Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 024 (Peter and John Imprisoned; The Common Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

11. Peter və Yəhyanın birinci həbsi və məhkəməsi (Həvarilərin İşləri 4:1-22)


HƏVARİLƏRİN İŞLƏRİ 4:19-22
19 Lakin Peterlə Yəhya cavab verib dedi: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? 20 Axı eşidib-gördüklərimizi deməyə bilmərik». 21 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. 22 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.

Ali Şura iki həvariyə və şəfa tapmış şikəst adama İsanın adı ilə danışmamağı əmr etdi. Lakin Peterlə Yəhya onlara yox cavabı verdilər. Biz insanlardan daha çox Allaha itaət etməli və həqiqəti təhrif edən ikiüzlü möminliyə qarşı durmalıyıq. Bu qarşıdurma ruhani üsyan deyil idi, əksinə, Müqəddəs Ruha itaət idi. Çünki Ruh imanlıları silahlı inqilaba əsla təhrik etməz, amma cəsarətlə İsaya şəhadət etməyə həvəsləndirər.

İki həvari bir ağızdan “Biz eşidib-gördüklərimiz barədə danışmaya bilmərik” dedilər. Onların ürəkləri ölümdən dirilmiş Məsihlə birlikdə yaşadıqları ilə dolu idi və ürək doluluğundan ağız danışar. Bəs sən bütün günü nədən danışırsan? İsanın adını nə qədər tez dilinə gətirirsən? Müqəddəs Ruh səndə məskən salıbmı, yoxsa sənin üzərində pul, murdarlıq, biganəlik ruhları hökmranlıq edir? Sən nə barədə danışırsansa, o şeylərlə dolusan, nə barədə susursansa, onlar sənə aid deyildir. İsanın müqəddəs şahidləri yaşayan Rəbbi ucaltmaqdan əl çəkə bilməzlər, çünki onları İsanın Şəxsinin şahidi eləyən Müqəddəs Ruhu almışlar. Onların vəzifəsi, xidməti, səlahiyyəti budur. Allahın qüvvəsi İsanın əməllərinə və sözlərinə şəhadətdədir. Buna görə susma, danış! Ancaq danışmadan öncə dua et ki, danışığın cingildəyən mis və ya danqıldayan sinc kimi olmasın.

Xalqın başçıları Məsihin bu iki şahidini məhkum etmək üçün qanuni bir yol tapa bilmədilər, ancaq onları hədələyərək xəbərdarlıq etdilər və bu yolla gələcəkdə Məsihin hərəkatını boğacaqlarına ümid etdilər. Necə gözəldir ki, o vaxt artıq bütün Yerusəlim bu şəfa möcüzəsinə görə Allaha həmd edir, çünki anlayırdı ki, Haqq-Taalanın hüzuru onların şəhərini tərk etməmişdi, amma hələ də yoxsulların üzərində idi və Onun xilasedici qüvvəsi Məsihin şahidləri vasitəsilə axmağa davam edirdi.


12. İmanlılar cəmiyyətinin müştərək duası (Həvarilərin İşləri 4:23-31)


HƏVARİLƏRİN İŞLƏRİ 4:23-31
23 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdı. 24 Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. 25 Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, ümmətlər boş şeylər düşünür? 26 Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”. 27 Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, 28 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. 29 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. 30 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». 31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.

Zindandan buraxılan iki həvari bacı-qardaşların duaya toplandıqları yuxarı otağa qayıtdı. Çünki imanlılardan biri zindanda ikən o birilər müntəzəm olaraq onun üşün dua edir, Rəbbin o məhbus imanlını qüdrət, hikmət, cəsarət, istiqamət və himayəsi ilə təmin etməsini istəyir. Peterlə Yəhya qayıdıb Rəbbin onlara xalqın başçılarının qarşısında İsanın adına və xilasına şəhadət etməkdə necə kömək olduğunu başa saldığı zaman bacı-qardaşlar çox sevindilər və Rəbbə şükür etdilər. Eyni zamanda Ali Şuranın İsanın adı ilə danışmaq qadağası onları kədərləndirdi, çünki bu qadağa onların hamısına aid idi. Onlar başçılarının tövbə edəcəklərinə ümid etmişdi, amma indi onların get-gedə ürəklərini İsaya qarşı daşa döndərdiklərini anlayırdı. İmanlılar başçı kahinlərin və ağsaqqalların xilas olması üçün dua etməsinə rəğmən, onların İsanı rədd etdiyini və həvariləri hədələdiyini gördülər.

İki həvari azadlığa buraxıldıqdan sonra daha bir möcüzə baş verdi. İmanlılar cəmiyyəti İsanın adı ilə danışmağı qadağan edən bu əmrə görə nə etmək barədə məsləhətləşməyə başlamadı. Cəmiyyətin üzvləri başçıları ilə güzəştə getmək, ehtiyatla davranmaq və ya daha yaxşı günlərədək gözləməyi təklif etmədilər, lakin diz çöküb dua etdilər. İnsanlara, faktlara, hakimiyyət sahiblərinə baxmadılar, bunun əvəzinə göyü, yeri, heyvanları, bitkiləri Yaradana sığındılar, hər şeyə qadir Olana ümid bağladılar. O onların Atası idi və onlar bütün problemlərini, o cümlədən İsanı çarmıxa çəkdirmiş Ali Şuranın təhdidlərini də Ona danışdılar.

