Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 07 Fifth Commandment: Honor Your Father and Your Mother

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

07 - BEŞİNCİ ƏMR: ATA-ANANA HÖRMƏT ET



ÇIX. 20:12
"Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun".


07.1 - Ailə Allahın ənamıdır

Ailə, cənnətdən qalan bir cənnət parçasıdır. Allah insanı kişi və qadın olaraq yaratdı, kişilər və qadınlar Onun izzət və məhəbbətini əks etdirməli və çoxalıb yer üzünü doldurmalıdırlar. Beləliklə, ailə bəşəriyyətin varlığının nüvəsi və bütün mədəniyyətlərin təməlidir. Ailə insana qorunma, əmin-amanlıq, birlik hissini verir; o çox vaxt bütün ideyalardan, etiqadlardan daha qüvvətli olur.

Bütün dinlər ata-anaya hörməti müqəddəs borc sayır. Uşaqların öz valideynlərini sevməsi, onlara hörmət etməsi təbiidir. Kommunizm allahsız ideologiyasıyla valideynlərin hörmətli yerini sual altına qoyanda, onun bu nəzəriyyəsinin qeyri-təbii və Yaradanın həqiqətinə zidd olduğu tezliklə aşkar oldu. Buna görə kommunizm dağıldı və sona yetdi. Bu Əmr ilə Allah ailənin qorunmasını təmin edir. Biz ailənin sirri və mübarək varlığı üçün şükür etməliyik.

Beşinci Əmrdə Rəbb nəinki ailənin dolanışığını təmin edən ailə başçısı kimi ataya, həm də anaya və ümümiyyətlə bütün qadınlara hörmət etməyi buyurur. Qadın kişi ilə bərabər Allahın surətini əks etdirməyə çağırılıb və arvad ərlə bərabər ailədən məsuliyyət daşıyır. Bu səbəbdən Əhdi-Ətiq və Əhdi-Cədid eynilə həm atalara, həm də analara hörmət etməyi əmr edir.

Ailə qurmaq və ailəsini qorumaq əmri təbii və bəsitdir. Hətta heyvanların balaları öz analarının ardınca gəlirlər və quşların erkəkləri ilə dişiləri bəzən növbə ilə yumurtalar üzərində otururlar və hər ikisi, balaları özləri yeməyi öyrənənə kimi onları yedizdirir. Yaradanın təyin etdiyi təbii əlaqələr var və heç kəs onları pozub cəzasız qala bilməz. Bununla belə, bu gün uşaqları valideynlərinə qarşı itaətsiz olmağa çağırışları eşitmək olar: "Atana qulaq asma! Ananın sözünə baxma! Özün düşün, özün hərəkət elə, kiçik yaşından üsyan et!" İtaətsiz uşaqların gözlərində nur yoxdur, üzlərində sevinc yoxdur, ürəkləri daşa dönür.


07.2 - Valideyn fədakarlığı

Atalarla analara yeni nəsli yaratma işində iştirak etmək haqqı verilib. Hər uşağın anadan olması öz-özlüyündə bir möcüzədir! Hətta valideynlərinin istəyi olmadan dünyaya gələn uşaq Yaradana həmd edib, ona həyat verən ata-anasına görə şükür etməlidir.

Anamız bizi doqquz ay bətnində daşıdı. Təqribən 275 gündən ibarət olan bu müddət ərzində biz gecə-gündüz əmin-amanlıqda qaldıq, qida ilə təmin olunduq. Anamızın sevincinə, kədərinə, qəzəbinə, qayğısına və yorğunluğuna şərik olduq. Bəlkə biz doğulmazdan əvvəl anamız bizə görə dua etmişdi. Biz nurlu dünyaya çıxarkən, anamız qorxu keçirtdi, əzablar çəkdi.

