Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 015 (Jesus' birth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

2. İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)


MATTA 1:19-20
19 Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20 Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.

Mömin bir gənc adam olan Yusif dülgər işləyir və ailə saxlaya bilirdi. Məryəm, onun xoşuna gələn mömin və gözəl qız idi. Yusif Məryəmin ailəsinin razılığını aldıqdan sonra, onlar nişanlandılar.

Yusif "saleh" bir adam idi, Məryəm də fəzilətli və xeyir-dualı bir qız idi. Bu nümunə bütün imanlıları «imansızlarla eyni boyunduruğa girməməyə» çağırır. Möminlər yalnız möminlərlə ailə qurmalıdırlar, o zaman Rəbb onların ailələrini təqdis edəcək və ər-arvad kimi onlara xeyir-dua verəcək.

Biz həmçinin bunu da öyrənirik ki, nikah bağlamadan öncə yaxşı düşünmək və tələsməmək lazımdır. Toydan əvvəl oğlan və qız müəyyən bir müddət nişanlı olaraq qalmalıdırlar, çünki tələsik bağlanan nikaha görə peşman olmaqdansa, buna tam əmin olmaq üçün düşünməyə daha çox vaxt ayırmaq yaxşıdır.

Nişanlısının onunla yaxınlıq etmədən öncə hamilə olduğunu görən Yusif gözlərinə inana bilmirdi. Buna tam əmin olduqdan sonra, ürəyində qəzəb ilə məhəbbət arasında mübarizə başladı. Onu qara şübhələr və dərin kədər çulğaladı. Qızın hamiləliyi hamıya aydın olandan sonra Yusif Məryəmlə münasibətlərinin qanuni tərəfini düşünməyə başladı, axı mömin yəhudi "zinakar" qadınla evlənməməli idi. Yusif ya onu camaat arasında rüsvay edə bilirdi (bu halda Məryəm, romalıların qanununa görə daşlanmazdı, amma rüsvay olardı), ya da ona gizlicə talaq kağızı verə bilirdi ki, sevdiyi başqa oğlana ərə getsin.

Həvva qızlarından heç biri Bakirə Məryəm qədər böyük şərəfə nail olmayıb; lakin eyni zamanda Məryəm ən murdar işlərdə günahlandırıldı. Ancaq biz Məryəmin bu ittihamlara görə əziyyət çəkdiyini görmürük, əksinə, o günahsız olduğunu bilib, rahatlanırdı və öz işini "Adil Hakim"in əlinə verirdi.

Təmiz vicdanla yaşamağa öyrəşən adamlar Allaha güvənirlər ki, Allah onların şərəflərini qoruyacaq və nəinki dürüstlüklərini göstərəcək, hətta, salehliklərini nur kimi aydınlaşdıracaq və həqiqətlərini gündüz günəşi tək çıxaracaq.

Yusif Məryəmi həqiqətən sevirdi və onu gizlicə buraxmağa hazır idi, sanki təqsir Məryəmdə deyil, özündə olmuşdu. Bu bizə Yusifin yüksək əxlaq və şərəfini göstərir. Təsəvvür edin, Yusif bütün ürəyi ilə inandığı, çox yüksək qiymətləndirdiyi bu qızın belə murdar və əxlaqsız bir işdə şübhəli olduğunu biləndə, nə qədər ruhi əzab çəkdi, nə dərəcədə çaşqın və məyus oldu. O, gözlərinə inana bilmirdi: məgər onun sevdiyi Məryəm belədir? Çox yüksək qiymətləndirdiyimiz insanlarda necə də yanıla bilirmişik! Ən çox ümid bəslədiyimiz insanlardan necə də məyus ola bilirmişik! Yusif əvvəllər fəzilətli saydığı bu qız barəsində istər-istəməz pis düşünməyə başladı. Ancaq iş lap ciddi idi; belə iş üçün heç üzr ola bilməzdi. Hər şey aydın idi, heç bir izahata, üzr gətirməyə gərək yox idi. Yusifin ürəyində hər kişiyə xas olan qısqanclıq ilə Məryəmə qarşı məhəbbəti arasında qızğın mübarizə gedirdi. Yusif Məryəmi rüsvay etmək istəmədiyinə görə, sərt hərəkətlərdən özünü saxladı. O sərt davrana bilərdi, çünki Qanunda yazılıb ki, «Əgər nişanlı bir qız öz nişanlısına xəyanət etsə, onu daşqalaq edib öldürün» (Qanun. 22:23-24). Lakin Yusif Məryəmin qisasını almaq üçün Qanundan istifadə etmək istəmirdi. Qız ona qarşı günah etmişdisə, o camaatın bunu bilməsini istəmirdi. Yusif ilə Yəhuda arasında nə böyük fərq var! Yəhuda gəlini Tamarın hamilə olduğunu biləndə tez onu mühakimə etdi: «Onu çıxarıb yandırın» (Yar. 38:24). Yusif kimi düşünmək çox faydalıdır. Biz başqalarını pisləməyə, tənqid etməyə tələsməsəydik, amma daha çox düşünsəydik, insanlarla daha şəfqət və mərhəmətlə rəftar edərdik.

