Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 04 Second Commandment: Do Not Make Idols

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

04 - İKİNCİ ƏMR: ÖZÜN ÜÇÜN HEÇ BİR BÜT DÜZƏLTMƏ



ÇIX. 20:4-6
"Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm".

İkinci Əmr Birinci Əmri tamamlayır və genişləndirir. Buna görə bəzi ilahiyyatçılar onu Birinci Əmrin davamı olaraq qəbul edirlər. Bəzi şərhçilər İkinci Əmri ən çətin sayırlar, çünki insanlar onu çox vaxt səhv başa düşürlər.


04.1 - Məsihi şəkillərinə qarşı etirazlar

Müsəlmanlarla yəhudilər bir çox məsihiləri Haqq-Taalanın əmrlərini pozmaqda ittiham edirlər: "Siz şəkillərdə Allah-Taalanı təsvir edərək Allahın ən böyük əmrini pozursunuz". İkinci Əmrin düzgün tətbiqi üstündə hətta ayrı-ayrı məsihi məzhəblər arasında belə qızğın mübahisələr getmişdir. Şəkillərin əleyhinə olanlar şəkillərin tərəfdarlarının kilsələrinə girib, onların müqəddəs saydıqlarını yandırıb məhv etmişlər. Əlbəttə, insan Allahın və gözlə görünməyən aləmdəki gerçəkliklərin şəklini çəkə bilməz. Allahı təsvir edən bütün şəkillər Onun calalını aşağı salır və təhrif edir. Hətta müqəddəs mələklərin şəkilləri belə əksərən olduqca nöqsanlı və bayağı çıxır. Allah təsəvvür edə biləcəyimiz hər şeydən qat-qat çox, hədsiz dərəcədə izzətli və müqəddəsdir, insanın şəkildə təsvir edə biləcəyindən tamamən fərqlidir. Hətta Mikelancelo kimi məharətli rəssam Onu təsvir edə bilməzdi!

Müqəddəs Kitabda Allahın insanlara iki yolla Özünü tanıtdığını görürük. Birincisi, Allahın dediyi sözdür; ikincisi isə görünən şəkildə gələn ruhani görüntülərdir. Əhdi-Ətiqdə Rəbb görüntülərdən daha çox sözü vasitəsilə insanlara xitab edirdi. Lakin rəhmli Allah təkcə sözlə kifayətlənməmişdir, həmçinin gözlə görünən şəkildə görünmüşdür. Allahın Oğlu həvarilərin gözləri önündə Öz izzətiylə görünəndə, onlar ölü tək yerə sərildilər, çünki İlahi müqəddəslik insanın natəmizliyini ifşa və məhkum edir. Görüntülər görən bütün insanlar gördüklərini təsvir etmək üçün söz tapa bilmirdi və yalnız obrazlardan istifadə edərək gördüklərini nəql edə bilirdilər.


04.2 - Bütlərə və surətlərə pərəstişə qarşı durma

İkinci Əmrin əsil mənasını anlamağa çalışan adam görəcəkdir ki, bu Əmr sadəcə olaraq Allahı şəkillərdə təsvir etməyi qadağan etmir, həm də bizi hər cür bütlərə pərəstiş etməkdən çəkindirir. Allahdan başqa allahlara, heykəllərə, oyma bütlərə və digər şəkillərə ehtiram yaxud səcdə edən hər adam Allahın qəzəbinə uğrayacaqdır.

Əhdi-Ətiq zamanında Yaxın Şərqdəki dağların zirvələrində daşdan oyulmuş heykəllər camaatın onlara səcdə etməsi üçün qoyulmuşdu. Bundan əlavə, insanlar öz evlərində mahir ustaların taxta, daş, gümüş və qızıldan düzəltdikləri bütləri saxlayıb onlara səcdə edirdilər.

