Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 123 (Continuing the Journey to Rome; Beginning of Paul’s Ministries at Rome)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
F - QEYSƏRİYYƏDƏN ROMAYA DƏNİZ SƏYAHƏTİ (Həvarilərin İşləri 27:1 - 28:31)

4. Romaya səyahət yazda davam edir (Həvarilərin İşləri 28:11-14)


HƏVARİLƏRİN İŞLƏRİ 28:11-14
11 Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq. 12 Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq. 13 Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq. 14 Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq. Sonra Romaya çatdıq.

Nə böyük möcüzə! Allah qorxunc fırtınada gəmini qəzadan qoruyub və ondan sonra gəmini naməlum bir adaya deyil, bir çox gəmilərin qışı keçirdiyi məşhur Malta adasına gətirdi. Fevralın ikinci yarısında gəmilər yenə üzməyə başladılar. Paul başında Zevsin iki oğlunun qızıla tutulmuş heykəlini gəzdirən gəmiyə minməkdən qorxmadı. Bu əkiz oğullar dənizçilərin havadarları sayılırdı. Həvari bilirdi ki, bütün tanrılar, bütlər boş və batildir. Yalnız Rəbb böyükdür. Onlar Sisiliya adasının paytaxtı Sirakuzaya yola düşdülər, oradan isə İtaliyanın cənubi kənarına çatdılar. Sonra Stromboli adasını yan keçərək Vezuviyə gəldilər və oradan Neapolun yaxınlığındakı liman şəhəri Puteoliyə hərəkət etdilər.

Orada imanlı bacı-qardaşlar var idi. Onların yanına gələn həvarini və yoldaşlarını sevinclə qəbul etdilər və bir həftə onlara qulluq etdilər. Bu onu göstərir ki, İtaliyada Paulu tanıyır və hər yerdə Məsihin elçisi kimi qəbul edirdilər. Ehtimal var ki, Neapolun yaxınlığındakı məsihi yığıncaqlarının birində yüzbaşı Yuli də məsihi olmuşdur. Həvarinin ürəyindəki iman və sülh, xalqa göstərdiyi hədsiz məhəbbət və səbir, ruhani qüvvəsi – bütün bunlar ona təsir etmişdir və artıq Paulu öz ardınca aparmaqdansa, özü Paulun ardınca getmək istədi. Bu, Məsihin böyük qələbəsi idi!

Oradan böyük məsihi dəstəsi Romaya aparan enli yolda yeridi. Lukayla Aristarx həvarini tərk etmədilər, ona sadiq qaldılar, onun əziyyətlərinə şərik olmağa hazır idilər. Bu üç imanlının şəxsində Məsihin zəfər yürüşü o zamanın dünya mədəniyyətinin paytaxtına qədər gedib-çatmışdır.

DUA: Sənə səcdə edirik, ey Rəbbimiz İsa Məsih, çünki ölülər diyarının qapıları Sənə qalib gələ bilməyəcəklər! Paulu və yoldaşlarını hifz etdiyinə, onlarla birlikdə gəmidə olan hər kəsə xeyir-dua verdiyinə görə Sənə şükür edirik. Bizi Öz adınla hifz et və qoy biz də çoxları üçün xeyir-dua mənbəyi olaq!


5. Paul Romada xidmət etməyə başlayır (Həvarilərin İşləri 28:15-31)


HƏVARİLƏRİN İŞLƏRİ 28:15-16
15 Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi. 16 Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.

Romadakı cəmiyyətdə Paulu yaxşı tanıyırdılar. Romalılar onun fikriləri ilə yaxından tanış idilər, çünki həvarinin Romalılara Məktubu indiyə kimi məsihiliyin dərsliyi sayılan ən məşhur Məktubu olmuşdur. Romadakı imanlılar tacirlər, ellinləşmiş yəhudilər, Məsihə iman gətirmiş əsgərlər və qullardan ibarət idi. Onlar Paulun gəlişindən xəbər tutanda onunla yoldaşlarını qarşılamağa çıxdılar. Paytaxtdan çıxdılar və xeyli yol getdilər. Onların xoş qarşılaşması Paulu çox ruhlandırdı, çünki Paul İtaliyada, İspaniyada və bütün dünyada Müjdənin yayılması üçün çoxdan bu cəmiyyətlə birlikdə xidmət etmək istəyirdi. Onların xoş qarşılaşması Allahın Müjdəni dünyaya yayılması üçün açdığı bir qapıya bənzəyirdi və Paul buna görə Allaha şükür edirdi.

