Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 03 First Commandment: You Shall Have no Other Gods Before Me
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Baoule -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- Finnish? -- French -- German -- Gujarati -- Hebrew -- Hindi -- Hungarian? -- Indonesian -- Kiswahili -- Malayalam? -- Norwegian -- Polish -- Russian -- Serbian -- Spanish -- Tamil -- Turkish -- Twi -- Ukrainian -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

03 - BİRİNCİ ƏMR: BAŞQA ALLAHLARIN OLMASIN



ÇIX. 20:3
"Məndən başqa allahların olmasın!"


03.1 - Bu gün bütlərə edilən pərəstiş

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə taxta, daş və ya qızıl bütlərə səcdə edən insana demək olar ki heç rast gəlinmir. Lakin Asiya yaxud Afrikanı ziyarət etsəniz, çoxlu bütləri və onların önündə qorxu içində səcdə edən çoxlu adamları görə bilərsiniz.

Hindistan Hava Yollarının bir jurnalında altı qollu müharibə ilahəsi Durqanın şəkli çap olunmuşdur. Durqa, ona yaxınlaşmağa cürət edən hər kəsi ağzından çıxan alovla yandırır, düşmənlərini məhv edərkən gülümsəyir.

Hindistana gələn qonaqlar mehmanxanalarda Qanapati tanrısının fil şəklindəki oyma bütlərini görürlər. Hinduistlər bu bütlərin qabağına arabir ətirli güllər qoyurlar. Xüsusi bayram vaxtlarında iki-üç mərtəbəli bina hündürlüyündə plastik fil heykəllərini çiçək hörükləriylə bəzəyirlər. Yığın-yığın insanlar küçələrdə bu bütlərin arxasınca gəzir, mərasimin sonunda isə onları dənizə və ya çaya tullayıb, yaxşı balıq ovu gətirəcəklərini yaxud məhvedici sellərdən qoruyacaqlarını ümid edirlər.

Bir bayram əsnasında hinduistlər minlərlə inəyi məbədə gətirib sağlam olsun deyə üstünə müqəddəs su çiləyirlər. Ondan sonra inəklərin həsr olunmasının əlaməti olaraq buynuzlarını açıq rənglərə boyayırlar.

Himalay dağlarının arxasındakı Ladax vadisini ziyarət etsəniz və ya başqa buddist ölkələrinə səyahət etsəniz, orada Buddanın təbəssüm edən nəhəng qızıl heykəllərini və önündə böyük ehtiramla səcdə edən insanları görəcəksiniz. Bəşəriyyətin dörddə üç hissəsi hələ bütlərə səcdə edərək Birinci Əmri pozur. Bütpərəstlər heykəllərin qüvvəsinə və ruhun bir bədəndən digərinə keçməsinə (reinkarnasiyaya) inanırlar. Afrika və İndoneziyada milyonlarla insan hələ bu cür adət-ənənələrin köləsidir. Nəsildən-nəslə əcdadlara ibadət baş alıb gedir. Ancaq İsanın qüvvəsi ilə adam ruhların qorxusundan, bütpərəstlikdən və cadulardan azad olur. O zaman adam artıq İsanın onu murdar ruhların hər cür təsirindən qoruduğunu dərk etdiyinə görə, sehrli ovsunlara, göz muncuqlarına ehtiyacı olmadığını anlayır, ölü bütlərin himayəsini, müdafiəsini rədd edir.

Səmavi Atamız bizi hər cür qorxudan və cadunun təsirindən azad edir. Allah Oğlu İsa Məsihin qanı bizi bütün şər qüvvələrindən qoruyur. İsanın ardıcıllarına qarşı zülmət qüvvələri naminə yazılan və ya söylənən bütün qarğışlar möhkəm qaya olan Rəbbimizin adına dəyib dağılır. İsa həmişə Ona sığınan hər kəs üçün möhkəm qala olacaqdır.


