Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 042 (First Persecution of the Christian Church at Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

1. Məsihin Yerusəlimdəki Cəmiyyətinə qarşı ilk təqib və imanlıların Samariyanın hər tərəfinə yayılması (Həvarilərin İşləri 8:1-8)


HƏVARİLƏRİN İŞLƏRİ 8:1-3
1 O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. 2 Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. 3 Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı.

Stefana qulaq asanların hamısı onun sözlərini açıq-aydın küfr sayaraq hiddətə gəldilər, onun vəsatətçilik dualarına görə isə lap çox hirsləndilər, çünki küfr edən bu adam özü üçün mərhəmət diləməkdənsə onlara görə yalvardı. Kin püskürən bu adamlar, Məsihə iman edən ellinləşmiş yəhudilərin yaşadığı yerlərə hücum etdilər, çünki Stefan kimi məhəbbətlə və çox inandırıcı şəkildə Yerusəlimin sakinlərinə Müjdəni yayanları məhv etmək istədilər. Başçı kahinlərin nifrəti daha çox alovlandı və intiqam alovu get-gedə artırdı. Çoxdan unudulmuş inciklik və paxıllıq, ənənələrin pozulmasına görə böyük qəzəb yenidən üzə çıxdı. O günlərdə Yerusəlimdə çox göz yaşı töküldü. Uşaqları valideynlərindən, kişiləri arvadlarından, gənc övladları dul qalmış analarından ayırdılar.

Əsil fanatik olan Şaul “İsəvi bidəti” adlandırılan “təriqəti” məhv etmək üçün Ali Şuradan lazımi sənədlər aldı. Qamlielin məsləhəti artıq qüvvəsini qalmamışdı. Qanun və ənənələrində sabit qalmayan hər kəs təqib olunurdu. Şaul qulları ilə birlikdə zorla evlərə girir, kişilərlə qadınları tutub həbs etdirirdi. Onları Məsihi inkar etməyə məcbur etmək üçün qamçılayır, inkar etmədikləri təqdirdə isı daşlayırdılar. Daha sonra Paul adı ilə tanınmış olan Şaul Məsihin Cəmiyyətini təqib etdiyini və imanlıları ölümdən Dirilənə küfr etməyə məcbur etdiyini göz yaşı tökərək etiraf edirdi. Qəti, sərt şəkildə Qanuna bağlı olması onu kor, məhəbbətsiz, ölü insana döndərdi. O, cinə tutulmuş kimi idi və məhəbbətin Qanunun tamamlanması olduğunu anlamırdı. Beləliklə, o, Allaha qılınc ilə xidmət etdi və buna görə şeytana çevrildiyini dərk etmirdi.

Məsihilərin əksəriyyəti qonşu bölgələrə qaçdılar, bəziləri mağaralarda məskunlaşdılar, digərləri ucqar kəndlərə sığındılar. Təqibdən canını qurtaranlardan bəzisi hətta təhqir edilən Samariyaya belə getdilər. Onlardan “Nə üçün siz yeməksiz, paltarsız halda vətəninizdən qaçmısınız?” – deyə soruşan insanlara belə cavab verirdilər: “Biz Məsihi sevirik və eləcə də düşmənlərimizi sevirik, buna görə bizi təqib edirlər”. Beləcə onlar ölüb dirilmiş Olanın barəsindəki Müjdəni yayırdılar. Allah Qüdsdəki cəmiyyətin sayca azalmasına, viran edilməsinə yol verdi. Bir qartal göydən cücələr üzərinə şığıdığı kimi, qəddar düşmən Qüdsdəki imanlılar cəmiyyətinə hücum etdi. Beləliklə, Məsihin əmrinə əsasən, Müjdə Yerusəlimdən hər bir yəhudi kəndinə, Samariyaya və digər xalqlara yayıldı. Məsihin zəfər yürüşü heç vaxt dayanmır, yer üzünün qurtaracağınadək hərəkət edir, hər xalqa, hər millətə yayılır və Məsihin ikinci gəlişinədək belə olacaq.

Bütün məsihilər Yerusəlimdən qaçmadı, həvarilər Xilaskarın yolunda ölməyə hazır idilər. Onlar qocaların, dul qadınların yanında qaldılar, cəsarətsizlərə təsəlli verdilər, yetim və kasıbların qayğısına qaldılar. Həvarilər sadiq gözətçilər kimi idi, özlərini xilas etməyə çalışmadılar, lakin xüsusilə pis günlərdə sürülərinin qayğısına qaldılar. Çox güman ki, həvarilər çox saylı dostlarına sığındılar, çünki onların əlləri ilə şəfa tapan adam çox idi. Bəlkə də həvarilər mömin yəhudilər kimi Qanuna və adət-ənənələrinə riayət etdikləri, məbədə ehtiram etdikləri, hər zaman məbəddə dua etdikləri və Stefan kimi azad fikirli olmadıqları üçün təqib olunmurdu.

Yerusəlimdə heç də hər kəs məsihilərə nifrət bəsləmirdi. Yalnız Ali Şuranın acıqlı nümayəndələri küçə-küçə dolaşıb, Müqəddəs Ruhla dolu olan imanlıları axtarırdı. Onların arzusu İsa Məsihin ardıcıllarının kökünü kəsmək idi. Onlar İsanın adının unudulmasını istəyirdi. Bu qarışıqlığa baxmayaraq, Stefanın qətlə yetirilməsini bəyənməyən bir çox mömin yəhudilər yığılıb Stefanın cəsədini lazım olduğu kimi dəfn etdilər və onun üçün yas tutdular. Onlar şəhərlərinin bu haqsızlığa görə Allahın qəzəbinə uğramasını istəmirdi. Haqqın məhəbbət dolu Xidmətkarını çox sevdilər, çünki o, Allahın bir mələyi kimi yer üzündə onlara xidmət etmişdi. O mömin adamlar Müjdənin ruhuna yaxıd idilər, amma məsihi inancına açıqca mənsub olmağa cürət etmirdilər.

Ey qardaş, sən təqib vaxtında əziyyət çəkməyə hazırsan, yoxsa qaçacaqsan? Müqəddəs Ruhun səsinə qulaq as, çünki O sənə addım-addım yol göstərəcək. Oğulu izzətləndirmək üçün mütləq şəhid ölümü ilə ölməli deyilsən. Bəlkə də O istəyir ki, sən başqa bir yerdə Ona şəhadət edəsən. Buna görə Rəbbin səsinə diqqətlə qulaq as! Öz xudbinliyinə münasibətdə öl və Məsihə xidmət et, Məsih üçün yaşa!

DUA: Ya Rəbb, Sahibim Sənsən, həyatım Sənin əlindədir! Qoy mən bircə saniyə özüm üçün yaşamayım, gecə-gündüz Sənə xidmət edim! Ölümə qədər sadiq olmaqda mənə kömək et! Qoy məhəbbətim yalnız sözdə deyil, əməldə olsun, xeyirli işlərlə üzə çıxsın! Mənə mərhəmət elə və Sənin məhəbbətinə düşmən olan hər kəsə xeyir-dua ver! Amin.

SUAL:

  1. Yerusəlimdə məsihilərə qarşı təqib zamanı ən önəmli olay hansı idi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)