Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 184 (Jesus’ Entrance into Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

1. İsanın Yerusəlimə girməsi (Matta 21:1-9)


MATTA 21:6-9
21:6 Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. 7 Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. 8 Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. 9 İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!»
(2Pad. 9:13; Zəb. 118:25-26)

Məsih qədim vədlərə görə Yerusəlimə daxil oldu – dünyəvi padşah və fatehlər kimi ata minərək yox, məhəbbət Padşahı kimi eşşəyə minərək Allahın sülhü ilə gəldi. Allahın Oğlu mühakimə, qəzəb, qəddarlıqla yox, xeyirxahlıq və təvazökarlıqla gəldi. Azmış, itmiş, murdar günahkarları haqq yola gətirmək üçün gəldi. Allah Quzusu və Baş Kahin olaraq Özünü bütün xalqın təqsirlərinin kəffarəsi olaraq gəldi.

Camaat Onun birinci gəlişinin məqsədini anlamadı, amma rifah, qüdrət və izzət dolu yeni dövrün gəldiyini ümid edərək, xalqı Allahla barışdıracaq olan Baş Kahin üçün nəzərdə tutulmuş sözlərlə Onu alqışladılar. Lakin Allahdan kömək və xeyir-dua diləmələrinin ilk səbəbi Allah tərəfindən bağışlanmaq deyil, Roma istilaçılarından azad olmaq arzuları idi.

Məsihi öz Padşahı kimi qəbul edən özünü və bütün varını-yoxunu Onun ayaqları altına qoymalıdır, necə ki camaat paltarlarını yola, İsanın ayaqları altına qoyurdu. Məsih sənə yaxınlaşanda, sən canına belə əmr etməlisən: “Uzan yerə ki, O üstündən keçsin” (Yeş. 51:23). Şagirdlər paltarlarını eşşəyin üstünə qoyarkən, camaat palma budaqları kəsib yola sərirdi. Azadlıq, qələbə və sevinc bayramı olan çardaqlar bayramında adətən bu cür edərdilər. Bu bayramın sirri xüsusilə qeyd olunmuşdur, çünki bu bayram İncil dövrü ilə əlaqədardır (Zək. 14:16).

Hal-hazırda Məsih insanlara Öz Ruhu vasitəsilə yaxınlaşır. Sən bunun nə demək olduğunu anlayırsanmı? O səndə məskən salmaq üçün sənə Allahın lütfünü bəxş edir. Bəs sən nə edəcəksən? Ona səcdə qılacaqsanmı? Dilinlə Onu mədh edəcəksənmi? Xalq paltarlarını İsanın ayaqları altına sərdiyi kimi, sən də bütün qüvvəni Onun sərəncamına verəcəksənmi? Şübhəsiz ki, Allahın Oğlu gələcək, amma sən Onu necə qarşılayacaqsan?

Yəhudilər o dövrdə romalı müstəmləkəçilərin boyunduruğu altında yaşayırdılar. Onlar romalılar üzərində qələbə çalmaq ümidi ilə Məsihi qəbul etmişdilər. Lakin İsa onlara dünyəvi məqsədlərinə çatmaq üçün siyasi hakimiyyət və dünyəvi yardım vəd etməmişdi. Sən də İsaya iman etsən, Onun səni böyük vəzifəyə yüksəldəcəyini və ya sənə maddi sərvət verəcəyini gözləməməlisən. O səni zamandan əbədiyyata, xudbinlikdən məhəbbətə aparacaq. Onu dünya nemətlərinə görə qəbul etsən, güman ki, tezliklə rədd edəcəksən. Ancaq günahlarının bağışlanmasına, Onun sülhünü əldə etməyə can atırsansa, O sənin ürəyinə gəlib orada məskən salacaq. Onda sənin həyatında sevinc çay tək axacaq və səadətinin sonu olmayacaq.

DUA: Ey Ata, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Xalqımdakı başqa adamlarla birgə məni təmizlə, gəl əbədi olaraq bizdə məskən sal! Bizi Öz qüvvətinlə təqdis et! Bizdən yan keçmə, amma bizimlə və bütün dünyada Səni axtaran adamlarla qal!

SUAL:

  1. Məsihin Yerusəlimə girişindən nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:02 AM | powered by PmWiki (pmwiki-2.2.109)