Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 036 (Temptation of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

4. İsanın sınağa çəkilməsi və iblisin üzərində qələbəsi (Matta 4:1-11)


MATTA 4:5-7
5 Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6 dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7 İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».
(Qanun. 6:16; Zəb. 91:11-12)

Dövlət başçısı müttəfiq ölkəyə səfər edəndə, onu şərəflə qarşılayarlar: əsgərlər cərgə ilə durar, tələbələr güllər gətirər, bayraqlar qalxar, musiqi çalar, rəsmi şəxslər xüsusi paltar geyinərlər. Bəzi ölkələrdə camaat siyasi, dini və idman mərasimlərinə tamaşa etmək üçün kütləvi şəkildə yığılar.

Şeytan İsanı sınağa çəkirdi ki, İsa minlərcə mələklərlə birlikdə böyük ehtişamla camaatın gözləri qabağında göydən ensin, camaat Onun mələklərin əlləri üstündə aparıldığını görüb heyrət etsin, Ona səcdə qılsın. İblis İsanı çarmıxdan döndərməyə, çarmıxda qanını tökmədən, vaxtından əvvəl ikinci gəlişini həyata keçirməyə iqna etməyə çalışdı; axı şeytan hər şeydən artıq Məsihin çarmıxına nifrət edir. Sınağaçəkən İsanı xalqının dini sivilizasiyasının mərkəzinə gətirdi, məbədin qülləsinə qoydu.

Qardaşım, məbəddə olarkən pis fikirlərin heç ağlına gələ bilməyəcəyini düşünmə. Qədim ilan Allahın Kəlamına əməl edən, müqəddəs həyat sürən imanlıları da sınağa çəkir, fikirlərini Allahdan yayındırıb, öz qürurlu "mənlik"lərinə yönəltməyə çalışır. Onlar da büdrəyib günaha bata bilərlər.

İblisin İsanı və ardıcıllarını sınağa çəkməsindəki məqsədi Allahla münasibətlərini pozmaqdır. O yenə İsanın ürəyinə şübhə salmağa çalışdı: «Əgər Sən Allahın Oğlusansa, Özünü pərəstişkarlarının önündə aşağı at, onlar da Sənə tərəf dönüb, "Allahın Məsihi göylərdən enib!" deyə nida edəcəklər. O zaman bütün dünya Sənin ardınca gedəcək və çarmıxa getməyinə gərək qalmayacaq». Hiyləgər düşmən bu dəfə ciddi bir işə əl atıb: «Axı… yazılmışdır» deyərək Müqəddəs Kitabdan bir sitat gətirib, sadəcə olaraq bu sitatı bir az dəyişdirərək bəzi sözləri buraxıb. Zəburun orijinalında bu vəd belə idi: «Allah sənə görə mələklərinə əmr edər ki, gedəcəyin hər yerdə səni qorusunlar». Sınağaçəkən bu son hissəni «gedəcəyin hər yerdə səni qorusunlar» sözlərini buraxıb. İsa hələ birinci sınaqda «Yazılmışdır» deyib Kəlamdan sitat gətirdi. Beləcə O, Allahdan ilham almış kəlamı, Atanın sözlərini yada salaraq, iblisə qalib gəldi. Şeytan həmin Kəlamdan istifadə etməyə cəhd etdi, sadəcə olaraq həqiqəti yalana çevirdi. Məsih Allaha güvənən, tabe olan insan olaraq Kəlamdan sitat gətirirdi, Allahın Onunla birlikdə olduğundan heç şübhə etmirdi. Çünki Allahın düzgünlüyünü sual altına qoymaq, yaxud Allahın Kəlamının həqiqət olduğundan şübhələnmək imansızlıqdan irəli gəlir. İsrail övladları səhrada Allahı sınağa çəkib deyirdilər: «Görəsən Rəbb aramızdadır ya yox?» (Çıx. 17:7). Çünki O onların arasında idi, onların qayğısına qalırdı, lakin onlar Ona güvənmirdilər. Biz də Allahımızın bizimlə olduğundan, bizim qayğımıza qaldığından şübhələnsək, onlar kimi olarıq.

Yer üzündə belə müqəddəs şəhər yoxdur ki, insan orada iblisdən və sınaqlarından azad ola bilsin. Birinci Adəmi "müqəddəs cənnətdə" sınağa çəkən iblis bu dəfə ikinci Adəmi "müqəddəs şəhərdə" sınağa çəkdi. Biz heç bir yerdə silahlarımızdan əl çəkib rahat oturmamalıyıq.

