Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 076 (Prayer of Faith)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
4. Səmavi Padşahlığın Konstitusiyasının yekunu (Matta 7:7-27)

a) Ata Allaha imanla dua etmək barəsində (Matta 7:7-11)


MATTA 7:7-11
7 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9 Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10 Ya da balıq diləsə, ona ilan verərmi? 11 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
(Yer. 29:13-14; Mark 11:24; Yəh. 14:13; Yaq. 1:17)

Bəlkə sən elə bir problemdən və ya çətinlikdən əziyyət çəkirsən ki, bundan heç bir çıxış yolu, buna heç bir çarə tapılmır? O halda Rəbbə dua et və bu haqda Onunla danış. Yalnız O sənin canının, bədəninin, ruhunun problemlərini həll edə bilər. O sənin günahlarını aradan götürmək üçün dünyaya qüdrətli Məsihi göndərdi; O sənin üzərinə məhəbbət Ruhunu göndərir. O səni həyatından razı, müdrik və düzgün adam etmək istəyir. Az danış, çox dua et, qayğıların gecə-gündüz fikrini məşğul etməsin, ancaq Allahın Kəlamına diqqət yetir, Allahın vədlərinə inan. Narahat olma və qorxma! Səmavi Atana sidq ürəklə yaxınlaş, Ona güvən. Çünki sənin duaların çox vaxt günahlarına görə nəticəsiz qalıb. Ondan sənin günahlarını bağışlamasını dilə! O səni gözləyir. Nə vaxt Ona yaxınlaşacaqsan? Səmavi Atan sənə problemlərində kömək edəcək. Bundan əlavə, əgər sən Onun Ruhundan ilham alaraq başqalarına görə dua etsən, məhəbbət olan Allah sənin ürəyini Öz məhəbbəti ilə dolduracaq. Sən özünə görə nə qədər dua edirsən və başqalarına görə nə qədər? Bu suala verdiyin cavabdan sənin dualarına nə üçün gec-gec cavab verildiyini başa düşə bilərsən.

Müqəddəs Ruh da səni Allahın iradəsini yerinə yetirməyə ruhlandırır və Allahın Ata ürəyinə aparan qapıya gətirir. Onun sənə yardımı səthi deyildir: O sənə əvvəlcə pul və ya uğur verməz, lakin Öz Oğlunda, Xilaskar İsada səni möhkəmləndirər. O səni təkcə canını xilas edəcəyinə inandırmaqla qalmır – Xilaskar Özü səni sevir!

Müqəddəs Ruhun “dua məktəbi”nin sirrini anlamısanmı? Hər insan təbiətcə pisdir, pozğundur, Məsih Özü bizi sevərək “pis” adlandırıb. Biz pis olsaq da, Allahdan uzaqlaşsaq da, O bizi şəfqətli Ata kimi sevir və əbədi olaraq Onunla yaşamağımız üçün bizi Öz Ruhu ilə dəyişdirmək istəyir. Bəs biz necə Ona yaxınlaşıb təkcə bu dünyanın nemətlərini istəyə bilərik? Buna görə Məsih səni Onun Müjdəsini araşdırmağa, ilk əvvəl Onun Padşahlığını və salehliyini axtarmağa, bu Padşahlığın sənin mühitində qurulması və yayılması üçün var gücünlə çalışmağa çağırır, o zaman Səmavi Atan da sənə lazım olan hər şeyi əlavə olaraq verəcəkdir.

Allah çox vaxt duaların cavabını gecikdirir. Bu yolla O, insanların ürəklərini yoxlayıb bilir ki, onlar Onun Özünümü seçirlər, yoxsa Ondan ala biləcəkləri gözəl nemətləri? Allah istəyir ki, sən tam inamla dua edəsən, başqaları üçün yalvarmaqdan yorulmayasan. O göyləri açıb sənin və dostların üzərinə bol lütf tökmək istəyir. Səylə dua et və inan ki, Allah səninlədir. Sən Allahı qəbul edirsənmi, Ona şükür edirsənmi, Onu həyatında ən birinci və ən vacib sayırsanmı?

