Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 238 (The First Lord’s Supper)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

7. Rəbbin Süfrəsinin ilk dəfə keçirilməsi (Matta 26:26-29)


MATTA 26:26-19
26 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». 27 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! 28 Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. 29 Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm».
(Çıx. 24:8; Yer. 31:31; 1Kor. 10:16; 11:23-25; İbr. 9:15-16)

İsa ilə şagirdləri ayrı bir otaqda Pasxa bayramını qeyd edirdilər. İsa çörəyi götürdü və xilasımızı elan edən Rəbbin Süfrəsi üçün Səmavi Atasına şükür etdi. Erkən məsihilər bu Süfrəni "şükür sirri" (yunanca "yevxaristiya") adlandırırdılar. Şükrümüz məhəbbətimizlə birlikdə böyüyür. Məsihi nə qədər çox seviriksə, o qədər çox Ona şükür edirik.

İsa şagirdlərinə Rəbbin Süfrəsindəki çörəyin sirrini açmışdır: “Yediyiniz bu çörək daxilinizə girdiyi kimi, Mən də daxilinizdə yaşamaq istəyirəm. Yeni əhdin məqsədi budur. Bu dünyada yediyiniz çörək sizi təbii olaraq yaşamaq və fəal işləmək üçün qüvvətləndirdiyi kimi, Mən də daxilinizdə olmaq işləyirəm və zəifləmədən, sevinclə xidmət edəsiniz deyə, sizə əbədi həyat və gündəlik xidmət verirəm. Daxilinizdə olan qüvvətiniz Mənəm!”

Rəbbin Süfrəsində yeyilən çörəyin mənasını izah etdikdən sonra İsa kasa götürüb şərabın mənasını da izah etdi. Şərab, günahlarımızın bağışlanması üçün axıtdığı qanının rəmzidir, çünki Onun kəffarə ölümü bizi Allahla barışdırdı. Qədim əhddən fərqli olaraq, salehliyimiz qurbanlıq heyvanların qanı əsasında qurulmayıb. Allahın Oğlu bəşər olub bizim əvəzimizə öldü və Atası ilə bizim aramızda yeni əhd bağlamaq üçün qiymətli qanını axıtdı. Buna görə Onun Müqəddəs Ruhu bizdə məskən salır və biz əbədi həyata nail oluruq.

Əhdi-Ətiqdə qurbanlıq heyvanların qanı az insan üçün axıdılırdı. Heyvanların qanı üzərində bağlanan əhdi Musa Rəbbin “sizinlə kəsdiyi əhd” (Çıx. 24:8) adlandırdı. Qədim əhddə verilən qurbanlar yalnız İsrail övladlarının günahlarının kəffarə edilməsi üçün idi (Lev. 16:34). Lakin İsa Məsih “bütün dünyanın günahlarına görə kəffarə qurbanı” (1Yəh. 2:2) olmuşdur.

Məsihin çarmıx üzərində ölümü yeni əhdin qanuni əsası olmuşdur. Öz misilsiz qurbanı ilə İsa qədim əhdin bütün qurbanlarını yerinə yetirdi. O Özü bizi müqəddəs Allahın qəzəbindən qoruyan Allah Quzusudur. Yalnız O, bütün əsrlərdə yaşayan ardıcılları üçün yeni əhd qurbanıdır. Məsih öldüyü zaman əbədi xilasımız üçün kəffarə qurbanı oldu və dedi ki, Onun qurbanı ilə gerçəkləşən xilas ikinci gəlişində tamamlanacaqdır. O vaxt İsa şagirdləri ilə yuxarı otaqda oturduğu kimi, bizimlə oturacaq və Atasının Padşahlığı qüdrət və izzətlə gələcək. Şükür dolu ibadətimizin sonu olmayacaq, çünki O Özü bizim yanımızda və daxilimizdə olacaq və bizi əsla tərk etməyəcək!

Sən də İsanın gəlişindəki həmdlərə qoşulacaqsanmı? Məsih bu gün səndə yaşayırmı və sən Onu sabah qarşılamağa hazırsanmı? İsanın Rəbbin Süfrəsini təsis edərkən yeni əhdin bağlanması barədə söylədiyi sözləri dərindən düşün, çünki imanımızın və xilasımızın dolğunluğu bu sözlərdədir.

DUA: Səni ucaldırıq, ey Səmavi Ata. Vahid Oğlunun ölümünə görə Sənə ürəkdən həmd edirik, çünki O bizi Səninlə barışdırmaq üçün Öz canını qurban verib. O, bizə bəxş edilmiş Müqəddəs Ruhun vasitəsilə ürəklərimizdə məskən salıb və biz yeni mübarək əhddə Sənin lütfünlə ailənə daxil olmuşuq. Bizi Səninlə şəriklikdə hifz et, qoy biz əbədi olaraq Oğlunda qalaq, Oğlun da bizdə qalsın!

SUAL:

  1. Rəbbin Süfrəsinin başlıca mənaları hansılardır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:15 AM | powered by PmWiki (pmwiki-2.3.3)