Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 022 (Worship of the Magi)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

3. Münəccimlərin səcdə qılması (Matta 2:1-11)


MATTA 2:7-10
7 Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8 «Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9 Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10 Onlar ulduzu gördükləri vaxt çox sevindilər.

Padşah Hirod və yəhudi ali məclisi peyğəmbərlik sözlərinə qarşı ürəklərini daşa döndərdilər. Onlar tövbə etmədilər, münəccimlərin sözlərinə inanmadılar. Hirod münəccimləri gizlicə çağırıb, ulduzu nə vaxt gördüklərini xəbər aldı. Bu yolla o, Məsihin anadan olduğu vaxtı öyrəndi, yeri isə baş kahinlərlə ilahiyyatçıların sözlərindən öyrənmişdi. Hiyləgər padşah münəccimləri Bet-Lexemə göndərdi ki, hansı körpənin Padşah olaraq doğulduğunu öyrənib ona bildirsinlər. Niyyəti, Məsihi mümkün qədər tez məhv etmək idi.

Hirod münəccimlərin önündə özünü elə göstərirdi, guya doğrudan da onlardan sonra gəlib ilahi Körpəyə səcdə qılmaq istəyir. Qonaqlarının heç nədən şübhələnməmələri üçün o, üzünə dindarlıq maskasını taxmışdı: «…mən də gedib Ona səcdə qılım». Din və möminlik maskası altında çox vaxt ən dəhşətli şər gizlənir.

Çox güman ki, padşah, ilahiyyatçılar və Yerusəlim xalqı həqiqətdə münəccimlərin dediyinə inanmamışdı, lakin bunları əsatir sayıb Şərqdən gələn alimlərə gülmüşdülər. Baş kahinlər özlərini mömin və saleh, başqa xalqları isə natəmiz saydıqları üşün, Allahın onlara bildirmədən Məsihi göndərdiyinə inana bilmirdi. Allahın Öz sirlərini yadellilərə açması fikri onların qənaətlərinə zidd idi.

Hirodun bu vəziyyətdə sadəcə olaraq münəccimlərə güvənməsi, başqa bir tədbir görməməsi xeyli təəccüblüdür. Bet-Lexem Yerusəlimə o qədər yaxın idi ki, padşah onların arxasınca bir neçə casus göndərə bilərdi və münəccimlər Körpəyə səcdə qılarkən casuslar Ona hücum edə bilərdilər.

Sevən Allah Öz Cəmiyyətinin düşmənlərindən Cəmiyyəti məhv edə biləcəkləri fikirləri gizlətməyi bacarır. O "güclüləri devirmək" üçün çox vaxt «hakimləri axmaqlaşdırar» (Əyy. 12:17, 19).

Yəhudi başçıları ilk başdan Məsihə qarşı ürəklərini inadkarlaşdırdılar, münəccimlər isə b.e.ə. 7-ci ilin dekabrın 4-ündə üçüncü dəfə Saturn ilə Yupiterin birləşməsini müşahidə edirdilər. Ancaq qəribədir ki, bu dəfə ulduzların birləşməsi şərqdə deyil, cənubda baş verdi. Əvvəllər o, şərqdən qərbə hərəkət edirdisə, indi Yerusəlimdən altı kilometr cənubunda yerləşən Bet-Lexemə doğru hərəkət edirdi. Ulduz sanki onların qabağından gedirdi.

Münəccimlər doğulan Körpəyə səcdə qımaq üçün uzaq ölkədən gəlmişdilər, yaxında yaşayan yəhudilər isə Ona alqış etmək üçün iki addımlıq yol getmək istəmədilər. Münəccimlər gələndə, axtardıqları Körpəni tapdılar və Ona vətənində göstərilən etinasızlığa heyrət etdilər: «Bu necə ola bilər? Biz yəhudilərin Padşahına səcdə qılmaq, əbədi olaraq Ona sadiq qalacağımıza and içmək üçün uzaqdan gəldik və budur, görürük ki, yəhudilər həm Ona, həm də bizə həqarətlə baxırlar!» Buna baxmayaraq, münəccimlər qətiyyətini itirmədilər.

