Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 019 (Peter’s Sermon in the Temple)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

10. Peterin məbəddə verdiyi vəz (Həvarilərin İşləri 3:11-26)


HƏVARİLƏRİN İŞLƏRİ 3:11-16
11 Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. 12 Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüvvəmizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. 13 İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, 14 amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. 15 Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. 16 Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı...»

Bir rəhbərin qüvvəsini hiss edən camaat onun ənamından güc almaq üçün ardınca qaçar. Təəssüf ki, əksər rəhbərlər pərəstişkarlarına Allahın qüvvəsini çatdırmaq əvəzinə öz gücünü göstərər. Çox qızıl və gümüş vəd edər, amma əsla vədlərinə əməl etməzlər.

Peter yəhudilərin münasibətindən dəhşətə gəldi, çünki onlar həqiqəti anlamamışdı və Allahın qüvvəsi onlarda fəal deyil idi. Peter onları ilk növbədə onun özünü ucaltmaq fikrindən azad etdi. Onlar Peterin ənamına deyil, yalnız Allaha güvənməli idi. Necə ki yazılıb: “O adam lənətlidir ki, insana güvənir”. Peter şəhadət etdi ki, bəşəri güc-qüvvət, dindarlıq və möminlik təqsirkarı əfv etməyə və xəstəyə şəfa verməyə qadir deyildir. İnsanlar faydasızdır, boş yerə lovğalanıb qürrələnirlər.

Həvari bizim təlaşlı dünyaya qüvvət və ümid verməyə qadir olan yeganə İnsanın Nazaretli İsa olduğunu elan etdi. Peter Onu burada Məsih adlandırdı; onun işlətdiyi ifadə yunan dilində həm “Allahın Qulu”, həm də eyni zamanda “Allahın Oğlu” mənasını verir. Bu onu göstərir ki, Məsih Atasına tabe idi, çünki bu könüllü tabeliyində Məsihin kamilliyini və zəfərini görürük. Allahın Oğlu Özünü aşağı tutub, qul surətinə saldı və insanlara oxşar oldu. O Atasının iradəsinə o qədər tabe idi ki, ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə Allah Onu çox ucaltdı və Ona bütün adlardan ali bir ad verdi (Fil. 2:7-9). Peter düz demişdi ki, Allah Qulu İsanı izzətləndirdi, çünki İsa Məsihin adını izzətləndirmək Allahın Özü olan Müqəddəs Ruhun məqsədi və qayəsidir.

Peter bilinməz, dərkedilməz ulu Allahın adı ilə danışmadı, lakin Onu İbrahimin, İshaqın və Yaqubun Allahı adlandırdı, çünki Allah bu iman atalarına Özünü tanıtmışdı, onları seçmiş və tərk etməmişdi. Atalarının Allahı Qulu İsanı ölümdən diriltdi! Bu ilahi hadisə həvarilərin vəzlərinin şüarı idi. Çarmıxa çəkilmiş İsa qəbirdə qalmadı, lakin əbədi həyata dirildi! Həvarilər dirilmiş Rəbbi görmüş, Onunla söhbət etmiş, ölümdən sonra yeni bədəndə dirildiyinə əmin olmuş şahidləri idi.

Müqəddəs Ruh sadəcə olaraq Allahın lütfünü və zəfərini izhar etməklə kifayətlənməz. O həmişə insanın günahının varlığını hədəf alar, çünki Allahın Ruhu müqəddəsdir. Yəhudi xalqı Allahın seçdiyi Adamı qəbul etmədi və Roma valisi Onu təqsirsiz elan etsə belə, rədd və inkar etdilər. Onlar təkid etdilər ki, bütpərəst hakim haqqı tapdalayaraq Allahın Oğlunu çarmıxa çəksin. Bu söhbət Antoniy bürcünə yaxın bir yerdə baş verdi; İsanın əvvəllər tez-tez təlim öyrətdiyi “Süleymanın eyvanı” adlı yer də o bürcdən çox yaxşı görünürdü. Camaat nə qədər haqsız iş gördüyünü dərk etdi, hətta oranın tikililəri belə bu xalqa qarşı şəhadət edirdi. Peter artıq insan tutan balıqçı olmuşdu. O, camaatın üzündən yalançı möminlik maskasını çıxartdı və Allah Quzusunu rədd edərək əvəzinə qatil və quldur Barabbanı seçməkdə günahlandırdı. Bununla onların ruhlarının pis, ağıllarının pozğun olması aşkar oldu.

Müqəddəs Ruhdan ilham alan Peter Müqəddəs Ruhdan doğulmuş Məsihi “Müqəddəs Olan” deyə adlandırdı. Dünyanın günahını Öz üzərinə götürməsinə baxmayaraq, bu Saleh Adam Allahın həyatının təcəssümü idi. Günah etməyən insan əsla ölməz, lakin İsanın ölümündə qeyri-mümkün bir olay baş verdi: Həyat Banisinin Özü öldü! Peter camaatın önündə danışarkən, İsanın “Məsih” və ya “Allahın Oğlu” olduğunu söyləmədi, bütün mənaları “İsa” adı ilə ifadə etdi.

