Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 018 (Healing of a Cripple)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

9. Şikəst adamın şəfası (Həvarilərin İşləri 3:1-10)


HƏVARİLƏRİN İŞLƏRİ 3:1-10
1 Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdi. 2 Bu zaman anadangəlmə ayaqları şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. 3 O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. 4 Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». 5 Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. 6 Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». 7 Sonra onu sağ əlindən tutub qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. 8 Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 9 Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. 10 Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.

Həvarilər və digər imanlılar hərəsi təklikdə dua etdikdən sonra birlikdə məbədə getdilər. Onlar özləri Müqəddəs Ruhun məbədi olsalar da, atalarına verilmiş ibadət yerinə də xor baxmırdı. Onların davamlı dualarına və səmimi şükranlarına görə Allah onlara böyük qüvvə verdi, axı insan yalnız dua edərək və müntəzəm surətdə Müqəddəs Kitabı araşdıraraq ruhani səlahiyyəti əldə edir. Həvarilərin ürəkləri Allahın məhəbbəti ilə dolu olduğundan, onlar kasıblara qayğı göstərir, möhtaclardan yan keçmirdi, çünki Allah məhəbbəti bizi bütün insanlara xidmət etməyə ruhlandırır.

Peter ilə Yəhya bir yerdə dua edib xeyir-bərəkət almaq məsdəqilə qələbəlik və gur məbəd həyətinə girərkən, bir adamın onları yavaşca səslədiyini eşitdilər. Üzlərini çevirib, anadangəlmə şikəst adamı gördülər. O yazıq adam ömründə başqasının yardımı olmadan heç bir addım atmamışdı. Rəbbin xidmətçilərinin ona yazığı gəldi və onlar ona kömək etmək istədilər. Müqəddəs Ruh onları İsanın qüdrətinə iman etməyə ruhlandırdı və Xilaskara olan inamlarını qüvvətləndirdi. Peter və Yəhya hər ikisi də anladı ki, Rəbb bu cəfakeş adamın həyatında Öz adını izzətləndirmək istəyir.

Peter bu biçarə adama dedi ki, heç pulu yoxdur, çünki ilk məsihilər əmlaklarını satıb, pulu ümumi kassalarına qoyur və o pulla dolanırdılar. Peterin sözlərindəki həqiqət hər canlı imanlılar cəmiyyətinə aid olur: “Nə gümüşümüz var, nə qızılımız. Olsaydı belə, bunları Məsihin izzəti və kasıblara xidmət naminə qurban verərdik”. Kassasındakı pulu artıran imanlılar cəmiyyətində məhəbbət əskikdir və simiclik hökmranlıq edir. Buna görə də maddi cəhətdən varlı olan bir imanlılar cəmiyyətində Allahın qüvvəsi fəal deyildir, pulu özündə saxlamayan cəmiyyət isə imanla və Məsihin məhəbbət qüvvəsi ilə doludur. Bəs sən nəyi arzu edirsən: ilahi qüvvəni, yoxsa pulu? Məsihi, yoxsa dünyanı?

Həvarilər anadangəlmə şikəst olan bu adamın gözlərinə diqqətlə baxdılar və hiss etdilər ki, biçarə adam ürəyin dərinliyində onların həqiqətən onun qayğısını çəkdiklərini, ona xor baxmadıqlarını bilir. Əvvəlcə həvarilərdən çox pul alacağını uman bu adam onların da kasıb olduqlarını eşidəndə, ümidi zəiflədi.

Peter o qeyri-adi adı – “İsa” adını dilə gətirəndə, şikəst adam diqqət kəsildi. “Rəbb xilas edir” mənasına gələn bu adı çox adam daşısa da, Peter yeganə Xilaskar, şəfa Verən, Yardımçı olan əsil Məsihdən danışırdı. Bəlkə də şikəst adam çarmıxa çəkilmiş və ölümdən dirilmiş İsa haqqında eşitmişdi. Ola bilir ki, bu adı eşidən insanların nə qədər böyük sevinclə dolduğunu görmüşdü. Allahın çarmıxa çəkilmiş İsanı diriltməsi və İsanın göyə qalxması barəsindəki xəbər, əlbəttə, Yerusəlimin küçələrində yayılmışdı.

Şikəst adam İsanın adı ilə qalxıb gəzmək əmrini eşidən kimi hiss etdi ki, Peter onun biləyindən tutur və bütün bədənindən məhəbbət dalğaları keçir. Birdən onun qıçlarında əzələlər qüvvətləndi, sümüklər düzəldi. Xəstə “İsa Məsihin adı ilə gəz!” əmrinə görə ilk addımı atmağa cürət etdi və heyrətlə gördü ki, gəzə bilir!

Ömründə bircə addım atmamış adam maral kimi atlanmağa, uşaq kimi qaçmağa başladı. Uca səslə həmd etdi, həvariləri yox, Allahı izzətləndirdi. Şəfa tapmış şikəst adam ona şəfa verənin İsa olduğunu bildiyinə görə, evə qayıtmağa tələsmədi, lakin həvarilərlə birlikdə məbədə gedib dua etdi, Allaha səcdə qılaraq izzət verdi. Sevinci aşıb-daşırdı və o, gah o yana, gah bu yana qaçır, sanki sümüklərini və qıçlarını sınaqdan keçirirdi. Bizim hər gün hiss etdiyimizi – Allahın lütfü ilə yerimək qabiliyyətimizi o, ilk dəfə hiss etdi. Bəs sən bu lütf üçün Rəbbinə heç şükür etmisənmi?

Gündüz saat üç oldu, çox insan ümumi ibadət üçün məbədə gəlmişdi. Biçarə dilənçini çoxdan tanıyan adamlar indi gördülər ki, o, sevinclə qaçır və Rəbbə həmd edir. Beləcə o, Məsihin səlahiyyətinin rəmzi oldu. Hamı onların arasında fəal olan bu yeni qüvvəni görüb heyrətə düşdü.

Bəs sənin halın necədir? Sən də o şikəst adam kimi Allahın məbədinin qapısında oturaraq, girib çıxan camaatdan sədəqə diləyirsənmi? Yoxsa İsanın qüvvəsi səni dirçəldib və sən Onun adı ilə gəzirsən, atlanırsan, həmd oxuyursan və davranışınla gecə-gündüz Onu izzətləndirirsən?

DUA: Ya Rəbb İsa Məsih, həvarilərinin imanı vasitəsilə şikəst adama şəfa verdiyinə görə Sənə şükür edirik! Qoy Sənin adın bizim imanımızla da müqəddəs tutulsun! Bizi mərhəmətinlə doldur və qoy biz pul sevməyək, amma Sənin adınla kasıblara xidmət edək! Bizə Öz qüdrətinlə şəfa ver, qoy biz Sənin adınla qalxıb gəzək və Sənə həmd edək!

SUAL:

  1. “Nazaretli İsa Məsihin adı ilə” sözlərinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)