (ibrani dilində). Bu adın mənası "Allah bizimlədir". İsanın adı Allahın insanlarla olacağını müjdələyir. Günah dünyaya daxil olandan bəri Xaliq məxluqdan ayrıldı, çünki O, uca və müqəddəsdir. Allahın calalı və ədalətindən hər bir günahkarın dərhal məhkum və məhv edilməsi zərurəti yaranar. Allah təbiətinə görə günaha və günahdan əl çəkməyən günahkara düşmən olar. Tövbə edib pisliyindən dönməyə can atmayan hər kəs Allahdan cəza alar.

Həqiqətən də, "İmmanuel, Allah bizimlədir" adı ağlımızdan çox yüksəkdir, lakin eyni zamanda son dərəcə qiymətlidir, çünki Allah bəşər olub aramızda məskən saldı, bizimlə barışdı, bizimlə sülh münasibəti qurdu, bizimlə əhd bağladı, bizi Özü ilə ünsiyyətə gətirdi. Allah mərasim və rəmzlər vasitəsilə yəhudi xalqı ilə birlikdə idi, Onun ehtişamı onlardan gizli idi, O, keruvlar arasında məskən salmışdı. Ancaq o vaxtlarda Allah hələ tam mənada insanlarla birlikdə deyil idi; yalnız mübarək İsanın gəlişi ilə "Kəlam bəşər olub" və Allah simvolik olaraq keruvlar arasında olduğu kimi deyil, həqiqətən Öz xalqı arasında yaşadı.

Allahın bu işi necə əzəmətlidir! Allah bu Vasitəçinin Şəxsində ilahi və bəşəri təbiətləri birləşdirərək, Özü ilə insan arasında sülh yaratdı və dost münasibəti möhkəmlətdi. «Əlini ikimizin də üzərinə qoyan» (Əyy. 9:33) bu Vasitəçidə Allah və İnsan bir oldu. Bu olayda ən böyük sirri və ən zəngin mərhəməti görürük. Təbiətin işığında üstümüzdə olan Allahı, Qanunun işığında bizə qarşı olan Allahı gördüyümüz kimi, İncilin nurunda Onu "İmmanuel", yəni "bizimlə", təbiətimizdə olan və hətta bizim işlərimizin qeydinə qalan Allahı görürük. O, «bizə olan məhəbbətini sübut edən» Xilaskarımızdır.

Tövbə etməyən insan, özlərini və başqalarını aldadan yalançıların tərəfində qalır. Xüsusilə ona «Allah səninlədir!» deyənlər yalan danışırlar; «Allah sənə qarşıdır!» söyləmək daha doğrudur, çünki adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur.

Məsihin doğuluşundan Allahın müqəddəsliyinin məhəbbəti ilə, ədalətinin xoş niyyəti ilə birləşdiyini bilirik. Axurdakı Körpə pak və qüsursuz olaraq doğuldu ki, insanların haqsızlıqlarını Öz üzərinə götürərək və cəzalarını çəkərək onları müqəddəs Allahla barışdırsın, Allahla aramızın pozulmasının səbəbini aradan qaldırsın. Həqiqətən, Allah bizimlədir, lakin O yalnız İsanın doğulması və qurbanı sayəsində bizimlədir. İnsana salehlik verən, rəhmli İsa Allah ilə bizim aramızda bağlayıcı halqadır.

Heç bir dinin, heç bir xalqın «Allah bizimlədir!» deməyə haqqı yoxdur, İsanı qəbul edənlərdən başqa. Çünki Onun Şəxsində Allahın hüzuru və işi kamil olub. Ona ümid bağlayan hər kəs Müqəddəs Ruhu alır və Müqəddəs Ruh hər imanlını pak və düzgün həyat sürməyə, xidmət etməyə həvəsləndirir. Allahın Ruhu ilə düzgün həyat sürən və Allahın Özünün onun daxilində məskən saldığına əmin olan imanlılardan başqa heç kim «Allah bizimlədir!» deyə bilməz.

Dinlərin cəhdlərinə baxan, milyonlarla dindarların duaları barədə düşünən, bəşəriyyətin Allaha olan bu şövqünü görən hər kəs İsanın adının sadə mənasına heyran olur: «Allah bizimlədir!» Xilas olmaq üçün Qanuna riayət etmək, dini mərasimlərdə ilahilər oxumaq lazım deyil, çünki Allah bol lütf və məhəbbət ilə yanımıza gəldi və xoş niyyətinə görə lütfünü bizim üzərimizə tökdü. Biz Onun hüzuruna əsla layiq deyilik, lakin O tükənməz əzm və arzu ilə axurdakı Körpədə yanımıza gəldi.

DUA: Sənə səcdə edirik, ey müqəddəs Allah, çünki Sən məhəbbətsən! Bizə xor baxma, bizi həlak etmə, lakin bizə mərhəmət elə! Sən təvazökar tövlədə yanımıza gəldin, günahlı bədənimizi aldın, bizə dözdün və bizi hər cür haqsızlıqdan təmizlədin. Sən bizi satın aldın. Sən sadiqsən, bizi tərk etməzsən. Bizə əbədi olaraq Səninlə qalmağa kömək et!

SUAL:

  1. "İmmanuel" adının mənası nədir və nə üçün Məsih bu ada layiqdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.2.109)