Paul Romada məhbus halda idi, amma onun xüsusi hüquqları var idi. Bununla belə o, gecə-gündüz bir əsgərə zəncirlənmiş vəziyyətdə idi. O əsgər onun dediyi hər sözü eşidir, davranışına nəzarət edirdi. Paul azad adam kimi yaşamırdı, Məsihin itaətkar qulu kimi Allahın Kəlamını vəz edib gücsüzlüyündə Rəbbi izzətləndirirdi.

HƏVARİLƏRİN İŞLƏRİ 28:17-27
17 Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. 18 Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi. 19 Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim. 20 Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm». 21 Onlar Paula dedi: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib. 22 Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik». 23 Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı. 24 Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı. 25 Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi: 26 “Get bu xalqa bunu çatdır: ‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. 27 Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları ağır eşitdi, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim›”.

Luka Romada Paulun üzərindəki məhkəmə haqqında heç bir məlumat vermir, onun necə yaşadığını və öldüyünü anlatmır, elə bil Paulun özü Müjdənin Romaya yayılması üçün çox əhəmiyyətli şəxs deyil idi. Son nəticədə Həvarilərin İşləri Kitabı da müqəddəs insanlar haqqında deyil, dünyada Müjdənin yayılması və Məsihin işləri haqqındadır.

Paul adəti üzrə xidmətinə yəhudi sinaqoqunda başladı. Kirayədə qaldığı evə adlı-sanlı yəhudiləri dəvət etdi. Onlara göstərmək istəyirdi ki, Ali Şura ondan şikayət etsə və ölümə təslim edilməsini tələb etsə də, o onların düşməni deyil, dostudur və romalıların əlinə ədalətsizcə təslim edilmişdi. Paul təqsirsiz olmasında təkid edirdi və romalılar onu azad buraxmağa hazır idilər. Bütün bunlara baxmayaraq, o, düşmənlərinin intiqamını almaq üçün Romaya gəlməyib, qeysərin qarşısında onları ittiham etmək niyyətində deyil idi. O özünü xalqın bir hissəsi hesab edirdi, onlar kimi Məsihin dünyaya gəlişinə ümid edirdi, Məsihin Allahdan xilas və sülh gətirəcəyini gözləyirdi. Paul Romadakı soydaşlarına İsaya iman etdiyinə görə məhbus olduğunu izah edir, onları Məsihin məhəbbəti ilə sevdiyinin sübutu kimi əllərindəki zəncirləri göstərirdi.

Romadakı yəhudilər Paulun adı ilə çox ciddi dini problemlərin və siyasi təhlükələrin bağlı olduğunu görürdülər. Onlar Yerusəlimdən ona qarşı şikayət almadığını, Romada da onun haqqında pis bir şey eşitmədiklərini deyirdilər. Bununla belə, Romadakı adlı-sanlı yəhudilər məsihiliyin yəhudilikdən ayrılmış və hər yerdə yəhudiliyə qarşı çıxan bir inanc sayıldığını etiraf edirdilər. Romadakı yəhudilər İsaya iman edən Paul kimi bir Tövrat alimin və fariseyin gəldiyinə sevindilər. Onlar Pauldan ikinci önəmli bir toplantıda Məsihin həqiqətini daha açıq bir şəkildə izah etməsini xahiş etdilər.

Bir gün çoxlu yəhudi Paulun evinə gəldi və Paul onlara Allahın Padşahlığı ilə Səmavi Padşah İsanın Padşahlığı arasındakı əlaqəni izah etdi. Yəhudilər onun təlimini çətin anlayırdılar, bəziləri Allahın Oğlunun insanları Allahın Padşahlığına və Allahla ünsiyyətə gətirmək üçün adi insan olub rüsvayçı ölümlə öldüyünü qəbul edə bilmirdi Məsihin qanı ilə təmizlənmədən Allahın Padşahlığına girmək qeyri-mümkündür. Rəbbin Özü qapıdır. Atanın sağında oturan izzətli Şəxs Odur, amma O, yer üzündə həyat sürərkən Onun izzəti pərdələnmişdi. Bununla belə, Onun Şəxsində Allahın Padşahlığının bütün potensialı, qüvvəsi, məziyyətləri təcəssüm etmişdir; bütün bunlar bu gün Məsihin Cəmiyyəti vasitəsilə dünyaya yayılır. Məsihin gəlişində hər kəs görəcək ki, Allahın Padşahlığı İsrail deyildir; həqiqətdə, həm yəhudi, həm də başqa xalqlardan Məsihə iman edən hər kəsin ürəyində bu Padşahlıq qurulmuşdur.

