Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 059 (Replacing Hatred)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

e) Düşmən nifrəti məhəbbətlə əvəz olunur (Matta 5:43-48)


MATTA 5:43-48
43 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44 Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45 Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46 Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47 Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48 Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
(Çıx. 23:4-5; Lev. 19:2,18; Rom. 12:14-20)

Əhdi-Ətiq düşmənə nifrət etməyi öyrətmir. Halbuki fariseylər və ilahiyyatçılar Lev. 19:18-dəki “Qonşunu sev” sözlərini elə şərh edirdilər ki, qonşuya sevgi düşmənə nifrəti zəruri edir, çünki qəbilə qanunları hüququn yerinə yetirilməsini, şərəfin qorunmasını, düşməndən uzaqlaşmasını tələb edir. Məsih isə milliyyətçilik zehniyyətini yox edərək Allahın məhəbbətini bütün xalqlara şamil etdi və bizi də bu yola çağırdı. Məsihə olan imanın, düşməni sevməyində təzahür edir, düşmənə qarşı dözümlü olmaq kifayət deyil. Düşmənə sevgi insana xas olan bir fəzilət deyildir, adi insan əsla belə davrana bilməz.

Dostunu sevmək istəyən insan, özünü unudub dostunu düşünməlidir, dostuna əməldə qayğı göstərməlidir. Rəbbin əmrinə əsasən düşmənini sevmək bundan qat-qat çox çətin deyilmi? Müntəzəm surətdə Məsihlə ruhani ünsiyyətdə olmadan heç kəs bu əmrə əsla əməl edə bilməz. Xilaskarımıza çox şükür olsun ki, Onun Ruhu bizi bu yolda aparır, nifrətimizə qalib gəlməkdə və hər insanı sevməkdə kömək olur. Lakin əgər sən hansısa insana, yaxud camaata hirslənirsənsə, ehtiyatlı ol, çünki belə halda Allahın Ruhu səndə olan pis hisslərə qalib gəlməyəcək.

Sizi təqib edənlərə görə dua edin. Düşmənə sevgiyə tərəf ilk addım budur. Bir dəfə bir adam başqasını çox incitmişdi, ailəsinə qarşı böyük pislik etmişdi, onlara çox əziyyətlər çəkdirmişdi. Ancaq Allahın Ruhu zərər çəkən adamın ürəyinə qoydu ki, düşməninə görə dua etsin və o, Allahın o adama onun özündən və ailəsindən də çox xeyir-dua verməsi üçün daim dua edirdi. Allah istəyir ki, sən sevinc dolu ürəkdən düşməninə xeyir-dua verəsən.

Əgər sən kindən azad olmusansa və dualarında düşməninə xeyir-dua verirsənsə, düşməninə baş çəkə bilərsən. Düşmənin çətin vəziyyətə düşəndə, ona kömək edə bilərsən, ancaq onu utandırmamaq üçün gizlicə kömək etməlisən. Düşməninin ruhunu, canını, bədənini, ailəsini xilas etmək üçün əlindən gələni et, o səni qəbul etməsə belə, rədd etsə belə, ona yaxşılıq et. Axı Allah biz insanlarla belə rəftar edir.

Sənin halın Allahın və Oğlunun halından daha yaxşı olmayacaq. İnsanlar İsaya lağ etdilərsə, məhəbbətini, qurbanını rədd etdilərsə, sənin məhəbbətini də qəbul etməzlər, sənə də inanmazlar, lakin sənin kömək etmək cəhdlərini pis başa düşərlər, elə bilərlər ki, sən onları alçaltmaq istəyirsən. Onlar səndən hökümətə şikayət edərlər, hiylə işlətməkdə günahlandırarlar, şər atarlar, çünki onlarda başqa ruh yaşayır. Sən isə Allahın sülhünün övladı olmusan və başqalarında olan bəzi niyyətləri anlayırsan. Səmavi Ataya dua et ki, O bizi sevdiyi kimi, onları da kindən azad etsin və məhəbbətlə doldursun. Allah sənin düşməninə qalib gələ bilər, daş ürəyini yumşalda bilər.

Allah məhəbbətdir. O bizi kamil mərhəmətə dəvət edir. Onun bu kamilliyə dəvəti bizim qürurumuzu sındırır və biz düşmənlərimizi sevməyə qabil olmadığımızı etiraf edirik. Onda Allah bizə Öz kamilliyindən bir qədərini bəxş edir, Oğlunun qanı vasitəsilə bütün günahlarımızı bağışlayır. Bu təmizlənmə də kamildir, çünki çarmıxa çəkilmiş Məsihin bəxş etdiyi əfvdən daha böyük təmizlənmə yoxdur. Allah sənə əvəzsiz olarak bəxş etdiyi salehliyi Öz Ruhu ilə möhürləyərək, ürəyinə kamil məhəbbətini tökür. Məsih nəzəriyyəçi filosof deyildir, tətbiqi qeyri-mümkün olan uca fikirlərdən danışmır, lakin O Özü kamildir və O sənə irsin üçün qoyulan girov olaraq Öz Müqəddəs Ruhunu bəxş edir. Məhəbbət Ruhun məshi sənin düşmənlərinə qarşı məhəbbətində aşkara çıxır.

Şübhəsiz ki sən tək başına kamil ola bilməzsən, lakin Ata Allahla və Onun övladları ilə şəriklikdə kamil ola bilərsən! Çünki məhəbbət mahiyyətinə görə vəhdəti, ünsiyyəti, şərikliyi tələb edir. Beləcə Allah Özünü İsanın Atası kimi tanıtdı. İmanlılar da pak və müqəddəs məhəbbətdə qalaraq bir-birini sevməlidirlər. Məhəbbət, Müqəddəs Üçlükdə vahid Olanın sirridir, çünki Üçlüyə daxil olan Şəxslər bir-birini sevərək kamil birlikdə yaşayır. Bəs sən Məsihin səbri və uca məhəbbəti ilə başqa imanlılarla birlikdə yığılırsanmı? Allahın kamil məhəbbəti aranızda necə təzahür edir?

DUA: Ey Ata, bizi Oğlunda Sənin kimi kamil olmağa dəvət etdiyinə görə Sənə şükür edirik. Lakin biz itaətsiz və günahkarıq. Ancaq Sənin məhəbbətin bizi günah palçığından qaldırır və biz İsanın qanı ilə təmizlənərək Sənə yaxınlaşıb, kamil və pak ola bilirik. Sənin Müqəddəs Ruhun kamilliyimiz üçün qoyulan girovdur. Qoy biz düşmənlərimizə məhəbbət göstərməyə qabil olaq və Sənin sevincin bizdə tamam olsun!

SUAL:

  1. Allahın kamilliyinə necə yaxınlaşa bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:36 AM | powered by PmWiki (pmwiki-2.2.109)