Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 023 (Worship of the Magi)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

3. Münəccimlərin səcdə qılması (Matta 2:1-11)


MATTA 2:11
11 Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər.

Münəccimlər yol göstərən ulduzu təqib edərək Bet-Lexemə çatanda, Davudun nəslindən yeni doğulmuş Körpə barədə şəhərin sakinlərindən xəbər aldılar. O zaman bəziləri bir neçə ay əvvəl Bet-Sahur təpəsində qoyunlarını otararkən ilahi oxuyan mələkləri görən çobanların əhvalatını yada saldılar. Mələklər çobanlara dedilər ki, axurun içində yatan Körpə Rəbbin Özüdür, yeganə Xilaskar və Məsihdir! Lakin Bet-Lexem sakinləri çobanların sözlərinə inanmamışdılar, onları xəyalpərəst sayıb lağa qoymuşdular. Necə ki Yerusəlimdəki baş kahinlər və padşah iki planetin birləşməsinin dərin mənalı rəmzinə inanmamışdılar.

Siyahıyaalınma tamamlandıqdan sonra Bet-Lexemdə adamların sayı azaldı və Yusif bir ev kirayələdi. O zaman Allahın əlamətinə ürəkdən inanan münəccimlər Körpə ilə anasını axtarıb tapdılar.

Orada Şərqdən gələn bu alimlər imanlarını iqrar etdilər və iman gətirdikləri Körpəyə səcdə qıldılar. "Səcdə" sözü özünü, bütün ürəyini tamamilə təslim etmək, tabe olmaq mənasına gəlir, necə ki keçmiş zamanlarda qullar ağaları qarşısında yerə əyilib ayaqlarına sürünərək yaxınlaşardılar, alınlarıyla yerə toxunaraq sanki ağalarına deyərdilər: «Ayağını başımın üstünə qoy, mən sənə məxsusam! Mənimlə istədiyin kimi rəftar et, mən sənin sərəncamındayam!» Münəccimlərin səcdə qılması o deməkdir ki, bəzi bütpərəstlər İsanın aləmlərin Rəbbi olduğunu dərk etdilər və Ona təslim oldular. Yəhudilər isə bir kənarda durub susurdu, İsa dünyaya gələndən bəri daima Ona qarşı dayanırdılar. Müjdəçi Matta, özünün Müjdə Kitabının ilk səhifələrindən İbrahimə və nəslinə verilən vədin bütün millətlərdə Allahın Oğlu İsa Məsihə iman edənlərə şamil edildiyini xüsusilə vurğuladı.

Bu rəblərin Rəbbinə iman gətirən və Onunla şərikliyə nail olan hər adam Məsihə səcdə qılmağın sadəcə olaraq insandan gələn bir iş olmadığını dərk edir. Məhəbbət Rəbbi Ona təslim olan ürəklərə lütf, xeyirxahlıq, qüvvət, bağışlanma, sülh axınını tökür. Münəccimlər Körpəyə hədiyyələri təqdim etdilər. Əslində, O Özü onlara bir hədiyyə idi, çünki Allah onlara Öz Oğlunu verdi! Hirodun böyük qüdrət və izzət sahibi olmasına baxmayaraq, münəccimlərin ona sədaqət, səcdə və ehtiram göstərdiklərini oxumuruq. Onlar Körpə İsanı sadəcə olaraq bir padşah kimi şərəfləndirmədilər (belə olsaydı, Hiroda da eyni şərəfi verərdilər), lakin Allah kimi Ona səcdə qıldılar!

Ən böyük hədiyyə, onların verdikləri deyil, aldıqları idi. Bizim verdiyimiz hədiyyələrin hamısı yalnız Rəbbin bizə bəxş etdiyi ən böyük hədiyyə üçün minnətdarlıq ifadəsidir, çünki Rəbb bizə Özünü verdi! Biz özümüzü Məsihə həsr etdiyimiz zaman, hər şeyimizi Ona təqdim etməliyik. Əgər biz həqiqətən ciddi və səmimi olaraq İsaya tabe olsaq, hər şeyimizi Ona vermək arzusu ürəyimizdən gələcək. Nə qədər ki biz özümüzü diri qurban olaraq təqdim etmirik, təqdimlərimiz məbqul sayılmır. Rəbb öncə «Habilin» özünü, və ancaq ondan sonra «onun təqdimini qəbul etdi» (Yar. 4:4). Biz bu ənamı həqiqətən imanla qəbul etmişikmi?

Kilsə ataları münəccimlərin şükürlə təqdim etdikləri üç növ hədiyyələri Məsihin üç rolu olaraq şərh ediblər. Qızıl Məsihin ilahi ehtişamına, hökmranlığına işarə edən padşahlıq rəmzidir (Çıx. 25:17; İbr. 9:5). Mirra Məsihin bizim üçün çəkdiyi iztirabları və çarmıx ölümünü bildirir (Zəb. 69:21; Mat. 27:33 ilə Yəh. 19:28-30, 39-u müqayisə et). Kündür müqəddəslərin Allaha ucalan dualarının və Məsihin İnsan olaraq kamilliyinin rəmzidir (Lev. 2:1 ilə Ef. 5:2; 2Kor. 2:15-i müqayisə et). Bu hədiyyələr vasitəsilə bütpərəst millətlər İsanın, ilahi təbiətə malik Olan padşahların Padşahı və Baş Kahin olduğuna şəhadət etdilər. Yerusəlim və Bet-Lexemin sakinləri Allahın bəşər olub aralarında məskən saldığını dərk etməmişdilər.

Bəs sənin gözlərin açılıbmı? Sən İsaya Rəbbin və Allahın kimi qəcdə qılırsanmı? Ürəyini, pulunu, vaxtını Ona təqdim etmisənmi? Məsih doğulub şər dolu dünyamıza xilas gətirdi. Onu sevən adam Onunla birləşir və Müqəddəs Ruhunun qüvvəsi ilə dolur. Sən həqiqətən də İsaya səcdə qılanlarla birlikdə durursanmı, yoxsa hələ ki tərəfsiz olaraq qalmağa çalışırsan?

DUA: Sənə səcdə qılırıq, ey müqəddəs ilahi Oğul. Zira Sən bizim xilasımız üçün gəldin. Sən hər kəsi sevirsən, məni də sevirsən. Sənin önündə təqsirlərimi etiraf edirəm və özümdə Sənə hədiyyə verəcəyim heç bir yaxşılıq tapmıram. Məni qəbul et və xilas et, təmizlə və təqdis et, qoy mən Sənə özümü təqdim etməyə layiq olum! Sənin oğlun adlanmağa layiq deyiləm. Lakin Sən mənə tərəf qaçırsan, məni ucaldırsan, öpürsən, salehlik paltarlarını verirsən və Allahın sevincinə şərik edirsən! Sən Rəbbim və Allahımsan! Mən Sənə məxsusam! Həyatımı götür və izzətli lütfünün mədhi üçün istifadə et! Amin.

SUAL:

  1. Səcdə nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.2.109)