Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 262 (The Strange Events at Jesus' Death)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

28. İsanın ölümünü müşayiət edən qəribə olaylar (Matta 27:51-53)


MATTA 27:51-53
51 O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. 52 Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. 53 Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.
(Çıx. 26:31-33; 2Kor. 3:14)

Məsihin ölümünün nəticələri dərhal özünü büruzə verdi: məbədin ən müqəddəs yerini ayıran pərdə iki yerə parçalandı. Bu olayın çox böyük mənası var: qədim əhd sona çatmış və yeni əhd dövrü başlanmışdır. Məsihin ölümü sayəsində Ona iman edənlər Allahla barışıblar, Allah onların Atası olub, buna görə onlar müqəddəs Allaha yaxınlaşa bilirlər.

Məbəddəki pərdə Ən Müqəddəs Yerdə Olanı bizdən gizlətmək üçün asılmışdı. Baş kahindən başqa heç kəs Ən Müqəddəs Yeri görə bilməzdi. Baş kahin də oraya ildə bir dəfə girə bilərdi. Onun Ən Müqəddəs Yerə daxil olması xüsusi mərasimlə, Allahın izzətinin rəmzi olan xoş ətirli tüstü ilə (2Kor. 3:13) müşayiət olunardı. İndi isə Məsih öləndən sonra sirlərin üzərindən pərdə götürüldü və hər şey açıq oldu. İndi hər kəs o sirlərin mənasını dərk edə bilərdi.

Məsih son nəfəsini verən anda bəzi qədim mömin imanlılar Allahın qüvvəsi ilə həyata qayıtdılar. Məsihin qanı sayəsində saleh sayılmış adam əsla ölməyəcəkdir. Məsihin ölümü dünyanın ən böyük inqilabını meydana gətirib. Məsihin kəffarəsinə görə Allah bizdə yaşayır və biz əbədi olaraq Onunla şəriklikdə yaşayacağıq!

Məsih çarmıx ölümü ilə ölümə qalib gəldi, ölümü silahsızlaşdırdı, zəiflətdi. O gün ölümdən dirilmiş müqəddəslər Məsihin ölüm üzərindəki qələbəsinin ilk əlaməti olublar. Ölüm üzərində hakimiyyət sahibi olan İsa bu peyğəmbərliyi yerinə yetirdi: “Mən onları ölülər diyarının əlindən satın alacağam, onları ölümdən xilas edəcəyəm” (Huşə 13:14).

Bütpərəstlərin imanı artmağa başladı və onlar çarmıxa çəkilmiş İsanın ilahiliyinə şəhadət etdilər. Yəhudilər Allah məhəbbətinin mücəssiməsini rədd edəndən sonra başqa xalqlardan olan milyonlarla insan Rəbb İsaya tərəf dönüb xilas oldu. Bəs bu ilahi lütfün dalğası sənə, evinə, şəhərinə çatıbmı?

Günahın hakimiyyəti sona çatmışdır. Qanun bizə qarşı heç ittiham irəli sürə bilməz, çünki biz iman vasitəsilə Məsihlə birlikdə öldük. Biz Allahın qəzəbindən, günahın cəzasından, ölüm qorxusundan azad olduq. Qalib gələn Məsih bizi Öz qələbəsinə şərik elədi. O bizim uğrumuzda öldü, axıradək, ölümədək bizi sevdi. Bəs biz Ona necə minnətdarlığımızı bildiririk? Xilaskarımıza necə xidmət edirik? Bəşəriyyətin tarixində ən önəmli olan, bizi Allahla barışdıran bu olay haqqında başqalarına nə vaxt danışacağıq?

Bəziləri iddia edirlər ki, Məsih bizim əvəzimizə ölə bilməz, çünki heç kəs başqasının yükünü daşıya bilməz. Doğrudur, öz günahının yükü altında olan insan başqasının günahını daşıya bilməz. Amma Məsih günahsız olduğuna görə, bütün günahkarların yüklərini daşımağa layiqdir. Biz Ona həmd və şükür edirik, Onun sayəsində ölümdən diriləcəyimizə inanırıq, çünki O Öz lütfü ilə bizə tam salehlik bəxş etmişdir.

DUA: Ya Rəbb İsa, Səni ucaldırıq, çünki Sənin ölümün bizə Allaha aparan yolu açıb! İndi Sənin kəffarən vasitəsilə saleh sayıldığımız üçün, Ən Müqəddəs Yerə daxil olmağa haqqımız vardır. Biz görürük ki, Allah Sənin ölümün əsasında bizim sevən Atamız olub! Sənə çox şükür edirik ki, Sən öləndə, qədimdən vəfat etmiş olan bəzi mömin adamlar Sənin ölüm, günah, şeytan və hətta Allahın qəzəbi üzərindəki qələbənə şəhadət etmək üçün dirilib çoxlarına zühur etmişlər. Sən həyatımızsan, yeganə Xilaskarımızsan! Sənə yalvarırıq, bizə yol göstər, qoy biz hələ günah içində ölü olan, İsanın bəxş etdiyi salehlikdən bixəbər olan adamlara bu Müjdəni çatdıraq və onlar həyata nail olsunlar! O adamlar üçün də qiymətli qanınla müqəddəs Allaha aparan yolu açdığına görə Sənə minnətdarıq! Amin.

SUAL:

  1. Niyə günahkar adam başqalarının günahlarını öz üzərinə götürə bilməz?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:19 AM | powered by PmWiki (pmwiki-2.2.109)