Müqəddəs Kitabda "camaat arasında rüsvay etmək" qısasın bir formasıdır. Bu qisasın məqsədi, başqalarına xəbərdarlıq etməkdir. Beləcə qisas başqalarına ibrət dərsi olur.

Bu əhvalat bizə günahkarları necə məzəmmət etməyi öyrədir – camaat qarşısında uca səslə məzəmmət etmək yaxşı deyil. «Hikmətli adam pıçıltı ilə söz deyir» (Vaiz 9:17). Məsihi məhəbbəti və hikməti bir çox günahları, hətta ən iyrənc günahları belə örtür, lakin imanlının belə günahlarda iştirak etməsinə yol vermir.

Yusif öz nişanlısına həqarətlə baxmırdı, lakin ona görə dua edirdi, çünki Allahdan başqa heç kimin ona kömək edə bilməyəcəyini bilirdi. Ən çətin bir zamanda Allahın göndərdiyi mələk Yusifə görünüb, «Davud oğlu Yusif!» deyə müraciət etdi və Yusifə padşahlıq nəslindən olduğunu xatırlatdı. Mələk Yusifin qorxularını aradan götürdü ki, Allah, insan və qanunlar qarşısında qorxu içində yaşamasın, çünki bu vəziyyətdə nə özünün, nə də nişanlısının günahı var idi.

Sonra mələk Yusifə xatırlatdı ki, nişan qanunlarına görə Məryəm onun arvadıdır. Bu sözlərdən sonra mələk Məryəmi "Bakirə" olaraq adlandırmadı, ancaq izah etdi ki, bətnindəki körpə Allahın müqəddəs iradəsinə uyğun olaraq Müqəddəs Ruhdandır. Bundan əlavə, Mələk Yusifə buyurdu ki, Məryəmi özünə arvad etsin və Qanuna görə onu himayə altına alsın, çünki Allah istəmədi ki, Körpə İsa zinakar sayılan bir qadından doğulsun. Məryəmin qanuni bir ailənin himayəsi altında olmasını istədi. Allah-Taala şəfqətli əlini uzadıb, bu nişanlı cütlüyə xeyir-dua verdi.

Yusif yuxuda mələyi görəndən sonra inanmalı idi ki, Allah təbiət qanunlarına zidd olaraq Məryəmdən həqiqi insan və həqiqi Allah olan Körpəni dünyaya gətirəcək.

Allahın yolunu axtaran hər kəs bu şeylər haqqında özü götür-qoy eləyib müəyyən qənaətə gəlməlidir. Allah düşünməyəni haqq yoluna gətirməz, düşünəni gətirər. Allah Öz xalqına haqq yolunu göstərdiyi halda, xalq çaşırsa, demək bu xalqın hiyləgərliyi üzə çıxır. Adamın ağlında çaşdırıcı fikirlər çoxalanda, Allah onun ruhunu təskin edir.

Qurani Kərimdə də Məryəmin Məsihə hamilə qaldığı barədə gözəl bir ayədə oxuyuruq: «Biz Öz Ruhumuzdan ona üfürdük». Bu sözlər Məsihin bütün insanlar kimi cinsi əlaqə nəticəsində doğulmadığını, lakin Allahın Ruhundan olduğunu təsdiqləyir! (Ənbiya surəsi, 21:91).

DUA: Sənə səcdə edirik, ya Allah, Səmavi Atamız, çünki Sən biz insanları rədd etmədin, lakin Oğlun vasitəsilə günahlı bədənimizi Öz üzərinə götürərək yanımıza gəldin! Bizimlə olduğuna görə Sənə həmd edirik və Bakirə Məryəmin bətnində Müqəddəs Ruhdan yaranan Körpəyə görə şadlanırıq! Ey Atadan çıxan Ruh, gəl, bizim içimizdə məskən sal! Qoy biz Sənin əbədi həyatınla canlanaq və yaşayaq! Amin.

SUAL:

  1. Niyə mələk Yusifə Məryəmi özünə arvad etməyi buyurdu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.2.109)