Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 029 (Call to Repentance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

1. Tövbəyə çağırış (Matta 3:1-12)


MATTA 3:7-9
7 Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8 İndi isə tövbəyə layiq bəhrə verin. 9 Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.
(Yəh. 8:33-39; Rom. 2:28-29; 4:12)

Vəftizçi Yəhyanın zamanında farisey təriqətinə təqribən altı min nəfər daxil idi. Fariseylər özlərini xalqdan ayrılmış, Allaha həsr olunmuş möminlər sayırdılar, çünki onlar, günahkarlardan fərqli olaraq, murdarlanmaqdan ehtiyatlanır, Tövratın bütün əmrlərinə və əcdadlarının qayda-qanunlarına dəqiq əməl edirdilər. Onlar bütün həyatlarını dəqiq qanunlarla tənzimləməyə çalışırdılar. İsanın dövründə fariseylər artıq 248 əmri365 qadağanı qərarlaşdırmışdılar. Məsihin Padşahlığının tezliklə gəlməsi üçün fariseylər bu əmr və qadağaların heç birini pozmamağa çalışırdılar. Onlar insanın qanuna əməl edərək öz-özünü xilas edə biləcəyinə inanırdılar. Qanunun insana sevmək qabiliyyətini vermədiyini, yalnız xudbinliyini ifşa edib, günahlarını güzgü kimi aşkara çıxardığını dərk etmirdilər.

Sadukeylər də özlərini saleh sayırdılar. Sadukey təriqətinə kahin və zadəgan ailələrindən olan insanlar daxil idi. Onlar müasir dünyadan ayrılmırdı, yunan və romalıların fikirlərini götürüb Tövratla birləşdirməyi çalışırdılar. Mələklərin varlığını inkar edirdilər. İnsan canının əbədi yaşayacağına, ölülərin diriləcəyinə inanmırdı, gələcək hökmü bir xəyal hesab edirdi, Allahın bəşəriyyətin tarixinə müdaxilə etdiyindən şübhələnirdilər. Buna görə onlardan bəzilərinin həyat fəlsəfəsi belə idi: «Yeyək, içək, çünki sabah öləcəyik». Bununla belə, məbəd və qurbanlar onların etiqadlarının mərkəzində idi və Allahla barışmaq üçün çox əhəmiyyətli sayılırdı. Sadukeylər fariseylərin etdiklərini inkar edir, inkar etdiklərini isə qəbul edirdilər. Sadukeylərin də çoxlu ardıcılları var idi. Bundan əlavə, bütün kahinlər və levililər sadukeylərə tabe idilər. Onlar məbəddə səlahiyyətlərini qorumaq üçün imkan dairəsində romalılarla əməkdaşlıq edirdilər.

Vəftizçi Yəhya bu dindarları cürətlə "gürzələr nəsli" adlandırdı! Müqəddəs Kitabdakı gürzə obrazının şeytana işarə etdiyini hər yəhudi bilirdi. Yəhya onları şərlə, təlimlərinin də zəhərlə dolu olduğuna görə onları "gürzələr nəsli" adlandırdı. Onlar tövbə etmədən Yəhya tərəfindən vəftiz olunaraq hiylə yolu ilə gələcək qəzəbdən canlarını qurtaracaqlarını umurdular. Yəhya onlardan, Tövratda oxuduqları gələcək qəzəbdən qaçmaq fikrini kimdən götürdüklərini soruşdu. Onlar bilirdilər ki, Məsih gələndə Allahın qəzəbi pis insanların üzərinə töküləcək. Yəhya Qanunun "hərfini" yerinə yetirməyə əsaslanan bəşəri salehliyi mühakimə etdi. Vəftizçi, dini mərasimləri yerinə yetirdiklərinə ümid bağlayan dindar adamların ikiüzlülük və yalanlarına qarşı Allahın qəzəbini elan etdi. Allahsız, vicdansız yaşayan hər kəsə qarşı mühakiməni də elan etdi. Allahın önündə saleh insan yoxdur. «Hamısı yoldan azıb, onlardan fayda yoxdur. Bir nəfər də olsun yaxşı iş görən yoxdur» (Рим. 3:12).

Başqalarına isə: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb» deyə elan etmək kifayət idi. Ancaq Yəhya, farisey və sadukeylərin ona yaxınlaşdığını görəndə, onlara bütün həqiqəti açıq və dəqiq şəkildə söyləməyə məcbur oldu.

