Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 097 (Calling of the Twelve Disciples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)

2. On İki həvarinin çağırılması (Matta 10:1-4)


MATTA 10:1-4
1 İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2 Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3 Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4 Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot.
(Mark 3:13-19; 6:7; Luka 6:12-16; 9:1)

Məsih şagirdlərini xidmətə təyin etməzdən əvvəl onlardan istəmişdi ki, Allahın məhsulunu yığacaq işçilər göndərməsi üçün dua etsinlər. Rəbb səni bir fəaliyyətə, xidmətə qoşulmadan öncə dua etməyə çağırır, çünki itmiş olanlara görə dua etməyən, onları sevməyən, onlara diqqət verməyən adam onlara Məsihin Müjdəsini çatdıra bilməz. İştedadların, elmi dərəcələrin səni Rəbbə xidmət etməyə layiq etməzlər. Sən yalnız imanla dua edərək və çoxlarının xilası üçün can yandıraraq öz dəvətini yerinə yetirə bilərsən.

O vaxta kimi Məsih On İkiləri sınaqdan keçirirdi. Adamın daxilində olanı bilən Məsih, həvarilərin daxilindəkindən də xəbəri olmasına baxmayaraq, İmanlılar Cəmiyyətinə nümunə göstərmək üçün şagirdlərini bu yolla sınaqdan keçirdi.

Ruhani xidmət son dərəcə ciddi vəzifə olduğundan, adamı xidmətə təyin etməzdən əvvəl bir müddət sınamaq lazımdır. Buna görə heç kəsi xidmətə təyin etmək üçün üzərinə tələsərək əl qoymaq olmaz, çünki “bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar” (1Tim. 5:22,24).

Məsih, tövbə edərək Vəftizçi Yəhya tərəfindən vəftiz olunan və bir müddət İsanın ardınca gələn, vəzlərinə qulaq asan, necə şəfa verdiyini görən və Ondan ruhani qüvvəni qəbul edən adamların içərisindən Özünə elçilərini seçdi. Məsih tərəfindən dəvət edilmədən vaiz olmağa çalışan adam boş təlim öyrədər və öz ağlından qaynaqlanan fikirləri yayaraq həm öz-özünə, həm də İmanlılar Cəmiyyətinə zərər vurar. Lakin Məsihin göndərdiyi şəxs çox insanı tövbəyə gətirməyə, ürəklərinin təzələnməsinə nail olmağa qadir olar və əməlləri ilə əsla öz adını izzətləndirməz, əksinə, bütün izzəti Xilaskarı İsaya verəcəkdir, çünki İsa ölümdən dirilib və Öz xidmətçilərinin içində imiş kimi, bu “dəyərsiz qulları” vasitəsilə iş görür. Həvarilər Öz qüvvəsi və adları ilə deyil, yaşayan Məsihin adı ilə xəstələrə şəfa verir, ölüləri dirildir, cinləri qovurdular.

Həvarilərin işlərinin sirri, Məsihin dəvətinin düzgün şərh edilməsindədir. Özünü yoxla, sən həqiqətən Məsih tərəfindən xidmətə dəvət olunmusan, yoxsa başqa işlərdə uğursuz olduğundan ötrü xidmət edirsən? Ehtiyatlı ol, insanın Rəbbin onu dəvət etmədiyi xidməti öz üzərinə götürməsi Rəbbə xoş gəlməz! Rəbdən istiqamət və dəvət almaq üçün dua et, çünki məhsul çoxdur, işçilərsə azdır. Məhsulun Sahibinə imanla yalvar ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin!

Məsih Padşahdır, Padşahlığını idarə edən Odur. O Öz planına görə elçilər seçdi və göndərdi. O onları bəşəri yolla deyil, uca hikməti ilə sınaqdan keçirdi. Axı bu dünyada böyük görünən kəs Allahın önündə aşağı tutular. İnsanların gözündə kiçik və sadə olan kəsi isə Allah ilahi qüdrəti ilə doldurar.

Məsihin şagirdləri savadlı, ali təhsilli adamların təbəqəsindən deyil idi, bütün insanlar kimi idilər. Onların içində ağır iş görən, dənizdə tufan kimi təhlükələrə məruz qalaraq zəhmət çəkən balıqçılar idi. Bizim hamımızın indiyə kimi ruhani qidamız Məsihin və şagirdlərinin qüvvəti olub, çünki şagirdlər Məsihin Müjdəsini və qüvvətini bütün dünyada yayıblar və biz onların xidməti ilə xilas olmuşuq və onların fədakar şəhadəti sayəsində yaşayırıq.

Bu adamlar şagird kimi Məsihdən öyrəniblər, Məsihin camaata etdiyi vəzlərdən əlavə, ayrıca onlara verdiyi təlimə də qulaq asıblar. İsa onlara Müqəddəs Yazıların mənasını açıqlayıb. Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti onlara verib və bu sirlər onlar üçün açıq-aşkar olub.

