Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 123 (Blasphemy Against the Holy Spirit)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

g) Müqəddəs Ruha qarşı küfr (Matta 12:22-37)


MATTA 12:31-32
31 Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq. 32 Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə.
(Mark 3:22-30; Luka 12:10; 1Tim. 1:13; İbr. 6:4-6; 10-12)

Məsih günahlar arasında fərq qoyur. O, Kefernahumdakı xalqın inamsızlığının Sodom əxlaqsızlığından betər olduğunu söylədi və elan etdi ki, Müqəddəs Ruha qarşı olan günah Allahın izzətini tapdalayan ən dəhşətli, bağışlanmaz günahdır.

Məsihə, imanlılar cəmiyyətinə, insanlara və öz-özümüzə qarşı pis niyyətsiz, qəfildən etdiyimiz hər günah Allahın lütfü ilə tamamən bağışlanır. Bunu Şaulun həyatında görürük. Şaul məsihiləri təqib edir, həbs etdirir, imandan dönməyə məcbur edərək, ölümə məhkum edirdi. Məsih Özü Şaula görünüb “Şaul, Şaul, niyə Məni təqib edirsən?” deyə səsləndi. Müqəddəs Ruh səndə məskən salmadan öncə etdiyin hər günah bağışlana bilər. Məsih çarmıxda “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” deyə dua etdi. Allah yəhudiləri Məsihi çarmıxa çəkdikləri üçün deyil, ondan sonra daim Müqəddəs Ruhun işinə qarşı durub həvarilərin təliminə lağ etdikləri üçün məhkum etdi. Məsihin onların gözləri önündə əzəmətli işlər görməsinə və sadə xalqın hər şeyi çox asan anlaya bilməsinə baxmayaraq, onlar qəsdən və qəti surətdə Müqəddəs Ruhu rədd etdilər. Məsihin işlərinə şeytani deyən adam özünün şər dolu olduğunu göstərir. Çünki Məsih Özü məhəbbətdir, səbirdir, həlimlik və paklıqdır. İsanın cinə tutulmuş olduğunu iddia edən adam özünün cinə tutulmuş olduğunu bildirir, axı şeytanın ruhu Müqəddəs Üçlükdə vahid olan Allaha həmişə küfr edir.

Mark 3:28 və Luka 12:10-da Məsih Ona küfr edənlərdən danışır. Məsih yer üzündə yaşadığı zaman Ona küfr edənlər Onu “içki içən”, “yalançı”, “kafir” və s. adlandırıb. Lakin Məsih onları üzrlü sayıb, çünki O dirilib göyə qalxmadan öncə, Onun ilahi təlimi hələ tam sübut olunmamışdı. İsa göyə qalxandan sonra tövbə edən adamlar bağışlandı. Hətta Onun xaincəsinə edam edilməsində günahkar olan bəzi adamlar belə Müqəddəs Ruhun tökülməsindən sonra tövbə etdilər.

Lakin əgər onlar Müqəddəs Ruhdan vəhy ruhu və dillərdə danışma kimi daxili ənamlar aldıqdan sonra Müqəddəs Ruhu şər ruh adlandıraraq küfr etsəydilər, artıq onların Məsihə tərəf dönə biləcəklərinə ümid qalmazdı.

Müqəddəs Ruha qarşı duran inadkar ürəkli adamlar üzrsüzdür. İbranilərə Məktubda buna dair xəbərdarlıq var: “Bu gün əgər Onun səsini eşitsəniz, qoy ürəkləriniz inadkar olmasın” (İbr. 4:7). Allah İncildə Öz Müqəddəs Ruhu ilə sənə Özünü tanıdır və sənin üçün yalnız iki seçim var: ya Onu rədd etmək, ya da təslim olmaq. Sən Xilaskar İsaya özünü bütünlüklə təslim etmisənmi?

DUA: Ya Rəbb İsa, Sənə şükür edirik, çünki Sən düşmənlərini sevdin və Özünə çağırdın! Məni, günahkar insanı sevdiyinə görə Sənə həmd edirəm. Sən bütün təqsirlərimi bağışladın, məni Müqəddəs Ruhla məsh etdin. Təsəlliverici Ruhunun fikirlərinə qarşı inadkar olduğuma görə məni bağışla, məni dönüklük və küfrdən qoru! Mən özümü tamamilə Sənin əllərinə verirəm və müqəddəs qanına ümid bağlayıb bütün müqəddəslərlə birlikdə sevinirəm. Səndən xahiş edirik, bizim yoldaşlarımızı, qohumlarımızı inadkarlıqlarından qurtar və haqq yola gətir ki, imanla tövbə etsinlər və Müqəddəs Ruhda əbədi həyatı əldə etsinlər!

SUAL:

  1. Biz Müqəddəs Ruha qarşı günahdan necə qoruna bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)