Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 022 (Peter and John Imprisoned)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

11. Peter və Yəhyanın birinci həbsi və məhkəməsi (Həvarilərin İşləri 4:1-22)


HƏVARİLƏRİN İŞLƏRİ 4:8-11
8 O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! 9 Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, 10 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 11 Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır...»

Bu olaydan bir neçə həftə öncə Peter öz canı üçün qorxub İsanı üç dəfə inkar etmiş, adını belə eşitmədiyinə and içmişdi. İndi isə o, Müqəddəs Ruhla dolu idi və Məsihin bu sözləri həyata keçdi: “Siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur” (Mat. 10:18-20).

İki həvari yəhudi xalqının başçıları qarşısında Məsihin şahidləri kimi dayanmışdı. Xalqa rəhbərlik edən bu şəxslərə istehza etmədilər, tam həlimliklə müraciət etdilər, onlarla Allahdan hikmət, səbir və digər üstün xüsusiyyətləri almış ağsaqqallar kimi hörmətlə rətfar etdilər.

Bununla belə, Müqəddəs Ruhdan ilhamlanan Peter ilk öncə dedi ki, onların anadangəlmə şikəst adama şəfa vermək kimi xeyirli bir işə görə həbs və istintaq edilməsi çox qəribədir və o, onların tutulmasını və bütün gecəni zindanda qalmasını haqsızlıq hesab edir.

Lakin şagirdlər onlara qarşı edilən haqsızlığa görə heç o qədər narahat deyil idi. Onlar bu şəfadan və öz sözlərinin qüvvəsindən çox danışmadılar. Peter birbaşa əsas şikayətə keçdi və İsa Məsihdə olan Allahın qələbəsini açıqca elan etdi. Onun danışığında nə qorxu var idi, nə bəlağət. O, bu vaxtın önəmini anlayaraq, başçılara da, bütün xalqa da sadə dildə müraciət etdi. Rəbb ona xalqının başçılarını Məsihə iman etməyə çağırmaq qabiliyyətini verdi. Peterin artıq Məsihin şəxsiyyəti barədə heç bir şübhəsi qalmamışdı. Məsih, nə keçmişin, nə də uzaq gələcəyin qəhrəmanıdır. Peter tam açıq şəkildə elan etdi ki, Məsih, xalqının başçıları tərəfindən çarmıxa çəkilmiş Nazaretli İsadır. Peter başçılara yaltaqlanmadı, amma onları qatillər və Allahın düşmənləri adlandırdı. Necə də heyrətamiz mənzərədir! İki balıqçı artıq müttəhim deyil, əksinə, Allahın Oğlunu öldürən qatilləri ittiham edən idilər! Onlar möhtərəm hakimlərə qədim əhd tarixinin “hədəfindən yayındıqlarını” elan etdilər. Onlar min il əvvəl vəd olunmuş Məsihi qətl edərək Allahla xalq arasındakı əhdi pozmuşdular. Allahın adı ilə ittihamçı rolunda olan Peter Allaha qarşı törədilən cinayətin təqsirini məhz bu hakimlərin üzərinə qoydu. O, yəhudilərin təkcə İsaya qarşı deyil, birbaşa Allahın Özünə qarşı günah işlətdiklərini sübut etdi. Çünki müqəddəs Olan bu balıqçıları deyil, ölümdən diriltdiyi İsanı ucaldır! Beləcə bu iki balıqçı başçı kahinləri mühakimə etdi və Məsihi ucaltdı. Yalançı möminliyi, vəzifə arzusunu, məğrurluğu rədd etdilər və açıqca elan etdilər ki, Allah qədim əhdin nizamına əhəmiyyət vermir, onu aradan qaldırır və artıq Qulu İsanın ardınca gedən sadə imanlılara səlahiyyət verir.

İsanın adında böyük sirr var. Cəhənnəm bu addan ən dəhşətli zəhər kimi qorxur! Göylər isə bu ada görə durmadan həmd edir. Müqəddəs Ruh dünyanın Xilaskarını izzətləndirir və Allah Onu Öz sağında oturtmuşdur. Məsih Müqəddəs Ruhun səlahiyyətində Onunla birgə hökmranlıq edir və bu Şəxslər vahid Allah olaraq əbədi yaşayır. Bu gün İsa yer üzündə ömür sürərkən etdiyi möcüzələrdən daha çox möcüzə yaradır, çünki minlərlə xidmətçiləri vasitəsilə işləyir. Ona iman edən milyonlarla adam Müqəddəs Ruhun vasitəsilə təzələnir. Yaşayan Məsih işləyir və qələbə çalır! Ona iman edən qüdrətinə şərik olur!

Peter Əhdi-Ətiqdəki “güşədaşı” məsəli ilə başçılara başa saldı ki, İsa Allahın məbədinin nəhəng və əzəmətli binasının təməli, qüvvəsi və tacıdır. Bu ruhani məbəd bu gün dünyanın bütün ölkələrində inşa edilir və Məsihə iman edənlər bu məbədə qoşulur. Məsih ruhani bir bədənin hər fəal üzvünü idarə edən, hərəkətə gətirən başına bənzəyir. Məsihin ruhani Bədəni dövrümüzün sirridir və çarmıx üzərindəki qələbəsinin nəticəsidir. Bəs sən həyatını Məsihin əsasında qurmusanmı, yoxsa Məsihdə olan Allah məhəbbətinin nə qədər böyük və güclü olduğunu dərk etməyən yəhudi başçıları kimi Onu rədd edirsən?

DUA: Ya Rəbb İsa Məsih, Sən bu gün xalqlar arasında fəal olan Xilaskarsan, Müqəddəs Ruhunla minlərlə imanlılardan Öz Cəmiyyətini qurursan! Bizə kömək ol ki, Sənə sadiq qalaq və bizi Sənə cəlb edən Ruhunun səsini rədd etməyək! Qoy Sənin ruhani məbədin başçılığınla tamamlansın!

SUAL:

  1. Peterin başçı kahinlərə müraciətinin əhəmiyyəti nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.2.109)