Başqalarını öyrətmək istəyən adam gərək öncə özü öyrənə. Vermək üçün almaq lazımdır. Onlar başqalarını öyrətməyə qabil olmalıdırlar. Onlar Müjdə xidmətinə göndərilməzdən əvvəl, özləri Müjdə həqiqətlərini yaxşı qavramalıdırlar. Vəz etməyə qabil olmayan insanlara vaiz səlahiyyətini vermək olmaz. Bu, “axmaq vasitəsilə xəbər göndərməyə” (Sül. 26:6) bənzəyir və Allaha və İmanlılar Cəmiyyətinə qarşı bir günahdır. Məsih şagirdlərini göndərməzdən əvvəl öyrətmişdi. Onlar heç bir zahiri üstünlüyə malik olmadıqları halda göndərildilər. Sərvətləri yox idi, təhsilləri, şərəfli titulları da yox idi. Zahirdən bu cür xidmətə layiq olmayan adamlar kimi görünürdülər. Buna görə ilahiyyatçılardan daha üstün bir qüdrətə ehtiyacları var idi.

Şagirdlərin adları və İsaya münasibətləri barədə düşünsək, biri digərinin içində olan üç dairə görəcəyik. Birinci dairədə İsaya ən yaxın olan dörd şagird yer tutur. İsa bu dörd şagird ilə ruhani sirləri və Öz ürəyinin düşüncələrini bölüşürdü. İkinci dairəyə xüsusi xüsusiyyətləri ilə tanınan dörd şagird daxildir – Matta özünü “vergiyığan” ləqəbi ilə bu dairəyə aid edib. Mərkəzdən daha uzaqda olan üçüncü dairə, İncildə haqqında çox az məlumat verilən (Məsihi satan Yəhudadan başqa) dörd şagirddən ibarətdir. On İki şagirdi dəvət etməkdə xüsusi hikmət var idi – 12 sayı göy ilə yerin birləşməsinin rəmzi olan dördə vurulmuş üçdür. Məsih ürəyində həmişə On İki həvarinin adlarını daşıyır, necə ki baş kahin İsrailin on iki qəbiləsinin adlarını sinəsində daşıyıb. Məsih bu gün səni də belə daşıyır. Qəlbin sınsa, ürəyin təzələnsə, Rəbb səni də bol məhsul yığmağa göndərəcək.

Yəhuda İskaryotun adı həmişə ən axırda verilir və satqının qara ləkəsini daşıyır: “… İsaya xəyanət edən ...” Bu göstərir ki, Məsih onun şeytana qulluq edən alçaq adam olduğunu və Ona xəyanət edəcəyini başdan bilirdi. Buna baxmayaraq, Məsih Yəhudanı həvarilərin sırasına qəbul etdi ki, İmanlılar Cəmiyyəti ən müqəddəs yerdə belə iyrənc işlərin edilməsinə təəccüblənməsin. Məhəbbət ziyafətlərimizə həmişə əclaflar da gələcək, necə ki buğdaların arasında dəlicə, qoyunların içində canavarlar olacaqlar. Bununla belə, gizli şeylər bir gün mütləq aşkara çıxacaq və ikiüzlülər Allahın xalqından uzaqlaşdırılacaqlar. Yəhudanın On İki həvarinin arasında olması həvari missiyasını heç də etibardan salmayıb və bu şər başqalarından gizli olsa da, İsadan heç gizli deyil idi, İsa o başdan hər şeyi bilirdi.

Buna baxmayaraq, Məsih Yəhudaya hamı ilə bərabər xidmət etmək fürsətini verdi. İsa, düşməninin şər yolunu rədd edib, yaxşılığa tərəf dönməsi, tövbə etməsi üçün dəfələrlə şərait yaratdı. Bu göstərir ki, Məsih hamını, hətta Ona qarşı pis planlar quran adamı belə sevdi.

DUA: Ey Səmavi Ata, Müjdən ilə bizi Sənin övladın olmağa dəvət etdiyinə, Məsihin qanı ilə ürəklərimizi təmizlədiyinə, Ruhunun məhəbbəti ilə doldurduğuna görə Sənə minnətdarıq! Bu məhəbbət bizi məyus olmuş, itmiş adamları axtarmağa ilhamlandırır və biz xidmət edərkən Sənin Oğlun bizim üçün vəsatət edərək bizi qüvvətləndirir. Bu səbəbdən biz Sənə yalvarırıq, Müqəddəs Ruhun ilə bizi yönəlt, bol hikmət ver, dərhal itaət etmək üçün güc ver, Sənin bu dünyaya göndərdiyin bütün elçilərinə məhəbbət göstərək və məhsulu yığıb sevinclə Sənə gətirə bilək!

SUAL:

  1. İsanın şagirdlərinə verdiyi səlahiyyətin əsası nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:43 AM | powered by PmWiki (pmwiki-2.2.109)