Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 001 (Introduction)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr

GİRİŞ


Matta Müjdəsinin (yaxud İncilinin) yazılması

Məsihin həyatı, ölümü və dirilməsinin çoxlu şahidləri olub. Onların şəhadətindən bilirik ki, Məsih Özü ibrani dilində yaza bilsə də, kitab yazmayıb. O həqiqətən Allah Kəlamının təcəssümü olaraq necə danışırdısa, elə də yaşayırdı. Onun həyatı və təlimi İncili təşkil edir və bu İncil, həqiqəti sevən hər kəsə açıqdır. Məsihin Kəlamı təkcə təlimdən ibarət deyil, Allahın həyatverici qüvvəsidir. İncil dedikdə təsəlliverici müjdə nəzərdə tutulur, çünki İncil bizə Məsih İsada olan Allahın lütfünün zənginliyini çatdırır.

Dörd Müjdə (İncil)

"İncil" kəlməsinin mənşəyi müjdə, yaxud yaxşı xəbər mənasına gələn yunanca "yevangelion" kəlməsidir. Müjdə (İncil) xilas barədə şad xəbərin elanıdır. Bu kəlmə bəzən Rəbbimiz İsa Məsihin həyat hekayəsi mənasında işlənir (Mark 1:1) və İsa Məsihin bütün təlimləri də buna daxildir (Həv. 20:24).

Biz "Müjdə" dedikdə ilk öncə məsihi inancın yaydığı "şad xəbər"i nəzərdə tuturuq. Müjdə Allahın ənamıdır; Məsih vasitəsilə günahlarımızın bağışlanmasının və Allahın övladları olaraq qəbul edilməmizin elanıdır.

Rəbbin Ruhu "müjdəçi" adlanan Matta, Mark, Luka və Yəhyanı Allahın yolunda "Müjdə" (İncil) kitabı yazmağa ilhamlandıraraq, bizə Məsihin həyatı barədə dörd kitab bəxş edib. Müjdəçilərdən ikisi Məsihin yaxın şagirdləri olub, ikisi Onun həvarilərinin ən yaxın yoldaşları olduqları üçün birbaşa həvarilərdən öyrəndikləri dəqiq məlumatları yazıblar. Dörd Müjdəni araşdırarkən, ilk üçünün bir-birinə xeyli oxşadığını, hətta ayrı-ayrı hissələrinin eyni olduğunu görürük, baxmayaraq ki, hər müəllif Məsihin həyatındakı başqa-başqa hadisələrə ən çox əhəmiyyət verib və bəzilərindən heç bəhs etməyiblər. Hər Müjdənin özünəməxsus xüsusiyyətləri vardır.

Matta kim idi?

Matta İsa Məsihin on iki həvarilərindən biri idi (Mat. 10:1-4). Qalileyalı idi (Həv. 2:7). Əsil adı "Halfay oğlu Levi" (Mark 2:14; Luka 5:29) idi. "Matta" adının mənası "Allahın ənamıdır". İsa Mattanı həvariliyə çağıranda, Matta o qədər çox sevindi ki, öz evində İsa üçün qonaqlıq eləyib bütün vergiyığanları və s. günahkarları dəvət etdi. Lakin Matta öz Müjdəsində bu əhvalatı təsvir edəndə qonaqlığı təşkil edənin özü olduğunu müjdəçilərə xas təvazökarlıqla bildirmir.

Matta əvvəllər vergiyığan olaraq çalışırdı, yəni Roma dövləti üçün vergi yığırdı. Buna görə yəhudilər Mattaya həqarətlə baxırdılar; axı yəhudilər bütün vergiyığanları yəhudi adlanmağa belə layiq olmayan alçaq günahkarlar və bütpərəstlərin tayı sayırdılar (Mat. 9:10-11; 18:17). Fariseylər çox vaxt İsanın vergiyığanları qəbul etməsindən, evlərinə girməsindən şikayətlənirdilər (Luka 5:30; 15:51; 19:7). Lakin Allahın lütfü istisnasız olaraq hamı üçündür və ən pis günahkarları belə xilas etməyə qadirdir. Allahın lütfü sayəsindədir ki, Matta Romalıların vergi məntəqəsini tərk edib Rəbb İsa Məsihin həvarisi ola bildi. Beləcə Allahın lütfü, yəhudilərə əziyyət verən bu vəzifəli adamı "Allahın ənamı"na – Matta Müjdəsini yazan müjdəçiyə döndərdi! Bu səbəbdən o özünü "vergiyığan Matta" adlandırmaqdan utanmır (Mat. 10:3).