Yaşayan Allaha iman etməyən insan Rəbbi rədd edir və murdar ruhlar üçün qapını açır. Məsihin dövründə yunanlar öz allahları önündə yığılıb əxlaqsızlıq edirdilər. Onlardan əvvəl misirlilər, aşşurlular və babillilər də bu cür eləyirdi. Odur ki, Musa və qədim israilli peyğəmbərlər insan əli ilə düzəldilən bütlərə pərəstişlə amansız mübarizə aparırdılar. Bir zamanlar peyğəmbərlər tərəfindən lənətlənən bu heykəllərə hal-hazırda Qahirə, Bağdad və Beyrut muzeylərində tamaşa etmək mümkündür. Bunlara heyran olan və bunların yanında şəkil çəkdirən turistlər Akropolin pillələrində və Luksordakı sərdabələrin ətrafında qədim yunan və misirlilərdən qat-qat daha çox ayaq izləri buraxmışlar. Qeyb aləmini gözlə görünən şəkildə təsvir etmək cəhdləri insanı adətən Allahın Kəlamından daha çox cəlb edir. İnsan gözlə görünməz ruhi aləmi görmək istəyir, çünki o yalnız gördüyü və hiss etdiyi şeyləri dərk edir. Bu səbəbdən televiziya İkinci Əmr üçün xüsusi ilə təhlükəlidir.


04.3 - Yəhudi və müsəlmanlar arasında şəkillərin qadağan edilməsi

İslam dünyasında 1350 il bundan əvvəl şəkillərin qadağan olunmasına baxmayaraq, televiziya, kinofilmlər, jurnallar müsəlman ölkələrinə daxil olub camaat tərəfindən lap yaxşı qəbul olunmuşdur. Şəkillər qadağan olunduğuna görə müsəlmanlar arasında inkişaf etmiş yeganə rəsm sənəti ərəb ornamenti olmuşdur. Səudiyyə Ərəbistanı və Çindəki məscidlərdə, Mərakeş və Cənubi Afrikadakı saraylarda ərəb ornamentinə tez-tez rast gəlinir. İkinci Əmrin müsəlmanlara göstərdiyi təsir kağız, taxta, metal və daş üzərində çəkdikləri rəsmlərdə əks olunmuşdur – bu rəsmlərdə güllər belə həndəsi ornamentlərlə təsvir olunmuşdur. Naxışlarıyla çox vaxt cənnət bağını təsvir edən şərq xalçası dünyada şöhrət qanazmışdır.

Səudiyyə Ərəbistanında “piyada keçidi” yol nişanlarında belə adamı başsız çəkirlər, çünki başlı adamı çəkmək indiyədək qadağandır. Lakin İran, Hindistan və ya Türkiyə kimi ölkələr Qurana əsaslanan şəkil çəkmə qadağasına o qədər ciddi yanaşmır. Oralarda Məhəmmədin və Mələk Cəbrayılın şəklini çəkmək belə məqbul sayılır. Halbuki ərəb müsəlmanlar buna bu günədək yol vermirlər. Bir ərəb ölkəsində Məhəmməd haqqında film çəkiblər, amma Məhəmmədin üzü heç bir dəfə göstərilməyib. Bu film başdan-başa sanki "Məhəmmədin gözləri" ilə göstərilir. Məhəmməd özü heç ekranda görsənmir. Müsəlmanlar üçün film çəkən məsihi prodüserlər Allahın peyğəmbərlərini, mələkləri və Məsihi necə göstərdiklərinə xüsusi diqqət yetirməlidirlər.

Yəhudilər də həmişə bu İkinci Əmri Allahın surətinin çəkilməsinin qəti qadağan edilməsi kimi şərh etmişlər. Roma hökmdarı Tit b.e.-nın 70-ci ilində Qüds şəhərini işğal edib məbədə daxil olanda, Ən Müqəddəs Yerdə qızıl heykəl və ya qiymətli qablar tapacağını güman edirdi. Amma ümidləri boşa çıxdı – Ən Müqəddəs Yer boş idi, çünki Allah maddi deyildir, Ruhdur. O, heç bir şəkil yaxud heykəl ilə məhdud deyildir.