03.2 - Müasir bütlər

Əfsuslar olsun ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə də bütpərəstlik yayılıb. Bu ölkələrdə insan yaşayan Allahdan daha çox müasir texnologiyaya güvənir. Adam öz maşınına minib geniş və hamar asfalt yolunda yüksək sürətlə hərəkət edir. Maşın müasir insanlar üçün bir bütə dönüb. Onlar özlərini maşının gücünə təslim edirlər. Qədim israillilər qızıl dananın ətrafında rəqs etdikləri kimi, müasir sivilizasiya son model maşınların ətrafında rəqs edir. Maşının yiyəsi maşın üçün pul yığır, canını qurban verir, onu təmizləyib parıldadır, insanlardan daha çox maşınının mühərrikinə qulaq asır. Avtomobilinə sərf etdiyi vaxtı və pulu heç yoxsullara, möhtaclara sərf etmir. Məgər insan müasir texnologiyanın köləsi olmuşdur? Avtomobil yarışına, idman oyunlarına tamaşa etmək üçün yığın-yığın adamlar bir yerə toplaşırlar. İbadətə gələnlərin sayı isə onlardan xeyli az olur.

İsa bizə pulpərəstlik və varlanmaq arzusu barəsində xəbərdarlıq etmişdir: "Heç kəs Allaha və pula qulluq edə bilməz, ya birini sevər və o birinə nifrət edər, ya da Allahdan üz döndərib pula bağlanar". "Hər cür pisliyin kökü pulpərəstlikdir". Sosializm və kapitalizm eyni məqsədə görə çalışır, sadəcə olaraq kapitalistlər var-dövləti əldə etmişlər, sosialistlər isə eyni var-dövləti hiylə və zorakılıqla əldə etməyə çalışırlar. İnsanlar bu günədək qızıl dananın ətrafında rəqs edirlər. Aldanmayın, Allaha istehza edilməz! Həm Allaha, həm də pula qulluq etmək qeyri-mümkündür. İsanın var-dövləti yox idi və O, aza qane olmuşdur. İsanın həvarisi bizə varlanmaq arzusunun təhlükəsi barədə ciddi xəbərdarlıq edir: "Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər" (1Tim. 6:9; Mat. 6:24; 19:24).

Əslində, bütün mədəniyyətlərdə və dinlərdə gizlin və açıq şəkildə hakim olan ən böyük büt bizim öz xudbinliyimizdir. Hər kəs özünü hamıdan yaxşı, hamıdan gözəl, hamıdan əhəmiyyətli sayır. İnsan şüurlu olaraq belə fikirləşmirsə də, qeyri-şüuri bunu arzu edir.

Hər kəs özünü “dünyanın göbəyi” zənn edir. Bir dəfə üç yaşlı bir qızdan böyüyəndə kim olmaq istədiyini soruşdular, qız “Heykəl olmaq istəyirəm” cavab verdi. Nə üçün heykəl olmaq istədiyini xəbər alanda, "İstəyirəm, hamı mənə baxmaq üçün başını yuxarı qaldırsın!" dedi. Qürur və xudbinlik qanımıza hopub. Bu vəziyyətimiz Məsihin həlim Ruhuna tamamilə ziddir. İsa dedi: "Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?" "Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür". "Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq". "Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə" (Yəh. 5:44; Mat. 11:29-30; 16:25-26; Yer. 45:5).


03.3 - Bütpərəstlik üzərində qələbə

Niyə Allahdan başqa allahlara pərəstişi qadağan edən Əmr birinci sırada yer alır? Əslində, Allahdan savayı heç bir “allah” yoxdur. Bu dünyanın bütün "ulduzları" müvəqqətidir, ötüb keçəndir. Ən yaxşı insanlar belə fanidirlər, ölməyə məhkumdurlar. Yalnız Allah əbədi yaşayandır. Bizi yaradan və bütün şan-şöhrətə layiq olan yalnız Odur. Kainatın mərkəzində O durur. Biz Onun ətrafında fırlanmalıyıq, O bizin ətrafımızda yox! Xudbinliyimiz gündən-günə əzilməlidir, biz xudbinlikdən azad olub özümüzü Allaha təslim etməliyik. Həyatımızın bank hesabı, səhhət və ya istedadlar təməli üzərində qurulmasına yol vermək olmaz.

