Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 059 (Would that the Salvation in the Believers of the Gentiles incite Jealousy in the Children of Jacob)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
5. Yaqubun övladlarının ümidi (Romalılar 11:1-36)

b) Kaş başqa millətlərdən iman gətirənlər Yaqubun övladlarında qibtə hissi oyada! (Romalılar 11:11-15)


ROMALILAR 11:11-15
11 Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın. 12 Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək. 13 Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, 14 bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. 15 Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi?

Paul soydaşlarını doğma qardaş-bacıları kimi sevirdi və Allahın onları asiliklərinə və Məsihi rədd etdiklərinə görə cəzalandırmaqla kifayətlənəcəyinə inanmırdı. O, qədimdən seçilmiş xalqın rədd edilməsinin eyni zamanda başqa xalqların seçilməsinə səbəb olduğunu anlayırdı. Yəhudilərin büdrəyib-yıxılması Allahdan uzaq olan başqa millətlərdən bir çox insanın Məsihə iman edərək xilas olmasına yol açdı!

Başqa xalqlardan xilas olanların sayının artması Yaqubun övladlarında qısqanclıq və qibtə hissi oyadırdı və Paul yəhudilərin ürəyində əmələ gələn bu qeyrəti müsbət qəbul edərək, ümid edirdi ki, İbrahimin nəsli “murdar bütpərəst”lərin Məsihin hüzurunda yaşadıqlarını, Allahla barışdıqlarını, Müqəddəs Ruhla dolduqlarını, düşmənlərini sevdiklərini görəndə, bu rədd olunmuş biçarələrin yəhudi mədəniyyətindən deyil, Allahın Özündən qaynaqlanan bir şeyi irs aldıqlarını anlayarlar! Paulun arzusu o idi ki, dikbaş, imansız, özündən razı yəhudilər imana gələrək yenidən doğulan bütpərəstlərə qibtə etsinlər, onların İbrahimin, İshaqın və Yaqubun xeyir-duasına nail olduqlarını dərk etsinlər! Paul, soydaşlarının dəyişilməsini və başqalarının qəbul etdikləri, amma onlara məxsus olan irsi əldə etməyi qərar almalarını arzulayırdı. Məsih bu barədə şagirdlərinə belə demişdir: “Siz dünyanın nurusunuz… Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər” (Mat. 5:14-16).

Paul yəhudilər üçün müjdəçilik planını başa çatdıraraq dedi: “Əgər yəhudilərin büdrəyib-yıxılması həqir bütpərəstlər üçün xeyir-dua qaynağı olubsa və az sayda müqəddəslərin qalması başqa xalqlardan olan çoxlarının xilasına səbəb olubsa, onların hamısının Rəbbə tərəf dönməsi bütün dünyaya nə qədər daha çox xeyir-dua verəcək?!” Əgər həqiqətən bütün yəhudilər İsa Məsihə iman gətirsəydilər, onların güclü imanı və dərin hissləri dünyada Müjdənin o qədər qüvvətlə yayılmasına səbəb olacaqdı ki, dünyamızın səhralarında diri sular axacaqdı, günah və təqsirlərin aşıb-daşdığı bu səhralar da cənnət bağlarına çevriləcəkdi!”

Beləliklə Paul bu fikirlərini bölüşərək məsihi imanlılara öyrətmişdir ki, Yaqubun övladlarını sevib bağışlasınlar, həlim və itaətkar xasiyyətləri ilə (Mat. 11:28-30) onların qürur və kin dolu ürəklərini qazansınlar.

Bu fikirlərdən sonra Paul Romadakı imanlılar cəmiyyətində başqa millətlərdən olan imanlılara müraciət etdi; həvari onları, bundan əvvəl yəhudilərlə etdiyi kimi, ruhani həqiqətlə silkələyib “xəlbirdən keçirdi”. İlk əvvəl onlara belə dedi: “İsa məni yəhudilərə müjdəçi olaraq göndərməyib, amma murdar ruhlarla dolu olan yüzlərlə bütlərə qulluq edən başqa millətlərin həvarisi təyib eləyib. Mən də bu vəzifəmi sevinclə yerinə yetirirəm: onların dillərini öyrənir, adət-ənənələri barədə fikirləşirəm, keçmişdə özlərini murdar bütlərinə və əxlaqsızlığa təslim edən bu adamlara İsanın mədəniyyətini öyrədirəm”.

Öz xidmətində dolaylı olaraq yəhudilərə də Müjdəni çatdırmaq fürsətini görən Paul İbrahimin nəslini məsihi imanlıların müqəddəs həyat tərzi, Asiya və Avropanın həyatına verdikləri töhfələrlə valeh etməyə və bu yolla onlarda ruhani qeyrəti oyatmağa çalışır və ümid edirdi ki, onlardan heç olmasa bəzisi yalandan üz döndərib xilas olar. Paul arzu edirdi ki, Allahın qədim seçilmişləri başqa millətlərin imana gəlməsindən ibrət götürələr, ölümdən dirilmiş Məsihin yolunu tutalar, qayıdıb yenidən Rəbb ilə əhd bağlayalar, axı Allahın onlara verdiyi vədlər hələ qüvvədədir!

Əgər onların Padşahları olan İsanı rədd etməsi dünyanın Allahla barışmasına səbəb olubsa, ruhən ölü yəhudilərin imana gəlməsi Allahın həyatının dolğunluğuna səbəb olmazmı! Həvarinin özü Allahın qüvvəsinin ruhani ölümü və cismani təqsirləri üzərindəki qələbəsini yaşamışdı. O, kor fanatizmində adam öldürsə də, Rəbb onu xilas etmişdi. Buna görə həvari istəyirdi ki, onun xalqının kor gözləri açılsın və onlar əbədi həyata nail olub, bütün dünyada Məsihin lütfünü yaysınlar!

DUA: Ey Səmavi Ata, Sənə şükür edir, səcdə qılırıq, çünki Sən yəhudilərin inadkarlığını bütün millətlər üçün xeyir-duaya çevirmisən! Bizə kömək et ki, ruhən eqoist kimi yaşayamaq, amma hər insana Sənin Müqəddəs Ruhunun qüvvəsi ilə sözdə, əməldə və duada xidmət edək! Qoy biz allahsızlardan və İbrahimin nəslindən çox adamı İsa Məsihə olan iman yoluna gətirək!

SUALLAR:

  1. Yəhudilərin inadkarlığı başqa millətlər üçün nə deməkdir?
  2. Məsihilər imansızları doğru imana necə cəlb edə bilirlər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)