Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 112 (Answer to the Baptist’s Disciples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

a) İsanın Vəftizçi Yəhyanın göndərdiyi adamlara cavabı (Matta 11:2-19)


MATTA 11:2-6
2 İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. 2 Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib 3 Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 4 İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: 5 korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 6 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
(Mal. 3:1; Yeş. 35:5-6, 31:1; Luka 7:18-23)

Elçilərini şəhər və kəndlərə göndərən Məsih bir müddət sonra Özü onların ardından o yerlərə getdi, işlərini qüvvətləndirdi, xidmətlərini tamamladı, onların vəzlərini eşidən adamları Səmavi Padşahlıq barəsindəki Müjdədə möhkəmləndirdi. İsanın şöhrəti hər yerə yayılmışdı. O zaman insanlar “Allah tərəfindən göndərilən vəd edilmiş Peyğəmbər bu deyilmi?” – deyə pıçıldaşmağa başladılar. – “Onun göstərdiyi qüdrətli əlamətləri yalnız gözlənilən Məsih edə bilər. Ondan başqa ölüləri diriltməyə gücü çatan heç bir insan yoxdur!”

Vəftizçi Yəhyanın həbs edildiyinə baxmayaraq, xidmət davam edirdi. Bu vəziyyət Vəftizçinin iztirabını artırmayıb, əksinə, ona təsəlli verib. Allahın xalqı iztirab çəkərkən “Məsihin işləri” barədə eşitməkdən necə də böyük təsəlli alarlar! Bu işlər onların iştirakı olmadan edilsə belə, o qədər çox sevinərlər ki, yatdıqları zindan onlara saray kimi gələr. İsa vicdanına görə iztirab çəkənlərə Öz məhəbbətini göstərir. Vəftizçi Yəhya Məsihin işlərini görə bilməsə də, sevinirdi. Görmədiyinə rəğmən, yalnız eşitdib iman edən nə bəxtiyardır!

Yəhya zindanda olduğu zaman, Məsihin xəbəri ona çatırdı; Yəhya Məsihin gəlib onu möcüzə ilə azad edəcəyini gözləyirdi, axı o, Məsihin yolunu hazırlayan sadiq sələfi idi. İsanın ən əziz dostu, haqsız yerə həbs edilmiş zülm çəkirdi. Yəhya əzəmətli Səmavi Padşahlığın təntənəsi ilə zalım hökmdarların məhv edilməsini həsrətlə gözləyirdi. Lakin günlər keçirdi və Yəhyanın gözlədiyi Padşah gəlmirdi. Yəhya əli-qolu bağlı, ağrı-acı içində, tək-tənha vəziyyətdə zindanda qalırdı.

O zaman Yəhya Məsihin qüdrətindən, ilahiliyindən şübhələnməyə başladı, “Vəd olunmuş Məsih Sənsən, ya yox?” xəbər alsınlar deyə, iki şagirdini Məsihin yanına göndərdi. Məsih birbaşa cavab vermədi, ancaq Yeş. 35:5-6-dən sitat gətirdi və beləcə Yəhyanı başa saldı ki, insanları xəstəliklərdən, günahlardan və ölümdən xilas edəcək olan vəd olunmuş “Allahın Qulu” gəlib. Bu misilsiz işlər İsanın vəd olunmuş Məsih olduğuna dair qəti sübut sayıla bilər.

Bəziləri elə bilirlər ki, Yəhya bu sualı cavabdan zövq almaq məqsədilə verib. Doğrudur ki, Yəhya Məsihə çox açıq şəkildə şəhadət etmişdir, Məsihin “Allahın Oğlu” (Yəh. 1:34), “Allah Quzusu” (Yəh. 1:29), “Müqəddəs Ruhla vəftiz edən” (Yəh. 1:33) və “Allahın göndərdiyi Şəxs” (Yəh. 3:34) olduğunu elan etmişdir. Bununla belə, Yəhya İsanın qədimdən bəri əsrlər boyunca bir çox nəsillərin gözlədiyi vəd olunmuş Məsih olduğuna tam əmin olmaq istəyib.

