Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 237 (Declaration of the Coming Treachery)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

6. Gələcək xəyanətin elan edilməsi (Matta 26:20-25)


MATTA 26:20-25
20 Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. 21 Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22 Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» 23 O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. 24 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». 25 Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.
(Luka 17:1-2)

Məsih daim şagirdləri ilə sıx ünsiyyətdə yaşadı. Onlar müqəddəs məhəbbətlə bir-birini sevdilər və Allah onların arasında idi. Onların ünsiyyəti Allahın qüvvəsi ilə dolu atmosferdə keçirdi. Təqib olunduqlarına baxmayaraq, onların arasında sevinc və sülh heç vaxt əskilmirdi.

İsa Ona xəyanət edəcək adamı hələ Rəbbin süfrəsində ifşa etməyə başladı, lakin adını demədi, çünki onu rüsvay etmək deyil, tövbəyə səsləmək istəyirdi. Gələcək xəyanətin elanı şagirdlər üçün dəhşətli xəbər oldu. Bu yolla Allah onları təmizləyib Rəbbin süfrəsini qəbul etməyə hazırlaşdırdı.

Əsil dəhşət odur ki, şagirdlərdən heç biri öz sadiqliyinə əmin deyil idi. Onlardan hər biri ürəyində xəyanət etməyə qabil olduğunu anlayırdı. Bəlkə də arada xalqın qəzəbindən xilas olmaq üçün düşmənin tərəfinə keçmək fikri onların da ürəyinə gəlirdi. Hər biri Rəbbin məzəmmətini özünə götürüb xəcalət çəkir, zəifliyini etiraf edirdi. Heç kəs öz sadiqliyi və şərəfi ilə öyünmürdü.

Məsih çalışırdı ki, Yəhudanın canını xilas etsin, onu tövbə və etiraf etməyə cəlb etsin. O, Rəbb ilə şərikliyi, şahid olduğu məhəbbət və qüdrətini Yəhudanın yadına saldı, Allahın lütfünü daddıqdan sonra rədd etdiyi üçün əbədi cəhənnəm cəzası barədə xəbərdarlıq etdi.

Ancaq Yəhuda “yalanın atası” olan şeytanın ruhu ilə dolmuşdu. Özünü yalandan tövbə edirmiş kimi göstərən Yəhuda İsanın üzünə baxıb “İnşallah, xəyanət edən mən deyiləm” – dedi. O, İsaya hamı kimi “Rəbb” demədi, Onu “Müəllim” mənasına gələn “Rabbi” adlandırdı. Yəhudanın bu ikiüzlülüyündən Məsihdən ayrı düşdüyü bəllidir. Ondan sonra Məsih onun pisliyini üzünə söylədi: “Bəli, sən dediyin kimi”, yəni xain sənsən!

Nə qədər ki Məsih sənin pisliyini üzünə söyləməyib, tövbə etməyə tələs! Özünə sual ver: sən Rəbbin sadiq xidmətçisisən, yoxsa sənin vicdanının üzərində hələ də şər hökmranlıq edir? Qəlbin həqiqətən sınıbmı, yoxsa sən haqq yola gəlmək istəməyən ikiüzlülərdən birisən?

DUA: Ey Səmavi Ata, mənə rəhm elə, mən günahkaram. Hər bir günah toxumunu canımdan çıxart! Daxilimdə yaşayan şərə görə bağışla məni! Məndə təzə ürək yarat, adətlərimi təzələ. Sənin Oğlunun qurban qanı olmadan mən məhv olacağam! Ehtiraslarımdan məni qurtar və təqdis et, qoy mən dünyada tövbə edən hər kəslə birgə Sənə sadiq olum və Oğlunun ardınca gedim. Bütün imanlılar cəmiyyətlərinə tövbə və peşmanlıq ruhunu ver və Müqəddəs Ruhunun vasitəsilə onlarda yaşa!

SUAL:

  1. Rəbbin Süfrəsi təsis olunmadan öncə nə baş verdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:15 AM | powered by PmWiki (pmwiki-2.2.109)