Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 061 (Peter’s Deliverance)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

12. Peterin mələyin köməyi ilə xilas olması (Həvarilərin İşləri 12:7-17)


HƏVARİLƏRİN İŞLƏRİ 12:7-17
7 Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. 8 Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». 9 Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 10 Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdi. Birdən mələk Peterdən ayrıldı. 11 O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı». 12 Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. 13 Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 14 Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. 15 Onlar isə belə dedi: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». 16 Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. 17 Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi.

Antakyadakı cəmiyyət inkişaf edərkən, Yerusəlimdəki cəmiyyət təqiblərə məruz qaldı. İsanın ən yaxın həvarilərindən biri olan Yaqub öldürülmüş, Peter möcüzə ilə xilas olmuşdu. Allahın yolları bizdən gizlidir, lakin biz Səmavi Atamızın məhəbbət olduğuna əmin ola bilərik və Ondan ömrümüzün hər anında lütfkarlığına tam əmin olmağı bizə bəxş etməsini diləyə bilərik.

Peter vəziyyətinin son dərəcə ciddi və təhlükəli olmasından dəhşətə düşmədi, Səmavi Atasının qayğısına güvənib rahat-rahat yuxuya getdi. Nə əllərini sıxan zəncirlərinə, nə də hər iki tərəfində uzanmış qarovulçularına əhəmiyyət verdi. Gecənin qaranlığında nur saçan mələyin onun yanına gəlməsi belə onu narahat etmədi. O, dərin yuxuda idi və mələk onu oyatmaq üçün böyrünə vurmağa məcbur oldu. Biləklərindəki zəncirlərin səssizcə düşdüyünü gördü, hələ də yarıyuxulu halda ayağa durub geyindi. Mələk, övladını yuxudan durğuzan, geyindirib məktəbə göndərən ana kimi onun qayğısını çəkdi. Ağır qıfılla bağlanmış darvaza cırıldamadan açıldı və eyni şəkildə səssizcə bağlandı. Dərin yuxuda olan qarovulçulardan heç birinin heç nədən xəbəri olmadı. Allahın qüdrəti bütün maddi maneələrə üstün gəldi. İnsan azadlığa çıxmaq yolunu təsəvvürünə belə gətirmədiyi bir halda Allah onu xilas etməyə qadirdir. Atamızın qüdrəti bildiyimizdən qat-qat böyükdür.

Onlar bir yerə çatanda, mələk Peteri tərk etdi. Gecənin sərin küləyi Peteri tamamilə yuxudan oyatdı. Zindandan qaçmasının nə qədər təhlükəli olduğu, onun təkrar tutulub həbs edilə biləcəyi ilk dəqiqələrdə heç ağlına gəlmədi. O, Səmavi Atasının qayğısına sevindi. Bu cür qarovulçulardan onu bu dünyada heç kim xilas edə bilməzdi. Yalnız Rəbbin Özü padşah Hirodun planını pozdu və Cəmiyyətini xilas etdi!

Peter sevinə-sevinə Müjdəçi Markın anasıgilə qaçdı. Orada imanlılar yığılıb gecə gündüz Rəbbə dua edib həvarilərin böyüyünün xilas olması üçün dua etdilər. Peter qapını döyəndə qarabaş qapıya yaxınlaşdı. Onun səsini tanıyıb, həyəcanla evə döndü və bunu hamıya xəbər verdi. Ona dedilər ki, bəlkə sən bir xəyalat görmüsən, yaxud səhv eşitmisən. Bəziləri onun dəli olduğundan şübhələndi, kimiləri Peteri qoruyan mələyin qıza göründüyünü düşündü. Peterin azad edilməsi üçün dua etdikləri halda, Allahın onların dualarına cavab verəcəyinə əmin deyil idilər, xüsusilə ona görə ki, ondan bir neçə gün öncə Yaquba görə dua etmələrinə baxmayaraq, Yaqub edam edilmişdi. Beləcə onlar dua edə-edə imanda və ümiddə tərəddüd etdilər, çünki Allahın iradəsini dəqiq bilmədilər. Yenə də göyün qapısını döyməyə davam etdilər, ancaq inadla Peterin azad edilməsində təkid etmədilər, yalnız Səmavi Atanın iradəsi olsun deyə dua etdilər.

Gecənin soyuğunda evin qapısının yanında dayanmış həvari də qapını döyməyə davam etdi. Axır ki, dua edənlərə çatdı ki, bayırda bir nəfər dayanıb qapını döyür. Allahın onların dualarına cavab verib zalım hökmdara gücünü göstərdiyini anlayan imanlılar heyrətə gəldilər. Peterin mələyin köməyi ilə azad olduğunu eşidəndə, daha çox Allahı izzətləndirdilər və Səmavi Atanın qayğısına inamları artdı.

Ondan sonra Peter azad edilməsi barədə İsanın qardaşı Yaquba xəbər verilməsini istədi; Ruhda qüvvətlənmiş və çox dua edən imanlı kimi tanınan Yaqub Qüdsdəki cəmiyyətin rəhbərliyində iştirak edirdi. Ola bilir ki, Yaqubu yəhudilərin Ali Şurasında da qəbul edirdilər, çünki o, məsihi ola-ola Qanuna bağlı idi və xeyirli işlərsiz imanın ölü olduğunu öyrədirdi. Onun möminliyi və izzətlənmiş Qardaşı İsaya təslim olması canlı dualarında və əməli xidmətdə təzahür edirdi.

Yəqin ki, padşah Peterin ikinci dəfə zindandan xilas edilməsindən qorxduğuna görə bütün qarovulçuların edam edilmələrini əmr etdi. O, onunkundan böyük bir qüvvənin fəal olduğunu hiss etdi, buna görə də Yerusəlimi tərk etdi, çünki xalq hələ də Peterin məhkum ediləcəyini gözləyirdi, amma Peterin özü aradan çıxmışdı. Bu olay barədə eşidən hər kəs vahiməyə düşdü və gizləndi. Hirod isə içib sərxoş olmaq üçün, bütün qayğılarını və təqsirlərini unutmaq üçün Qeysəriyyəyə yola düşdü.

DUA: Ya Rəbb, Peteri zindandan azad etdiyinə və Yerusəlimdəki cəmiyyətini uzun təqiblərdən xilas etdiyinə görə Sənə minnətdarıq! Sən indiyədək qələbə çalırsan! Bizi Ruhunla doldur, imanla dua etməyi və gözləməyi bizə öyrət! Şübhəsiz ki, Sən dualara cavab verən Allahsan! Amin.

SUAL:

  1. Niyə dua üçün yığılan imanlılar qapıda dayanan Peteri görəndə mat qaldılar?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:55 AM | powered by PmWiki (pmwiki-2.2.109)