Yəhya elə bilirdi ki, Məsih dini və siyasi rəhbər olacaq, hədsiz qüdrəti ilə dünyada olan ədalətsizliyi yox edəcək, təqib olunan möminləri azad edəcək uca Padşah olacaqdır. Lakin İsa əlinə balta götürüb yararsız ağacları qırmayıb. O, itmişləri xilas edib, xəstələrə şəfa verib, kədərli ürəklərə ümid toxumunu səpib. İsa mühakimə etmək, qisas almaq üçün gəlməyib, lakin həlim Allah Quzusu kimi təqsirkarların günahlarını Öz üzərinə götürüb.

Vəftizçi Yəhyanın şübhələrinin onun ağır vəziyyətindən irəli gəlməsi də mümkündür. Yəhya həbsdə idi və çox güman ki, ağlına belə fikirlər gəlirdi: İsa həqiqətən Məsihdirsə, əziz dostu və sələfi olan mənim bu cür dəhşətli vəziyyətə düşməyimə necə yol verib? Uzun zamandır, bu zindandayam, O isə bircə dəfə mənə baş çəkməyib, heç kəsi mənim yanıma yollamayıb və məndən heç xəbər almayıb? Ağır vəziyyətimi yüngülləşdirmək və ya tezliklə azad olmağıma kömək etmək üçün niyə heç nə etməyib?

Sözsüz ki, Rəbb İsanın zindanda olan Yəhyaya baş çəkməməsinin müəyyən səbəbi var idi. Onların aralarında razılığın olmasını da istisna etmək olmaz. Lakin ehtimal var ki, bu, Yəhyaya etinasızlıq kimi gəlib və hətta Məsihə olan imanını sarsıdıb.

Bəziləri düşünürlər ki, Yəhya şagirdlərini Məsihin yanına özünə görə yox, onlara görə göndərmişdi. Çünki Yəhya zindanda ikən, şagirdləri onun yanında olub, ona xidmət edib, xahişlərini yerinə yetirməyə hazır idilər. Onlar Yəhyanı sevir və əsla ondan ayrılmaq istəmirdilər. Yəhya isə öz şagirdlərini ilk başdan Məsihə yönəldib, necə ki ibtidai sinif müəllimi şagirdlərinin həmişə məktəbdə qalmayacaqlarını, nə vaxtsa universitetə gedəcəklərini bilir. Güman ki, Yəhya da tezliklə öləcəyini hiss edib, şagirdləri Məsihin əllərinə buraxmaq istəyib, odur ki Məsihi yaxından tanımaları üçün şərait yaradıb.

Yəhyanın Məsih haqqındakı fikri dəyişməli idi; o anlamalı idi ki, Məsih məhəbbətdir; o qavramalı idi ki, Allah Quzusu günahlı dünyanı satın alaraq xilas etmək üçün əziyyət çəkib ölməli idi. Bu yeni fikri qavramaq Yəhyaya çox çətin idi. Çünki bu yeni fikir yəhudilərin yetişdikləri, mənimsədikləri Əhdi-Ətiq ruhuna uyğun gəlmirdi. Məsihdə hökm, zorakılıq, səlahiyyət görünməyib, əksinə, lütfkar, həlim, təvazökar olan ilahi məhəbbət təzahür edib.

DUA: Ey müqəddəs Allahımız, Sən rəhmli məhəbbətsən! Sənə səcdə qılıb yalvarırıq, ürəklərimizə Öz məhəbbətini tök, qoy biz sevinc, həlimlik, səbir ilə həyat sürək! Qoy biz İnsan olan İsada Məsih Şəxsiyyətini dərk edək və ömrümüzün sonuna qədər Onun ardınca gedək, Onun məziyyətləri ilə dolu, məhəbbətdə müqəddəs və nöqsansız olaq!

SUAL:

  1. Niyə İsa Vəftizçi Yəhyanı zindandan azad etmədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)