Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 028 (Revival and many Healings)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

15. Oyanış və çoxlu şəfalar (Həvarilərin İşləri 5:12-16)


HƏVARİLƏRİN İŞLƏRİ 5:12-16
12 Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. 13 Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. 14 Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. 15 Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə küçələrə çıxarıb qoyardı. 16 Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.

Müqəddəslərin şərikliyi xudbinlik üzərində qurulmamışdı, onlar özləri üçün yaşamırdı, ikiüzlü yaltaqlıqla bir-birini mədh eləmirdi. Əksinə, onların öz millətinə rəhmi gəlirdi və onlar Allahdan müdaxilə etməsini diləyirdilər. Müjdəni vəz etməklə kifayətlənməyərək, həmçinin şəfa verirdilər. Onlar Allaha təkcə dilləri ilə deyil, həm də əlləri və əzələləri ilə xidmət edirdilər.

Necə gözəldir ki, onlar öz qüdrətinə bel bağlayıb xeyriyyə təşkilatı qurmadılar, yoxsullar üçün pul yığmadılar, ancaq onlara bəxş edilmiş Allahın qüvvəsindən verdilər. Beləcə onların xidməti İsanın izzətini izhar edən əlamət oldu. Xilaskar onların vasitəsilə çoxlu xariqələr və möcüzələr yaratdı və bunların hamısı onların 4:24-30-da etdikləri duaya cavab olaraq baş verdi. Allah əlini uzadıb həvarilərinin vasitəsilə xəstəliklər, cinlər və sıxıntılar üzərində qələbə çaldı. Onun Padşahlığı açıq-aydın bir surətdə gəlir, həqiqətə çevrilirdi.

İmanlılar daşdan bir kilsə qurmadılar, Allah üçün müqəddəs məskənin inşa edilməsinə ehtiyac yox idi, çünki Allah onların ürəklərində məskən salmışdı. Onlar kiçik qruplarla evlərdə yığılar və ya bir zamanlar İsanın da təlim öyrətdiyi Məbədin geniş eyvanında toplaşardılar. Orada ilahi oxuyar, söhbət və dua edərdilər. Bütün xalq onların cəmiyyətini tanıdı, sevdi, sayğı göstərdi. Çünki onlardan heç kim başqasından şikayət etməzdi, onlar bir-birini Müqəddəs Ruhun vasitəsilə tanıyar və hər zaman birlikdə olmağa can atardı.

Qəribədir ki, onların pulla dolu kassaları olduğunu və o kassadakı pulu hər kəsin ehtiyacına görə bölüşdüklərini bilən minlərlə adamlar onlara qoşulmağa tələsmədi və onlardan çıxan Allahın qüvvəsini görə-görə onların yanına gəlmədi. Onlar Allahın Özünün bu imanlılarla olduğunu hiss edərək qorxu ilə kənarda durub tamaşa etdilər. Öz xudbinliyinə münasibətdə dərhal ölməyə hazır olmayan hər kəs müqəddəslərin şərikliyindən uzaq dururdu. Yalnız həqiqətən iman gətirən, qəti qərar və mətanətlə haqq yola dönən və Məsihin Cəmiyyətinə daxil olan kişilər və qadınlar təzələndi, Rəbdən güc-qüvvət və əmin-amanlıq əldə etdi.

Yəhudilər adətən yalnız kişiləri sayardı. Lakin müjdəçi Luka Məsihin həvarilərinə çoxlu qadınların da qoşulduğunu, Müqəddəs Ruhun qüvvəsini və xilasını yaşadığını xüsusilə qeyd etmişdir. O qadınların imanı fəlsəfi bir ideyanın təsdiqi deyil idi, onlar Allahın xilasında və qüvvəsində iştirak edirdi.

O günlərdə Müqəddəs Ruhun qüvvəsi daha çox qüdrətlə təzahür etdi, hətta İsanın günlərindəki kimi möcüzələr baş verdi (Mark 6:56) – xəstələri döşəklərində küçələrə çıxarardılar və İsanın paltarına toxunanlar belə şəfa tapardılar. Beləcə İsaya iman edən çox xəstə şəfa tapmışdı. İndi isə Peterin kölgəsi qüvvə ilə dolu idi, çünki Müqəddəs Ruh onda aşıb-daşırdı. Məsihin məhəbbəti, insanın daxili varlığının şəfa tapdığı canlı bir ruhani mühitdir.

Bu oyanış hərəkatı bütün xalqa məlum oldu. Ətraf kənd və şəhərlərin camaatı xəstələri, cinə tutulmuşları həvarilərin yanına gətirməyə başladılar və həvarilər onlara şəfa verirdi. Beləcə Məsihin bütün dünyaya Müjdəni yaymaq əmrinin ikinci hissəsi həyata keçdi. Həvarilər Yerusəlimdən başlayıb, Yəhudeyaya Müjdəni yaymalı idilər. Onlar bütün xəstələrə Məsihin qüvvəsi ilə şəfa verdilər. Bu “bütün” sözünü bir keşiş, kahin, yaxud yepiskop yazmadı, şər qüvvələrə, xəstəliklərə, insanı ruhi xəstə eləyən murdar ruhlara bələd olan təcrübəli həkim yazdı. Ölümdən dirilmiş Olanın qüvvəsi, iblisin dünyanı məhv edən qüvvəsi üzərində İmanlılar Cəmiyyəti vasitəsilə qələbə çaldı! Beləcə şagirdlər Rəbbin zəfər yürüşündə iştirak edirdi. Məsih bu gün çoxlarını günah zəncirlərindən, cinlərin qulluğundan, ağır xəstəliklərindən azad etməyə davam edir, o şərtlə ki, imanlılar məhəbbət şərikliyindən uzaqlaşmasın, Allahın bir məbədi kimi birgə dua etsinlər, məhəbbət və həqiqətlə Müqəddəs Ruhun səsinə itaət etsinlər. Bəs siz Məsihin Cəmiyyəti kimi fəaliyyət göstərirsinizmi? Həvarilərin İşləri Kitabını diqqətlə öyrən, çünki İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.

DUA: Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, gümrah qartala oxşadan. Amin.

SUAL:

  1. Erkən imanlılar cəmiyyətindəki xeyriyyənin sirri nə idi?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)