04.4 - Məsihin şəkillərdə təsvir edilməsi Müqəddəs Kitaba ziddirmi?

Məsihilər İkinci Əmri, bir qayda olaraq, yəhudi və müsəlmanlardan fərqli olaraq başa düşürlər. Məsih doğulmasıyla insan oldu, gözlə görünən hala gəldi. İsa, "Məni görən, Atanı görmüş olur" (Yəh. 14:9) misilsiz sözlərini deyə bilən yeganə insan idi. Məsihdə yaradılışın məqsədi kamala çatdı: "Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı" (Yar. 1:27). Adəmlə Həvva ikisi də Allahın surətini nümayiş etdirməyə çağırılmışlar. Allahın ucalığından qalan izzət indiyədək insan üzündə əks olunur.

Yaradılışdan zövq almağa tam hüququmuz vardır. Biz gül-çiçəkləri, heyvanları, insanları çəkə bilərik. Ancaq onları ilahiləşdirmək, onlara pərəstiş etmək olmaz. Məxluq həmişə məxluq olaraq qalacaqdır və hər hansı bir məxluqu Xaliq yerinə qoymaq insana yaraşmaz. İnsan günaha batdığı anda ondakı Allahın surəti pozuldu və dünyamıza şər daxil oldu. Lakin İsa, İkinci Adəm, insanda Allahın surətini bərpa etdi. Həvari Paul İsanın "görünməz Allahın surəti" (Kol. 1:15) olduğunu elan etdi.

İsa bütün insanlar uğrunda doğuldu, öldü və dirildi. Buna görə biz Onu zənci, çinli, hindu, alman, ərəb, rus kimi çəkə bilərik. O həmişə bütün mədəniyyətlərdə insan simasında əsil Allahın surəti olaraq qalacaqdır. Onun məhəbbəti, sevinci, sülhü, səbri təkcə nəzəri deyil, əməli və həqiqidir.

Allah Məsihdə bizə yaxınlaşdı. O, hinduistlərin öldürücü Kali tanrısı kimi qorxunc sifətlə gəlmədi, həlim və təvazökar Quzu kimi gəldi, bizim uğrumuzda Allahın qəzəbini Öz üzərinə götürdü, bizə xilas və əbədi həyat verdi. İsa bizə fədakarlığı öyrətdi və çarmıx əsla tükənməyən İlahi məhəbbətinin rəmzi oldu. Məsih ölümdən dirildikdən sonra ruhani bədəndə göründü və şagirdləri Ona toxuna bilirdi. Allahdan uzaq yaşadığımız zaman sona çatdı, Məsihdə Allahın surəti gözümüz önündə göründü (Luk. 24:39).


04.5 - Məsihin ardıcıllarında əks olunan surəti

İsa Öz ardıcıllarının ürəklərini lütfkar Ruhu ilə doldurdu və buna görə onların həyatında Allahın məhəbbəti, müqəddəsliyi və xeyir-duası aşkar oldu. Allah bizi kin və ölümlə dolu bu dünyada Onun İlahi surətini nümayiş etdirməyə çağırdı. O bizə, qohum-qonşumuzla, dost-tanışımızla rəftarımız ilə yazılan "Məsihin məktubları" olmaq haqqını verdi. İsa Öz surətini bizə verdi ki, biz Onun məziyyətlərini əks etdirək.

Afrika, Asiya, Avropa, Amerikada – hər yerdə İsanın fəal ardıcıllarına rast gələn adam tezliklə üzlərindən yağan sülhü, Məsihin nurunu görüb ayırd edə bilir. Çarmıxa çəkilmiş və ölümdən dirilmiş Məsihin Ruhu insanın ürəyində yaşayanda, o insan kim olursa-olsun – kasıb yaxud varlı, alim yaxud savadsız, cavan yaxud qoca olmasından asılı olmayaraq – səmavi aləmin şöləsi ilə parlayır. İnsanları varlılarla yoxsullara və ya sosialistlərlə kapitalistlərə bölmək düzgün deyildir. Yenidən doğulmuş və günah içində ölü olanlara bölmək daha doğru olar. Məsih insanın ürəyində məskən salanda hamı onun həyatında Allahın həyatının bariz əlamətlərini görür.