Atamız və anamız illərlə bizə ən yaxın adamlar olurlar. Bizim barmaqlarımızın böyüdüyünün, boyumuzun uzandığının şahidi olan valideynlərimiz gülüşümüzə sevinir, ağrılarımıza acıyırlar. Bəziləri öz uşaqlarının varlığına və inkişafına görə Yaradana şükür edirlər. İsanı tanıyan valideynlərimiz olubsa, onlar bizi hökmən kiçik yaşdan Səmavi Ataya tapşırıb, Allahın əmrlərini öyrədib, bizi Xeyirxah Yaradana və Yaxşı Çobana iman etməyə həvəsləndiriblər. Beləliklə, valideynlər bizi düşündüyümüzdən artıq seviblər və Allahın adıyla bizə xeyir-dua veriblər. Onlar gecə-gündüz bizim dərdimizi çəkib, qeydimizə qalıblar, bizi kifayət qədər qida və geyimlə təmin etməyə çalışıblar, bizə elm öyrədiblər, biz xəstələnəndə yatağımızdan ayrılmayıb, dərman veriblər. Bizim sevincimizə və dərdlərimizə şərik olublar.


07.3 - Ailə problemləri

Valideynlərlə uşaqlar arasında o qədər sıx əlaqə var ki, onların arasındakı qarşılıqlı məhəbbət və inam təbii sayılır. Lakin biz artıq cənnətdə yaşamırıq. Heç bir uşaq saleh deyildir və valideynlər də Allahın önündə təqsirlidirlər. Buna görə böyüklər, uşaqlar və yeniyetmələr ancaq Allahın bol mərhəməti ilə bir-birini bağışlaya-bağışlaya bir ailədə yaşayırlar. Bağışlamağı və səbir etməyi bacarmayan ailədə sülh qala bilməz. Valideynlərindən dostca, sevgi ilə bir-birini bağışlayaraq yaşamağı öyrənən uşaqlar nə bəxtiyardırlar!

Uşaqları doğru yola, düzgün imana gətirmək yalnız valideynlərinin arzusu deyildir, Allahın Oğlu Özü buyurur ki, uşaqları Onun yanına gətirsinlər və O onlara xeyir-dua versin. Valideynlər öz övladlarına İsanın təbiətini, paklığını göstərirlər, əmrlərinə əməl etməyi öyrədirlər, İsanın vədlərini zehnində saxlamağa kömək edirlər. Ata və ana uşaqlarının ruhani tərbiyəsindən eyni məsuliyyəti daşıyırlar. Onlar, öz imanını uşaqlarına irs verə, yaxud zorla qəbul etdirə bilməyəcəklərini anlamalıdırlar. Hər uşaq Allahla yaşayacağını yoxsa Ona qarşı duracağını özü seçməlidir. Bununla belə, uşaqlar dərk etməlidirlər ki, valideynlərinin xeyir-duası əsrlərlə davam edəcəkdir.

Valideynlər uşaqlarını ərköyün böyütməməli və tənbəlliyə öyrətməməlidirlər. Ancaq uşaqlara gücləri çatmayan işləri tapşırmaq da olmaz. Müdrik adam uşağının yavaş-yavaş inkişaf etdiyini bilir və təbii inkişafı üçün uzun müddət uşaq səviyyəsində qaldığına etiraz etmir. Uşaqların tərbiyəsində məktəb və elm ən önəmli deyildir. Ən önəmli odur ki, onların vicdanı oyansın, Rəbb qorxusunu öyrənsinlər, paklığa, düzlüyə, çalışqanlığa adət etsinlər. Son dərəcə vacibdir ki, valideynlər uşaqları ilə çox vaxt keçirsinlər, problemlərindən söhbət etsinlər. Ancaq ən vacib iş budur ki, valideynlər övladlarının yenidən doğulması və İsa ilə yaşaması üçün durmadan dua etsinlər.

Gənclik yaşına təzəcə ayaq qoymuş uşaqlar valideynlərlə mübahisə edirlər. Bu “müstəqillik həvəsi”, adətən, şeytanın işi deyil, sadəcə olaraq, uşağın böyüməsində bir mərhələdir. Valideynlər öz övladlarını Allaha tapşırıblarsa, onlara qəzəblənmədən, bu böhranlı illəri səbirlə onlarla birlikdə keçirməyi bacaracaqlar. Yeniyetmə uşaqlar özlərinə faydalı kitablar, sadiq dostlar, ədəbsiz səhnələr göstərməyən və pis şeylər öyrətməyən tərbiyəli filmlər tapmalıdırlar. Onlar məsihi gənclik qruplarında iştirak etməli, başqa məsihi yeniyetmələrlə birlikdə Müqəddəs Kitabı öyrənməlidirlər. Uşaqlara moizə oxumaqla əxlaq öyrətmək olmaz. Onları bir dinə qulluq etməyə, adət-ənənələrə riayət etməyə məcbur edən valideyn ürəklərini daha çox inadkarlaşdırır.

