Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 082 (The Leper Healed)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

1. Cüzamlı şəfa tapır (Matta 8:1-4)


MATTA 8:1-4
1 İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2 Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4 İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».
(Mark 1:40-44; Luka 5:12-14)

Bu möcüzə, Məsihin möcüzələrindən birincisi olaraq nəql edilir, çünki yəhudilərin fikrincə cüzam xəstəliyi Allahın qəzəbinin xüsusi əlaməti idi. Buna görə biz görürük ki, Musanın bacısı Məryəm, Gehazi və Uzziya müəyyən günahlarına görə məhz cüzam xəstəliyinə tutuldular. Məsih də bizim günahlarımızı daşıyıb Allahın qəzəbini Öz üzərinə götürməyə gəldiyini göstərmək üçün məhz cüzamlılara şəfa verməklə xidmətinə başladı.

Yəhudilər bu xəstəliyin birbaşa Allahın əlindən gəldiyini və şəfasının da Allahın əli ilə mümkün olduğunu bilirdilər. Bu səbəbdən cüzamlıların işi həkimlərlə deyil, Rəbbin xidmətçiləri olan kahinlərlə idi. Kahinlər Rəbbin bu xəstəliklə nə edəcəyini görmək üçün gözləməli idilər (Lev. 13:1-14:57). Məsihin şagirdləri Məsihə yaxınlaşan cüzamlılardan diksinir, Məsihin onları Özünə yaxın buraxmasından heyrətlənirdilər. Məsih cüzamlıları heç vaxt qovmayıb; əksinə, bu rədd olunmuş yazıq insanları xilas etmək istəyib və bu məqsədlə Öz xalqının qayda-qanunlarını, adətlərini pozub. Məsih bir çox cüzamlılara şəfa verərək Özünün Allah olduğunu sübut etdi. O həmçinin şagirdlərinə də Onun adı ilə bunu etmək səlahiyyətini verdi (Mat. 10:8). Bu da İsanın Məsih olduğunu sübut edən bir əlamət idi.

İnsanlar tərəfindən rədd olunmuş bu cüzamlı Məsihin möcüzələri barədə eşitmiş və bütün ürəyi ilə iman etmişdi. O, Məsihin Allah olduğuna inanaraq, bütün camaatın içində Ona səcdə qıldı və “ya Rəbb” deyə müraciət etdi. Biçarə adam səcdə edərək bu sözləri söylədi, ürəyini Məsihə açdı, Onun hədsiz qüdrətinə inandı. Sonra “əgər istəsən, məni pak edə bilərsən” deyə əlavə etdi. Xəstənin bu iman dolu sözlərinə dərhal cavab verən Məsih ona toxundu. Cüzama tutulmaqdan qorxmadı, camaatın dəhşət içində ondan çəkildiyinə əhəmiyyət vermədi. Məsih cüzamlıya toxunmaqla ilahiliyini bir daha təsdiqlədi, “istəyirəm, pak ol!” deyərək xəstəni cüzamdan azad etdi. Elişa Naamana dediyi kimi, “Get, İordan çayında yuyun” demədi. Xəstənin üzərinə ağır yük qoymadı, bahalı dərmanlar yazmadı, ancaq hədsiz səlahiyyətə malik olan qüdrətli sözünü dedi və xəstə o saat şəfa tapdı.

Bu qısa cümlədə biz Allahın iradəsinin mahiyyətini görə bilirik. Bizi yaradan Allah bizə haqq yolu göstərir, şəfa verir, xilas və təqdis edir, kamilləşdirir. Allah bizi günahdan pak etmək üçün əzmlə fəal işləyir və Onun bizi xilas etməyə gücü çatır. Məsihin bu cüzamlının duasına “İstəyirəm, pak ol!” sözləri ilə cavab verdiyini və cüzamın onu dərhal tərk etdiyini, dərisinin pak olduğunu və ölü sinirlərinin canlandığını əsla unutma.

Camaat İsanın qüdrətli məhəbbətinin əzəmətinə heyran oldu, ilahi qüvvəsinin zühur etməsinin şahidi oldu, bu möcüzədə ən uca Həkimin ilahiliyinə dair açıq dəlillər gördü. O sənə də belə toxunub, pak edər, sənin əlindən tutar ki, Rəbbin səni sevdiyini, sənin dadına çatmaq, Öz məhəbbəti ilə səni pak etmək istədiyini hiss edəsən.

Xilaskar şəfa tapmış adamı kahinlərin yanına göndərdi ki, kahinlər onun bu dəhşətli xəstəlikdən qurtardığını rəsmi surətdə təsdiq etsinlər, İsaya iman gətirsinlər, günah və günahın nəticələri üzərində hədsiz qüdrətə malik olduğuna şəhadət etsinlər. Məsih Qanunu, əmrləri ləğv etməyib, lakin Öz məhəbbəti ilə tamamlayıb.

DUA: Ey Ata, Öz iradənlə həmişə bizim xilas olmağımızı, paklanmağımızı istədiyinə görə Sənə şükür edirik. Sən istəyirsən ki, biz pak olub Sənə səcdə qılaq, İsada zahir olan məhəbbətini elan edək. İmanda cəsarətli olmağı, tam etimadla Rəbbə yaxınlaşıb, bütün problem, günah, xəstəliklərimizi Ona gətirməyi bizə öyrət və qoy biz xilas olaq, pak olaq, çünki Sənin istədiyin də budur!

SUAL:

  1. Niyə Matta Müjdəsində cüzamlının şəfa tapması əhvalatı Məsihin ilk möcüzəsi olaraq nəql edilmişdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:40 AM | powered by PmWiki (pmwiki-2.2.109)