O əvvəldən onlarla kobud danışdı, insanların adətinə görə hörmətlə "Rabbi" (müəllimim) deyə çağırmadı; onlara insanlardan eşitməyə öyrəşdikləri şirin sözlərlə yaltaqlanmadı. Yəhya onları "gürzələr nəsli" adlandırdı. Daha sonra Məsih də onları bu cür çağırıb (12:34; 23:33). Onlar doğrudan da gürzələrə bənzəyirdilər: zahirən mömin, daxildən isə zəhərlə dolu – bütün yaxşılığa qarşı kin və ədavətlə dolu idilər.

İnsan heç bir yaxşı işi bacarmayacağı qədər pozulubsa, tövbəyə layiq nə cür bəhrədən danışmaq olar? Tələb olunan bəhrələr bunlardır:

  1. Həlak olduğumuzu dərk etmək.
  2. Qürurumuzu sındırıb, Allahın önündə günahlarımızı etiraf etmək.
  3. Allahın qüvvəsinin bizdə olması və bizi müqəddəs həyata aparması üçün durmadan dua etmək.
  4. Daim Allahla yaşamağa əzm və qətiyyət.

Öz günahlarına peşman olduqlarını deyə-deyə günahdan əl çəkməyən insan tövbə edən olaraq adlanmağa layiq deyildir. Tövbə edən hər kəs tövbəyə yaraşan həyat sürməli və tövbə edən günahkarlara layiq olmayan heç nə etməməlidir. Tövbə edənlərə öz gözlərində həlim və təvazökar olmaq, ən cüzi mərhəmətə görə şükür etmək, ən çətin sınaqlarda səbirli, ən kiçik günah qarşısında ayıq, xeyirli işlərdə səyli, başqalarına qarşı şəfqətli olmaq yaraşır.

Yəhudilər düşürdülər ki, İbrahim onların atası olduğuna görə, onlar İbrahimin soyuna mənsub olduqlarına görə, Allahın vədlərinin onların həyatında yerinə yetirilməsi labüddür, çünki Allah vədlərindən dönməz. Lakin Yəhya Allah barəsindəki bu yanlış fikirlərini dağıtdı və İbrahimin bu nəslini şeytanın nəsli adlandırdı. Sonra o onlara səhrada çox olan daşları göstərərək dedi ki: Əgər siz daş ürəklərinizi sındırmasanız, Allahdan sizə ruhani, şəfqətli yeni ürək verməsini istəməsəniz, uca Yaradan İbrahimə verdiyi vədi yerinə yetirmək üçün bu daşlardan belə Özünə övlad yarada bilər.

Bu sözlər: «Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir» bu gün bizə aiddir, çünki çoxlarımızın ürəkləri daşa dönüb, aramızda əsrlər boyunca kök salmış Məsihə zidd olan təlimlərə görə, daxilimizdəki Allahın səsini ayırd edə bilmirik. Amma biz Vəftizçi Yəhya ilə birlikdə iman və sevinclə iqrar edirik ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.

Özümüz saleh olmasaq belə, yaxşı əlaqələrimizin bizi xilas edə biləcəyini düşünmək böyük bir səhvdir. Hətta əgər bizim mömin və müqəddəs əcdadımız olubsa belə, dindar tərbiyə almışıqsa, imanlılarla dostluq edir və onların nəsihət və dualarından faydalanırıqsa belə, bunlardan necə təsəlli ala bilərik? Özümüz tövbə etmirik, tövbəyə yaraşan həyat sürmürüksə, bütün bunların nə mənası var?

Bəs sən, qardaşım, bizimlə birlikdə Rəbbin xilasedici qüdrətini imanla iqrar edirsənmi?

DUA: Ey müqəddəs Allah, Sən hər bir günaha, haqsızlığa, murdarlığa görə qəzəblənirsən, hər ikiüzlülüyü, yalanı rədd edirsən. Mənə kömək et ki, farisey, yaxud sadukey kimi olmayım, amma Sənin önündə özümü alçaldım və günahlarımı etiraf edim! Səndən daima mərhəməti diləyirəm ki, Sənin qüvvən mənim zəifliyimdə Pak Ruhunun bəhrəsini yetişdirsin! Ey Hakimim və Xilaskarım, məni tərk etmə!

SUAL:

  1. Fariseylər və sadukeylər kimdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)