Biz, valideynlər, İsanın dediyi bu sözləri yadda saxlamalıyıq: "Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar" (Mat. 18:6). "Pis yola çəkmək" dedikdə məhəbbətlə uşaqlara tərbiyə verərkən qəzəbləndirmək yaxud vurmaq nəzərdə tutulmur. "Pis yola çəkmək", uşağın insanlara nifrət etməsinə, onlardan pis danışmasına yol vermək deməkdir; uşağı pis işlərə cəlb etmək yaxud pislik edən uşağa xəbərdarlıq etməmək deməkdir. Yaxşı tərbiyə yalnız Rəbb qorxusu və İlahi məhəbbət olan yerdə mümkün olur.

İndiki texnoloji inkişaf dövründə bəzən valideynlər uşaqlara geri qalmış görünə bilirlər. Təhsil almış uşağın oxuyub-yazmağı bacarmayan atası yaxud anasına gülməsi, onu təhqir etməsi nəinki nəzakətsiz, hətta son dərəcə ağılsız hərəkətdir. Çünki insanın zəkası və qiyməti oxu-yazı ilə ölçülməz və savad insanı saleh yaxud müqəddəs etməz. Valideynlərin nüfuzu elmi dərəcələrindən və ya əldə etdikləri sərvətdən asılı deyildir, Allahın taxtı önündə öz uşaqlarına xeyir-dua verməyindən asılıdır. Ata Allah valideyn ürəyini şəfqətli məhəbbətlə doldurdu. Məsihin qurbanı valideynlərdə və uşaqlarda bir-biri uğrunda fədakarlıq göstərmək arzusunu hasil etdirir.


07.4 - Beşinci Əmrin yerinə yetirilməsi

Biz valideynlərimizə necə hörmət göstərə bilərik? Vicdanımız bizi öz valideynlərimizi sevməyə, hörmət etməyə vadar edir, çünki onlar bizim üçün bu dünyada ən önəmli insanlardır. Biz onlara etibar və itaət edərək, öz xudbinliyimizdən imtina edərək hörmət göstəririk. Uşaq və ya yeniyetmə öz atasına yaxud anasına nə qəsdən, nə də səhvən əl qaldırmalıdır. O onların sözünə baxmalı, hörmət etməlidir. Ailənin baş yerində uşaq deyil, Rəbb Özü durmalıdır. İsa bizə xoşbəxt ailə həyatının sirrini açır: "Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin" (Mat. 20:28). Allahın Oğlu bu sözləriylə həm valideynlərə, həm də övladlara səadət və şükürlə dolu qarşılıqlı münasibətlərə aparan yolu göstərir.

Övlad öz ailəsini qurandan sonra valideynlərinə qarşı borcunu yerinə yetirmiş sayıla bilərmi? Xeyr! Valideynlər qocalıq yaşına dolanda, zehni və fiziki cəhətdən zəifləyəndə əvvəlkindən daha çox öz övladlarının şəfqətli qayğısına ehtiyacları olur. Qocalmış valideynlərin öz oğul və qızlarından faydalanmağa haqqı var. Vaxtı ilə onlar balaca ikən, ata-anaları illərlə onların qayğısını çəkmişdilər, indi də onlar qoca valideynlərinə vaxt ayırmalıdırlar. Heç bir təqaüd və ya ən yaxşı qocalar evində rahat şərait övlad köməyini əvəz edə bilməz.

Beşinci Əmrdə ilk dəfə açıq bir vəd verilir. Öz valideynlərinə həlim münasibət bəsləyən övladın yer üzündə ömrü uzanacaq və həyatına Rəbdən bərəkət gələcək. Bir xalqda valideynin hörməti qorunursa və valideynlərlə övladlar Allahın önündə birlikdə yaşayırlarsa, bu xalq uzun yaşayır və yaxşı inkişaf edir.