Müqəddəs Ruhun bir xasiyyəti budur ki, O, Özünü ucaltmaz, ancaq çarmıxa çəkilmış və dirilmiş Məsihi ucaldar. Buna görə Məsihin ardıcılları özlərini göstərməyə çalışmazlar, lovğalanmazlar, əksinə, onların uğrunda canın vermiş Quzuya şan-şöhrət və izzət verərlər. İsanın anası Məryəm və bütün müqəddəslər onların şərəfinə ucaldılan heykəl və şəkilləri görsəydilər, qəti etiraz edərdilər. Onlar öz şəkillərinin çarmıxa çəkilmiş Rəbbin yerini tutmasını əsla istəməzlər. Tək Allahdan başqa yaxşısı yoxdur. Biz yalnız lütf ilə saleh və müqəddəs sayılırıq. Məryəmə yaxud müqəddəslərə dua edən, onlar üçün vəsatət etmələrini xahiş edən adamlar Müqəddəs Kitaba zidd hərəkət edirlər. Belə eləyənlər təkcə Üçlükdə var olan vahid Allaha güvənmirlər, lakin qismən fani məxluqlara güvənirlər; beləcə onlar İkinci Əmri pozurlar. Heç bir şəkil, heykəl, ikona, müqəddəslərin qurumuş cəsədləri yaxud sümükləri möcüzə yarada və şəfa verə bilməz. Yalnız Allah bizi Oğlu İsa Məsih vasitəsilə xilas edir. Kilsələrdə saxlanılan bütlər də Rəbbin gözündə iyrəncdir.

Yeni əhddə biz Allahın sevimli övladları kimi birbaşa Allahla münasibət qururuq. Bu münasibət yalnız İsanın qurbanı və Allahın sağında bizim üçün müntəzəm vəsatətçiliyi sayəsində mümkün olur. Allahın Oğlu bizim üçün birbaşa Səmavi Atasına aparan yolu açmışdır. İnsan bu hüququ qəbul etmirsə, deməli, o hələ Allaha güvənmir. Çünki biz Atadan və Oğuldan lütfü, salehliyi, əfvi, Ruhu və həyatı qəbul etdik. Buna görə biz yalnız Ülçükdə vahid Allahı şöhrətləndirməliyik, Ona ürəkdən şükür və səcdə etməliyik.


04.6 - Allahın qısqanclığı

İkinci Əmrdəki bərəkət vədi və qisas barədə xəbərdarlıq vasitəsilə Allahı sevənlərlə Ondan üz döndərənlər arasında göylə yer qədər fərq olduğu göstərilir. Yaradan yenə Özünü "Mən" sözü ilə tanıdır – O, iradəyə və sözə malik olan yaşayan Şəxsdir. O bizi inandırır ki, hər şeyi idarə edən, hər şeyə hökmran olan sadiq Rəbb Odur. O bizimlə əbədi əhd bağladı və bizdən də sadiqliklə Ona təslim olmamızı gözləyir.

Allah yalnız Onu sevməyimizi tələb edir. Bir bütə, dini və ya milli rəhbərə, var-dövlətə, qeybdən xəbər verənlərə bağlı ola-ola Allaha təslim olmağa cəhd etsək, Allah bunu əsla qəbul etməz. O, yeganə Allahdır və Ondan başqa Xilaskar yoxdur!


