Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 060 (Warning the Believers of the Gentiles of being Proud)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
5. Yaqubun övladlarının ümidi (Romalılar 11:1-36)

c) Yaqubun övladlarına qarşı lovğalanmasınlar deyə başqa millətlərdən iman gətirənlərə xəbərdarlıq (Romalılar 11:16-24)


ROMALILAR 11:16-24
16 Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir. 17 Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa, 18 o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. 19 O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. 20 Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx! 21 Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək. 22 Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. 23 Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir. 24 Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!

İbrahimin yalnız Allahın lütfü ilə saleh sayıldığını öyrədən Paul anlayırdı ki, İbrahimin nəsli də onun kimi iman etdikləri təqdirdə saleh sayılır. Bir ağacın kökü yaxşıdırsa, budaqları da yaxşı olar. İlk çörəklər yaxşı çıxıbsa, demək ki, eyni xəmirdən bişiriləcək olan başqa çörəklər də yaxşı çıxar. Məsihilər əvvəllər Allahın Padşahlığına yad olmuşdular, yabanı zeytun ağacı kimi idilər, amma Rəbb onları, İbrahimin nəslinin qədim zeytun ağacının şirəsini içsinlər və yaxşı bəhrə versinlər deyə, Öz əli ilə peyvənd edib. Lakin Rəbb yabanı ağacın budaqlarını peyvənd etmək üçün bəhrə verən bir neçə budağı da kəsibsə, peyvənd olunan budaqlar qürurlanmamalı və kəsilmiş budaqlardan daha çox yararlı və qiymətli olduqlarını düşünməməlidir.

Yəhudilər kəsilmiş budaqlar kimidirlər, çünki Məsihi çarmıxa çəkdirib, xilasına xor baxdılar. Yeni peyvənd olunan budaqlar isə Allahın Oğluna iman gətirən bütpərəstlərdir. Onlar İbrahimin nəsli qarşısında lovğalanmağa, yəhudiləri yolunu azıb qəzəbə düçar olmaqda ittiham etməyə tələsirlər. Qürurlanıb öz-özünü ucaltmağa başlayan hər kəs tezliklə qəzəbə gələcək. Buna görə də Paul yəhudi mənşəli olmayan məsihilərə təkəbbürlü olmamağı əmr etmişdir.

Ondan sonra Paul deyir ki, müqəddəs və saleh Allah xalqına verdiyi vədlərə və əhdlərə baxmayaraq, bəhrə verməyən bu təbii budaqlara rəhm etməyibsə, zeytun ağacına təzəcə “calanmış” yabanı budaqlar xəstəlik yaysa və ya qədim kökdə olan qüvvə ilə şəfa tapmasa – onlara da rəhm etməyəcəyi daha çox yəqindir. Paul Allahın xeyirxahlığından bəhs etdiyi kimi, sərtliyindən də bəhs edir. Allahın sərtliyi, bəhrə verməyən budaqları kəsməsində zahir olur. Barsız budaqlar Rəbbin onları yeniləməsinə, təmizləməsinə, təqdis etməsinə yol vermirsə, Rəbb onlarla sərt rəftar edər. Ancaq Allahın xeyirxahlığı Məsihə “calanan” imanlılarda gerçəkləşər, çünki ruhani zeytun ağacı Məsihin Özüdür və Ona bağlanan adam şəfa tapar və bəhrə verər. Lakin onlar dikbaş və inadkar olub, Müqəddəs Ruhun işinə qarşı dursalar, Rəbb onları yenə də kəsə bilər.

İsa bu həqiqətdən daha öncə bəhs etmişdi: “Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar” (Yəh. 15:5-6).

Əgər öncə qədim zeytun ağacından kəsilmiş olan bir yəhudi, İsaya iman edib kəffarə qurbanını qəbul etsə, Allahın əli onu yenə zeytun ağacına peyvənd edəcək. Allah üçün qeyri-mümkün iş yoxdur – O hətta kəsilmiş budaqları dirildə bilər! Bəzi yəhudilər Xilaskar İsaya tərəf dönür, Ona iman edirlər!

Biz isə hələ günahkar ola-ola Allah bizi rədd etmədi, lakin biz tövbə edən kimi bizi Məsihin qanıyla təmizləyib, Müqəddəs Ruhla dirçəltdi. O həmçinin İbrahimin bütün övladlarını: həm İsmailin, həm də İshaqın nəslini xilas etmək istəyir. Onlar həqiqəti axtaranda, Allah onların hər birinin çox bəhrə verməsi üçün onları İsaya “calayır”.

DUA: Ey Səmavi Ata, Sənə şükür edirik, çünki biz cahil insanlar olduğumuz halda, Sən bizi təmizləmisən, lütfünlə təqdis etmisən, Məsihin ruhani Bədəninə “calamısan”! Bizə əvəzsiz olaraq bəxş etdiyin imtiyaz nə böyükdür! Bizə kömək et ki, özümüz üçün yaşamayaq və təkəbbür etməyək, amma çoxlu cahil adamı Sənin ecazkar həyatına gətirməyə çalışaq!

SUALLAR:

  1. Məsihin ruhani Bədəninə “calanmaq” (peyvənd olunmaq) nə deməkdir?
  2. Peyvənd olunan budaq tələf olduqda, kim təhlükəyə məruz qalar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:51 AM | powered by PmWiki (pmwiki-2.3.3)