Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 183 (Jesus’ Entrance into Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

1. İsanın Yerusəlimə girməsi (Matta 21:1-9)


MATTA 21:1-5
21:1 Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək 2 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. 3 Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». 4 Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi: 5 «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir”».
(Mark 11:1-10; Luka 19:29-38; Yəh. 12:12-19)

İsanın həyatı peyğəmbərlik və hikmətlə dolu idi. Onun həyatı Atasının təyin etdiyi vaxt və mövsümlərə görə keçirdi. O, Atası ilə tamamilə həmfikir idi və baş verəcək olayları əvvəlcədən bilirdi.

Yerusəlimə girişindən əvvəl İsa şagirdlərinə hədsiz həlimliyini ifadə edən sözləri dedi – bunlar (eşşəklə sıpa) Rəbbə lazımdır. Qadir Allahın Oğlu Özünü çox aşağı salmışdı, bir eşşəklə bir sıpaya ehtiyacı olan zəif insan surətini götürmüşdü. İsa o qədər yoxsul idi ki, eşşəyi belə yox idi! Biz isə bu gün son model maşınlar, dəbdəbəli evlər almaq arzusundayıq, halbuki İsa qışda və yayda hər yerə piyada gedirdi!

Zəkəriyyə Peyğəmbərin Kitabı 9:9-da padşahla əlaqədar olaraq eşşək və sıpadan bəhs olunur. Bu heyvanlar üç ecazkar həqiqəti bildirir: birinisi, Allahın Oğlu qürurlu deyil, həlim və itaətkardır, siyasi hakimiyyəti ələ keçirmək və ya zorakılıq etmək niyyətində deyildir; ikincisi, O, ruhani Padşah, çoxdandır vəd olunmuş gözlənilən Məsihdir; üçüncüsü, O, böyük sevinclə, alqışlarla qarşılanmağa layiqdir.

O yerlərdə eşşəklərdən nəqliyyat vasitəsi kimi istifadə olunurdu, atlar isə yalnız çox yüksək mövqe tutanların əlində idi və müharibədə istifadə olunurdu. Məsih İmmanuel (Allah bizimlədir) kimi keruvlara minib Yerusəlimə daxil ola bilərdi (Zəb. 18:10), lakin O həlim eşşəyə minib şəhərə daxil olmağı qərara aldı.

Bəziləri İsanın bu hərəkətində İsrailin qədim bir adətini görürlər: İsraildə hakimlər ağappaq eşşəklərə minərdilər (Hak. 5:10), oğulları da sıpalara minərdilər (Hak. 12:14). Beləliklə, Məsih şəhərə bir fateh kimi deyil, “mühakimə etmək üçün bu dünyaya gələn” Hakim kimi daxil olurdu.

Qədim əhdin ilahiyyatçı alimlərinin Məsihin gəlişinə dair iki təsəvvürü var idi: birincisi, eşşəyə minib gələn Məsih; ikincisi, göy buludlarında gələn Məsih. İlahiyyatçılar bu iki fərqli təsəvvürləri belə izah etmişlər: qədim əhdin xalqı şənbə gününü təqdis etmək kimi əmrlərə riayət etməsə, Məsih eşşəyə minib gələcək. Lakin əgər xalq Məsihə layiq olsa, O, göy buludlarında gələcək. Bu oxumuş alimlər onu dərk etməmişdilər ki, Məsih eşşəyə minib şəhərə girəcək, lakin bir müddət sonra göy buludlarında təkrar gələcək.

Məsih bizə Rəbbin xidmətinə çağırılmış bu eşşək və balası vasitəsilə ədalət və sədaqət nümunəsini göstərdi. Heyvanların yiyəsinin razılığı olmadan onlardan istifadə etməyəcəyini və onları müvəqqəti istifadəyə götürəcəyini bildirdi. Rəbb şagirdlərinə dedi: “Heyvanların yiyəsinə söyləyin ki, bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək”, yəni istifadə etdikdən sonra dərhal qaytaracaq.

DUA: Ey müqəddəs Ata, cuşa gəlib sevinirik, çünki Zəkəriyyəyə verdiyin vədə görə Səmavi Padşah gəldiyi və haqq-ədalət hökmranlığını bərqərar etdiyi zaman sevinməliyik. Sənə şükür edirik, ey Ata, çünki Sənin həlim Oğlun təvazökar və möhtac adam kimi bu dünyaya gəldi və bizim dərdimizə şərik olaraq Öz Ruhunun xeyir-duasını bəxş etdi!

SUAL:

  1. Siz Zəkəriyyənin peyğəmbərliyini necə başa düşürsünüz?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:01 AM | powered by PmWiki (pmwiki-2.2.109)