Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 261 (The Frowns of God and Nature on the Crucified)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

27. Çarmıxa çəkilmiş İsaya qarşı Allahın qəzəbi (Matta 27:45-50)


MATTA 27:45-50
45 Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. 46 Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 47 Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». 48 Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. 49 O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» 50 İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.
(Zəb. 22:1; 68:22)

Məsihin doğulması qeyri-adi nurla elan edilmişdir (Mat. 2:2); ölümün də qeyri-adi zülmətlə elan edilməsi lazım idi, çünki Məsih dünyanın Nurudur. Rəbb İsa Məsihə qarşı edilən təhqirlər göyləri qəzəbləndirdi, kainat təşvişə gəldi, iztiraba düşdü. Belə dəhşətli şəri o vaxta kimi görməmiş günəş o anda yer üzünə baxmağa tab gətirə bilməyib, üzünü döndərdi.

İsa cümə günü sabah saat 11 ilə günorta saat 12 arasında çarmıxa çəkildi. Şənbə günü xalq Pasxa bayramını qeyd edirdi və Pasxa cümə günü axşam saat altıdan başlanırdı. İsanın çarmıxa çəkildiyi zaman yığın-yığın insanlar, Allahın qəzəbi yan keçsin deyə, quzuları qurban kəsmək üçün məbədə gəlirdi. Onlar şəhərdən kənarda əsil Allah Quzusunun çarmıxda əzab çəkiyindən xəbərsiz idilər. Bütün insanları Allahla barışdıran Allah Quzusu İsa qəsdən Pasxa bayramından öncə cümə günündə öldü. Bununla O, günahlarımızı aradan qaldırmağa layiq olan misilsiz Allah Quzusu olduğunu açıq şəkildə elan etdi. İsa Allahın qəzəbini Öz üzərinə götürdü ki, mühakimə edən mələklər yanımızdan keçsin və biz canını qurban verən Məsihin sayəsində saleh sayılaq.

Müjdəçi Matta Məsihin çarmıxda söylədiyi yeddi sözlərdən birini qələmə aldı: “Ey Allahım, Allahım, niyə Məni tərk etdin?” Bu söz, Zəb. 22:1-dən sitat götürülüb. Zəburda Davudun əzab-əziyyətləri və düşmənləri üzərində qələbələrindən bəhs olunur. Bundan əlavə, Zəburda Məsihin iztirabları və zəfəri barədə peyğəmbərlik də vardır.

Məsih “Niyə əzab çəkməyimə yol verdin?” deməyib. “Niyə Məni tərk etdin?” deyib. Çünki Onun dözülməz əzabı bütün dünyanın günahını Öz üzərində daşıması ilə əlaqədar idi, buna görə O bütün günahkarlar üçün Allah tərəfindən tərk edilmənin əzabını da çəkməli oldu. Məsih hamı üçün ölüm əzabı çəkmişdir (İbr. 2:9). “Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq” (2Kor. 5:21).

Bu sözlər həm şagirdlərin ağlı, həm də bizim məhdud ağlımız üçün büdrəmə daşı olsa da, bütün dünyanın xilasının əsası məhz bunlardır. Məsih bu misli olmayan, fəryad dolu sözləri deməsəydi, xilas bizim üçün bir sirr pərdəsi arxasında qalardı.

Məsihin hələ Getsemanidə Allahın əlindən qəzəb kasasını qəbul edərkən başladığı kəffarə işi çarmıxda tamamlandı. O, qəzəb kasasını içdiyi zaman, Ata Oğuldan üzünü döndərdi, çünki Oğul bütün dünyanın günahını Öz üzərinə götürmüşdü. Rəhmli Ata qəzəbli Hakimə döndü və Oğlundan üz döndərərək bizim qisasımızı tamamladı.

İsa Məsih bizim əvəzimizə çarmıx ölümünü qəbul etdi, Onun əbədi həyatı ilə yaşayaq deyə, bizim ölümümüzlə öldü. Bizim üçün məhkum olunmuş, kəffarə qurbanı ilə hər kəsə şamil olunan, tam və kamil xilas işini tamamlamış İsanın çarmıxında nə böyük sirlər vardır!

Bu zülmət içində Atanın məhəbbəti məhvedici qəzəb kimi göründüyündən, İsa Allahı “Atam” çağırmadı, “Allahım, Allahım!” deyə nida etdi və Ona ümid bağladı. Allah Onu tərk etsə də, İsa Allahdan üz döndərmədi, Onu görmədiyinə baxmayaraq, imanla Ona bağlı qaldı və məhəbbətinə güvəndi. Beləcə İsa bizim üçün iman mübarizəsi aparmışdır. İsa, Atasının qəzəbinə rəğmən, Ona yaxın və sadiq olduğuna inanırdı. İsanın imanı məhkumiyyətinə qalib gəldi və şər olan Onun üzərinə hökmran ola bilmədi. İsa ölənədək imanda möhkəm durdu, əzab çəkən bədəninin zəifliyinə də, sınağaçəkənin hiylələrinə də üstün gələrək Allahın qəzəbini aradan qaldırdı.