Düzünə qalsa, iblis müqəddəs şəhərə yönəldikdə, bütün gücünü toplayır və Allahın övladlarını qürur və təkəbbürlə sınağa çəkməyə hazırlaşır. Allaha şükür, əbədi "müqəddəş şəhər" olan Səmavi Yerusəlimə murdar bir şey daxil olmayacaq. Orada biz əbədi olaraq sınaqlardan uzaqda yaşayacağıq!

Ehtiyatlı ol! Hiyləgər düşmən Müqəddəs Kitabı çox yaxşı bilir, ayrı-ayrı yerlərindən mənasını təhrif edərək istifadə edir.

Dünyada çoxlu dini, fəlsəfi, siyasi kitablar var ki, müəllifləri İncildən sitat gətirirlər, lakin həqiqət yalanla qarışır. Ey qardaşım, ruhları ayırd et və bil ki, hər təkəbbürlü ruh şeytandan gəlir və özünü şərəfləndirən hər kəs Allahdan deyildir.

Məsih iblisin sınağına təslim olaraq, Özünü məbədin qülləsindən aşağı atıb böyük izzət və əzəmətlə camaatın qarşısında görünməyə razı olsaydı, yerə dəyib əzilərdi, Allahın iradəsini yerinə yetirmədən ölərdi; çünki bu hərəkət Allahın iradəsi deyil idi, axı Allah insanları möcüzələr deyil, çarmıx ilə cəlb etmək istəyir. İsa iblisin səsinə qulaq assaydı, ən aşağı yerə düşərdi və Səmavi Ata ilə ünsiyyətdən məhrum olardı.

Hiyləgər düşmən Allahın Oğlunu məhv etməyi qət etmişdi, İsa isə iblisin səsini Öz Atasının səsindən ayırd edə bildi və həlimlik yolunu, həqiqət yolunu seçdi. İsa əzəmətli məbəddə zühur etmədi, amma xidmətini yəhudilərin həqarətlə baxdıqları, rədd etdikləri Qalileyadan başladı.

"Məbədin qülləsi" hər yüksək yer kimi çoxlu sınaqların olduğu yerdir. Necə ki məbədin qülləsində dayanan adamın ayağı sürüşə bilir, beləcə dünyada yüksək yerə qalxan insan şeytanın hədəfi olur və şeytan ona ox atır. Allah insanı axırda yüksəltmək üçün alçaldır, şeytan isə insanı axırda aşağı atmaq üçün yüksəldir.

İsa yenə sınağaçəkənə qəti cavab verdi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». Allahı razı salmayan işləri bilə-bilə edən, amma bununla bərabər gündəlik həyatında ona yardım istəməsi üçün Allaha yalvaran adam inadkarlığı ilə Allahı sınağa çəkir və Ruhuna qarşı durur. Belə insan gec və ya tez Allahın qəzəbinə düçar olar. Sən öz ürəyinə qulaq asıb Allahın səsini ayırd edə bilirsənmi? Onun məhəbbətini, lütfünü, paklığını, həlimliyini tanıyırsanmı? Onun bu məqsədlərinə zidd olan heç bir işi etmə. İncildən öyrənən vicdanının səsinə qarşı hərəkət edən adam özünə zərər verir. Sən konkret vəziyyətində Allahın iradəsini bilmirsənsə, səbirlə gözləməlisən. Qoy Allah sənə yeni bir qapı açsın və nə etməyini istədiyini sənə bildirsin. Sən də Allahın Rəbbi sınama.

DUA: Ya Rəbb İsa, təmtəraq və zahiri əzəməti axtarmadığına, həlimlik yoluna üstünlük verdiyinə görə Sənə şükür edirik! Səni xəstə, günahkar, həqarətlə baxılan insanların yanında tapırıq. Sən itmişləri axtardın. Bizə öz təkəbbürümüzə münasibətlə ölməyi öyrət, qoy biz dostlarımızın arasında lovğalanmayaq, amma özümüzü inkar edib, bədbəxt insanları axtaraq, itmişlərə xeyir-dua verək, Sənin xilasedici məqsədlərinə görə yaşayaq!

SUAL:

  1. Niyə Məsih Özünü məbədin qülləsindən aşağı atmayıb?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.2.109)