İbrahim illərlə gözlədiyi əziz oğlu və qanuni varisi İshaqı çox sevirdi, iş o yerə çatdı ki, İshaq onun həyatında mərkəzi yeri tutmuş və Allahdan da önəmli olmuşdu. O zaman Allah bu bəndəni sınaqdan keçirdi – sevimli oğlunu Ona qurban verməsini tələb etdi. İbrahim bu ağlasıqmaz tələbi yerinə yetirməyə hazır idi – o, bir Allaha izzət verərək, öz oğlunu qurban olaraq təqdim etməyi qət etdi. Vəd olunan varisin qurban verilməsinə son anda mane olan Rəbb onun əvəzinə bir qoç yetirdi. İbrahimin ürəyində gedən mübarizədə Rəbb izzətləndi, çünki İbrahim artıq sevimli oğlu ilə vidalaşmışdı və Rəbbi oğlundan daha çox sevdiyini sübut etmişti.

Biz Rəbb ilə ünsiyyətdə olmamıza mane olan böyük və ya kiçik bütlərin olub-olmamasını bilmək üçün hərdənbir özümüzü sınamalıyıq. Kitablar, bəzək əşyaları, rəsmlər, xatirələr, həvəslər, adətlər, pullar, evlər, torpaq sahələri və digər əşyalar bütə çervilə bilər. Hətta insanlar belə ürəyimizi əsir tuta bilərlər.

Bütpərəstliyin xüsusi bir növü, öz milli rəhbərlərini göylərə ucaldan xalqlarda müşahidə olunur. Napoleon, Atatürk, Hitler, Əbdül Nasir, Xomeyni kimi şəxsiyyətlər milyonlarla insanın gözündə ən yüksək yeri tutur. Lakin çox vaxt bu adamlar öləndən bir az sonra kitabları yandırılır, heykəlləri sökülür. Yeremya peyğəmbər hər hansı insanı ucaltmaq və insanın köməyinə arxalanmaq barəsində xəbərdarlıq edir: "O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır" (Yer. 17:5).

İzdihamlar kinoulduzları və çempion idmançıları ucaldarkən o məqama çatırlar ki, onlara allahlar imiş kimi valeh olurlar. Stadionlara gələn azarkeşlər və müasir musiqi konsertlərində yığılan camaat az qala vəcdə gəlirlər. Burada qeyd etmək lazımdır ki, biz insanlara hörmət və xidmət göstərməyi günah saymırıq. Ancaq insanı Allahdan çox sevən, məxluqa Xaliqdən çox güvənən adam ruhən xəyanət eləyir. Çünki Allah bizimlə əbədi əhd bağlayıb. Buna görə də Məsih insanlara "zinakar, vəfasız nəsil" deyir, çünki onlar Allahı ürəkdən sevmirlər, hörmət etmirlər və yalnız Ona güvənmirlər.

Bu gün bütpərəstlik qədim və müasir formalarıyla yayılaraq Allahdan uzaqlaşan insanların ürəyindəki boşluğu doldurur. Lakin Rəbb qısqanc Allahdır, O ürəyimizin yeganə Sahibi olmaq istəyir. Əlli faiz yaxud səksən faiz sədaqətimiz, məhəbbətimiz Onu əsla razı salmaz. Allah istəyir ki, biz tamamən və əbədiyyən Ona məxsus olaq. Buna görə qədim və müasir bütlərin hamısı həyatımızdan çıxarılmalıdır və biz özümüzü təzədən Səmavi Atamıza həsr etməliyik. Özünü yoxla: sənin həyatında hansı bütlər gizlənir və sən onları yox etmək üçün nə edirsən?


03.4 - Məsihi əqidəsi Birinci Əmrə ziddirmi?

Yəhudilərlə müsəlmanlar buraya qədər On Əmrin məsihi şərhiylə razılaşırlar, amma bundan sonra ixtilaf başlayır, çünki onlar məsihiləri fəsadçılıqda və küfrdə günahlandırırlar: "Siz birinci və ən böyük Əmri pozan kafirlərsiniz, siz Allaha küfr edərək öyrədirsiniz ki, guya üç allah var və onlardan biri çarmıxda ölüb!" Yəhudilərlə müsəlmanlar bir ağızdan məsihiləri Müqəddəs Üçlüyə iman etdiklərinə görə Allaha küfr etməkdə və bütpərəstlikdə günahlandırırlar.

