Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 026 (The Death of Ananias and Sapphira)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

14. Xananya və Sapfiranın ölümü (Həvarilərin İşləri 5:1-11)


HƏVARİLƏRİN İŞLƏRİ 5:1-6
1 Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. 2 O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. 3 Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? 4 Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». 5 Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. 6 Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.

Etdiyimiz hər günah təkcə xəta deyil, Qanunun pozulmasıdır; və hər bir pis iş təkcə səhv deyil, birbaşa Allahın calalına qarşı törədilən cinayətdir. Kim ki öz davranışlarını başqa insanların davranışları ilə müqayisə edir, özü barədə səthi mühakimə yürüdür və “Hamımız zəif insanlarıq” – deyə özünə bəraət qazandırır. Lakin Allahı tanıyan və Müqəddəs Ruhun qüvvəsində yaşayan adam bilir ki, kiçik yaxud böyük hər günah ölüm cəzasını tələb edir. Xananya və Sapfiranın əhvalatı həqiqətdə bizim də əhvalatımız sayıla bilər. Bu göstərir ki, Allahın biz imanlıları belə məhv etməyə haqqı vardır.

Bəlkə sən soruşarsan ki, niyə Müqəddəs Allah bizə dözür və Xananyanı həlak etdiyi kimi bizi də dərhal həlak etmir? Axı Xananya heç olmasa satdığı mülkdən əldə etdiyi pulun böyük hissəsini ianə vermişdi? Biz Allahın mühakiməsinin sirlərinə vaqif deyilik, ancaq 2-ci ayədə oxuyuruq ki, bu ər-arvad səhvən günah etməyib, lakin qəsdən həvariləri aldatmağa çalışıb, Allah-Taalanın Peterdə yaşadığına inanmayıb. Amma müqəddəs Olan Ona bağlanan imanlılarda məskən salır və ürəklərini bilir.

Çox güman ki, bu ər-arvad ailənin gələcəyi üçün “hər ehtimala qarşı” bir az pul ayırıbmış. Xananya adının mənası “Allah kərimdir” olsa da, onun özü və arvadı yalnız Allaha güvənmirmiş, iki ağaya qulluq etməyə çalışırmış, bu da mümkünsüzdür. Beləcə onlar pulu Allahdan çox seviblərmiş.

Əslində Xananya və arvadı bütün əmlaklarını imanlılar cəmiyyətinə qurban vermək məcburiyyətində deyil idi, çünki bu iş tamamilə könüllü idi. Bəziləri pullarının bir hissəsini saxlayır və bunu heç gizlətmirdi. Xananya və Sapfiranın əhvalatında isə məsələ belə deyil idi: onlar özlərini çox mömin göstərmək və cəmiyyətdə ən böyük üzvlərin arasında olmaq istədilər. Xananya mömin bir görkəm alıb toplantıya gəldi, həvarilərin kürsüsünə yaxınlaşdı və pulunu qoydu. O özünü pulun hökmranlığından tamamilə azad olmuş və Allaha kamil şəkildə həsr olunmuş bir adam kimi göstərdi. Həqiqətdə isə pulun bir hissəsini özü üçün saxlamışdı. İsa bu kimi davranışa “ikiüzlülük” deyir. İkiüzlülük imanlılar cəmiyyətində, birbaşa yalanın atası şeytandan gələn ən iyrənc günah sayılır.

Hamımızda ikiüzlülük var, çünki biz öz günahlarımızı bilərək özümüzü dünyanın ən yaxşı insanları kimi göstəririk. Vicdanımız yalan, murdarlıq, hərislik, qeybət və şəhvətlə ləkəlidir, amma biz ailəmizdə və cəmiyyətimizdə hər kəsin bizi tərifləməsini, kamil, saleh və xeyirxah saymasını gözləyirik. Hamımız qürurlanırıq, həqiqətdə isə zəhər dolu qəbir kimiyik. Bəs sən özünü Allahın məhkəməsində görmüsənmi?

Xananya və arvadı Sapfira (adı “gözəl” mənasına gəlir) təkcə Allahdan çox pulu sevməklə qalmadılar, həmçinin bütün insanlar kimi ikiüzlü davrandılar. Onlar yavaş-yavaş Məsihdə olan lütfdən uzaqlaşdılar. Şeytan bir zamanlar Yəhudanın ürəyinə girdiyi kimi, onların ürəyinə də girdi. Pul sevən insan tədricən şeytanın tərəfinə keçir. Bu vəziyyətdə onlar imanlılar cəmiyyəti üçün təhdid yaradırdılar. Hiyləgər iblis Allahın Padşahlığına gizlicə paxıllıq, lovğalıq, qürur, yalan kimi pis keyfiyyətləri gətirməyə çalışdı. O vaxt imanlılar müqəddəs şəriklikdə idilər, canbir qəlbdə bir-birinə tabe olur, Səmavi Atanın inayətində yaşayır, özlərini diri qurban olaraq Allaha təqdim edərək, Müqəddəs Ruhla dolurdular.

Bu böyük səlahiyyətlə Məsihin Bədəni yer üzündə şeytanın sınaqlarını rədd edə bilər. Peter ruhları ayırd etmə ənamı ilə o saat Xananyanın yalanını gördü. Üzündən maskanı çıxardıb yalanını Allahın Özü olan “Müqəddəs Ruha yalan söyləmək” deyə adlandırdı. Xananya Məsihin xilasını əldə etmişdi, lakin tədricən günaha batıb Müqəddəs Ruha qarşı günah etdi.

Bu İlahi Ruh həvarinin sözlərini təsdiqlədi və Allahı sınağa çəkən adamı öldürdü. Həqiqət Ruhu bu durumda həvarinin dili ilə təqsiri bağışlamadı, əksinə, tövbə etməmiş günahkarı məhkum etdi. Allahımız məhəbbətdir, amma eyni zamanda müqəddəsdir. O əfv etməyi sevir, lakin həqiqətin səsinə qarşı ürəyini daşa döndərən, ilahi məhəbbəti qəbul etmək istəməyən adam özü hiyləgər şeytana dönür və belə adam üçün mərhəmət yoxdur.

Erkən imanlılar cəmiyyəti Allaha yaxın idi və Allah onun içində birbaşa şeytanla əlaqə quran hər kəsi mühakimə edirdi. Bu mühakimədə sadəcə olaraq bu əzəli həqiqət bir daha təqsidlənmişdir: günahın əvəzi ölümdür.

DUA: Ya Rəbb, məni mühakimə etmə! Mən ikiüzlüyəm və Sən mənim günahlarımı, pula güvəndiyimi bilirsən. Bütün yalanlarımı bağışla və hər cür ikiüzlülükdən məni azad et, qoy mən Sənin kimi saleh olum və ağzımdan heç vaxt yalan çıxmasın! Cəmiyyətlərimizi qürurdan, təkəbbürdən təmizlə və bizi Öz səbrinlə təqdis et!

SUAL:

  1. Niyə Müqəddəs Ruh Xananyanı dərhal öldürdü?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:29 AM | powered by PmWiki (pmwiki-2.3.3)