Paul filosofluq etmirdi, özündən böyük fikirlər uydurmurdu, Tövrat və Peyğəmbərlərdən sitat gətirərək Müjdəni elan edirdi və Məsihə dair uca vədlərin həqiqətən Allahdan olduğunu və Qanunun tələblərindən asılı olmayaraq verildiyini izah edirdi. Həlak olan günahkarı xilas edən qeyri-kamil Qanuna riayət deyil, Məsihə imandır. Bəzi yəhudilər Paula diqqətlə qulaq asırdı və Müqəddəs Ruhun səsinə cavab verməyə meyil göstərirdilər. Başqaları isə ürəklərini daşa döndərib iman etmək istəmirdilər. Müjdəyə məhəbbət və itaətlə cavab verməyən insanda Allahın qüvvəsi olmur, belə insan Allahın planına qarşı çıxır, xilas Müjdəsinə qulaq asmaq istəmir, Xilaskarı tanıya bilmir, Məsihə düşmən münasibət göstərir. Müqəddəs Ruhun onu şəfqətlə cəlb etdiyini hiss etmir, çünki Allahın hidayətini başdan rədd etmiş, Allaha itaət etmək istəməmişdir. Bəs sən necə adamsan? Allahın düşmənisən, yoxsa sevən və itaətkar məsihisən?

HƏVARİLƏRİN İŞLƏRİ 28:28-31
28 İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaq». 29 Paulun bu sözündən sonra Yəhudilər bir-biri ilə çox çəkişdi və getdi. 30 Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi. 31 Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.

Paulun səsi öz aralarında bölünmüş yəhudilərin üzərində şeypur səsitək yeni dövrümüzü elan edirdi. Allah millətlərə xilasını göndərir! Lakin yəhudi xalqı Məsihin lütfünü rədd etdi. Bu vaxtdan etibarən Müqəddəs Ruh bütün millətlərin ürəklərini açacaq. Millətlər Allahın Kəlamını eşitmək üçün yeni qulaq, əmrlərinə riayət etmək üçün yeni qüvvə əldə edəcəklər. Onlar Qanuna və tələblərinə qulluq etməyəcəklər. Onlar, Məsihin Öz qiymətli qanı bahasına günahın kölə bazarından satın aldığı və əzəli Müqəddəs Ruhun izzəti ilə təqdis etdiyi Allahın övladlarıdır.

Paul müəllim, müjdəçi, peyğəmbər və həvari kimi tam iki il Romada qaldı. Gecə-gündüz bir əsgərə zəncirlənmiş olduğundan böyük toplantılar təşkil etməyə və ya küçələrdə vəz etməyə imkanı yox idi. Lakin o, onu ziyarətə gələn ayrı-ayrı insanlarla söhbət edərək Allahın qüvvəsinə şəhadət verə bilirdi. Müqəddəs Olanın onu bir an içində bu zəncirlərdən azad etməyə qadir olduğuna inanan Paul zəncirlərinə görə heç vaxt deyinmmirdi, əksinə, bunları Atasının xeyirxahlığının əlaməti olaraq qəbul edirdi.

Paul Romada yeddi yüz gündən çox qaldı və ona Dəməşq yolunda izzətli Rəbb kimi görünən İsanın hədsiz zənginliyindən insanlara danışdı. Millətlərin həvarisi öz izzətini axtarmırdı, öz adını ucaltmağa çalışmırdı. Onun bircə məqsədi var idi: Atanı, Oğulu və Müqəddəs Ruhu izzətləndirmək. Paul xidmətini böyük cəsarətlə, tərəddüd etmədən yerinə yetirirdi və Məsih onun önündə geniş bir qapı açdı. Onun vəzinə heç kim mane ola bilmirdi, O, eşidib iman etmək istəyən hər kəsə Məsihin qələbəsi haqqında danışırdı.

Maraqlıdır ki, Romadakı cəmiyyətin artması və intişar etməsi barədə, yaxud Peter və digər “papa”lar barədə heç nə yazılmamışdır. Bütün bunlar ikinci planda qalır. Birinci planda isə Müjdənin yer kürəsində yayılmasıdır. Həvarilər ölsələr də, Müjdə yayılmalı idi.

