Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 052 (Beginning of Preaching to the Gentiles)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

9. Romalı yüzbaşı Kornelinin imana gəlməsi ilə Müjdənin yəhudi olmayan xalqlara yayılmasının başlanğıcı (Həvarilərin İşləri 10:1 - 11:18)


HƏVARİLƏRİN İŞLƏRİ 10:1-8
1 Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. 2 Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi. 3 Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!» 4 Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu. 5 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 6 O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır». 7 Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı. 8 Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.

Əllinci Gün bayramında Müqəddəs Ruhun tökülməsindən Peterin müxtəlif cəmiyyətlərə etdiyi ilk səfərə kimi imanlılar cəmiyyəti əsil yəhudi, “ellinləşmiş” yəhudi, samariyalı və yəhudiliyi qəbul etmiş keçmiş bütpərəstlərdən ibarət idi. Onların hamısı Məsihə iman etib vəftiz oldular. O vaxt cəmiyyətlərə yalnız yəhudi mənşəli məsihilər daxil idi.

Lakin Kornelinin əhvalatı ilə Allah Özü başqa millətlərin önündə qapını açdı. Bu adamın cəmiyyətə daxil olması Məsihə iman gətirmiş yəhudilər üçün həm möcüzə, həm də büdrəmə daşı idi; çünki məsihi yəhudilər elə bilirdi ki, Müqəddəs Ruhun vədi yalnız onlara aiddir.

Luka, bütpərəst Kornelinin imana gəlmə əhvalatını geniş və ətraflı yazmışdır. O, Allahın Özünün həvarilərin böyüyü Peterin vasitəsilə bir dəfəlik qəti surətdə bunu sübut etmək istəyirdi ki, sidq ürəkdən iman edən bütpərəstlər də əbədi həyata seçilib; Peter buna heç də can atmazdı və bunu istəməzdi – Məsihin Özü onun həyatına müdaxilə etdi, necə ki əvvəldən Stefanın və Şaulun həyatına müdaxilə etmişdi. Bu olay Müjdənin dünyada yayılması üçün kritik dönüş nöqtəsi sayılır.

Məlumdur ki, yeni əhddə bir adama mələk görünəndə, bu deməkdir ki, Allah ağlasığmaz bir planını həyata keçirməyə başlayır. Sadiq məsihilər imanda sarsılmasınlar deyə, Rəbb mələyini göndərirdi və insan bütün beş duyğusu ilə Allahın misli olmayan bir möcüzə yaratdığını, Padşahlığı üçün yeni qapı açdığını dərk edirdi. Kornelinin imanı bütün xalqlar üçün dərin məna daşıyır. Bu bütpərəst romalı vəftiz olmasaydı, Müjdə bizə gəlib çatmazdı, təkcə yəhudilər üçün qalardı.

Korneli, Qeysəriyyədə Roma ordusunda yüz əsgərdən məsuliyyət daşıyan bir zabit idi. Qeysəriyyə Aralıq dənizinin sahilində, Karmel dağının cənubunda yerləşən bir şəhər idi. Yəhudilərin dini Kornelinin xoşuna gəlirdi: bir Allaha iman, On Əmr, əxlaq qayda-qanunları – bütün bunlar ehtiras və qorxu ilə dolu olan Roma imperatorluğuna yad idi.

Korneli sidq ürəkdən Allaha tərəf dönmüşdü. O, qəbul etdiyi bu əqidə üzərində həyatını qururdu. O, imanı yalnız ağlı ilə və ya emosional bir şövqlə qəbul etməmişdi, amma fikirlərini, sözlərini, əməllərini öz inancının ruhuna tabe etmişdi. Korneli pul sevən deyil idi, əksinə, pulunu paylayan idi. Müstəmləkəçi ordusunun bir zabiti kimi fağır insanlara zülm etmirdi, əksinə, möhtac olanlara yardım edirdi və dua edərək ürəyində həmişə Allahla ünsiyyətdə idi.

Bu adamın gözəl ruhu gizli qala bilməzdi, amma evində, yoldaşları və əsgərlərinə olan münasibətində üzə çıxırdı. Hamı bu yüzbaşının həlim ruhunun, dualarının təsiri ilə Müqəddəs Ruha daha çox açıq oldular. Əsil imanlı tək-tənha yaşamaz, lakin hamıya məhəbbət göstərər, isti münasibəti ilə başqalarının ürəyindəki buzları əridər. Belə adamın qohum-əqrəbaları və dostları uğrunda vəsatətçiliyi sayəsində onlar da Allaha dua etməyə başlayar. Uca və müqəddəs Allah romalı yüzbaşıya dedi ki, onun hər duası eşidilib və hər saleh əməli qeyd olunub. Allah-Taala bu gün sənin əməllərini də yaddan çıxarmır. Ürəyinin səsini eşitmək, imanının bəhrələrini görmək istəyir. Sən dua və oruclarınla deyil, Allahın məhəbbəti ilə salehliyi əldə edirsən. İtaətkarlığın, bu uca məhəbbətinə görə bir şükür ifadəsidir.

Mələk Korneliyə Yafoya adam göndərməyi və Yafoda dabbağ Şimonun evində qalan Peteri axtarmağı buyurdu. Yüzbaşı Allahın hər əmrini dərhal yerinə yetirməli olduğunu bilirdi. Allahın məhəbbəti ona toxunduğu üçün, o, bu qəribə işıqlı varlıqlardan qorxmayıb. O, hər gün dua etdiyi Rəbbə ümid bağlayıb. O əmin idi ki, Allah onu bir casusun, yaxud təhlükəli bir adamın yanına göndərməz. Həqiqətən də, Allah onu bir qulunun, həvarilərdən birinin yanına göndərdi.

DUA: Ya Rəbb İsa, Sənə minnətdarıq, çünki Sən Cəmiyyətinin tarixinə dəfələrlə müdaxilə etmisən, bütün Cəmiyyəti və həvarilərin hər addımını yönəltmisən! Bütün düzgün dualara cavab verdiyin və hətta Səni tanımayanların belə şükranla təqdim etdiklərinə xor baxmadığın üçün Sənə minnətdarıq. Çoxlu dindarları xilasa gətirməyini diləyirik!

SUAL:

  1. Mələyin Korneliyə zühur etməsi nə məna verir?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:43 AM | powered by PmWiki (pmwiki-2.2.109)