Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 018 (Jesus' birth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

2. İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)


MATTA 1:24-25
24 Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25 Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.

Yusif mələyin sözlərinə inandı. Sevgili nişanlısı barədə olan bütün şübhələrini rədd edib Məryəmi qəbul etdi. Yusif ilahi vəhyə tam ürəkdən güvəndi. Bu iman addımı sayəsində Yusif nümunəvi iman qəhrəmanları sırasında hörmətli bir yer tutdu.

Baxmayaraq ki, mələyin dediyi sözlər Yusifin əvvəlki hisslərinə və niyyətlərinə zidd idi, Yusif mələyin əmrinə tabe oldu. Artıq-əskik söz demədən, sevinclə dərhal arvadını qəbul etdi. Səmavi görüntüyə itaətsizlik etmədi. Biz gözləməməliyik ki, Allah bizə belə fövqəltəbii şəkildə yol göstərəcək, bununla belə, Allah bu gün Onun uca işlərindən şübhələnənlərə Öz iradəsini bildirmək üçün hələ də müxtəlif yollardan istifadə edir: vicdan səsindən, sadiq dostların məsləhətlərindən və s. Biz həyatımızda qərar aldıqda, xüsusilə Yusif kimi çox mühüm bir qərar olsa, Allahdan bizə düzgün yol göstərməyi xahiş edə bilirik, lakin ilk öncə Onun Kəlamında yazılmış ümumi qaydalara riayət etməliyik. Allahın buyurduğu kimi etdiyimiz zaman tam rahatlığa və əminliyə nail oluruq.

Mələyin görünməsindən sonra Yusifin nişanlısına baxışı dəyişdi, o artıq Məryəmə tam ehtiram və etibarla baxırdı, Allahın onu seçdiyini dərk edirdi. Məryəm gördüyü vəhy və başına gəlmiş qəribə əhvalat barəsində danımamışdı, yalnız dua etmiş və onun qayğısına qalan Allaha güvənmişdi. Rəbb Məryəmin inam dolu ürəyindən gələn duanı eşitdi və daxili mübarizəsinə görə ona izzətli cavab verdi: Yusif onu tam ehtiramla qəbul etdi və lütf dolu Allahın Oğlunu dünyaya gətirincəyə qədər Məryəmlə yaxınlıq etmədi.

Matta İsanın doğulması barədə qısaca yazdı. Bəşəriyyətin tarixində ən böyük hadisə izdihamlardan uzaqda, səs-küysüz və təntənəsiz baş verdi. Neçə-neçə nəsillərin gözlədiyi İsa tövlədə doğuldu və Allahın bütün qüvvə və sifətləri Onun içində gizli idi. Mələklər Xaliqlə məxluqun birləşməsini şövqlə tərənnüm edirdi, cinlər isə dişlərini qıcırdadırdı, çünki qəniməti əllərindən qapacaq, onların özlərini isə məhkum edəcək Xilaskar gəldi.

Yusif bu ilk doğulan Oğulun doğulmasını mələyin vədinin yerinə yetirilməsi olaraq qəbul etdi. O, ailəsinin ənənəsinə zidd olmağına baxmayaraq, Körpəyə İsa adını qoydu. Yusif həqiqətən Allahın əmrinə itaət etdi.

İsanın doğulması ilə yeni dövr başlandı. Bundan sonra dünya Allahın Qanunu, qorxunc hökmü və qəzəbi kabusundan azad oldu. İndi lütf dövrü başlandı, Allah insanları xilas və təqdis etmək üçün insanların yanına gəldi. Bu xilas insanın öz cəhdlərinə, hünərinə görə deyil, lütf ilə gerçəkləşir. Məsihin gəlişindən sonra dinlərin təbliğ etdiyi bütün qayda-qanunların, şərtlərin və mərasimlərin ləğv edildiyini dərk etmisənmi? Allah insanlara əvəzsiz olaraq yardım etmək üçün Özü dünyaya gəldi.

DUA: Ey Ata, Oğul və Müqəddəs Ruh, vahid Allah, həyata keçirdiyin əzəmətli xilas üçün Səni ucaldırıq, Sənə həmd edirik! Sənə, Oğluna və məhəbbət Ruhuna səcdə edirik! Sevinib cuşa gəlirik, çünki biz murdar insanlar olmağımıza baxmayaraq, Sən bizim yanımıza gəldin! Ətrafımızdakı bütün insanların gözlərini aç, qoy onlar Rəbbimiz İsa Məsihdə olan Sənin lütfünü, şəfqətini, mərhəmətini və hüzurunu tanıya bilsinlər!

SUAL:

  1. İsaya atalıq edən Yusif necə iman qəhrəmanlarından biri oldu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.2.109)