Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 010 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:6-9
6 Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7 Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8 Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9 Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi.

Süleyman uşaqlığında bir kahindən tərbiyə almışdı. O, mömin uşaq kimi böyüyürdü, Allahdan itaətkar və hikmət dolu ürək istəyirdi. Padşah kimi taxta oturanda o hər şeydən əvvəl gözəl məbəd tikdirdi və bu məbəd əsrlər boyunca yəhudi sivilizasiyasının mərkəzi oldu. Məbədin tikintisi üçün çoxlu qiymətli Livan sidr ağacını kəsdirdi. Süleyman bu geniş tikinti işləri üçün xalqdan çox vergi toplayırdı. Süleymanın təqribən 700 arvadı və 300 cariyəsi var idi. Belə həyat üçün çox vəsait tələb olunduğundan, xalq ağır vergilər ödəməkdən əziyyət çəkirdi. Bu şərdən əlavə olaraq, padşahın hər arvadı öz ölkəsindən bütlərini gətirirdi. Axırda hikmətli Süleyman çox sevdiyi arvadlarını razı salmaq üçün bütpərəstliyə tərəf döndü (1Pad. 11).

Davudun və Süleymanın dövrlərində İsrail dövləti yüksəldi və yüz il ərzində gücünü saxlayırdı, ancaq sonra parçalandı. Parçalanma Süleyman oğlu Rexavamın hakimiyyəti dövründə baş verdi. B.e.ə. 932-ci ildə əcdadların dövləti ikiyə bölündü: on qəbilə ölkənin şimalında birləşərək paytaxtı Samariya şəhəri olan yeni İsrail padşahlığını təşkil etdilər. Yalnız Yəhuda qəbiləsi Davudun padşah nəslinə sadiq qaldı və beləcə Yerusəlim mərkəzli Yəhuda padşahlığı yarandı. İsanın nəsil şəcərəsində adları çəkilən padşahlar Yerusəlim və ətraf bölgələrdən ibarət olan bu kiçik padşahlıqda hökm sürdülər.

Parçalanma dövründə Allah şimali padşahlığa Öz peyğəmbərlərini göndərirdi. İlyas, Amos və Huşə onların içində idilər. Peyğəmbərlər ölkəyə qonşu xalqlardan gələn bütpərəstliyə qarşı mübarizə apardılar; onlar xalqa Allahın adı ilə xitab edərək, surətlərə, heykəllərə, müqəddəs ağaclara səcdə etməkdən, onlara öz uşaqlarını qurban verməkdən imtina edib Allaha tərəf dönməyə çağırırdılar. Bütün başqa allahları boş adlandırır, bir Allaha iman edirdilər; bir Allaha imana ən böyük əhəmiyyət verirdilər. Peyğəmbərlər xalqın içinə girən imansızlığa görə əziyyət çəkir və Allahın pozğunlaşmış xalqını cəzalandırılacağını elan edirdilər. Eyni zamanda, bölünmüş qardaşları birləşdirəcək və Yerusəlimdə sülh və əmin-amanlıq dövlətini quracaq olan həlim və saleh Padşahın gələcəyini müjdələyirdilər.

Lakin şimali padşahlığın xalqı bu peyğəmbərlərin sözlərinə qulaq asmadı, bütlərə səcdə etməyi, əxlaqsız bayramlar keçirməyi davam etdirdi. Bu səbəbdən xalq imansızlıq və günah içində batıb gedirdi. Allah qüdrətli Aşşur dövlətinin İsrailə hücum etməsinə izin verdi. Aşşurlular Samariyanı mühasirəyə aldılar və dağıtdılar. Bütün varlı, adlı-sanlı sakinlərini vətənlərindən 1500 km uzaqlığında olan İkiçayarasına əsir apardılar. Beləcə b.e.ə. 722-ci ildə İsrail padşahlığının varlığına son qoyuldu. Aşşurlular əsir apardıqları israillilərin yerində Qalileya, Samariya və şimali Fələstin torpaqlarında başqa xalqlara mənsub bütpərəstləri yerləşdirdilər, o bütpərəstlərin qalan israillilərlə qarışmasından yeni bir qarışıq din meydana gəldi. Buna görə cənubdakı yəhudilər bütpərəstlərlə qarışıq olan şimaldakı yəhudilərə həqarətlə baxıb natəmiz kimi rədd edirdilər.

"Yehoramdan Uzziya törədi" sözlərini həqiqi mənada, Yehoramın Uzziyanın atası olması kimi başa düşmək olmaz; əslində, Uzziya onun nəslindən idi. Yehoram ilə Uzziya arasında nəsil şəcərəsində adları çəkilməyən üç padşah var idi (1Saln. 3:11-12): Axazya, Yoaş və Amasya. Bu üç padşahın adları qəsdən buraxıldı, çünki Çıx. 20:3-5 və Qanun. 29:18-20-də yazılanlara əsasən Allahın cəzasını almışdılar. Xalq onların padşahlıqlarını belə qəbul etmədi, lakin onlara qarşı qalxdı. Onları öldürdülər və padşahların məqbərəsində dəfn etmədilər (2Saln. 22:8-9; 24:25; 25:27-28). Onları padşahların nəsil şəcərələrindən çıxartdılar. Matta öz Müjdəsini yəhudilər üçün yazdığına görə, bunu nəzərə aldı. Səbəbi nə olur-olsun, bu üç padşahın adlarının Müjdədə buraxılması nəsil şəcərəsinin dəqiqliyini azaltmır. Yəhudilər bu fakta qarşı etiraz etmədilər, nəsil şəcərələrində bəzi adları buraxmaq onların adəti idi; bunu görmək üçün aşağıdakı ayələri müqayisə etmək kifayətdir: Ez. 7:1-5 və 1Saln. 6:3-15.

İsa həqarətə məruz qalanları sevir; O, şimalda yerləşən Nazaret şəhərində yaşadı və bu səbəbdən yerusəlimli yəhudilər Onu rədd etdilər. İsanın dövründə Yerusəlimdə padşah Hirodun inşa etdirdiyi ikinci məbəd dururdu. İsa və həvariləri insan əlləri ilə tikilmiş bu binanı rədd etmirdilər. Onlar məbəddə yığılan xalqı özünü vahid Allaha həsr etməyə və Allahın Müqəddəs Ruhunun məskən saldığı ruhani məbəddə diri daşlar olmağa çağırırdılar.

DUA: Ya Rəbb İsa Məsih, Padşahlığın bu dünyada deyildir. Sən həlim və ədalətli Padşahdsan. Bütün başqa hökmdarlar günah etdilər, döyüşdülər, qan axıttılar, özlərinə xəzinə topladılar, yalnız Sən müqəddəs həyat sürdün və haqq yolunda öldün və bununla bizi xəcalətdən xilas etdin! Bizi qəbul et və ruhani Məbədində yerləşdir və qoy biz həqiqətən əbədi olaraq Allaha həsr olunmuş məskəni olaq!

SUAL:

  1. Əhdi-Ətiq padşahlığının bölünməsi nə vaxt baş verdi? İsanın nəsli hansı hissəsinə məxsusdur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.2.109)