Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 035 (Temptation of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

4. İsanın sınağa çəkilməsi və iblisin üzərində qələbəsi (Matta 4:1-11)


MATTA 4:1-4
1 Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2 İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3 O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4 İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır».
(Çıx. 34:38; Qanun. 8:3; Mark 1:12-13; Luka 4:1-13)

Bu parçanın başladığı "bundan sonra" ifadəsinə xüsusi diqqət yetirməliyik. Göylər yarıldıqdan, Ruh endikdən, səda İsanın Allahın Oğlu və dünyanın Xilaskarı olduğunu elan etdikdən sonra İsanın "sınağa çəkilməsini" görürük. Bu sınaqlar, İsanın son dərəcə mühüm işi – vəftizi başa çatdırmasından dərhal sonra gəldi.

İlahi məhəbbətin xüsusi əlamətləri bizi sınaqlardan qurtarmaz. Əksinə, biz Allahdan böyük şərəfə nail olduqda, bizi sındıran, alçaldan olayları gözləməliyik. Adətən Allah Öz övladlarını sınaqlarından əvvəl hazırlaşdırar, lazım olan qüvvə ilə təmin edər, çox böyük sınaqdan əvvəl isə fövqəladə təsəlli verər. Sınaqlara ən yaxşı hazırlıq, Allahın övladı olduğumuza əminliyimizdir. Allahın Ruhu bizim Alahın övladları olduğumuza şəhadət edirsə, bununla O, murdar ruhun bütün hiylələrinə qarşı durmaqda bizə kömək edir.

Allahla ünsiyyətdə olandan sonra şeytanın bizə hücum etməsini gözləməliyik. Allahdan təzə bərəkət əldə edən insan ikiqat artıq ayıq olmalıdır: «Yeyib-doyanda isə diqqətli ol!» (Qanun. 6:10-12).

Özləri saleh olmaqla kifayətlənməyərək, başqalarına və xüsusilə yeni imanlılara salehlik yolunu tutmaqda, Rəbbə xidmət etməkdə yardım edən imanlılara qarşı şeytan xüsusi tədbir görür. Şeytanın sənə qarşı hazırladığı tələləri bil və sənin vəziyyətində lazım olan silahları hazırla.

Budur, Müqəddəs Ruh İsanı şeytanla və ruhani şər qüvvələri ilə qarşılaşması üçün səhraya apardı. İsanın yəhudi xalqı ilə oxşarlığının daima üstü-örtülü şəkildə göstərildiyinə diqqət verin. İsrail xalqı Misirdən çıxdıqdan sonra ruhani həyatlarında məğlubiyyətə uğradı. Ancaq Allahın Oğlu İsa iblisin bütün hiylələri qarşısında dayana bilən yeganə insandır. İsa bu döyüşdə şeytana qalib gəldi və Səmavi Atanın insan üçün təyin etdiyi planı tamamlaya bildi. Məsih təkcə yəhudiləri xilas etməyə gəlməyib, lakin çarmıxa çəkiləndə bütün bəşəriyyətin günahlarını daşıyıb. O, iblisin insanlar üzərində hökmranlıq etdiyi, insanları günaha batırdığı bütün həyat sahələrində bizə görə qələbə çaldı. Bu səbəbdən səhra, Allahın Oğlunun kim olduğunu bir daha təsdiq edir. Qeyd edək ki, İsanın sitat gətirdiyi ayələr məhz Allahın İsrail xalqına Sina səhrasında öyrətdiyi sözlərsəb ibarət idi (Qanun. 8:3). Rəbb İsa insanların günaha batdıqları üç sahədə düşmənin sınaqlarına qarşı durmağa müvəffəq oldu. Bunlar insanı hisslər vasitəsilə sınağa çəkən cismani ehtiras; sərvət əldə etmək arzusu ilə sınağa çəkən acgözlük; diqqət mərkəzində olmaq arzusu ilə sınağa çəkən təkəbbürdür. Bütün bu sahələrdə İsa bizim üçün qələbə çaldı və sınaqlarımızda bizim halımıza acıya bilən böyük Müdafiəçimiz və Baş Kahinimiz oldu. О, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir (İbr. 4:14-16).

