Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 063 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


Məsihin şagirdləri yeni əhddə necə dua edəcəklərindən xəbərsiz olduqlarını etiraf etdilər. Müqəddəs Ruh hələ onların ürəklərinə tökülməmişdi. Onlar İsaya üz tutub necə dua etmək haqqında soruşdular. İsanın onlara rəhmi gəldi və İsa onlara “Atamız” duasını öyrətdi.

MATTA 6:9
9 Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, adın müqəddəs tutulsun...”
(Yez. 36:23; Luka 11:2-4)

Məsih bizə Allahın adı ilə danışmağı, hər şeyə qadir olan Rəbbi çağırmağı, Mərhəmətli, Rəhmli Allahın adı ilə dua etməyi öyrətməmişdir. Allahın bu adları başqa dinlərdə də var. Lakin İsa bizə Allaha unikal adı ilə müraciət etməyi, Onu “Atamız!” çağırmağı öyrətmişdir. Sözsüz ki, biz Allahı Atamız adlandırmağa layiq deyilik və hətta hər istədiyimiz zaman Ona yaxınlaşmağa belə qadir deyilik. Lakin Müqəddəs Ruhdan doğularaq göydən yerə enən Məsih bizi Öz hüquqlarına şərik elədi. O bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz ruhən doğulub Allahın qanuni övladı olaq.

Məsihin sözlərini diqqətlə araşdırsan dualarında və söhbətlərində Allahı təqribən 187 dəfə “Ata”, “Atam” və ya “Atamız” adlandırdığını heyrətlə görəcəksən. İsa adətən düşmənləriylə söhbət edəndə, yaxud cinləri qovanda Allah sözünü işlədirdi. Ata Ondan üzünü çevirəndə, çarmıxa çəkilmiş vəziyyətdə olarkən, O “Ey Allahım, Allahım, niyə Məni tərk etdin?” deyə nida edəndə, dünyanın bütün günahlarını Öz üzərində daşıdı və o vaxt Atanın şəfqətli siması, əzəli Hakimin qızğın qəzəbi ilə əvəz olundu və Allah bizim təqsirlərimiz üçün Öz Oğlunu cəzalandırdı.

Ata İsadan üzünü çevirdiyi halda, İsa sadiq qaldı və Allahın Onun Atası olduğuna inanmağa davam etdi. Axırda O belə dua etdi: “Ey Ata! Ruhumu Sənin əlinə verirəm!” O andan bəri İsa bizim üzərimizə Müqəddəs Ruhunu tökür və biz sevinclə nida edirik: “Ey göylərdə olan Atamız!” Bu Ruh, imanlılara Allahın Ata olması sirrini açır. Buna görə biz böyük sevinc və həmdlərlə Onu ucaldırıq, Ona şükür edirik, çünki Səmavi Ata bizi bağışladı, bizə əbədi həyat verdi və bizi Öz ailəsinə qəbul etdi. O bizi sevimli övladları olaraq çağırdı və məhəbbət Padşahlığında xidmətçi olaraq qəbul etdi. Bu səbəbdən biz imansızlar kimi qorxmamalıyıq, axı biz Müqəddəs Ruhun qüvvəsi ilə Məsihin qanı sayəsində Onun müqəddəs hüzuruna girmək haqqını əldə etmişik.

Məsihdə ən mühüm dua Ata adının müqəddəs tutulması üçün edilən duadır. Biz tamamilə əminik ki, Səmavi Ata kamil müqəddəsliyə malikdir, Onun müqəddəsliyinin təkmilləşdiriləsi üçün bizə ehtiyacı yoxdur. Ancaq O bizi bu üstün hüquqa şərik etdi, biz də Ona həmd edirik, Onu ucaldırıq, sevinc və şadlıqla Ona xidmət edirik.

Bu, ən ülvi qayəmizdir. Bütün başqa xahişlərimiz bu təməl qayədə cəmləşir. Bütün başqa dualarımız bu qayəyə xidmət etməlidir. “Ey Ata, izzətlən!” nidası gündəlik çörək və günahlarımızın bağışlanması üçün dualarımızda əsas məqsəd kimi səslənməlidir. Hər şey Ondan və Onun vasitəsilə gəlir və hər şey Ona xidmət etməli və Onun üçün edilməlidir. Dua zamanı fikirlərimiz və arzularımız Ata Allahın izzətləndirilməsinə yönəlməlidir. Fariseylər dua edərkən əsas məqsədləri özlərini, öz adlarını izzətləndirmək idi; bizim əsas məqsədimiz isə Ata adının izzətləndirilməsi olmalıdır. Bütün xahişlərimizi bu məqsədlə təqdim edək: “Mənə filan şey ver ki, adın ucalsın! Qoy bu işdə adın izzətlənsin!”

Bu dünyada hər ata arzu edir ki, övladları insanların hörmətini qazansınlar, cəmiyyətə yararlı olsunlar, öz ailələrinin adını ucaltsınlar. Məsih də həmçinin arzu edir ki, biz müqəddəs həyatımızla Səmavi Atamızı şərəfləndirək, Onun Ruhunun səmərəsini verək, belə ki imansız adamlar göylərdə olan Atamızı, hörmətli oğulları və qızları üçün izzətləndirsinlər.

Övlad olmadan, Ata da olmur. Biz dua edirik ki, Səmavi Atamızın daha çox-çox ruhani övladları olsun, günəş doğan zaman otun üstündəki şeh qədər çox imanlı balaları olsun! Bizim məhəbbət dolu müqəddəs və saleh həyat sürməyimizlə Onun Ata adı izzətlənsin!

DUA: Ey Ata, Sənin adın ağzımızda təmiz baldan şirindir! Günahkar idik, amma Sənin övladların olmuşuq. Sənin məhəbbətinə, Oğlunun lütfünə, Müqəddəs Ruhun mərhəmətinə görə şükür edirik! Çünki biz Sənin xilasına görə həqiqətən Sənin övladların olmuşuq. Şəhər və kəndlərimizə Öz Ata adını aç, qoy bu gün Sənin çoxlu övladların doğulsun və müqəddəs Ata adın ucalsın!

SUAL:

  1. Ata adını necə müqəddəs tuta bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:36 AM | powered by PmWiki (pmwiki-2.2.109)