Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 029 (The Apostle´s Imprisonment, and their Release by an Angel)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

16. Həvarilər zindana atılır və mələyin köməyi ilə azadlığa çıxır (Həvarilərin İşləri 5:17-25)


HƏVARİLƏRİN İŞLƏRİ 5:17-25
17 Bu, baş kahin və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 18 Ona görə həvariləri tutub ümumi zindana atdılar. 19 Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: 20 «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin». 21 Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün zindana mühafizəçiləri göndərdi. 22 Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: 23 «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». 24 Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. 25 Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir».

Rəbb bir cəmiyyət quranda, şeytan da onun yanında pis ruhları üçün məbəd qurur. İnsanlar İsaya tərəf dönən hər yerə cəhənnəm nifrətlə qarışır. Bu, təbiidir, ona görə də sən o biri imanlılarla birgə müjdəçi fəaliyyətinizə qarşı hücumlardan təəccüblənmə. İsanın Özü xilas işinin kritik bir vaxtında çarmıxa çəkildi.

Həvarilərin İsanın adı ilə danışmaq qadağasına məhəl qoymadan Müjdəni yayması və çoxlarının bu inancı qəbul edərək ölümdən dirilmiş İsanın zəfərini, insanları Allahla barışdığını elan etməsi başçı kahinləri hövsələdən çıxardı. Baş kahin bərk qəzəbləndi, və bəlkə də bu inancın millətin birliyi üçün təhlükəli ola biləcəyindən qorxdu. O bu “sürünün çobanı” kimi bu yeni “bidət”i məhv etməyi özünə borc bildi. Bütün ənənəpərəstlər və liberal düşünənlər onlara qoşulub hərəkətə gəldilər. Onlar məsihiliyi məhv etməklə Allaha xidmət edəcəklərini zənn etdilər. Ölülərin dirilməsini qəti şəkildə rədd edən sadukeylər İsanın şagirdlərinə xüsusi kin bəsləyirdi, çünki məsihilər ölümə qalib Gələnə fəal şəhadət edirdilər.

Həvarilər və bütün imanlılar cəmiyyəti onlara qarşı getdikcə artan nifrəti hiss etmələrinə baxmayaraq, qaçıb gizlənmədi, bütün xalqın gözləri önündə məbədin həyətində yığılmağa davam etdi. Zira məsihilik gizlənən inanc olmamalı, gün kimi aydın görünməlidir. Təyin olunmuş gündə başçılar on iki həvarinin hamısını tutub zindana atdı. Onların məntiqi belə idi: “İlanın başını kəs, ondan sonra bədəni nə qədər qıvrılır-qıvrılsın, qorxusu yoxdur!”

Ancaq Məsihin məntiqi belə deyil idi, çünki Onun Cəmiyyətinin Başı nə həvari, nə yepiskop, nə də başqa bir xidmətçidir, ancaq Onun Özüdür. Məsih Öz mələyini zindanın qapılarını səssizcə açmağa göndərdi. Dua edib məhkəməyə hazırlanan həvarilərin önündə qəflətən peyda olan mələk həvariləri heyrətə saldı. Maraqlıdır ki, mələk həvariləri məhkəmədən xilas etmək üçün gəlmədi, onlara yumşaq yataq, rahat döşək gətirmədi, qaçmağı əmr etmədi, amma məbədin həyətinə qayıdıb Məsihin əməlləri və təlimini açıqca elan etməyi əmr etdi. Çünki Müjdənin bu sözlərinə qulaq asan adamların ürəyinə əbədi həyat gəlir. Mələk onlara qarşı olan təqib və təhdidlərə baxmayaraq, xalqa Allahın yeni həyatı ilə bağlı sözləri deməyi əmr etdi. Bu “sözlərin hamısını deyin” ifadəsinə fikir verin: həvarilər düşmənlərindən qorxub bir şeyi buraxmamalı, qısaltmamalı idi. Bu həmçinin sənə və bütün imanlılara aid olan Allahın əmridir: Xalqına yeni həyatla bağlı sözlərin hamısını de! Sənin öz sözlərin və biliklərin heç o qədər önəmli deyildir. Bunlar ölümlə doludur. Məsihin həyatı barəsindəki şəhadət isə iman edənlərdə əbədi həyatı yaradır.

On İki həvari ayağa qalxdı və mühafizəçilərin arasından keçərək zindandan çıxdı. Dan yeri açılanda onlar Məbədin həyətinə girdilər və sübh tezdən məbədə gələn ziyarətçilərə təlim öyrətməyə başladılar. Onlar bu qeyri-müəyyən vəziyyətdə heyrətlə Allahın iradəsini gözləyir və mühüm bir olayın baş verəcəyini hiss edirdi, çünki yaşayan Rəbbin Özü izzətli mələyi vasitəsilə vəziyyətə müdaxilə etmişdi.

Sübh tezdən yəhudilərin yetmiş nəfərdən ibarət olan Ali Şurası yığıldı. Onların içində başçı kahinlər, möhtərəm ağsaqqallar və hiyləgər qanunpərəstlər var idi. Bundan əlavə, baş kahin xalqın adlı-sanlı nümayəndələrini dəvət etmişdi. Onlar bu “Nazaretli İsa bidəti”nə bir dəfəlik son qoymaq niyyətində idilər. Hər kəs oturandan sonra Şuranın sədri məhbus həvarilərin gətirilməsini əmr etdi. Mühafizəçilərin nə qədər çox qorxduğunu təsəvvür edə bilərik! Bütün qapıların qıfıllı olmasına və möhürlərin qırılmamasına baxmayaraq, məhbuslar yoxa çıxmış, izləri itirilmişdi! Bu xəbər Şuraya çatanda, hamını heyrət apardı, çünki həvarilərin yaratdığı möcüzələri və həvari Peterin kölgəsinin belə xəstələrə şəfa verdiyini hamı bilirdi.

Bu xəbər sağlam düşüncəli hər kəsi sarsıtdı, bu məhkəməni təşkil etmiş adamı isə utandırdı. Allah bu hakimləri əvvəlcədən sarsıtdı ki, onlar az qala suçsuz imanlıları – millətin oğullarını məhkum edəcəklərini tam açıq şəkildə anlasınlar. Məsih əlini uzatdı və xalqına yeni həyatla bağlı sözlərin hamısını müjdələyən həvarilərini qorudu.

DUA: Ey Rəbbimiz, müqəddəs Olan Sənsən və Sənin həyatın Müjdəndə, İncilindədir! Bizə kömək et ki, bütün salehlik üçün susayanlar doysun düyə cəsarət və həlimliklə, məhəbbət və müdrikliklə onlara Sənin adını elan edək!

SUAL:

  1. Mələyin məhbus həvarilərə verdiyi əmrin əhəmiyyəti nə idi?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)