Məsih bizi öyrədib ki, dualarımızda getdikcə daha çox səy göstərək, həm təklikdə, həm də toplantılarda səylə dua edək. Bir yerə yığılın və Səmavi Atanıza dua edin, O da sizə bol-bol xeyir-dua verəcək. O, övladlarının dualarını gözləyir. Əzm və məhəbbət ilə Ondan problemlərinizin ən yaxşı həlli barədə soruşun, çoxlarının xilas olması üçün Ondan güc-qüvvət diləyin. İsrarla dua edin və Onun qapısını döyün! Ona yalvarın ki, mühitinizdə salehliyə can atan hər kəs bağışlansın və təzələnsin. Çünki itmiş olanlara qarşı məhəbbətlə edilməyən dua qüvvətli ola bilməz.

Məsihin bu məsəldə istifadə etdiyi dünyəvi ata surəti necə gözəldir! Ata övladlarına yemək verir və hər bir işdə dadlarına çatır, halbuki uşaqlar yalnız özlərini düşünürlər. Onlar səhv edəndə, ata onları öldürmür, amma sevir və onlara yemək verir. Allah da həmçinin sənə yalnız yaxşı şeylər bəxş edir. O səni rədd etmir, O sənin Atandır, O Öz balalarını tərbiyələndirmək, yemək və paltarla təmin etmək üçün var gücü ilə çalışır, ruhən kamala çatmaları üçün bədən, can və ruhlarının qeydinə qalır.

Səmavi Atanın sənin qeydinə qaldığına inanaraq sənə və imanlılar cəmiyyətinə göstərdiyi xeyirxahlıq üçün şükür et. Dua edərkən ruhdan düşmə, amma Məsihin adı ilə dua edəndə dediyinə inan. Onda möcüzə baş verəcək: Onun böyük qüvvəsi və Müjdəni itmiş olanlara yaymaq üçün ilahi hikməti sənə ənam ediləcəkdir.

Allah vəd etdi ki, duada Ona yaxınlaşan hər kəs Onunla görüşəcək. Diləyin, sizə veriləcək. “Borc veriləcək” və ya “satılacaq” deyilməyib; “sizə veriləcək” deyilib. Bundan böyük səxavət ola bilərmi? Sizin dua etdiyiniz, dilədiyiniz hər hansı şey, Allah tərəfindən məsləhət görülsə, vədə görə sizə “veriləcək”. Bundan artıq nə istəyirsiniz?! Əldə etmək üçün diləyin. “Əldə edə bilmirsiniz, çünki diləmirsiniz”. Diləyib əldə etmirsinizsə, onda bəlkə “öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz”. Nəyisə diləmək ayıbdırsa, demək ki, əldə etmək də ayıbdır; nəticədə bu cür şeyin faydası olmayacaq.

Burada uşaq öz bədəninə lazım olan çörək, səhhətinə yararlı olan balıq diləyir. Lakin ağılsızlığına görə təkidlə daş və ya ilan diləsə, kal meyvə yemək və ya bıçaqla oynamaq istəsə, müdrik ata onun dilədiyini verməz. Biz də bəzən Allahdan özümüzə faydalı olmayan şeyləri diləyirik və almırıq. Nifrətlə verməkdənsə, məhəbbətlə verməmək yaxşıdır. Hər istədiyimizi alsaydıq, çoxdan həlak olmuşduq.

Xahişlərinin məqsədini yoxla və İncillə müqayisə et. Məsihin öyrətdiyi Rəbbin Duası əsasında dua etməyə başla, çünki bu Duadakı xahişlərin cavabı mütləq veriləcək.

DUA: Ey şəfqətli Ata, kiçik-böyük bütün qayğılarımıza əhəmiyyət verdiyin və bizə həmişə cavab verdiyin üçün çox sevinirik! Xudbin dualarımızı bağışla və bizi Müqəddəs Ruhla doldur ki, biz Səni sevək və çoxlarının xilası üçün səylə dua edək! Bizə xeyir-dua verənə qədər Səni tərk etməyəcəyik! Bizi öyrət ki, Sən müqəddəs adının izzəti naminə dadımıza çatıncaya qədər, Səndən diləyək, axtaraq, göyün qapısını təkidlə döyək!

SUAL:

  1. Niyə İsa təkidlə və səylə dua etməyimizi tələb edir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:38 AM | powered by PmWiki (pmwiki-2.2.109)