Matta Müjdəsinin xüsusiyyətləri

Matta Müjdəsinin bariz xüsusiyyətləri Məsihin yoxsullara və yükləri ağır olanlara dəvəti (fəs. 11); Allahın Padşahlığının artması barədə məsəllər (fəs. 13); pis qul və üzüm bağının axırıncı işçiləri barədə məsəl (fəs. 20); beşı ağıllı, beşi ağılsız olan on qız məsəli və hökm gününün vəsf edilməsi (fəs. 25).

Arami dilində yazılmış ilkin Müjdə

İlk üç Müjdə kitabının oxşar xüsusiyyətləri vahid mənbə əsasında yazıldığını güman etməyə əsas verir. Ehtimal var ki, yunan dilindəki Müjdələr yazılmazdan əvvəl həvarilər arami dilində Məsihin həyatından ayrı-ayrı hadisələri və bəzi nitqlərini yazmışdılar və bütün Müjdələrin müəllifləri bu arami yazılardan mənbə kimi istifadə ediblər (Həv. 2:42; Luka 1:1-4; Yəh. 20:30).

Matta Müjdəsini kim yazıb?

Ən birinci və ən uzun Müjdə kitabının müəllifi Matta, xalqın nifrət etdiyi vergiyığanların rəisi, Romalı müstəmləkəçilərin xidmətçisi idi. Onun əsil adı "Levi" olub (Mark 2:14; Luka 2:27). Lakin Məsih ona yeni ad verdi: "Matta" adının mənası "Allahın ənamı"dır.

Matta Müjdəsinə dair ən qədim şəhadəti erkən məsihilərin bir ağsaqqalı olan Hiyerapolisli Papiyin yazılarında tapırıq. Onun yazılarında Mattanın əvvəllər arami dilində yazılmış Rəbbin nitqlərini topladığını öyrənirik. Matta Müjdəsində rast gəlinən bütün aramicə sözlər (məs., 5:22-də “axmaq” deyə tərcümə olunan raka (başı boş) və 6:24-də “sərvət” mənasına gələn mamon kimi sözlər) bunu təsdiq edir. Ehtimal ki, həvarilər içində dilləri ən yaxşı bilən Matta olduğuna görə, həvarilər Məsihin nitqlərini toplayıb onların nəzarəti altında yunan dilinə tərcümə etməyi məhz Mattaya tapşırıblar.

Bundan əlavə, bu Müjdənin bəzi daxili xüsusiyyətləri müəllifinin vergiyığan olduğunu düşünməyə əsas verir. Bu Müjdədə, başqa Müjdələrdən daha çox müxtəlif pul vahidlərinin adları çəkilir. Üç pul vahidinə Əhdi-Cədidə daxil olan başqa heç bir kitabda rast gəlinmir. "Didraxmon" (Mat. 17:24), "statir" (Mat. 17:27) və "talant" (Mat. 18:24) adları yalnız Matta Müjdəsində vardır. Bundan elə nəticə çıxır ki, bu Müjdənin müəllifi müxtəlif pul növlərini yaxşı bilirdi və Məsihin ardıcıllarına hər bir halda pulun növü və qiyməti haqqında dəqiq məlumat vermək istəyirdi. Bunu da qeyd edək ki, Matta Müjdəsində həvari Mattadan "vergiyığan Matta" olaraq bəhs olunur. Bu, həvari Mattanın həlimliyini göstərir. Matta və Luka da həvarilərin içərisində "Matta" adlı birinin olduğundan xəbər verirlər, lakin Mattaya alçaldıcı "vergiyığan" adını heç vaxt yapışdırmırlar. Həvari Mattanın həlimliyi həmçinin onu oxucunun gözlərində ucaldan müəyyən detalları yazmaqdan imtina etməsində görmək olar. Matta İsa üçün öz evində böyük qonaqlıq elədiyini bildirmir. Həmin qonaqlıqdan bəhs edərkən, sadəcə olaraq "evdə" (Mat. 9:9-10) deməklə kifayətlənir. Luka isə Mattanın "evində İsaya böyük bir qonaqlıq verdiyini" (Luka 5:29) bildirir. Matta Zakkayın əhvalatını və farisey ilə vergiyığan məsəlini (Luka 18:9-14; 19:1-10) öz Müjdəsinə daxil etməyib. Yəqin ki o özü vergiyığan olduğuna görə, İsanın vergiyığanların imanını necə təriflədiyini yazmaq istəməyib.