Məsihin vəftizi izzətli hadisə idi, çünki Onun vəftizində Səmavi Ata sevimli Oğlundan çox razı olduğunu bildirdi. Qəribədir ki, bu təntənəli təsdiq edilmə olayından dərhal sonra Müqəddəs Ruh İsanı Allahın düşməni ilə vuruşması, döyüşməsi üçün səhraya apardı. İsa səhrada Öz bəşəri təbiətinin zəifliyinə baxmayaraq, ilahiliyinin qüdrətini göstərməliydi.

Qırx gün boyunca İsa cansız səhrada Səmavi Ata ilə ünsiyyətdə oldu. O, Allahın Kəlamına qulaq asırdı, necə ki Musa bir zamanlar qırx gün, qırx gecə yeməyi, içkini yaddan çıxardıb Allahla ünsiyyətdə oldu və Qanunun lövhələrini Allahdan aldı. Ancaq İsa Allahla görüşündən daş lövhələri ilə qayıltmayıb, çünki O, yeni əhdin Qurucusu, bəşər olmuş Allah Kəlamıdır və Onun ardınca gedənləri xilas edən qüvvə Onun Özündədir.

Axırda şeytan İsaya yaxınlaşdı və Ona yazığı gəlirmiş kimi özünü göstərdi. O, İsanın aclıq hiss etməsini istədiyi halda, yalandan İsanı çox sevirmiş kimi özünü göstərdi. Məqsədi İsanı günaha batırmaq, çarmıx yolundan döndərmək idi. Şeytan hər şeydən əvvəl İsanın Ata ilə münasibətlərindən şübhələnməsi üçün çalışdı. Ona belə sual verdi: «Sən Allahın Oğlusanmı?» Beləcə o, bu həqiqəti sual altına qoydu. Şeytan Məsihin kim olduğunu insanlardan da yaxşı bilir, axı cəhənnəm İsanın önündə titrəyir. Şeytan «Sən Allahın Oğlusan» deyə təsdiq etsəydi, İsaya iman edənlər kimi olardı. Lakin o həqiqəti təhrif edərək, «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün» dedi. İblis həmişə belə eləyir, insanın imanını sarsıtmaq və onu həyat mənbəyindən uzaqlaşdırmaq üçün ürəyinə şübhə salır.

Yoxsulluq ağır sınaqdır. İnsan yoxsul halına görə şübhəyə düşür, tərəddüd edir, ehtiyaclarını ödəmək üçün qeyri-qanuni yollara əl atır, çünki o elə bilir ki, ehtiyac üçün qanun yoxdur və aclıq möhkəm divarları belə sındırar. Bu isə ciddi bir üzürlü səbəb sayıla bilməz, çünki Allahın Qanunu hər divardan möhkəm olmalıdır. Aqur Allahdan onu yoxsulluqdan qorumasını istəyib, ancaq yoxsulluqdan əziyyət və xəcalət çəkəcəyinə görə yox, yoxsulluğun səbəb olduğu sınaqlara görə belə dua edib: «Saxta, yalan sözlər qoy məndən uzaq olsun; məni nə yoxsul, nə də zəngin et, ancaq mənə gündəlik çörəyimi ver. Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm…» (Sül. 30:8-9). Çətin günlər yaşayanlar, böyük ehtiyac çəkənlər daha çox ayıq olmalıdırlar. Firavan yaşamaq üçün günah etməkdənsə, acından ölmək daha yaxşıdır.

Şeytan "sınağaçəkən" olduğuna görə, insanın əleyhdarıdır, düşmənidir. Yalnız ən qəddar düşmən adamı günaha batırmaq istəyər. Belə insanlar şeytanın köməkçiləri, onun işini yerinə yetirənlər, niyyətlərini həyata keçirənlərdir. Şeytan hələ ilk əcdadlarımızı günaha batırdığına görə sınağaçəkən adlanır. O indiyədək insanları sınağa çəkir və günaha batırır. Bütün başqa sınağaçəkənlər şeytanın yolunu tutanlardır.