04.7 - Allaha nifrət edənlər yıxılacaqlar

Allahın məhəbbətinə xor baxanların, onu rədd edənlərin vay başına! Onlar meynədən kəsilib quruyan və bar gətirməyən budağa bənzəyirlər. Onların aqibəti əbədi odda yanmaqdır. Allahda qalmayan adam özünü başqa allalara, bütlərə həsr edərək ruhən Allaha qarşı xəyanət edir və özünü kiçik allah sayır. Allah heç kəslə izzətini bölüşməz. Ondan savayı Yaradan yoxdur. Yalnız O indiki və gələcək zaman üzərində Hökmrandır.

Allaha tərəf dönməyən, lakin başqa allahlara baxan və özünü ən önəmli varlıq sayan insan qürurlanaraq Yaradanın məhəbbətinə qarşı ürəyini inadkarlaşdırır, rəhmsiz və hiyləgər olur, başqalarına xidmət etməkdənsə, öz xeyri üçün onlardan istifadə edir. Allahı sevməyən qonşunu da sevə bilməz; belə adam həqiqətlə ölçə bilmədiyindən dünya və dünyadakı problemlər barəsində ədalətlə mühakimə yürüdə bilməz. O, vicdanı itirərək pozğunlaşar və həyatda qalmaq üçün amansız mübarizədə heyvandan da betər olar.

Allahın çoxlu öyüd-nəsihətlərinə, məhəbbətinə dair verdiyi açıq əlamətlərə baxmayaraq Allahdan uzaqlaşmaqda israr edənlər batıb gedirlər. Allah onları ürəklərinin ehtiraslarına təslim edir və onlar özlərini həlak edirlər. Padşah Şaul və Yəhuda İskariot buna misaldırlar. Bu İlahi mühakimə prinsipi həm ayrı fərdlərə, həm ailələrə, həm də xalqlara aid olur. Ər-arvad murdar ruhların təsiri altında yaşayanda, onların uşaqları da belə yalanı qəbul edib həqiqət sayırlar. Bu yolla küfr və allahsızlıq nəsildən nəslə keçir. Bir ailədə xəsislik və ya paxıllıq varsa, onun təsiri ailənin ab-havasında və darvanışlarında da öz əksini tapır. Ailədə humanizm və ya sosialist ateizmi ruhu hakim ola bilər, nəticə eyni olacaq. Ailənin ruhu çox vaxt uşaqların davranışlarında üzə çıxır. Bəzi ailələr şəfa tapmaq yaxud qeybi bilmək ümidiylə falçılığa, caduya əl atırlar. İsa bu cür işləri əsla qəbul etməz, lakin peşman olub tövbə edən günahkarları sevinclə qəbul edər və şeytanın lənətindən azad edər. İsa dedi: "Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız" (Yəh. 8:36). Məsihin səlahiyyəti ağlagəlməz dərəcədə böyükdür, O, şeytanın bütün zəncirlərini qırmağa qadirdir.

Allah bizə öyrədir ki, ailənin inadkarlığı üçün qisas üçüncü və dördüncü nəslə qədər davam edəcək; yalnız ailənin üzvləri ürəkdən tövbə edib Allaha tərəf dönəndə, bu lənət aradan qalxacaq. Böyüklər və uşaqlar çox vaxt allahsız əcdadlarına görə əziyyət çəkirlər. Lakin biz hətta inkadar günahkarları mühakimə etməməliyik, amma mühitlərinin təsirini nəzərə alaraq onlara məhəbbət göstərməliyik. Bir çox yəhudi və müsəlmanların əcdadlarının əqidələrini beyinlərinə o qədər yeridiblər ki, onlar Allahın Oğluna imanı qəti surətdə rədd edirlər. Lakin insan irs olaraq aldığı və ağır yük kimi daşıdığı bu qüvvələrdən xilas olmaq istəyəndə, İsanın adıyla hətta öz mədəniyyətinin köləlik zəncirlərindən belə azad ola bilir. Biz İsa uğrunda ailəmizdən, vətənizimdən də məhrum olmağa razı olanda, Allah bizim Atamız olduğunu dərk edirik. O, gələcəyimizin məsuliyyətini Öz üzərinə götürür və bizə üz tutub deyir: "Rəbb Allahın, şəfqətli Atan Mənəm. Səni satın aldım, adınla çağırdım, sən Mənimsən! Məndən möhkəm yapış və hər cür şərdən bir dəfəlik əl çək. Sadiqliyimə, qüdrətimə inan və əbədi olaraq əmin-amanlıqda olacaqsan!"