Bəs İsa Özü bu cür ittihamlara necə cavab verirdi? Hər gün daşürəkli adamların ittihamlarına tab gətirən İsa ardıcıllarına Allahla əlaqəsi barədə açıq şəkildə təlim verirdi: "Mən və Ata birik" (Yəh. 10:30). O heç vaxt deməyib ki, "Mən və Ata ikiyik"; O həmişə Ata ilə bir olduğunu təsdiq etmişdir! İsa həmçinin "Mən Atadayam, Ata da Məndədir" demişdir. O, həbs edilməzdən əvvəl Öz ardıcıllarına görə belə dua etmişdir: "Biz bir olduğumuz kimi onlar da bir olsun" (Yəh. 17:22). Bu sözlər Müqəddəs Üçlüyün vahidliyinin sirrinə şəhadət edir. Burada cəm forma tək forma ilə eyniləşir. İsa Ata ilə tam vəhdət içində olduğuna şəhadət etmişdir. Bu ruhani həqiqəti riyazi yolla qavramaq qeyri-mümkündür. "Heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz" (1Kor. 12:3). Çünki bu, əzəli ruhani həqiqətdir. Ruhani şeyləri isə yalnız Allahın Ruhuna açıq olanlar dərk edə bilir.

İsa dedi: "Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq" (Yəh. 14:23). İsa vəd etdi ki, Onun ardıcıllarında Müqəddəs Ruh məskən salacaq. Eyni zamanda O, ardıcıllarını Səmavi Ata ilə kamil vəhdətdə olduğuna və onları ürəklərində yaşayacağına inandırırdı.

Məsihilər üç ayrı allahlara iman etməzlər, lakin Ata, Oğul və Müqəddəs Ruh olaraq Özünü tanıdan vahid Allaha iman edərlər. Müqəddəs Üçlüyün birliyini iqrar edən imanlılar Birinci Əmri pozmazlar, əksinə, yerinə yetirərlər. Biz Məsihin ölümü sayəsində Allahla barışdığımıza görə, Müqəddəs Ruh ürəklərimizə töküldü. Bu həqiqət Ruhu bizi, Allahı “Atamız!” olaraq çağırmağa, “Ata” adını təqdis etməyə ilhamlandırır. Biz Rəbbimiz İsaya iman edirik və Onu sevirik, "çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb" (Rom. 5:5). Müqəddəs Üçlüyün birliyi Müqəddəs Ruhdan doğulmamış və bu uca həqiqəti dərk etmək istəməyən hər adamdan gizli olaraq qalır.

Quran əslində məsihi əqidəyə uyğun olan Üçlüyün birliyini inkar etməz, yalnız yanlış üçlüyə qarşı durar. Quranın etiraz etdiyi üçlük “ata, ana və oğul”dan ibarətdir (Maidə surəsi 5:116). Quran həmçinin Allahı Məryəm oğlu adlandırmağa (Maidə surəsi 5:17, 72) və Allahın üç şəxsdən üçüncüsü olduğunu düşünməyə (Maidə surəsi 5:73) qarşı etiraz edir. Bundan fərqli olaraq, Məsihi Müqəddəs Üçlük əqidəsi təsdiq edir ki, Allah cəm olan vəhdətə malik, Üçlükdə Vahiddir. Çünki Ata Özü var Olandır, Sözü ilə danışandır, Ruhu ilə yaşayandır. Bizim iman etdiyimiz Üçlük “ata, ana və oğul”dan ibarət deyildir və biz inanmırıq ki, Allah, Məryəm oğlu Məsihdir. Biz bir Allaha – Ata, Oğul və Müqəddəs Ruha iman edirik.


03.5 - Əhdi-Ətiq Üçlük barəsində nə deyir?

Əhdi-Ətiqdə Allahın Müqəddəs Üçlükdə vahid olduğunu təsdiq edən çoxlu ayələrə rast gəlmək olar. Bu şəhadəti Quran da inkar edə bilməz.

Zəb. 2:7,12. Məsihin doğulmasından min il əvvəl yazılmış Məsihə dair İlahi vəhy: "Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum". İnsanlara xəbərdarlıq: "Oğulu öpün ki, qəzəblənməsin, yoxsa tutduğunuz yolda məhv olarsınız".

Yeş. 7:14. Məsihin doğulmasından 700 il əvvəl: "Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel (yəni, Allah bizimlədir) qoyacaq".

Yeş. 9:6. Böyük İlahi vəd: "Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq". Əhdi-Ətiqdə yazılmış olan bu misilsiz sözlər Məsihin ilahiliyinə və Allah ilə kamil birliyinə şəhadət edir.

