Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 027 (The Death of Ananias and Sapphira)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

14. Xananya və Sapfiranın ölümü (Həvarilərin İşləri 5:1-11)


HƏVARİLƏRİN İŞLƏRİ 5:7-11
7 Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi. 8 Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». 9 Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər». 10 Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər. 11 Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.

Allahın bu mühakiməsi İmanlılar Cəmiyyətini sarsıtdı. Hər kəs Rəbbin nurunda öz həyatı barədə düşündü, çoxları günahlarını gördülər, Allahın qəzəbindən vahimələnərək göz yaşları ilə tövbə etdilər, Rəbbin hüzurunda qəlbi sınmış, həlim insanlar olub, qorxu və lərzə ilə təqdis olundular.

Gənclər adamın meyitini götürüb bayıra çıxartmışdılar. Müqəddəs Ruhun sözü ilə vurulmuş adamın cəsədini qorxu ilə daşımışdılar. Cəsədi daşıyanlar bunu, yəqin ki, dua edərək və özlərini kamil diri qurban olaraq Allaha təslim edərək etdilər. Onlar artıq pul sevməkdən tamam-kamal azad olmuşdular.

Lakin cəmiyyətdən heç kim ölmüş adamın arvadına ərinin yalanına görə Allah tərəfindən cəzalandırılıb öldüyünü söyləməyə cürət etməmişdi. Müqəddəs Ruhun Özü onların bu haqda danışmasına yoL verməmişdi, çünki hamı hiss etmişdi ki, Rəbbin Ruhu Öz mühakiməsini həyata keçirir. Üç saatdan sonra Sapfira, bacı-qardaşların böyük ianəyə görə təşəkkürlərindən necə həzz alacağını təsəvvürünə gətirərək toplantıya gələndə, Peter birbaşa ona yaxınlaşıb, əri ilə onun torpaq sahəsini bu qədər pula satıb satmadıqlarını soruşdu. Həvari bu qadına Allahın həqiqətini düşünüb tövbə etmək fürsətini vermək istədi. Qadının pisliyi ondan ibarət idi ki, o, ərinə yaxşı məsləhət verməmişdi, həqiqətə, həlimliyə ruhlandırmamışdı, lakin yalançı planında ona dəstək olmuşdu. Ola bilir ki, ərini bütün pulu qurban verməməyə inandıran, ailəsini də düşünməyə təşviq edən o idi. Hər necə olsa, yalan, qürur və ikiüzlülükdə o, ərindən geri qalmamışdı.

Daha öncə ərinin üzündən maskanı çıxardan Peter indi bu ikiüzlü qadının üzündən də maskanı çıxartdı və onun bu qədər hiyləli olduğuna təəccüblənərək bütün cəmiyyətin içində ona “Siz əlbir olub Rəbbin Ruhunu sınamağa necə cürət etmisiniz?!” – deyə sual verdi. Arvad ərinə tabe olmaqdan da çox ilk növbədə Allaha təslim olmalıdır. İnsanlardan, hətta yaxınlarımızdan daha çox Allaha itaət etməliyik. Ər pis işə meyilli olanda, arvad onu ehtiyatlandırmalı, sözünə qulaq asmamalı, təqsirdən, pislikdən, xudbinlikdən azad olması üçün dua etməlidir.

Şeytan ruhuna təslim olan Sapfira ilə əri Müqəddəs Ruhun onları cəlb edən səsini rədd etmişdi, qürur, yalan və ikiüzlülük ruhuna təslim olmuşdular. Onlar bu murdar ruhu saleh və mömin insanların içinə gətirməyə çalışmışdılar. Bunun qarşısı alınmasaydı, murdar ruh cəmiyyətdə qarşılıqlı məhəbbəti məhv edəcək, həqiqəti tapdalayacaqdı. Həvarilər bu evli cütlükdən satılmış torpaq sahəsindən əldə etdikləri bütün pulu onlara gətirməyi tələb etməmişdilər. Onlar özləri camaatın qarşısında öyünmək üçün bu yalandan istifadə etməyi fikirləşmişdilər.

Allahın lənəti bu yalançı qadını da qəfildən öldürdü. Həyat Rəbbinin zərbəsindən ölən bu qadın düz həvarilərin ayaqları altında – öz həyatını kamil qurban olaraq təqdim etmək istəmədiyi yerdə yıxıldı və canı çıxdı. Onun yıxılması böyük idi və cəmiyyətdə olan hər qadın evdə ərinə münasibətdə ruhani məsuliyyətini yenidən düşünməyə başladı. Qadın öz ərini cənnətə yönəltməyə və ya cəhənnəmə itələməyə qadirdir. Allaha güvənən həlim və yorulmaz qadınlar duaları ilə öz ərlərinin sınaqlarına qalib gəlirlər. Lakin ərinin məşhur, vəzifəli, adlı-sanlı olması üçün çalışan qadın əri və uşaqları ilə birlikdə şeytanın əlinə düşür.

Gənclər həyəcanla qadının cəsədini ərinin yanında basdırmaq üçün Qidron vadisinə apardılar. Bu hadisə bütün cəmiyyət üçün Allahdan ibrət dərsi oldu. Eyni cəmiyyətin üzvü olan, eyni ailənin iki adamı, ər və arvad, ata və ana eyni gündə öldülər. Müqəddəs Ruhda bir-birinə dözməyə adət etmiş imanlılar üçün bu, qorxunc bir zərbə idi. Onlar özlərinə belə sual verdilər: Məgər biz bu ər-arvada lazımi qayğı göstərməmişik, məgər biz onlara xəbərdarlıq etməmişik?

Bəs biz ürək niyyətlərimizdə onlardan yaxşıyıqmı? Xananya və Sapfiranın əhvalatı bütün dövrlərdə yaşayan məsihilər üçün xəbərdarlıq olmuşdur. Bundan biz öyrənirik ki, Allah qısqancdır və yandırıb-yaxan alovdur.

DUA: Ey Müqəddəs Allah, Sən hər şeyi bilirsən! Keçmişimizə, gələcəyimizə agahsan. Bizi özümüzdən qurtar və sınağa çəkmə! Məni puldan asılılığımdan, lovğalığımdan, yalanımdan azad et və Oğlunun qanı ilə büsbütün təqdis et! Cəmiyyətlərimizdə ər-arvadların bir-birlərinə həqiqəti danışdığı düzgün ailələri yarat! Amin.

SUAL:

  1. Ər-arvadın bir-birinə qarşı ruhani öhdəlikləri nədir?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:30 AM | powered by PmWiki (pmwiki-2.2.109)