Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 064 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


MATTA 6:10
10 Padşahlığın gəlsin …
(Luka 22:42)

Bu xahiş, Məsihin o zamanlarda öyrətdiyi, ondan öncə Vəftizçi Yəhyanın elan etdiyi və daha sonra Məsihin şagirdlərinə tapşırdığı təlimə açıqca işarə edir: “Allahın Padşahlığı yaxınlaşıb!” Göylərdə olan Atanızın və Məsihinin Padşahlığı yaxınlaşıb! Dua edin ki, bu Padşahlıq gəlsin!

Allah bütün dünyanı yaratdı və dünya Ona məxsusdur. Lakin insanlar Rəbbə qarşı itaətsizlik etdilər, Rəbbi tərk etdilər, sanki özlərini Rəbbin əlindən oğurladılar. Buna baxmayaraq, onlar hələ də Rəbbə məxsusdurlar. Sən də, ey qardaş, sözün tam mənası ilə həqiqətən Allaha məxsussan.

Allah Ona məxsus olan bizdən uzaq qalmaq istəmədiyinə görə, bizə Məsihi göndərdi. Onun Padşahlığının Padşahı olan Məsih xəstələrə şəfa verib, fəqirlərə mərhəmət göstərib, hazır olanlara vəz edib, itaətsizlərə ağlayıb və bizim uğrumuzda ölüb. Atamızın Padşahlığı, günahkarları Onun hüzuruna girməyə layiq edən Oğlunun kəffarəsi əsasında qurulur. Müqəddəs Ruh bu dünyada böyük qüdrəti və nizamı ilə bu ruhani Padşahlığı gerçəkləşdirir.

Bu İlahi Padşahlıq bu gün Allahın övladları ilə davam edir. Onun Padşahlığı bu dünyadan deyildir və biz də bu dünyada qəribik. Atanın adının müqəddəs tutulması üçün dua ediriksə, mütləq bu dünyadan ayrılacağıq.

Bu xahişimiz həmçinin Allahın Padşahlığının yer üzündə yayılmasını, bol lütfünün bütün xalqlara çatdırılmasını arzu etdiyimizi göstərir. Səmavi Ata, Öz övladlarına və cəmiyyətlərinə Padşahlığın bu dünyaya gəlməsi üçün dua edərək Müjdəni elan etmək hüququnu bəxş etmişdir. Həqiqətən, Allah məhəbbətdir və O istəyir ki, bütün dünya Onun biliyi ilə dolu olsun. O “bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir”. Sən duada “Padşahlığın gəlsin” dediyin zaman bu xahişin bütün bu mənaları barədə düşünürsənmi? Allah səni ruhlandırmaq istəyir ki, sən öz mühitindən başlayaraq bütün dünyaya Müjdəni yaymaqda iştirak edəsən.

Padşah Ona məxsus olanlar üzərində hökm sürmək üçün izzət içində təkrar yer üzündə gələndə, Rəbbin Padşahlığı zühur edəcək. O zaman bütün düşmənçiliyə son qoyulacaq, şeytan çölə atılacaq, ölümün Məsihin ardıcılları üzərində səlahiyyəti olmayacaq. Biz Səmavi Atamızı görəcəyik, Ona dönəcəyik. Rəbbin duasındakı ikinci xahişin dərin mənasını və məqsədini dərk etmisənmi? Gələcək olan Padşah sənə söz və əməllə, dua və fədakar xidmətlə Onun yolunu hazırlamaq fürsətini verir ki, Onun məhəbbət Padşahlığı yer üzünə gəlsin.

DUA: Ey Səmavi Ata, Səni ucaldırıq, zira Sən bizə padşahların Padşahı olan Oğlunu göndərdin. Biz Onu rədd etdik, günahlarımızla çarmıxa çəkdik. Lakin O bizi satın aldı, Sənin Səmavi Padşahlığında üzv olmağa layiq elədi. Bu ruhani Padşahlığının bizim şəhərimizdə, ölkəmizdə, qohum-əqrəbamızın içində yayılması üçün Sənə yalvarırıq! Gəl, ya Rəbb İsa! Biz Sənin Padşahlığının yayılması uğrunda əziyyət çəkənlərlə birlikdə Səni gözləyirik! Bizi Səmavi Atamıza qaytaracağın üçün, Atamızı olduğu kimi görəcəyimiz üçün Sənə şükür edirik!

SUAL:

  1. Sən duada “Padşalığın gəlsin!” deyərkən nəyi gözləyirsən?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:37 AM | powered by PmWiki (pmwiki-2.3.3)