Bəlkə də Teofil Romada vəzifə tutduğuna görə Paulla Romada qaldığı vaxt tanış olmuş və məhkəməsində ona dəstək olmuşdu. Ola bilir, bu adam məsihiliyin meydana gəlməsindən bütün dünyaya yayılmasına qədər necə inkişaf etdiyini daha dəqiq öyrənmək istədiyinə görə Lukadan Müjdə Kitabını və Həvarilərin İşlərini yazmağı rica etmişdi. Teofil Paulu şəxsən tanıdığından, Luka ona Paulun Romadakı vəziyyəti haqqında yazmağı vacib bilmədi.

Əziz oxucu, biz Həvarilərin İşləri Kitabı üzrə şərhimizin sonuna çatmışıq. Yaşayan Məsihin izzəti və xilas planı barədə sənə açıqca şəhadət etmişik. Bununla biz Müjdə məşəlini sənin əlinə ötürmüşük və sənə üz tutub deyirik: Həvarilərin İşlərində başlanmış tarixi bu gün sən davam etdir, çoxlarının xilası üçün Məsihin Müjdəsini öz mühitinə yay! Yaşayan İsa səni çağırır, Rəbb səninlə olacağını vəd edir. İtaətkarcasına xidmətə başlamağına nə mane olur? Məsihin zəfər yürüşünün bizim millətimizdən necə keçdiyini görürsənmi? İman et, dua et və şadlan, zira yaşayan Rəbb Sənin önündən gedir və səni gözləyir!

DUA: Ey Səmavi Ata, Sənə səcdə qılır və şadlanırıq, çünki Sənin Oğlun bizi Səninlə barışdırmış və Müqəddəs Ruh bütün xalqlarda və bütün zamanlarda canlı Cəmiyyətini yaratmışdır. Sənə şükür olsun ki, biz hələ günahkar ola-ola Sən bizi Həvarilərin İşlərinin canlı zəncirində bir halqa olmağa dəvət etmişdin. Qoy bizim gücsüzlüyümüzdə Sənin qüvvən ucalsın! İnanırıq ki, Sənin ruhani Padşahlığın bizim mühitimizə də gələcək və iradən bu dünyamızın nizamsızlığında yerinə yetiriləcək. Çoxlarını xilas et və bizi fəal xidmətə həvəsləndir. Bizi şər olandan qoru! Amin.

SUAL:

  1. Niyə Luka Paula verilmiş hökm və Romada ölməsi haqqında heç nə yazmadı? Həvarilərin İşləri Kitabının şüarı nədir?

Səkkizinci sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, səni xidmətində ruhlandırmaq üçün sənə

Həvarilərin İşləri Kitabını
başa çatdırması barədə şəhadətnamə

göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. Paulu necə və niyə Qeysəriyyəyə köçürdülər?
  2. Paula qarşı hansı üç ittiham irəli sürüldü? Onları yekunlaşdır.
  3. Niyə Paul məsihi inancının qədim əhddən ayrılmaz olmasında təkid edirdi?
  4. Paulun iki Roma valisinin hakimiyyəti zamanı həbsdə ikən hansı davranışı sənə daha çox təsir edir?
  5. Niyə vali Fest Məsihin ölümü və dirilməsinin mənasını dərk etmədi?
  6. Niyə Məsihin Dəməşq yolunda Paulla qarşılaşması Həvarilərin İşləri Kitabında kritik rol oynayır?
  7. Məsihin müjdələmə əmrinə hansı yeddi prinsip daxildir?
  8. Romaya birlikdə səyahət edən üç nəfər Allah adamları kimlər idi?
  9. Niyə Allah gəmidəkilərin hamısını, hətta imansızları belə, xilas etməyə hazır idi?
  10. Məsih həvarini və yol yoldaşlarını hansı üç hadisə vasitəsilə xilas etdi?
  11. Paulu vuran ilanın mənası nə idi? Bəs Malta adasında baş verən şəfalardan nə anlayırsan?
  12. Niyə Luka Paula verilmiş hökm və Romada ölməsi haqqında heç nə yazmadı? Həvarilərin İşləri Kitabının şüarı nədir?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən əbədi xəzinəni əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 09:07 AM | powered by PmWiki (pmwiki-2.2.109)