Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 110 (Paul before the High Council of the Jews)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

5. Paul yəhudilərin Ali Şurası qarşısında (Həvarilərin İşləri 22:30 - 23:10)


HƏVARİLƏRİN İŞLƏRİ 22:30 - 23:5
22:30 Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi. 23:1 Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». 2 Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. 3 Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən». 4 Yanında duranlar ona dedi: «Sən Allahın baş kahinini söyürsənmi?» 5 Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb».

İsa Paulu yəhudilərin Ali Şurası qarşısına şəhadət verməyə yönəltdi, necə ki, Rəbbin Özü, Peter, Yəhya və bütün həvarilər və Stefan şəhadətləri ilə xalqın başçılarını sarsıtmışdılar. Məsihi inancının Ali Şuranın qarşısında elan edildiyi bu son məclisdə Xananya adında baş kahin başçılıq edirdi. Paul bu yeni hiyləgər başçını tanımırdı, çünki Qamlielin zamanındakı başçılar ölmüşdülər və Ali Şuranın üzvləri içində Paulu tanıyan az idi. Yalnız illər öncə Paulla birlikdə işləmiş və onu məsihiləri təqib etmək məqsədilə Dəməşqə göndərmiş bəzi üzvlər onu tanıyırdılar.

Lakin Ali Şuranın yeni üzvləri də Paulun adını yaxşı bilirdi və ona çox nifrət bəsləyirdi. Adətən Roma komandirinin əmrinə tabe olmaq istəməyən bu adamlar bu dəfə sevinə-sevinə toplaşdılar və bütün dünyada yəhudiliyə zərər verən bu adamı, mümkünsə, dərhal məhv edə bilcəklərini umdular. Onlar toplaşanda rəsmi şəkildə geyinmədilər, həmişəki kimi sanki istəmədən romalıların əmrinə tabe oldular. Baş kahin rəsmi geyimində olmadığından, Paul onu ayırd edə bilmədi.

Millətlərin həvarisi Ali Şuranın önündə imandan döndüyünə görə tövbə edən adam kimi deyil, Allahın iradəsi ilə Məsihin cəsur elçisi kimi dayanmışdı. O, Qanuna deyil, öz vicdanına əsasən danışdı. Məsih onun ürəyini Öz qanı ilə təmizləmişdi və o, imana gəlməzdən öncə göstərdiyi yanlış qeyrətinə hiss etdiyi peşmançılıqda Müqəddəs Ruhdan təsəlli aldı.

O vaxt Qanuna görə təmiz vicdanla Allaha xidmət etdiyini düşünən Paul rahat-rahat məsihiləri öldürə bilirdi. Lakin diri Olan ilə qarşılaşdıqdan sonra o dəyişdi və onun vəz etdiyi Müjdə sayəsində milyonlarla insan əbədi həyata nail oldu, vicdanları təmizləndi. Biz bu gün Paulun şəhadətindən hələ də təsəlli alırıq. Onun həyatının sirri bundan ibarətdir ki, o, ömrünün əvvəlindən özü üçün deyil, Allah üçün yaşamışdır. Bu onun əsl şərəfi idi. O öz adını ucaltmadı, amma həmişə Atanı, Oğulu və Müqəddəs Ruhu ucaltdı və əzəli Olanı razı salmağa çalışdı.

Paul, Ali Şura önündə özünü müdafiə etməyə başlayarkən söylədiyi bu qəti cümlə ilə özünün haqlı olduğunu, İsaya tabe olmayan bütün başçı kahinlərin, yüksək mənsəb sahiblərinin, xalqın nümayəndələrinin isə haqsız olduğunu elan etmiş oldu. Rəbbə möhkəm bağlı olan Paul yəhudi başçılara səlahiyyətlə müraciət etdi, sanki müqəddəs Olanın Özü onlara xitab edirdi və tövbə etsinlər deyə, sözlərini onların vicdanlarına həkk edirdi.

Hiyləgər Xananya qullarına dərhal Paulun ağzına vurmasını əmr etdi. Bununla o, Paulun sözlərini rədd etdiyini göstərdi və bildirdi ki, günahkar bəşəriyyətin içində təmiz vicdana malik olan heç bir adam yoxdur. Baş kahin bu “yalançı”nın qürurunu sındırmaq və onun yüksək mənsəb sahibləri ilə romalı zabitlərin önündə rəzil etmək istədi.

Paul qəzəbləndi, çünki o burada öz məqsədləri üçün deyil, Məsihin adı uğrunda dayanmışdı. Müqəddəs Ruhdan nurlanmış həvari, guya Ali Şuranın ləyaqəti naminə onu sorğusuz təhqir edən bu ikiüzlü baş kahinin Allahın lənətinə gələcəyini elan etdi. Qanunu yaxşı bilən Paul baş kahinə xüsusi bir cavab verdi: onu zəif yerinin ağ boya ilə örtülmüş etibarsız divara bənzətdi. Paul biləndə ki, onun vurulmasını əmr edən adam baş kahin Xananyanın özüdür, öz təqsirini boynuna aldı. Lakin həvarinin peyğəmbərliyi tezliklə həyata keçdi: Xananya rüsvay şəkildə öldü. Qeyrətli yəhudi milliyyətçilər onu romalılarla əməkdaşlıqda ittiham edib qətlə yetirdilər.

