Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 014 (The Wrath of God against the Nations)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)

1. Bütün millətlərə qarşı Allahın qəzəbi göydən aşkar olur (Romalılar 1:18-32)


ROMALILAR 1:29-32
29 Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, 30 böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz, 31 axmaq, xain, şəfqətsiz və rəhmsizdir. 32 Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.

Paul burada On Əmri şərh edərək cürbəcür günahlar sadalayır, ancaq onun məqsədi filosoflar kimi münaqişə etmək, yaxud başqalarını mühakimə etmək deyildir. Bunlar bizim üçün yazılıb ki, biz qorxu ilə özümüzü düşünək və özümüzdə gizlənən günahları aşkara çıxaraq. Yaradansız yaşayan adam pislik və haqsızlıqla dolur, çünki Müqəddəs Ruhdan məhrum olan ürəklərdə şər olanın ruhu min cür pis bəhrələr verir. İnsan ya Məsihdə, ya da şər olanda yaşayır, neytral zona yoxdur!

İsa Özü və həvarisi Paul zinanı birinci günah saydılar, çünki zina pak məhəbbətin bağlarını qırır və insanın öz həyat yoldaşının vəfasına olan inamını yox edir. Bunun nəticəsində ailəyə imansızlıq daxil olur və Allahın qüvvəsi ilə özünü inkar etməyən hər kəs dəhşətli şəhvətə qərq olur. İnsanların əksəriyyəti zinakardır. Bəzisi fikrində, bəzisi sözlərində, digərləri isə əməldə zina edirlər. Bəs sən heç özünü tanıyırsanmı? Öz vicdanının səsinə qulaq as, keçmişini unutma, amma etdiyin günahları açıqca etiraf et.

İnsanın Allahsız halda əsla saleh ola bilməyəcəyini bilirsənmi? Allahsız insan pisdir. İnsanın Allahsız halda yaxşı olduğunu öyrədən humanizmin təlimi yalandır! Bəşəriyyət kökündən pis və pozğun olduğu halda, humanizm tərəfdarları tərbiyədən, ictimai xidmətdən boş-boş danışırlar. Bizə vəziyyəti düzəltmək, əxlaq öyrətmək deyil, yeni yaradılış olmaq, qəlbən və əqlən yenilənmək lazımdır.

Allahı tanımayan hər kəs pul sevir və bu fani “büt”ün üzərində həyatını qurur. Belə insanlar bank hesabındakı məbləğə görə həvəsə gəlir və zəhmət çəkirlər, pulun qulu imiş kimi çalışırlar. Pul onların düşündüyü və arzu etdiyi “allah”dır. Onlar bu “allah”ın yolunda insanlarla vuruşmağa, həyatını və vaxtını fəda etməyə belə razıdırlar.

Yanlış düşüncəyə təslim edilmiş adamlar kin, hiylə, qisas almaq arzusu, ikiüzlülük, yalan və məkr ilə dolu olurlar. Pis adam həm düşmənlərinə, həm də dostlarına pislik edir. Özünü mehriban göstərir, amma ürəyi əsil ilan yuvasıdır!

Pis adam adətən paxıllıqla davranır. Başqası Allahdan bərəkət alanda sevinmir, çünki özü onların varına yiyələnməyə can atır. O həmişə daha çox istəyir, ən varlı, ən gözəl, ən ağıllı və hörmətli olmağı arzu edir! Simiclik və paxıllıq çox pisliyin köküdür. Hal-hazırda ticarətdə istifadə edilən reklamlar insanın ehtirasları üçün düzəldilir. Mallarını satmaq üçün tacirlər insanlarda acgözlük və ehtiras, nəyin bahasına olursa-olsun mallarını almaq arzusunu oyatmağa çalışırlar.

Pislik, paxıllıq və tamahkarlıq ruhu insanı qətl, iftira, kin kimi günahlara itələyir. Lakin İsa bizi öyrədib ki, başqalarını rədd etmək, alçaltmaq, nifrət etmək qətlə bərabər günahdır. Qətl etmək arzusu belə, qətlə bərabər günahdır. Allahın gözündə hamımız qatillərik və qatillərin övladlarıyıq!

