Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 041 (Stephen becoming the First Martyr)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

e) Stefan Məsihin yolunda ilk şəhid olur (Həvarilərin İşləri 7:54 - 8:1)


HƏVARİLƏRİN İŞLƏRİ 7:54 - 8:1
54 Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcıtdılar. 55 Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. 56 O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». 57 Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. 58 Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. 59 Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». 60 Sonra diz çöküb bərkdən nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu. 8:1 Stefanın qətlindən Şaul da razı qalmışdı.

Ali Şuradakı ağsaqqallar Allahın səsini eşitdilər və Müqəddəs Ruh onların ürəklərinə təsir etdi. Lakin onlar hər cür tövbə çağırışını rədd etdilər, Allaha qarşı durdular, cəhənnəm ruhları ilə dolaraq dişlərini qıcıtdılar. Yalnız Stefanın dilindən açıq-aşkar küfr sözünü eşitmək üçün özlərini saxladılar, o isə axıra qədər böyük hikmətlə yalnız Tövratda yazılan həqiqətlərdən danışdı və Müqəddəs Ruhun səlahiyyəti ilə qədim inancı yeni gerçəkliyin işığında təqdim etdi. Buna görə də yəhudilər Stefanl məhv etmək üçün qanuni bir səbəb tapa bilməmişdi.

Rəbb bu kritik anda Oğlu İsanı xüsusilə izzətləndirmək istəyirdi. Zəfər tacını əldə etmiş Stefan pak və müqəddəs quzu kimi onun üstünə hücum çəkməyə can atan canavarların arasında dayanmışdı.

Stefanın üzü bir mələk üzü kimi nur saçdı, gözləri yarılmış göyə yüksəldi, Allahın düşmənlərinin küfrləri artıq qulaqlarına çatmırdı. Allahı izzətində görən Stefan üçün artıq nə ətrafındakı insanlar, nə də məhkəmə var idi. Peyğəmbərlər belə Allahı calal içində nadirən görərdi və görəndə üzüstə yerə qapanardı. Stefan isə sevinc və səadət içində heyranlıqla ayaq üstdə qaldı.

O, göydə bir hərəkət gördü – Atasının sağında oturan Allahın Oğlu ayağa qalxıb, ilk şəhidini qəbul etməyə hazırlandı. Bu, Müqəddəs Kitabda İsanın Ata Allahın sağında dayandığından bəhs edən yeganə ayədir. Stefan Rəbb İsanı yer üzündə xidmət etdiyi vaxt heç görməmişdisə də, Onu Allahın izzətli nurunda olan Həqiqi İnsan, mələklərlə, parıltı ilə, odlu şüalarla əhatə olunmuş Bəşər Oğlu olaraq dərhal tanıdı.

Məsihin bu şahidi böyük sevinc və şükür ilə Allahın Ona göstərdiyini anlatdı və beləcə Ruhun qılıncı ilə Ali Şuraya Məsihin bu sözünü elan etdi: “Bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu görəcəksiniz”. Amma mömin başçılar Onu görməyə qadir olmadılar. Yalnız onların təqib etdiyi və həqarətlə baxdığı Stefan göylərin yarıldığını gördü.

Müqəddəs Üçlüyün içində olan Məsihin izzətinə dair bu şəhadət yəhudilər üçün ən böyük küfr sayılırdı. Pis fikirlərin onların ürəyinə təsir edib onları şübhələrə və ya səhv qənaətlərə cəlb etməsinin qarşısını almaq üçün Qanun onlara bu kimi küfrlərə qulaq asmağı belə qadağan etmişdi. Beləliklə Allahın birliyinə toxunan, Ona küfr edib şərik qoşan adamın dərhal daşlanmalı olduğunu bilən yəhudilər qulaqlarını tutdular. Bu “nəcib” insanlar bərk qışqırdılar, kahinlər haray qopardılar və hamı birdən yırtıcı heyvan kimi Stefanın üstünə hücum etdi. Onu tutub, müqəddəs şəhərin küçələri ilə apardılar, sülh şəhərini küfr edənin ölümü ilə murdarlamasınlar deyə, şəhərdən kənara çıxartdılar.

