Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 051 (The Wonderful Works of Christ at the Hand of Peter)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

8. Məsih Peterin əlləri ilə böyük işlər görür (Həvarilərin İşləri 9:31-43)


HƏVARİLƏRİN İŞLƏRİ 9:36-43
36 Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. 37 Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. 38 Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 39 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 40 Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. 41 Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 42 Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 43 Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.

İsa illər öncə şagirdlərinə belə əmr etmişdi: “Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin” (Mat. 19:7-8). İsa şagirdlərinə Onun adıyla, Onunla tam vəhdət içində bunları etmək səlahiyyətini vermişdi. Həvarilərin fəaliyyətində İsanın iradəsi yerinə yetirilirdi və Müqəddəs Ruh onları Oğulu izzətləndirib məhəbbət Padşahlığını gerçəkləşdirməyə yönəldirdi.

Yafoda bir şagird bacı ölmüşdü. Burada bütün Müqəddəs Kitabda ilk və son dəfə “şagird” sözü qadın formasında işlənir. Onun adı Tabita idi, arami dilində “ceyran” deməkdir. Bu bacının xasiyyəti nəcib və həlim idi; o, qonşular arasında şayiə yaymazdı, xəstələrə kömək edərdi, qocaların evlərini yığışdırardı, əldən düşmüş anaların uşaqlarının tərbiyəsi ilə məşğul olardı, çox çətin vəziyyətdə yaşayan imanlı dullara mərhəmət göstərərdi. Ceyran mülkünün böyük hissəsini başqa imanlılara yardım üçün qurban vermişdi. Boş vaxtında tikişlə məşğul olan bacı dua edirdi ki, Məsih imanlıların ürəklərində Öz adının naxışını toxusun və imanlıların hamısı İsanın adını izzətləndirən gözəl xalça kimi olsunlar.

Birdən bu müqəddəs bacı vəfat etdi. Onların vəfat etmiş adamın cəsədini yuxarı otağa qoymaq adəti yox idi. Lakin onlar belə etməyi qərara aldılar, çünki çoxlarının gəlib ona görə yas tutması, ağlaması, məhəbbəti və fədakarlığını yada salması üçün şərait yaratmaq istədilər. Ey qardaş, bəs sən nə düşünürsən: əgər ölsəydin, insanlar sənə görə, xeyirli işlərinə, fədakarlığına görə ağlayardımı, yoxsa xudbinliyinə, qəddarlığına, fədakar olmaq istəmədiyinə görə sənə lənət oxuyardımı?

Cəmiyyətin ağsaqqalları həvarilərin böyüyü Peterin onlara yaxın olan bir şəhərdə olduğunu öyrənəndə, yaslı olanları ovutsun və əziyyətlərində dəstəkləsin deyə çağırdılar. Vəfat etmiş şagird bacı, onların hamısı kimi, Məsihin ikinci gəlişini gözlədi və Onun gəlişinədək sağ qalacağına ümid etdi. Bu hadisə cəmiyyət üçün böyük bir sarsıntı idi, çünki cəmiyyətlərinin ən mömin qadınlarından biri Məsih gəlmədən öncə vəfat etmişdi.

Peter imanlılar cəmiyyətinin dəvətinə cavab verib, dərhal yola çıxdı. İmanlılara təsəlli vermək məqsədilə Loddan Yafoya 18 kilometr yol getdi. Rəbbin Yairin evinə girməsi həvarinin yadında idi. Yas tutan qadınlar öz sifətlərinə vurur, saçlarını yonurdu. İsa vəfat etmiş qızın otağına girdi və ağlayan qadınların oradan çıxmasını əmr etdi, sonra isə qıza “Qızcığaz, qalx!” – deyib onu diriltdi.

Belə şərairdə Peter Ceyranın evinə gəldi. Yas tutub ağlayan qadınları görən Peterin ürəyi sıxıldı. Ölümün Məsihə iman edənlərin üzərindəki səlahiyyətini görəndə, qəzəbləndi. Ağlayan qadınları otaqdan çıxartdı və tək başına diz çöküb dua etdi. Müqəddəs Ruh onun duasını yönəltdi və o, İsadan şagird bacını diriltməsini rica etdi. Peter xüsusi hərəkətlər və ya sözlər işlətmədi və İsanın Öz adını ucaldacağına əmin olandan sonra İsanın Yairin qızına söylədiyi sözü Tabitaya söylədi: “Qızcığaz, qalx!”

Maraqlıdır ki, o, İsanın adını çəkmədi, amma Onun dediyi sözlərlə ilahi qüvvə ilə qızı ölümdən diriltdi. Həvarilərin ən cəsarətlisi ölünü öz adı ilə diriltmədi, çünki ölümə qalib gəlmək üçün kifayəyt qədər qüvvə heç kəsdə yoxdur. Yalnız Məsih bu qorxunc kabusa qalib gəldi, çünki O, müqəddəs və günahsızdır. Peterin İsa Məsihə olan imanı ölümün qüvvəsini məğlub etdi və şagird bacını həyata qaytardı.

İmanlı bacı həvarinin dediyi sözlərdə İsanın səsini eşitdi və dəhşətlə gözlərini açdı. Başını qaldırıb, bədənindəki xoş ətri iylədi. Otağında dua edib ona baxan yad adamı gördü. Peter bacının əlindən tutdu, oturmasına kömək etdi və başa saldı ki, İsa onun xidmətini davam etdirməsini istəyir. O, sahildəki şəhərlərdə və yaxın bölgələrdə Məsihin ölümə qalib gəlməsinin canlı şəhadəti olacaqdır.

İnsanlar qorxa-qorxa otağa girəndə, heyrətə düşdülər və xəcalət çəkdilər. Bəziləri dua etməyə başladılar, başqaları diz çökdülər və ölümə qalib gələn Məsihə izzət verdilər. Bu xəbər tezliklə bütün şəhərə yayıldı. Yığın-yığın insanlar imana gəldilər və əbədi həyata nail oldular. Hər kəs Həyat Rəisinə bağlı qalmasa da, çox insan imanlılar cəmiyyətinə qoşuldu və Məsihin bədəninə daxil oldu. Bu oyanışa görə Peter hələ uzun zaman Yafoda qaldı və oradakı cəmiyyətdə xidmət etdi.

Maraqlıdır ki, Peter cəmiyyətin ən gözəl evində yaşamadı, amma xor baxılan bir dabbağın evində qaldı. Onun evi dərinin pis iyi ilə dolu idi. Qanun bu dabbağın şəhərdən kənarda yaşamasını tələb edirdi, çünki insanlar ölü heyvanlardan istehsal edilən dərinin kirindən əziyyət çəkməli deyildilər. Peter isə bu miskin, amma adı göylərdə yazılmış olan imanlının yanında qaldı.

DUA: Ya Rəbb, Yafoda vəfat etmiş şagird bacının dirilməsi möcüzəsinə görə Sənə səcdə edirik! Sənin səsinə tabe olan Peterin imanına görə şükür edirik. Sənin adınla xidmət edək deyə, Ruhunun səsini tanımağı bizə öyrət! Sənin qüvvənlə Sənə xidmət edək deyə, bizi təmizlə!

SUAL:

  1. Məsihin ölüləri diriltmək əmri şagirdlərinin həyatında necə yerinə yetirilirdi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:41 AM | powered by PmWiki (pmwiki-2.2.109)