Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 020 (Circumcision is Spiritually Unprofitable)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

d) Sünnətin ruhani cəhətdən faydasızlığı (Romalılar 2:25-29)


ROMALILAR 2:25-29
25 Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan. 26 Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır. 27 Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan. 28 Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. 29 Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.

Paul özlərini Qanun müəllimləri sayan yəhudi mənşəli imanlıların qürurunu sındırdıqdan sonra ruhunda hiss etdi ki, bəziləri ona belə cavab verəcəklər: “Bəli, biz günahkarıq, axı Allahdan başqa heç kəs kamil deyildir. Lakin bizə sünnət vədi verən Haqq-Taala bu Qanunun rəmzində atamız İbrahim və bütün nəsli ilə əlaqə qurub. Allah bizimlədir – biz saleh olduğumuz üçün deyil, O bizi seçdiyi üçün bizimlədir”.

(Ayə 25) Tövrat alimi olan Paul onların bu yanlış fikrinə belə cavab verdi ki, Allahın İbrahimlə bağladığı əhd Qanunu ləğv etməz, çünki əhd özü Qanun əsasında bağlanmışdır. Qanun da həmçinin əhdə əsaslanır, çünki Rəbb İbrahimə “Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol” (Yar. 17:1) – deyə açıqca danışmışdı. Bu ayə, əhdin bağlanmasının şərti idi. Amma ondan öncə İbrahim ilk vədə inanmamış və Allahdan məsləhət almamışdı, misirli qarabaşı Həcərdən ilk oğlu İsmail dünyaya gəlmişdi.

Beləcə Paul Romadakı yəhudi mənşəli məsihilərə sübut etdi ki, Qanun olmasa, əhd də olmur və Qanuna riayət edilməsə, sünnətin mənası yoxdur. O sünnəti ilk öncə gözəl bir rəmz – Allahın günahkarı günahkarlığından təmizləməsi və imanlının nəsli ilə birgə Allaha itaət etməsinin rəmzi olaraq qəbul edirdi.

Lakin bu prinsip yalnız əhdə şərik olan adam Allahın iradəsini yerinə yetirdiyi təqdirdə qüvvədə olur. O, əmrləri pozduqda, Allaha qarşı günah etdikdə, sünnətli olsa belə, sünnətsiz sayılır, yəni sünnət olunmamış adamlar kimi Allahdan uzaq və yad olur.

(Ayə 26) Bütpərəst bir adam Qanunu öyrənsə və Müqəddəs Ruhun qüvvəsi ilə ona riayət etsə, cismən sünnət olunmadığı halda, Allahın qarşısında sünnətli, Qanuna riayət edən, əzəldən seçilmiş sayılacaq, çünki əhd və seçim yalnız seçilmişlərin yenilənməsi və tərbiyələndirilməsi üçündür. Qədim əhdin xaricində olduğu halda, həyatında mənəvi yüksəkliyə çatan hər kəs, bu əhdə daxil olur!

(Ayə 27) Allahla əhd bağlamış xalqın içində doğulsa da, əhd-peymanın tələblərinə riayət etməyən adam Alahın qarşısında sünnətsiz sayılır. Lakin Allahın qüvvəsi ilə Rəbbin iradəsini yerinə yetirən sünnətsiz adam, Allahın düşmənləri kimi əmrlərini pozan sünnətliləri mühakimə edəcək! Çünki sünnət rəmzi adamı xilas etmir, müqəddəs əməlləri və davranışı isə onun Allaha bağlı olduğunu və Allahın qüvvəsinin onun zəifliyində fəal olduğunu sübut edir.

(Ayə 28) Yəhudi ənənəsinə ağır zərbə vurandan sonra Paul “yəhudi” sözünün mənasını izah edir. Bu gün bu sözün mənasını yadda saxlamaq və yenidən dərk etmək son dərəcə önəmlidir. Yəhudi, yəhudi xalqında doğulmuş, ibrani dilində danışan, qırğıburun adam deyildir. Allahın nəzərində yəhudi, Qanuna inanan, sünnət olunan, şənbə günlərində dua edən adam deyildir. Allahın önündə məqbul olan yəhudi, gizli həyatını Allahla yaşayan, həyatında kamil məhəbbət, həlimlik, müqəddəslik olan adamdır. “Yəhudi” sözünü belə ruhani mənada qəbul etsək, yeganə nümunəvi yəhudinin İsa Məsih olduğunu anlayacağıq! İsa inadkar yəhudilərdən kəskin fərqləndiyinə görə, yəhudilər Onu çarmıxa çəkdirdilər! İsanın həlim və itaətkar ruhuna görə İbrahimın xalqı İsanın xalqını bu günədək təqib edir! Biz əqlən dəyişilməli və “yəhudi” sözünü Paulun verdiyi mənada anlamalıyıq!

(Ayə 29) Sünnətdən Müqəddəs Kitabda dəfələrlə bəhs edilməyinə baxmayaraq, sünnət, Allahın müəyyən bir xalqa məxsus olduğuna işarə etməz, çünki Allah tənbəlləri əhdinə şərik etmək istəmir, yeni ürəyə nail olmuş, Müqəddəs Ruhla dolmuş sevimlilərlə əhd bağlayır. Yalnız yenidən doğulmuş adam Allahla əhd bağlaya bilər! Allah, Ruhunun bol səmərəsini gətirən hər kəsə xeyir-dua verir və özünü yəhudi, yaxud məsihi adlandırıb, Məsihin məhəbbət Ruhuna zidd hərəkət edən heç kəsi, əqidələri düzgün olsa belə, qəbul etməz, amma onları Özünə düşmən sayar və mühakimə edər!

DUA: Ey müqəddəs Allah, keçmişdə dostun İbrahim və övladları ilə sünnət rəmzi vasitəsilə əhd bağladığına görə Sənə şükür edirik. Bizi yeni əhddə qəbul etdiyinə görə də Sənə çox minnətdarıq. Tamamilə müqəddəs həyat sürmürüksə, ürəyimiz köhnə və sünnətsiz imiş kimi yaşamışıqsa, bizi bağışla! Hər yad ruhdan bizi təmizlə və hər vaxt Məsihin ardınca getməyimiz üçün bizə Onun məhəbbətini və həlimliyini bəxş elə!

SUAL:

  1. Qədim və yeni əhdlərdə sünnət nə mənaya gəlir?

Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün
zahir olacağı gün
inadkarlığına və tövbə etməyən ürəyinə görə
özün üçün qəzəb toplayırsan;
Allah hər kəsə əməlinə görə əvəzini verəcək.

(Romalılar 2:5-6)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)