Allah bizə valideynlərə və başçılara xor baxmağı, onlara iftira etib alçaltmağı, inamsız, riyasız və saxta münasibət göstərməyi qadağan edir. İsa dedi: "Siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz" (Mat. 25:40). Avşalomun atası Davuda qarşı üsyan etməsi əhvalatı yadınızdadırmı? Bu əhvalat üsyançı övladın ölümüylə başa çatır (2Şam. 15:1-12; 18:1-18).

Çıx. 21:15-17-də belə yazılıb: "Atasını yaxud anasını döyən adam öldürülməlidir... Atasını yaxud anasını söyən adam öldürülməlidir". Sül. 20:20 belə deyir: "Kim ki atasına, anasına qarğış edər, zülmətə düşərkən çırağı sönər". Qanun. 21:18-21 də təsdiq edir: "Əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa... Onda şəhərin əhalisi onu daşqalaq edib öldürsün..." Öz valideynlərinə itaət etməyən adam tövbə etməsə, bütün xalq üçün təhlükəli olacaq. Qədimdən olduğu kimi, bu gün də cəmiyyətdə sabitlik övladların məhəbbət və itaətkarlığından asılıdır.

Allah təkcə övladlara deyil, valideynlərə də açıqca danışır. Çünki övladlar valideynlərin əllərində oyuncaq olmamalıdır. Hər bir övlad Allah tərəfindən valideynin öhdəsinə buraxılıb. İsa deyir: "Siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz" (Mat. 25:40). Həvari Paul da valideynlərə xəbərdarlıq edir ki, övladlarını qəzəbləndirməsinlər və onların üzərinə daşıya biləcəklərindən artıq yük qoymasınlar (Ef. 6:4; Kol. 3:21). Bununla belə, valideynlər uşaqlara laqeyd yanaşıb, həddindən artıq çox şeylərə icazə verməməli və lazımsız yerə rəhmsiz ve inadkar olmamalıdırlar. Yaxşı olardı ki, valideyn, övladının öz xasiyyətini ondan irs aldığını unutmasın. Ancaq bu demək deyil ki, biz onların irs aldıqları günahlarına ciddi yanaşmamalıyıq. Bu həqiqət bizim qürurumuzu sındırıb ürəyimizi həlimləşdirməlidir. Həlim ürəkli valideyn öz övladına həqiqət yolunu öyrədə bilər. İmanlı atalar və analar daim İsaya yalvarmalıdırlar ki, O, övladlarına əsil tövbəni bəxş etsin və onları əqlən təzələsin.


07.5 - Məsihi qəbul edənlərin valideynləri ilə münasibətləri

Yalnız bir vəziyyətdə uşaq öz valideynlərinə itaət etməməlidir - valideynlər onu Allahın iradəsinə zidd olan bir işə məcbur etdikdə. Belə vəziyyətdə həvarinin "İnsana deyil, Allaha itaət etmək daha vacibdir" (Həv. 5:29) sözləri bizə doğru yolu göstərir. Hal-hazırda müsəlman və yəhudi ölkələrində çoxlu gənclər İsanı Xilaskar olaraq tanımağa başlayır və buna görə ata-babalarının əqidəsi ilə razılaşmırlar. Onlar Müqəddəs Ruh vasitəsilə ürəklərinə tökülən İlahi məhəbbətlə dolaraq mənəvi-əxlaqi cəhətdən dəyişilirlər və nəticədə öz valideynlərini əvvəlkindən də çox sevirlər. Lakin əvvəlki əqidədən imtina etdiklərinə görə şiddətli təzyiqlərə məruz qalan bu gənclərə böyük müdriklik lazımdır ki, az danışsınlar, daha çox yaxşı işlərlə imanlarını göstərsinlər. Onlar böyük ruhani məziyyəti – səbri öyrənməli, öz valideynlərinin dəyişilmələri üçün dua etməli və imkan dairəsində onlara baş çəkməyə çalışmalıdırlar, çünki bu dünyada bizi valideynlərimizdən çox sevən heç kim yoxdur.

