Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 054 (Beginning of Preaching to the Gentiles)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

9. Romalı yüzbaşı Kornelinin imana gəlməsi ilə Müjdənin yəhudi olmayan xalqlara yayılmasının başlanğıcı (Həvarilərin İşləri 10:1 - 11:18)


HƏVARİLƏRİN İŞLƏRİ 10:17-33
17 Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Qapı ağzında dayanıb 18 bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» 19 Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır. 20 Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm». 21 Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» 22 Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın». 23 Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu. 24 Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi. 25 Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi. 26 Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam». 27 Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb. 28 Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi. 29 Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?» 30 Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı 31 və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı. 32 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”. 33 Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq».

Allah, həqiqətdən uzaq olan boş fikirləri ilə nəzəriyyələr quran bir filosof kimi deyildir. O, vəcdə gəlmiş Peterə danışarkən, yüzbaşı Kornelinin xidmətçiləri artıq yolda idi, dabbağ Şimonun evini axtarırdılar. Dərinin pis iyi sayəsində dabbağın evini tapmaq çətin olmayıb. Onlar evə yaxınlaşıb Şimondan Allahın adamı Peteri soruşublar.

Hələ də anlamadığı görüntünün mənasını düşünən Peter gözlərini açıb eşitdi ki, əsgərlər onu adı ilə çağırırlar. O, səmavi görüntüdən yeni ayılmışdı və qabağında əsgərləri görəndə ilk əvvəl onu həbs etməyə gəldikləri ağlına gəldi. Lakin Müqəddəs Ruh həvarilərin böyüyünü ruhlandırdı: “Gözlərini aç və səmavi görüntünün gerçəkliyə çevrildiyini görəcəksən. Allah, murdar sayılan bu adamlarla birlikdədir, O onları çağırır! Bax, Peter, Mən səni başqa millətlərin yanına göndərirəm. Sən onları murdar sayma, çünki Mən onları sevdim və təmizlədim!”

Peter Roma əsgərlərindən qaçmadı, Allahın səsinə tabe oldu və qorxmadan, narahat olmadan onlarla birlikdə getdi. Özünü təqdim etdi və nə üçün gəldiklərini xəbər aldı. Onlar danışdılar ki, Allahın qədimdən əhd bağladığı xalqının möminlərinə çox yaxşılıq edən, həlim və sadiq yüzbaşı Korneliyə nurlu bir mələk görünüb əmr edib ki, Peteri öz evinə dəvət etsin və ondan ilahi sözlər eşitsin.

Bunu eşidən Peter, bir yəhudinin başqa millətdən olan bir adamı öz evinə qəbul etməsinin qadağan olunmasına baxmayaraq, onları evə dəvət etdi və onlar bir gecə orada qaldılar. Peter diz çöküb Allaha dua etdi və Allahdan kömək istədi, çünki Məsihin ondan nə istədiyini və bu romalı Korneliyə nə söyləməli olduğunu hələ də anlaya bilmirdi. Həvari yalnız bunu anlamışdı ki, Allah ona üç dəfə göstərdiyi bu görüntü vasitəsilə Qanunun bəzi qadağalarını ləğv etdiyini bildirir. Korneli Allahın buyuruğuna tabe olduğu kimi, Peter də Müqəddəs Ruhun buyuruğuna tabe oldu, baxmayaraq ki, vicdanı hələ də Qanunun ənənələrinə bağlı idi.

Ertəsi günün səhəri o, yola çıxdı, Fələstin sahili boyunca cənubdan şimala doğru getdi və axırda Qeysəriyyəyə çatdı. Peter bir neçə qardaşdan şahid olaraq onunla birlikdə səfər etmələrini rica etmişdi, çünki o, dərrakəsindən üstün olan bir olayın baş verdiyini hiss etmişdi. Həvari bu ilahi həqiqətləri təkbaşına yaşamaq istəmədi, amma Məsihin məqsədlərini təsdiqləyəcək və açıqca izah edəcək şahidlər axtardı.