04.8 - Allahı sevənlər bol xeyir-dua alacaqlar

Allaha ehtiram edən, Allahı sevən adam daim Onun Kəlamı üzərində dərin-dərin düşünər və Onun qüvvəsi ilə yaşayar. Allahın hədsiz xeyirxahlığını dərk edən kəs xilası, lütfü və səbri üçün Ona şükür edər. Şükranımızda Allaha qarşı məhəbbətimiz büruzə verir. Şükür edənlər Allahın Kəlamında gündən-günə xəzinə axtarıb taparlar, ondan qüvvət, xeyir-bərəkət, gündəlik qərarları üçün istiqamət alarlar. Nişanlısından məktub alan kimi onu açmadan bir kənara qoyub yaddan çıxaran qız haqqında nə düşünərdik? Deyərdik ki, qız onu heç sevmir. Öz nişanlısını sevən qız səbirsizliklə sevgilisindən məktub gözləyər və alan kimi zərfi açıb təkrar-təkrar oxuyar, ayrı-ayrı yerlər haqqında çox düşünər, onları az qala əzbərləyər. Biz də Allahı seviriksə, Müqəddəs Kitabı oxuyuruq və orada yazılanlar bizə məhəbbət məktubu kimi gəlir. Kitabı müntəzəm olaraq oxuyuruq, ən önəmli yerləri əzbərləyirik. Ürəyimiz Allahın Kəlamı ilə dolu olur və bu Kəlamdan biz Allahın iradəsini yerinə yetirmək üçün qüvvət alırıq.

Öz ailəsi üçün ürəkdən dua edən valideynlər İsanın xeyir-duasını uşaqlarına çatdırırlar. Belə ailədə uşaqlar allahsız və laqeyd böyümürlər, əksinə, gələcəkləri üçün möhkəm təməl qoyurlar. Valideyn öz uşağını imanlı olmağa məcbur edə bilməz və eləcə də onu döyməklə canından pisliyi çıxara bilməz. Ancaq imanlı valideynin şəfqətli davranışı uşağa qeyri-şüuri təsir göstərir. Valideynlərin davranışları adətən öyüd-nəsihətlərindən daha çox uşaqların yaddaşında qalır. Ananın baxışı bəzən sözlərindən daha güclüdür və məhəbbəti balasını imansızlıqdan xilas edir!

Allah Onu sevənlərin min nəslinə xeyir-dua verəcəyini vəd edir. Bu vəd, uşaqlarını imansız mühitdə müxtəlif sınaqlar arasında böyüdən valideynlərə böyük təsəlli verir. Yanan çırağın şüaları gecənin qaranlığını dağıtdığı kimi, Allahın məhəbbətinin qüvvəti qatı zülməti dağıdır. Hər zaman dua edən imanlı valideynlərin evində ruhani irsin artdığından şübhə ola bilməz.

Min nəsli əhatə edən müddəti hesablamısınızmı? Bir nəsil 25 il sayılsa, hesabın nəticəsi 25 min ilə bərabər olacaq. Bir imanlının vasitəsilə Allahın xeyir-duası 25 min il ərzində təsir edəcəkdir! Böyük bir ailədə nəvələri və nəvələrin nəvələrini düşünsək, saysız-hesabsız imanlı əsgərlər ordusunu görəcəyik. Bütün bunlar imanlı ər-arvad vasitəsilə meydana gələn xeyir-dualardır. Rəbb Onu sevənləri inandırır ki, hər imanlı yüzlərlə susayan adama həyat suyu verəcək. İsanın ardıcılı xeyir-bərəkətin mənbəyi kimi özündən əsla bəhs etməz, özünü ancaq Allahın lütfünün axdığı kanal sayar. Rəbb Ona güvənən hər kəsə qeydsiz-şərtsiz bütövlüyündən lütf üstünə lütf bəxş edər.