2Şam. 7:12-14-ə əsasən, Allah padşah Davuda vəd etdi ki, onun “belindən gələn” övladlarından biri həm də Allahın Oğlu olacaq. Bu vəd veriləndən bəri Davud Oğlunu eləcə də Allahın Oğlu adlandırmağa başladılar.

Zəb. 110:1-də "Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur»" deyə yazılmışdır. Kimdir bu Rəbb və Ağa? Bu ayələr Ata, Oğul və Müqəddəs Ruh arasında olan kamil vəhdətə şəhadət edir.

Müqəddəs Kitabın ən birinci səhifəsini açıb oxusaq, elə orada Allahın danışarkən cəm formadan istifadə etdiyini görəcəyik: "Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq…»" (Yar. 1:26).

Gördüyümüz kimi, Müqəddəs Üçlüyün vəhdəti barəsində şəhadət məsihilərin uydurması deyildir. Allah bu həqiqəti Məsihin doğulmasından min il əvvəl elan etmişdir. İlahi Vəhyə qarşı kim dura bilər?


03.6 - Məsihin ilahiliyinə dair Quran ayələri

Ata, Oğul və Müqəddəs Ruh olan bir Allahın vəhdətinə yalnız Musanın beş Kitabı, Zəbur və Peyğəmbərlərin Yazıları deyil, Quran özü də şəhadət edir. Quranda qədim məsihi şəhadətə əsaslanan ayələr vardır. Qərəzsiz, açıq zehinlə Quranı oxuyan hər müsəlman, Məsihin bakirə Məryəmdən möcüzə ilə doğulmasını nəql edən surələri oxuyaraq, Məryəmin heç bir kişinin iştirakı olmadan, yalnız Allahın sözü ilə Məsihə hamilə qaldığına əmin olacaqdır. Allah bakirə qıza Öz Ruhundan üfürdü və ondan mübarək İsa doğuldu (Ənbiya surəsi 21:91 və Təhrim 66:12).

Ali İmran surəsi 3:45, Nisa surəsi 4:171 və Məryəm surəsi 19:43 Məsihin Allahın Sözü və Allahdan gələn Ruh olduğuna şəhadət edir. Bu Quran ayələri Yəhya İncilinin məşhur bir ayəsiylə səsləşir: "Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını... gördük" (Yəh. 1:14).

Bəqərə surəsi 2:87, 253 və Maidə surəsi 5:110-da oxuyuruq ki, Allah Məsihi Müqəddəs Ruhla qüvvətləndirdi və Məsih palçıqdan quşa bənzər bir şey düzəldib sözün əsil mənasıyla xəlq edirdi, çünki bunlar palçıqdan həqiqi quşlara çevrilirdi! İsa Allahın izni ilə korlara, cüzamlılara şəfa verir, ölüləri dirildirdi. Bu ayələrdə Allah, Məsih və Müqəddəs Ruh arasındakı vəhdət dolaylı şəkildə vəsf olunur – Allah, Məsih və Müqəddəs Ruh birlikdə çalışırlar. Bəs niyə Allaha və məsh etdiyi Şəxsə qarşı etiraz edirlər?

Məryəm surəsi 19:21-də Məsih barədə "Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik" sözlərini oxuyuruq. Allahın Quranda cəm formada danışması heyranedici əlamətdir. Məsih rəhmli və mərhəmətli Olandan bir mərhəmət adlandırılır və bundan elə nəticə çıxır ki, Məsih, İlahi varlıqdan irəli gələn varlıqdır.

Əhdi-Ətiqdə və Quranda bir sıra ayələr Üçlüyün vəhdətinə işarə edir; həmin ayələr möminləri mələklərin ibadətinə qoşularaq Allahı bu sözlərlə ucaltmaq üçün şövqləndirir: "Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur!" (Yeş. 6:3). “Müqəddəsdir!” sözünün üç dəfə təkrarlanması bildirir ki, Ata müqəddəsdir, Oğul müqəddəsdir, Müqəddəs Ruh müqəddəsdir. Onlar hədsiz müqəddəslikdə vahiddir.