Hiyləgər bilirdi ki, Məsih daşları çörəklərə döndərə bilir, odur ki Məsihdən bu möcüzəni göstərməsini istədi. Əsil məqsədi, Məsihi Öz təbiətinə qarşı hərəkət etməyə məcbur etmək idi. İsa şeytanın sözünə qulaq assaydı, Öz sirrini pozardı, çünki O məhəbbətdir, məhəbbət öz xeyrini güdməz, ancaq Səmavi Atanın izzəti üçün bizə görə Özünü qurban verər. Şeytanın bu sınağı, dünyanı özünə tabe etmək üçün çörəkdən istifadə etməsi, bu gün göz qabağındadır: şeytan bir çox insanları bu yolla aldadır və həlaka aparır. Təsəvvür edək ki, İsa orada daşdan Özü üçün dadlı bir yemək düzəltsəydi, nə olardı? Artıq zəhmət çəkmək, çalışmaq lazım olmazdı. Süt və şərab çaylarla axardı, bütün dünya Məsihə gəlib iman edərdi, Ona səcdə qılardı. Ancaq insanların ürəkləri dəyişməzdi, onlar bağışlanmazdılar və hələ də Allahın qəzəbi və məhkumiyyəti altında qalardılar.

Məsih xidmətinin başından bəri izdihamların heyranlığını, çarmıxdan yan keçərək sadəcə olaraq xeyriyyə ilə dünyanın xilas edilməsini rədd etdi. Onun xilası ilk öncə bədənlə deyil, canın, ruhun satın alınması ilə bağlıdır. Onun məqsədi, günahlarımızın bağışlanması və ürəklərimizin təzələnməsidir. O, çarmıxda məhz bu məqsədlərə nail olmuşdur.

İsanın şeytana verdiyi cavabda ruhani həyatımız üçün Allahın mühüm qaydasını görürük: «İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar». Bizə gündəlik çörəyimiz üçün dua etməyi öyrədən Məsih gündəlik çörəklə qidalanmağın vacibliyini inkar etmir, lakin vurğulayır ki, Allahın Kəlamını dərindən öyrənmək bədənin ehtiyaclarından daha çox əhəmiyyətlidir. O eləcə də öyrədir ki, biz hər şeydən əvvəl Səmavi Padşahlığa və Allahın salehliyinə can atmalıyıq. Sən hər gün Əhdi-Cədidi oxuyur, ruhani qida kimi qəbul edirsənmi? Hər gün yeməklə qidalanmayan insan tezliklə zəifləməyə başlayar və heç yemək yeməsə, ölər. Hər gün Allahın Kəlamını oxumayan imanlı da beləcə ruhən zəifləyər və xəstələnər. Təəssüflər olsun ki, bəzi cəmiyyətlər və imanlılar bu vəziyyətdədirlər, çünki Allahın Kəlamını yalnız bazar günlərində eşidirlər. Onlar həftədə bir dəfə yemək yeyən insanlara bənzəyirlər. Ruhən ölmürlər, amma məhəbbət, ümid və imanda zəif qalırlar. Sən hər gün sakit, səssiz bir mühitdə Allahın hüzurunda qalmalısan, Ondan qidalanıb qüvvət almalısan. O zaman canlanarsan və dərk edərsən ki, İsanın çarmıxı vasitəsilə Allahın övladı olmusan; o zaman bilərsən ki, ac qalsan belə, fiziki çörəkdən məhrum, yoxsul olsan belə, əbədi yaşayacaqsan.

Beləliklə, sınağaçəkənin səyinə və çoxlu cəhdlərinə baxmayaraq, İsa Məsihin sınaqlara qalib gəldiyini görürük. Şər, izzət Sahibindən kənarda qaldı, Ona təsir edə bilmədi. Biz isə, əksinə, şərin bizə təsir etdiyini görürük.

DUA: Ya Rəbb İsa Məsih, iblisin tələsinə düşmədiyinə, Özün üçün daşdan çörək düzəltmədiyinə görə Sənə minnətdarıq. Sən onun səsinə qulaq asmadın və Özünü düşünmədin. Sən xalqı dadlı yeməklərlə cəlb etmədin, ancaq bizə əbədi həyata nail olmağımız üçün misilsiz Allah Kəlamını dadmağı öyrətdin! Bizə kömək et ki, hər gün Sənin Kəlamını oxuyaq, Müqəddəs Ruhunla qüvvətlənək və Sənin iradəni sevinclə yerinə yetirək!

SUAL:

  1. Niyə İsa daşı çörəyə döndərməyə qadir olmasına baxmayaraq, bunu etmədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.2.109)