Lakin əgər valideynlər İsanın Ruhuna qarşı mübarizəni davam etdirir və övladlarını Xilaskardan üz döndərməyə məcbur etmək istəyirlərsə, əgər onlar islam şəriəti əsasında öz övladlarını öldürməklə hədələyirlərsə, övladların ayrılması zəruri olur. Bu kimi valideynlərdə təzahür edən Məsihin əleyhdarı ruhu qəti surətdə rədd edilməlidir, ancaq valideynin özünə daima sevgi və hörmət bəsləmək övladın borcudur. İsa belə öyrədir: "Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil" (Mat. 10:37). Valideynlər öz övladları ilə əqidələrinə görə ədalətsiz və ya qəddar şəkildə rəftar edə bilərlər: övladlarını imandan dönməyə məcbur etmək üçün emosional, mədəni və iqtisadi vasitələrlə onlara təsir edə bilərlər. Buna görə İsa Öz şagirdlərinə Onun Müjdəsiniun əleyhinə olan qohum-əqrəbalardan ayrılmağı əmr edir, çünki onların təsiri ilə adam Məsihdən üz döndərə bilər. Çox vaxt vəziyyət belədir ki, məsihi uşaq valideyndən tamamilə ayrılmalıdır, əks təqdirdə isə o əsla özünü İsaya həsr edə bilməyəcək. Bu vəziyyətdə valideynlərin də, övladların da ürəkləri sökülür, onlar ağlasığmaz dərəcədə əziyyət çəkirlər, amma Allahın məhəbbəti insanlar arasındakı məhəbbətdən daha çox müqəddəsdir.

Evdən qovulmuş övladları qəbul etmək İsaya iman edənlərin borcudur. Cəmiyyət onların yeni ailəsi, yeni bacı-qardaşı, ata-anası olmalıdır: ehtiyacı olanda, köməyinə yetişməlidir, onlara peşə öyrənməyə, təhsil almağa, düzgün ailə qurmağa yardım etməlidir. Valideyn sevgisi əsla tükənmədiyi kimi, məsihi cəmiyyətin də yeni üzvünə - hətta günah edən və səhv hərəkət edənə belə - sevgisi tükənməməlidir. Məsihə iman edən imanlılar yeni imana gələnlərlə rəftar etməkdə Məsihin səbrindən və məhəbbətindən nümunə götürməlidirlər.


07.6 - Nəticə

Bir ailədə göstərilən məhəbbət Allahın məhəbbətini əks etdirməlidir. Əzəli Allah Atamızdır, O bizi İsa Məsihdə Onun ailəsinə daxil olmağa dəvət etdi. O bizi Öz Oğlunun qanı ilə təmizlədi ki, biz Müqəddəs Ruhun qüvvəsi ilə Onunla şərikliyə nail olaq. Valideynlərimizi bir bədbəxtlik üzündən itirmişiksə, məyusluğa qapılmayaq, amma Davudla birlikdə iqrar edək: "Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər" (Zəb. 27:10). Valideyn sevgisi dünyəvi olduğuna görə məhduddur, lakin Allah bizi Öz müqəddəs qeyri-məhdud sevgisi ilə bağrına basır. İki itmiş oğul barəsində məsəl bizə atanın yolunu azmış oğlunu qəbul etdiyini və eyni zamanda onun məğrur dindar qardaşını xilas olan günahkara mərhəmət və məhəbbət göstərməyə iqna etməyə çalışdığını göstərir. Ata hər iki oğlunu sevir və onların arasında yaxşı münasibət olmasını istəyir. Ata Allahla ünsiyyət həyatımızda sülh və dinclik mənbəyi olaraq qalır. Aradabir Allah bizə imkan verir ki, biz bu dünyada müqəddəslərlə ünsiyyətin necə şirin olduğunu hiss edək. Buna görə biz həm dünyəvi ailəmizə görə, həm də Allahın səmavi ailəsinə qəbul edildiyimizə görə göylərdə olan Atamıza şükür edirik.

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:36 AM | powered by PmWiki (pmwiki-2.2.109)