Bütün günü yol getdilər, ertəsi günün səhəri Qeysəriyyəyə çatdılar. Peterin Məsihin səsinə tabe olacağına əmin olan Korneli həvarinin təxminən nə vaxt gələcəyini hesablamış, qohum-əqrəbasını və dostlarını dəvət etmişdi. Onlar rəsmi formada gəlmiş, dua edib böyük olayı gözləyirdilər.

Peter yüzbaşının evinə gəlib-çatanda, Korneli gördü ki o, nə nurlu mələk, nə dahi filosof, nə də başı üstündə halə olan bir peyğəmbərdir, amma sadə bir balıqçıdır. Buna baxmayaraq, yüzbaşı Allahın Peterin hər sözünə qulaq asmasını buyurduğunu yadda saxlayaraq, ona təzim etdi. Kornelinin Peterə təzim etməsi Allah-Taalanın ona göndərdiyi elçisinə dərin ehtiramının ifadəsi idi.

Ancaq Peter özünə şərəf almaqdan imtina etdi. Onun Korneliyə dediyi ilk söz bu idi: “Qalx! Çünki mən Allah deyiləm, sənin kimi insanam”. Bu, Məsihin hər bir elçisi, hər yepiskop və patriarx üçün əsas qayda-qanundur: heç bir insan səcdə edilməyə layiq deyildir, çünki biz saleh sayılmış günahkarıq. Peter keçmişdə kobud, cahil, acıdil və yalançı bir balıqçı olduğunu unutmamışdı, Buna baxmayaraq, Rəbb ona rəhm etmiş və yəhudilərin Ali Şurası qarşısında danışmağı tapşırmışdı, indi isə başqa millətlərə Müjdəni vəz etməyə göndərmişdi. Peter Kornelinin onu ilahiləşdirməsinə, ona ehtiram etməsinə yol vermədi. Qısa bir söhbətdən sonra evin içinə girdilər, evdə çoxlu adamlar yığılmışdı. Hamı həvaridən ilahi bir möcüzə gözləyirdi. Otaqda adam çox idi və hamı yəhudilərin xor baxdığı bütpərəstlər idi.

Peter özünün o insanlara qarşı saymazlığına qalib gəlib, onlara əvvəldən başa saldı ki, yəhudilərin qanunu onların başqa millətlərdən olan insanlarla ünsiyyətdə olmasını qəti qadağan edir. Lakin buna baxmayaraq Peter Allahdan yeni əmr almışdı – o, heç kəsi murdar saymamalı və heç kəsə həqarətlə baxmamalı. Peter bu insanlarla birlikdə oturduğu zaman hələ də nə söyləyəcəyini, nə edəcəyini bilmirdi. Bütpərəstlərə Müjdəni danışmaq bu yəhudi mənşəli məsihi üçün qəribə və mümkünsüz gəlirdi. O, toplanmış adamlardan ondan nə istədiklərini soruşdu. Onlar da Allah adamının onların fikirlərini bilmək istədiyini eşidəndə, heyrətə düşdülər. O zaman Korneli sözə başladı. Dörd gün ondan əvvəl mələyin ona göründüyünü Peterə danışdı və bu gözəl sözləri əlavə etdi: “İndi biz hamımız burada toplaşmışıq ki, Allahın sənə əmr etdiyi kimi vəhyə qulaq asaq”.

Sənin şagirdlərin, qonşuların, dostların sənə eyni sualı verəcəklər: Sənin şəhadətliyin nədən ibarətdir? Allahı necə tanıyırsan? Sənin şəhadətliyin varmı, yoxsa sən balıq kimi susursan? Sən Allahla yaşayırsansa, susma, danış!

DUA: Ya Rəbb İsa Məsih, bizim ürəklərimiz ağır anlayır, ağıllarımız inadkar, zehinlərimiz cahildir. Sən gözlərimizi aç, qoy biz xilasın barəsindəki şəhadətinə can atan hər insanı görək! Bizi öyrət ki, Müqəddəs Ruhunun səsinə tabe olaq, salehliyə susamış olanları axtarıb tapaq və onlara Sənin xilasını çatdıraq!

SUAL:

  1. Niyə romalı yüzbaşı Korneli balıqçı Peterə səcdə etdi və niyə Peter buna yol vermədi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)