Həvari qatillərə qarşı ittiham nitqini tədricən əsas məsələyə gətirirdi: “Allah Nazaretli İsanı çox sevdi, siz isə Allahın Ruhuna qarşı çıxıb, müqəddəs Olanın sevimli Oğlunu öldürdünüz! Siz cinayətkarsınız, Allahın düşmənləri və əleyhdarlarısınız! Siz məbədə dua etmək, xeyir-dua almaq üçün gəlmisiniz, amma Allah sizin dualarınızı eşitmir, çünki siz Allahın saleh Qulu İsanı öldürmüsünüz!”

Dini təhsil görməmiş şahid bundan sonra elan etdi ki, Allah bu xalqı Musaya, İlyasa, yaxud Vəftizçi Yəhyaya imana gətirmək üçün bu möcüzəni yaratmadı, ancaq bu yolla onların xor baxdığı, əziyyət çəkdirdiyi və axırda ölümə təslim etdiyi İsanı ucaltdı. İsanın dirilməsi Onun müqəddəs olduğunu və Allahı tam razı saldığını sübut edir. Rəbb İsa bizimlədir, bizim yanımızdadır. Peterin şəhadəti təsdiqləyir ki, Məsih başqa insanlar kimi qəbirdə çürüməyib, lakin ölümün zəncirindən azad olub. Hal-hazırda O, Ata Allahın izzətində yaşayır.

Yəhudilərə bu qədər qorxunc sözlərlə müraciət edən Peter ona qulaq asanlara şəfa tapmış adamı göstərdi. Onların uzun illərdən bəri tanıdığı bu adam inid aralarında durmuşdu. Güclənmiş əzələləri, düzəlmiş sümükləri Peterin şəhadətinin doğruluğunu – Məsihin həqiqətən dirildiyini sübut edirdi.

Həkim Luka bizə Peterin bu nitqi ilə izah etdi ki, şəfa yalnız lütf ilə gerçəkləşir. Hətta insanın İsaya olan imanı Xilaskarın o insana verdiyi lütfün nəticəsidir. İsanın adına olan iman, İsanın hüzuruna, xilas etmək istədiyinə inanmaq, Böyük Həkim kimi Ona özünü təslim etmək və Sözünə ümid bağlamaq deməkdir. İsanın adı qüvvə doludur. “İsa” adının misli yoxdur və bu dünyada onun yaradıcı qüvvəsi kimi başqa bir qüvvə yoxdur. Müqəddəs Ruh yalnız bu misilsiz ad vasitəsilə insanı xilas edir, sağaldır və təqdis edir. Buna görə də heç təəccüblü deyil ki, şeytan bu adı pozmaq, insanlara unutdurmaq, başqa “mühüm” adlarla əvəz etmək üçün min bir hiyləyə əl atır. Sən isə, əziz qardaşımız, həqiqəti eşidib qavramısan. Nazaretli İsanın Şəxsində Allahın tam bütövlüyü insanda bədəncə yaşamışdır. Özünü Ona həsr edən hər kəs Onun qüdrətini yaşayır. Bizim zəifliyimizdə Allahın əbədi qüvvəsi tam və kamil olur.

Fəal iman böyük bir sirdir, çünki qeyri-mümkün olana inanmağa cəsarət edir. İmanlı adam İsanın adına ümid bağlayır, özünü İsaya həsr edir, Xilaskarına baxdıqca, get-gedə daha çox Ona güvənir. İsa sənin bütün inamını yalnız Ona bağlamağını, Ondan və dirilməsinin qüvvəsindən möhkəm tutmağını gözləyir. Sən Ona tərəf dön, çünki O, sənin imanının Banisi və Kamilləşdiricisidir. Sən Ona yaxınlaşdıqca, ruhun dirçələcək və həyatın salehliklə dolacaq. İmanın səni xilas etdi!

DUA: Ya Rəbb İsa Məsih, bizə Öz adını açdığına və həqiqi Allahdan həqiqi Allah olaraq, Ata ilə eyni varlığa malik olduğunu göstərdiyinə görə Sənə minnətdarıq! Səndə qadir Olanın səlahiyyəti işləyir. Bizi Öz hüzurundan atma və Müqəddəs Ruhunu bizdən götürmə, amma bizi məhəbbətinin cövhəri ilə doldur və qoy biz Sənin qüvvənlə bütün dünyaya adını tanıdaq!

SUAL:

  1. Nazaretli İsaya olan iman nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:19 AM | powered by PmWiki (pmwiki-2.3.3)