İsanın altı xitabı

Matta Müjdəsindəki Məsihin nitqləri altı böyük hissədən ibarətdir; bu hissələr müəyyən qaydada yerləşir və bunlarda eyni fikirlər təkrarlanmır. Matta Müəllimin təlimini ardıcıl olaraq təqdim edib: ilk öncə, Səmavi Padşahlığın “Konstitusiyası” (fəs. 5-7); sonra Səmavi Padşahlığın yayılmasına dair əmrlər (fəs. 10); daha sonra Padşahlığın artmasının sirləri (fəs. 13); daxili nizamı (fəs. 18); Padşahlığın düşmənlərinə qarşı yeddi "vay" sözü (fəs. 23); və axırda Padşahın gəlməsi ilə Səmavi Padşahlığın zühur etməsi (fəs. 24-25) yer alır. İsanın bu nitqləri Matta Müjdəsində ən qiymətli xəzinədir və dərindən öyrənilməlidir.

Matta Müjdəsinin məqsədi

Müjdəçi Matta Məsihin təlimini təfsilatlı şəkildə təqdim edərkən xüsusi bir məqsədə nail olmağa çalışır. O, yəhudilərə sübut etməyə çalışır ki, Nazaretli İsa həqiqətən vəd olunan Davudun Oğlu, İbrahimin Oğlu Məsihdir. Matta bütün başqa müjdəçilərdən daha çox Əhdi-Ətiqdən sitat gətirir və İsanın Vəhyin vədlərini yerinə yetirən ilahi Padşah Məsih olduğunu sübut edir. Buna görədir ki, Matta Müjdəsi imanlıların möhkəmlənmələri və Məsihin təlimini dərindən qavramaları üçün ən yaxşı kitab oldu. Eyni zamanda bu Müjdə İbrahimin nəslinə Müjdəni çatdırmaq, onların əvəzində Allah tərəfindən məhkum edilən Xilaskara cəlb etmək üçün faydalıdır.

Bu iki məqsəd: müjdəçilik və təlim – Matta Müjdəsində ecazkar surətdə bir-birinə qarışır. Bu kitab, İsa Allahın Məsihi kimi izzətlənsin deyə Əhdi-Cədiddə birinci sırada yer alır.

Matta Müjdəsinin yazılma tarixi

Bu misilsiz Müjdə təqribən b.e. 58-ci ildə, yəni Məsih çarmıxa çəkiləndən 25 il sonra yazılıb. Bu kitabda məbədin və ya Yerusəlimin dağılmasından bəhs edilmədiyinə görə, alimlər onun Yerusəlimin b.e. 70-ci ildə dağılmasından öncə yazıldığını düşünürlər. Əksinə, bunda yazılmış olan peyğəmbərliklər bu olayın hələ gözlənildiyinə işarə edir (bax: 23:37-38; 24:1-2). Bundan əlavə, həvari Matta Müjdəsində sadukeylərə qarşı çoxlu xəbərdarlıqlar yazıb və Yerusəlimin dağılmasından sonra sadukeylər özlərinin səlahiyyət mərkəzini itiriblər.

Bu kitabda Rəbbimiz İsa Məsihin işləri və sözləri haqqında etibarlı mətn yer alır. Rəbbimiz bir gün Mattanı dəvət etdiyi kimi, indi bizi də Onun ardınca getməyə dəvət edir.

SUALLAR:

  1. Matta kim idi və özü barədə nə cür məlumat verdi?
  2. Matta Müjdəsinin nə cür xüsusiyyətləri var?
  3. Matta Müjdəsinin məqsədi nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:21 AM | powered by PmWiki (pmwiki-2.2.109)