03.7 - Məsihin ilahiliyinə dair məsihi əqidəsi

Həvarilər Məsihin ilahiliyinə bir ağızdan şəhadət etdikləri zaman heç də mübaliğə etməmişlər; əslində, bu şəhadət onları ölüm təhlükəsinə salırdı. Buna baxmayaraq, həvari Paul Məsihin "Görünməz Allahın surəti" (Kol. 1:15) olduğunu elan edirdi. Yəhya iqrar edirdi ki, "Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük" (Yəh. 1:14), həvari Peter də "Sən var olan Allahın Oğlu Məsihsən" (Mat. 16:16) deyə şəhadət edirdi.

Nikeya kilsə məclisi məsihi əqidəsini belə yekunlaşdırmışdır: "Məsih Allahdan gələn Allah, Nurdan gələn Nur, həqiqi Allahdan gələn həqiqi Allah, doğulmuş, amma yaranmamışdır, Ata ilə eyni varlığa malikdir".

Müsəlmanlar və yəhudilər Allahın azadlığını, hədsiz qüdrətini öz əqidələrinin sərt çərçivəsinə salmışlar. Allahın Öz varlığı barədə verdiyi vəhyə kim etiraz edə bilər? Hər şeyə qadir Olan istəyibsə ki, Onun bir Oğlu olsun və Oğlunu günahkarları xilas etmək üçün dünyaya göndərsin, Ona kim mane ola bilər? Allah azaddır! Beləliklə, yaradılışdan öncə var olan Məsih dünyanı Allahla barışdırmaq, Xaliq ilə asi məxluqlar arasında sülh yaratmaq üçün bəşər oldu. İsa dünyanın günaharını aradan götürmək üçün insan olaraq zühur edib dünyada günahsız həyat sürdü. Vəftizçi Yəhya bu İlahi qurbandan bəhs etmişdir: "Dünyanın günahını aradan götürən Allah Quzusu budur!" (Yəh. 1:29).

Biz saleh sayıldığımıza görə övladlığa götürüldük; günahlarımız bağışlandığı üçün Allahı “Atamız” adlandırmaq haqqını əldə etdik. Məsih yalnız xristianların deyildir; O, hinduistlərə, buddistlərə, yəhudilərə, müsəlmanlara və ateistlərə - bütün insanlara xilas yolunu açdı. Ona güvənən, Onu Xilaskar və Rəbb olaraq qəbul edən hər kəsə O Özü əbədi həyat verir. Oğul bizi Ataya aparır, Ata da bizi Oğula cəlb edir. İsa İordan çayında vəftiz edildiyi vaxt Allah Özü bu böyük sirri açdı: "Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam" (Mat. 3:17). Göydən gələn səsə kim mane ola bilər?!


03.8 - Birinci Əmrin məqsədi nədir?

Birinci Əmrin məqsədi Allahı sevməkdən başqa bir şey deyildir. Musa ən mühüm əmrdə bu barədə danışır: "Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev" (Qanun. 6:5). Biz ya Allahı sevərək Onun Ruhunda, Onunla ünsiyyətdə yaşayırıq, ya da Ona nifrət edərək iradəsinə zidd həyat sürürük. Allahı həqiqətən sevən Onu düşünər, Onun səsinə qulaq asar, Onu razı salmağa çalışar, Onun üçün yaşayar. Belə adam bəyi arzulayan, onun yazdığı məktubları tez-tez oxuyan gəlinə oxşayır. Öz qürurundan əl çəkmək istəməyən, kiçik allah kimi olmaq arzusuyla Allah-Taaladan üz döndərən adam isə Allahın Kəlamını unudar və axırda İlahi qəzəbə məruz qalar. Lakin Allahın Ruhuna ürəyini açanlar, İsanın bütün günahkarlara verdiyi bol əfvi qəbul edənlər Müqəddəs Ruhda qüvvətlənəcək, Atanın surətinə dəyişdiriləcək və hər gün Allaha dua edəcəklər ki, onların həyatlarında, evlərində həmişə Atanın adı müqəddəs tutulsun.

Allahı sevən Ona tərəf dönər və Ondan bol lütf alar; vicdanı hər gün təmizlənər və o, Allahın övladlarının azadlığında və ruhani xidmətində yaşayar. Allahı sevənlər Məsihin adıyla bütləri rədd edər və yeni əhdin sirrində möhkəm kök salarlar: "Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar" (1Yəh. 4:16).

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:33 AM | powered by PmWiki (pmwiki-2.3.3)