Biz ailədə və ya cəmiyyətdə təfriqəyə baiskar olanda, bu məhvedici ruh tezliklə bizim söz və əməllərimizdə təzahür etməyə başlayır. Lakin Müqəddəs Ruh bizi düşmən tərəfləri barışdıran sülhyaradan olmağa ilhamlandırır. Bəs sən insanlar arasında iztirab və təfriqə salırsanmı, yoxsa sülh, barışıq, razılıq və əfv gətirirsənmi? Münaqişəni daha da qızışdırırsanmı, yoxsa ədavət alovunu söndürməyə çalışırsan?

Hiylə iblisin xasiyyətidir. Allahımızda bu xasiyyət bir zərrə qədər yoxdur. Sadəlövh insanları hiyləgər sözlərlə yoldan çıxararaq iblisin istədiyini yerinə yetirən adamlar hiyləgərin övladlarıdır, çünki Allahın Ruhunun səmərəsi şəffaflıq, səmimilik və düzgünlükdür. Yalan və ondan gələn hər şey əsil şərdir!

Cəhənnəmin səmərəsi isə dediqodu, qeybət, öz adını ucaltmaq üçün başqasının adını ləkələməkdir. Dilimiz zəhər dolu, ayaqlarımız pis işlərə tələsir, biz özümüzü xilas etmək və ucaltmaq üçün yaxınlarımızı belə inkar etməyə, incitməyə hazırıq!

Bu günahları bilmədən və ya bilərəkdən edən hər kəs Allaha nifrət edir. Çünki Allahı sevən, insanları da sevir. Rədd etdiyin, yaxud nifrət etdiyin bir adamı düşün və bil ki, ona nifrət edərək sən, əslində Allahı rədd edirsən, Allaha nifrət edirsən, çünki Allah məhəbbətdir və məhəbbətdə qalan, Allahda qalır və bu məhəbbətin mənbəyi kimi hər kəsə, hətta pis və iyrənc adamlara və düşmənlərinə belə, xeyir-dua verir, onları bağışlayır və sevir!

Şeytanın varlığı qürur dolu olduğu kimi, bu pis adamlar da qürurludurlar. Onlar ürəklərində öz günahlarını, nöqsanlarını bilirlər, amma bu pis həqiqəti gizlətməyə çalışırlar, qürurlanıb öyünürlər, qürrələnib özlərini padşah kimi tuturlar. Həqiqətdə isə onlar ən əhəmiyyətsiz insanlardır, çünki kin və hiylə doludur, öz şəhvət və ehtiraslarının qullarıdır. İnsanların önündə istedadlı və əhəmiyyətli görünürlər, təklikdə qalanda isə Allahın onlara verdiyi “Yanlış düşüncəyə təslim edilsin!” hökmünü eşidirlər.

Başqalarının zəif cəhətlərindən danışaraq onları pis qələmə verən bu adamlar hiylə və yalanları ilə təqsirlərini daha da artırırlar. Murdar ruh onların ailə münasibətlərində özünü göstərir: onlar valideynlərinə itaətsiz olur, Allahdan verilmiş valideyn avtoritetini tanımırlar. Kobud şəkildə azadlıq, pul, müstəqillik və öz hüquqlarını tələb edirlər, xidmət, fədakarlıq, məhəbbət göstərmək və zəhmət çəkmək heç istəmirlər. Valideynlərini alçaldan, cahil və savadsız sayan bu adamlar onlara həyat bəxş etmiş məhəbbəti tapdalayır və anlamırlar ki, hikmətin başlanğıcı Allah qorxusu olduğu kimi, axmaqlığın başlanğıcı günahdır. Allahın Ruhuna tabe olmayan hər kəs lazım olduğu kimi heç nə anlamır, amma dünyaya əyri eynəklə baxır və həm özü, həm də bütün cəmiyyət üçün düzgün meyardan məhrum olur!