Fiziki və ya ruhani atalarının qoyduğu mübarək irsi öz həyatında görən adam dünyanın mədəniyyətlərini düzgün qiymətləndirə bilər. Yüzlərlə il əvvəl Allahın Kəlamının təsirinə məruz qalan bir şəhər, kənd yaxud ölkənin əhalisi sərbəstcə Allaha şükür edər, əməllərindən məsuliyyəti dərk edər, qənaət etməyi və ehtiyacda olanlara kömək etməyi bacarar. Allahın vahid Üçlüyünü qəbul edənlərin övladları, mübarək əcdadlarından irs aldıqları mədəniyyəti layiqincə qiymətləndirmirlər, bunun ailə, təhsil, iqtisadi və siyasi həyatlarına nə qədər təsir etdiyini anlamırlar.

Lakin kinli və qanlı bütlərə pərəstiş edən Hindistan kimi ölkələrdə və ya əcdadlarına pərəstiş edən və cadugərliklə nəfəs alan Afrika kimi yerlərdə köləlik, qorxu, inamsızlıq hökm sürür. Qadının ləyaqəti çox vaxt tapdalanır, kişilər qadınlarla qəddar rəftar edirlər. Tayfalar arasındakı münaqişələr inkişafı ləngidir, yoxsullar daha yoxsullaşır, varlılar isə var-dövlətlərini artdırırlar. Müsəlman, hinduist və ya məsihi kəndə girəndə fərqli atmosfer hiss olunur. Hətta heyvanlar belə rəhmsizcə döyüləcəyi və şəfqətli rəftar görəcəyi yerləri qabaqcadan hiss edir.


04.9 - Nəticə: labüd ayırma

İmanlı ataların və anaların xeyir-duası realdır, gözlə görünəndir. Onların Allaha məhəbbəti, sadiqliyi sayəsində övladlarının övladları xeyir-dualı olmuşlar. Mömin əcdadlar onlara görə dua etdilər, zəhmət çəkdilər, ömrünün axırına kimi saleh yaşadılar, razılıq etdilər. Burada biz bir daha bütün insanları Allahı sevənlər və Ona nifrət edənlər olmaq üzrə iki qrupa ayıran xətti görə bilirik. Ata Allaha güvənən adam Allahın övladı kimi məhəbbətində rahatlıq tapar və məhəbbətlə yaşamağı öyrənər. Lakin İlahi məhəbbətə qarşı duran, ondan uzaqlaşan adam ürəyini daşa döndərib doğru yoldan azar. Axır günlərdə çoxlarının məhəbbətinin soyuması təsadüfi deyildir. Bütün ürəyi ilə Allaha tərəf dönməyən insan şərin əlində oyuncağa çevriləcəkdir. Allaha qarşı üsyan indiki dünyamızda geniş yayılmış təhlükəli ideologiyaları meydana gətirmişdir. Karl Marks yeniyetmə olanda imanlıydı, lakin falçılığa, ruhları çağırmağa, cadugərliyə meyil göstərəndə cansız maddəni həyatları üçün əsas götürməyi öyrədən təlimiylə milyonlarla insanı aldatdı. Hər necə olsa, Marksın ardıcılları Allahın üzünə yumruq göstərdikləri üçün yer üzündə fəhlələrin cənnətini əsla yarada bilməzlər. Allahı, məhəbbət və həyat mənbəyini rədd edən və insanı Allahın yerinə qoyan adam müqəddəs Olana qarşı kin bəsləyir və qiyamət günündə özü üçün qəzəb toplayır.

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:34 AM | powered by PmWiki (pmwiki-2.2.109)