Çarmıxın yanında dayanmış adamlar əzab çəkən Məsihin ürəyində gedən bu böyük mübarizəni, yəqin ki, hiss etməyiblər. Əsgərlərin əksəriyyəti ibrani və ya arami dilini bilmirdi. Məsihin sözlərini səhv anladılar, İlyas Peyğəmbəri köməyə çağırdığını zənn etdilər. Yəhudilər dərdli İnsanın susuzluğunu yatırmasına imkan vermədilər, əksinə, “Görək, İlyas ölümdən dirilib bu gücsüz Məsihi xilas edərmi?” deyə istehza etdilər. Qaranlıq artdıqca, Məsihi bu son anda belə tanımayan və inadla rədd edən adamların ürəyində pis ruhlar məskən saldı. Əslində, günortadan gündüz saat üçədək oranın üstünə çökmüş qaranlıq günəş tutulması ilə izah edilə bilməz. Bu olay, şər qüvvələrinin təsiri ilə daşa dönmüş ürəklər üçün açıq əlamət idi.

İsa insanlardan pərdələnmiş olan Atasını sevir və Ona iman edirdi. O, düşmənlərini sevdi, onlar üçün vəsatət duası etdi. Çarmıxda öldüyü zaman İsa sənin üçün də dua etdi və sənin bəlkə də heç dərk etmədiyin günahlarını bağışladı. Sən günahkarsan, amma Rəbb səni sevir. Onun ölümü sənin xilas olduğunu təsdiqləyir. İsa “Tamam oldu!” dediyi zaman səni də düşündü. Onun məhəbbəti sənin bütün günahlarını əfv edib və “Günahların bağışlandı” ilahi sözü sənə də aiddir!

Məsihin uca səslə qışqırması göstərir ki, çəkdiyi əzaba, yorğunluğuna baxmayaraq, Ruhu ayıq idi və vücudu qüvvətli idi. Son nəfəsini verən adamın ilk öncə səsi zəifləyər, o, kəlmələri güclə tələffüz edər, təngnəfəs olar, dili tutular. Ölüm ayağında olan adamın söylədiyi sözləri eşitmək çətindir. Məsih isə öldüyü anda da güclü adam kimi danışdı. Onun bu qüvvətli halı bunu göstərir ki, ruhu Ondan zorla götürülməyib, amma O ruhunu Özü istəyi ilə Atanın əllərinə təslim edib. Çarmıxda ölərkən uca səslə qışqırmağa gücü çatan Adam Özünü çarmıxdan azad edə və ölümün qüdrətinə belə meydan oxuya bilər. İsa əbədi Ruh vasitəsilə Özünü qurban verdiyini göstərmək (İbr. 9:14) və eləcə də Özünün həm Baş Kahin, həm də Qurban rolunu oynadığını göstərmək üçün uca səslə qışqırıb.

DUA: Sənə səcdə qılırıq, ey dünyanın günahını aradan qaldıran müqəddəs Allah Quzusu! Sən Öz qiymətli qanınla məni günahlarımdan yuyub təmizlədin, ölümünlə məni təqdis etdin. Səni ürəkdən sevirəm və kəffarə ölümünlə bizi xilas etdiyinə iman edirəm. Sən məni Allahla barışdırdın və qurban ölümünlə bütün insanlar üçün xilas hazırladın. İnsanları Özünə cəlb et, qoy onlar gözlərini Sənin çarmıxına diksinlər və ölümünlə saleh sayılsınlar! Onların gözlərini aç ki, günahlarının bağışlana biləcəyini anlasınlar və iblisin təsirinə düşüb öz işləri ilə salehlik qazanmağa cəhd etməsinlər. Zira Sən bizi əbədi olaraq tamamən saleh saymısan. Hamımızı təqdis et, tövbəyə gətir, qoy biz qəlbimizi sındıraq və Sənin çarmıxının təntənəli zəfəri bizdə gerçəkləşsin! Qoy biz Sənin müqəddəs adının alqışlanması və Atanın izzəti üçün məhəbbətinin qüvvəsi ilə təzələnək!

SUAL:

  1. Məsihin çarmıxda söylədiyi sözlərdən Müjdəçi Matta tərəfindən qələmə alınan bircə sözünün mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:19 AM | powered by PmWiki (pmwiki-2.2.109)