Müqəddəs Ruh Allahın bu ailəsini müştərək duaya yönəltdi və onlar 2-ci Məzmuru birgə oxudular. Ürəkləri məzmurlarla, yəhudi həmd nəğmələri ilə dolu idi. Onların hamısı peyğəmbərlik Ruhu ilə dolub peyğəmbər oldular. Hökümətlərinin davranışlarında və Roma İmperatorluğunun rəftarında insanların Allaha və məsh etdiyi İsaya qarşı üsyanı gördülər. Kaş bizdə də belə peyğəmbərlik ənamı ola və biz də siyasi, iqtisadi və dini hadisələrin gedişindən zəmanəmizin gerçəkliyini dərk edək! Hal-hazırda dünya, xalqların birləşib yalançı məsihin hökm sürəcəyi vahid dünya dövlətini təşkil etməsinə sürətlə irəliləyir. Məsihin əleyhdarı olaraq bilinən bu yalançı “məsih” Allaha və məsh etdiyi İsaya qarşı mübarizə aparacaq.

Allahın düşmənlərinin İsanı öldürmək üçün Yerusəlimdə toplaşması ilə şeytanın ruhu tərəfindən idarə olunan bu hərəkat başlandı. Yəhudi milləti və Roma hakimiyyəti ziddiyyətlərinə rəğmən Rəbbin Məsihinin qətl edilməsində əlbir oldular. Bununla belə, Roma valisi Pilat, padşah Hirod və hiyləgər hakim Qayafanın planı puç oldu, çıxardıqları hökm batil oldu, çünki çarmıxa çəkilmiş İsa qəbirdə çürümədi, amma dirildi və pis insanların niyyətlərini Allahın zəfərinə çevirdi! Hər şey Allahı sevənlərin xeyrinə işləyir. Allah-Taalanın planları dərkedilməzdir, lütf, mərhəmət və şəfqət doludur. Allahın düşmənləri istər-istəməz Ona qulluq edirlər, çünki bu dünyada Səmavi Atamızın iradəsi olmadan heç nə baş verə bilməz. O bizi ölüm ayağında belə, tərk etməz.

Bu iman dua edən cəmiyyəti ruhlandırdı və bacı-qardaşlar başçıların təhdidlərini Allahın əlinə verdilər. Onlar öz dərdlərindən, təqiblərindən uzun danışmadılar, lakin haqsız başçılarının İsanın adı ilə danışmaq qadağasını Allahın ayaqlarının altına gətirdilər. Müqəddəs Ruhdan ilham alaraq, Rəbdən onları İsa Məsihə şəhadət etmək üçün daha çox qüvvətləndirməsini dilədilər; onları hikmət, cəsarət və qüvvətlə təmin etməsini, yaxşı vəz etməkdə və onlara qulaq asanlara Nazaretli İsanı dünyanın Xilaskarı kimi təqdim etməkdə kömək olmasını istədilər. Bu təmiz şəhadət Allahın Kəlamının özüdür. Çarmıxa çəkilmiş və dirilmiş İsaya şəhadət edən adam vasitəsilə Allahın Özü danışır və Allah onun şəhadətinə xeyir-dua verir. Müqəddəs Olan bütün insanları xilas etmək, təmizləmək və kamilləşdirmək üçün çarmıxa çəkilmişdir. Bəs sən Allahın “danışan ağzı” olmusanmı, yoxsa hələ də qorxursan? Günaha düçar olan insan kimi dua edərək Müqəddəs Ruhdan cəsarəti və Müqəddəs Ruhun ilhamı ilə danışmağı diləyirsənmi?

Duaya yığılanlar həmçinin Allahın qüvvəsinin bəhrə verməsini dilədilər. Onlar təkcə sözlərə ümid bağlamamışdı, lakin ağızlarından çıxan yaradıcı Allah Kəlamının təsirini görmüşdülər. Möcüzələri öz imanlarının möhkəmlənməsi üçün istəmədilər. İmanlılar cəmiyyəti Xilaskarın adını izzətləndirmək üçün Allahdan şəfa və digər möcüzələri dilədi. Onlar imanda zəif olanların cənnətə aparan İsadan başqa bir yol olmadığını bilməsinmi istəyirdi, çünki cənnət və cəhənnəmin açarları yalnız İsanın əlindədir.

Allah cəsarətli iman dualarını eşitdi və ilk imanlılar cəmiyyətinin bizim günlərimizə qədər qorunub saxlanan yeganə duasına cavab verdi. Allah əlini uzadıb bu toplantıya xeyir-dua verdi – kürsülər titrədi, yer sarsıldı və onlar Əllinci Gün bayramındakı kimi təkrar Müqəddəs Ruhla doldu. Biz Allahın məhəbbət Ruhu ilə birgə dua edərək İncildəki həqiqətini elan etməsini diləyəndə Allah dərhal duamıza cavab verir, Məsihin xidmətçilərini qüvvətləndirir, cəsarətləndirir, iman və ümiddə möhkəmləndirir və məhəbbət qüvvəsi ilə doldurur.

Bu misilsiz duanın nəticəsi nə oldu? İsanın adı ilə danışmaq qadağasına baxmayaraq, onların hamısı açıq şəkildə cəsarətlə Xilaskardan danışdı, Onun adını evlərdə, küçələrdə və hətta məbəd həyətində belə elan etdi. Rəbb yenə onları Müqəddəs Ruhla doldurdu və onlara Onun şahidi olmaq qabiliyyətini verdi. Erkən imanlılar cəmiyyətinin bu məşhur duasının mənasını ciddi şəkildə düşün və özün də bu sözlərlə dua et və Rəbbə yalvar.

DUA: Ey izzətli Ata, Sən Yaradan, Xilaskar və tarixin Sahibisən! Dünya Sənə qarşı birləşir. İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax və biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq! Müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər!

SUAL:

  1. Niyə Müqəddəs Ruhun hərəkət etməsi üçün Allahın Kəlamını yaymaq lazımdır?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.2.109)