HƏVARİLƏRİN İŞLƏRİ 23:6-10
6 Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». 7 Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. 8 Çünki sadukeylər iddia edir ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanır. 9 Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdi: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb». 10 Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar.

Paul anladı ki, yəhudi başçılar onun Müjdəsini sınaqdan keçirmək üçün deyil, onu məhkum etmək üçün toplaşıblar. Sadukeylər ondan qabaq da məsihilərə qarşı kin bəsləmişdilər, çünki bu yeni inanc yalnız Məsihin dirilməsinə əsaslanırdı. Bu “filosoflar” isə ümumiyyətlə bütün görüntüləri, mələkləri, röyaları və ölümdən dirilməni yalan hesab edirdilər. Həqiqətdə onlar sadəcə olaraq ümidsiz yaşayan, öz məntiqlərinə güvənən yararsız nəzəriyyəçilər idi. Paulla onlar arasında ümumi bir şey yox idi. Onlar bütpərəstlərdən də betər idi. Fariseylərə gəlincə, onlar Qanuna əməl etməklə yanaşı mələklərin varlığına inanır və qiyaməti (bütün ölülərin dirilməsini) gözləyirdilər. Paul Ali Şura ilə birinci görüşündə qarşılıqlı anlayış üçün müştərək bir şey axtardı, onların ürəyinə bir yol axtardı. Paul həvari ola-ola farisey ailəsində böyümüş bir farisey olduğunu söylədi və ona düşmən kəsilmiş bu adamları qardaş adlandırdı. Onları birləşdirən ümumi cəhəti tapdı – onlar da Məsihin gəlişini və zühurunda baş verəcək qiyaməti gözləyirdi. Paul həm öz inancının, həm də bütün yaradılışın bu həqiqətə əsaslandığını elan etdi. O, Ali Şura ilə Məsihin çarmıxa çəkilməsindən, dilirməsindən, yaxud Müqəddəs Ruhun tökülməsindən danışmadı, çünki xalqın ağsaqqalları bunu həzm etməyə və anlamağa qadir deyil idi. O onların bildikləri bir hədəflə – gözlənən Məsihin gəlişi ilə bağlı onlara danışdı.

Bu şəhadət tezliklə onların beyninə girdi, baxmayaraq ki, Paulun gözlədiyi Məsih fariseylərin gözlədiyi şəxsdən fərqlənirdi. Hamı bilirdi ki, dünən axşam Paul məbədin həyətində İsanın ona zühur etməsindən danışmışdı. Fariseylər bu cür olayın mümkünlüyünə inanır və Qamliel kimi, belə ilahi vəhylərə qarşı durmağa cəsarət etməzdi. Buna görə Paulun dediyinə inansınlarmı, yoxsa onu rədd etsinlərmi deyə tərəddüd etməyə başladılar və axırda Paulu məhkum etmək fikrindən daşındılar. Onlar İsaya iman etmirdisə də, Onun ölümdən sonra zühur etməsini də istisna edə bilmirdi. Nəticədə, məhkəmədəkilər arasında mübahisə yarandı.

Paul özünü müdafiə edərkən dinlərin əsaslarından: vəhy, ilham və görüntüdən bəhs etdi. Yəhudilərin Ali Şurası bu əsaslar barəsində çəkişdi və bölündü.

Romalı minbaşı müdaxilə etməyə məcbur oldu – Paulun qəzəblənmiş izdihamın içərisindən götürülməsini əmr etdi. Paula qarşı irəli sürülən ittihamları və yəhudi başçıların niyə cığırdıqlarını başa düşə bilmirdi. O, vəzifə borcunu yerinə yetirərək Paulu onların əlindən qorudu. Yəhudilərin Ali Şurası Məsihin Öz xalqına son çağırışını anlamadı. Paul bu yığıncaqda imanından danışmadı və hətta İsanın adını belə, çəkmədi. O yalnız vicdana və vəhyə dair suallara toxundu, inanca dair suallara növbə çatmadı. Beləcə yəhudi başçılar tövbə etmək üçün son fürsəti əldən vermiş oldular və onların sonu yaxınlaşdı.

DUA: Ya Rəbb İsa, Müqəddəs Ruhunun səsini eşitməyimiz üçün gözlərimizi aç! Qoy biz Sənin sözlərini anlayaq və yad təlimləri ürəklərimizə buraxmayaq! Qiymətli qanınla vicdanımızı təmizlə və bizi imanla itaət etməyə, xeyirli işlər görməyə yönəlt. Qoy biz daima Sənə və Səmavi Atana xidmət edək!

SUAL:

  1. Niyə Paul Qanuna deyil, öz vicdanına ümid bağlayırdı və fariseylər Paula, gələcək Məsihə və qiyamətə olan imanına görə bəraət qazandırdılar?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:22 PM | powered by PmWiki (pmwiki-2.2.109)