Bu halda onlar sadiq qala bilmirlər və etibarsız adamlara çevrilirlər. Allahla sıx ünsiyyətdə olmadan başqa insanla sıx münasibət qurmaq da mümkün deyil, çünki biz sadiq olmağı Allahın sədaqətindən öyrənirik. Rəbsiz yaşayan hər kəs yolunu azmış, itmiş, bədbəxt insandır.

Allahımız məhəbbətdir, mərhəmətdir, şəfqətdir. Hər yaxşılığın mənbəyini tərk edənlərin vay halına, çünki onlar özlərini sevən, başqalarına nifrət edən daşürəkli adamlardır. Özün haqqında düşün, ey qardaşım! Sən düşmənlərini sevirsənmi? Yoxsullara şəfqət göstərirsənmi? İsanın səpələnmiş xalqına rəhmi gəlirdi, O, onların günahlarından iztirab çəkirdi. Bəs sən öz xalqını mühakimə edirsənmi, yoxsa sevirsən? Səndə mərhəmət yoxdurmu, yoxsa Allahın Ruhu səni yenilədi və sən Onun hüzuruna kahin kimi gəlib günahkarlar üçün vəsatətçilik edirsən?

Günahlarımız dənizdəki qum kimi çoxdur. Allahı tanı və özünü tanıyarsan! İlahi mənbəyinin vəsflərindən uzaqlaşan hər kəs ölümə və məhkumiyyətə layiqdir! Bütün insanlar gənc yaşlarından bəri pisdirlər. Sən də günah və təqsirlərinə görə bu gün ölməlisən – Allahın müqəddəsliyi dərhal məhv edilməyini tələb edir! Yaşamağa haqqın yoxdur! İnsan haqları böyük yalandır! Heç bir haqqımız-hüququmuz yoxdur! Bircə haqqımız, öz günahlarımız üçün ölməkdir! Sən yer üzündə cinayətkar kimi gəzirsən, özü də insan deyil, Allah tərəfindən ölümə məhkum olunmusan! Bəs nə zaman fikrini dəyişəcək və ruhən tövbə edəcəksən?

Tövbə etməsən, ən iyrənc günahlara belə, yol verərsən – pis düşünmək, danışmaq və etməklə kifayətlənməyərək, başqalarının etdikləri pisliklərə görə sevinərsən, bundan həzz alarsan! Başqalarını yoldan çıxarar, pis işlərə cəlb edərsən, onlara haqsızlığı öyrədərsən və hər yerdə ölüm ruhunu yayarsan. Məgər sənin öz pisliyin bəs deyildir? Məgər sən bütün cəmiyyəti də pozmalısan? Özünə bax! Günahlarında xoşbəxtsənmi? Başqa insanların daş ürəkləri səni sevindirirmi? Sən özünə və xalqına baxıb, göz yaşları ilə tövbə etmirsənmi? Allahın Ruhu səni həqiqi tövbəyə gətiribmi, yoxsa sən hələ də qürurlusan?

DUA: Ey Allahım, məni bağışla, mən günahkaram! Hər qan damlamda günah, hər hüceyrəmdə murdar fikir olduğunu bilirsən. Mən həlak olmuşam, Sənin hökmün ədalətlidir, ya Rəbb! Ancaq Sən mənə qəzəblənməyə tələsmə, ədalətlə məni həlaka məhkum etmə! Məni və bütün yaxınlarımı dəyişdir, qoy biz diri-diri cəhənnəmə düşməyək! Qoy mən və xalqım nə qədər günahkar olduğumuzu dərk edək! Qoy qəlbən və əqlən dəyişilib, yeni məxluq olaq! Bol mərhəmətinə görə bizə rəhm et və Müqəddəs Ruhunu bizdən götürmə!

SUAL:

  1. Həvari Paulun Romalılara Məktubunda sadaladığı günahların arasından hansı beş günah, səncə, bizim zəmanəmizdə ən geniş yayılmışdır?

Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur
(Rom. 1:18)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)