Lakin Stefan bu səs-küy içində özünü rahat hiss edir, dua edərək ölümə hazırlanırdı. Onun ruhu, Rəbb və Xilaskarın dayanıb onu gözlədiyi göyləri arzu edirdi. O, Müqəddəs Ruha axıradək itaət etdi və Ruh onu düşmənlərinə qarşı məhəbbətlə doldurdu. Onun başına, bütün bədəninə daşlar atılarkən, o, gördüyü Bəşər Oğluna üz tutub “Ya Rəbb İsa, ruhumu qəbul et!” – deyə nida etdi. Bu şəhid bilirdi ki, Məsih, dualara cavab verən, həyat və ölüm açarlarını əlində tutan Rəbbin Özüdür. Çarmıxa çəkilmiş İsanın Özü ruhunu Atasının əllərinə təslim etdiyi kimi, daşlanarkən Müqəddəs Ruhdan ilham alan Stefan da həmçinin Haqq-Taalanın qüdrətinə güvəndi, qorxmadı, təlaş etmədi. Bədəni daşlardan əzildiyi halda, o, sülh və sevinc ilə dua etdi. Axırda diz üstə çöküb “Ya Rəbb, bunu onlara günah sayma!” – dedi. Allah Stefanı bağışladığı kimi, Stefan da xalqının başçılarını o anda şərtsiz məhəbbətlə bağışladı. Allah məhəbbəti onun ürəyində aşıb-daşırdı. Allahın Ruhu onu ölüm vaxtında qorudu və ağır daşlarşın onun başını və sümüklərini sındırmasına baxmayaraq, o, təşvişə düşmədən, sülh içində dünyasını dəyişdi. Onlar Stefandan, o, qudurmuş it imiş kimi qorxdular və onu daşa basdılar.

Qətlə yetirilən müqəddəs adamın ətrafında olanların içərisində Şaul adında bir gənc adam dayanmışdı. Çox ciddi bir farisey olan Şaula xüsusi şərəf verilmişdi – o, yalançı şahidlərin paltarlarını qorumalı idi. Qanuna görə, şahidlər ölümə məhkum edilmiş adama ilk daş atmalı idi. Şaulun ürəyi nifrətlə dolu idi və o, küfr edən adamı qətl etməkdə iştirak etməyə can atırdı. Lakin ona sadəcə olaraq daş atanların geyimlərini qorumaq məsuliyyəti verilmişdi. Məsihi şəhidin ağzından çıxan son sözləri eşidən Şaul ona daha çox nifrət etdi. Stefanın ölümü onu sevindirdi, ancaq şəhidin göylərin yarılması və Müqəddəs Üçlük barəsindəki şəhadəti onun şüuraltında həkk olundu. Bundan əlavə, Stefanın onu daşlayanlar üçün məhəbbətlə dua edən surəti onun gözləri qabağında qalırdı. Beləliklə, ilk məsihi şəhid Müjdə məşəlini düşməninin əlinə ötürdü – gələcəkdə o Şaul, Əhdi-Ətiqin səhv qavranılmasının əsaslarına qarşı ən çox mübarizə aparan və Məsihin Cəmiyyətini yəhudi ruhundan tamamən azad edən adam olacaq idi. Müqəddəs Ruh Allahın hədsiz məhəbbətinə görə səhv etmədən və gecikmədən Allahın xilas planını həyata keçirir.

DUA: Ey Müqəddəs Üçlük, Sənə səcdə edirik və Səni sevirik, çünki Sən bizi sevən, rədd etməyən vahid Olansan! Özünü Stefana tanıtdığına görə Sənə şükür edirik. Stefanın canı bahasına bizə şəhadəti ötürdüyünə görə Səni ucaldırıq! Biz bilir və şəhadət edirik ki, Sən Üçlükdə vahid Olansan, məhəbbət və həqiqətlə dolusan. Ölümə qədər sadiq olmaqda bizə kömək et və Müqəddəs Ruhun qüvvəsi ilə şəhadətimizi təmiz elə!

SUAL:

  1. Stefanın söylədiyi üç son ibarəni yaz və onların mənasını necə başa düşdüyünü anlat.

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)