Məsihi tanımaq istəyən hər kəs tək başına qalsa belə, Onu səylə axtarmalıdır. Başqaları nə edir-etsinlər, biz Rəbbə səcdə qılmalıyıq. Onlar bizimlə birlikdə cənnətə getmək istəmirlərsə, bu demək deyil ki, biz onlarla birlikdə cəhənnəmə getməliyik!

Biz bacardığımız işi yerinə yetirmək üçün əlimizdən gələni etsək, Allah bizə yol göstərəcək və bacarmadığımız işi etməkdə bizə kömək edəcək: «Buyur, işə başla, Rəbb sənə yar olsun» (1Saln. 22:16). Latınca bir atalar sözü var: «Qanun tənbəllərə kömək etməz, amma çalışqan və zəhmətkeşlərə kömək edər». Münəccimləri çoxdan tərk etmiş olan ulduz indi onlara təkrar göründü. Qaranlıqda Məsihin ardınca gedən adamın yolunda bir gün işıq parlayacaq! Rəbb od sütunu ilə İsraili "vəd olunmuş torpağa" apardığı kimi, münəccimləri ulduz ilə "vəd olunan Oğula", "parlaq Dan Ulduzuna" (Vəhy 22:16) aparırdı. Allah, Onu səylə axtaranları çaşqın vəziyyətdə qoymamaq üçün "hər şeyi yeni yaratmağa" hazırdır.

Allah Tövratı və peyğəmbərlərin Yazılarını bilməyən bütpərəstlər vasitəsilə imanlılara əlamət verməyə razı oldu. Onlar bütpərəst olsalar da, ilahi Padşahı görmək və Ondan xeyir-dua almaq üçün uzun yol getməyə hazır idilər. Üçüncü dəfə göydə eyni planetlərin birləşməsini görmək onları çox sevindirdi. İsanı sidq ürəkdən axtaranlar indiyədək böyük sevincə nail olurlar. Onlar İsaya səcdə qılırlar və İsa ilə səadətə qovuşurlar.

Biz dərk etməliyik ki, Rəbb bu gün məsihi olmayan adamları Məsihə, Kəlamına və Cəmiyyətinə cəlb etmək üçün onlara röyalar verir. Eyni zamanda çox savadlı məsihilər bəzən İsanın Allahdan doğulduğuma inanmır, dirilməsinə gülür və onlara həvalə edilmiş əzəli xəzinəni itirirlər. Bəs sən hansı qrupdasan? İsanı sidq qəlbdən axtarırsanmı? O Sənin həyatının mənası olubmu? O sənin xəzinən olubmu, yoxsa sən dünyəvi şeyləri axtarırsan? Hər şeydən əl çək, İsanı və Onun nurunu axtar! Çünki O bu təlaşlı dünyada yeganə ümidimizdir. O sənin üçün doğuldu. Məsih sənin üçün ən gözəl hədiyyədir! Sən Onun yanına şərtsiz-qeydsiz gəlmisənmi?

Salehlik günəşi olan Məsih doğulandan sonra biz artıq gələcəyin sirlərini bilmək üçün ulduzlara, planetlərə baxmamalıyıq, çünki Məsih bizə yol göstərən Zaminimiz olub. Gələcəyi bilmək üçün ulduzlara, bürclərə, yaxud fala baxan hər kəs Məsihdən uzaqlaşar.

DUA: Səni sevirik, ya Rəbb İsa, zira Sən insan oldun və bizi Allahın övladı elədin. Biz həqiqətən günahkarıq. Sən bizim Xilaskarımız və Çobanımızsan, qüvvətimiz və Padşahımızsan! Həyatımızı Sənə hədiyyə kimi təqdim edirik. Bizi dəyişdir ki, biz Sənin bol lütfünə həmd edək!

SUAL:

  1. Niyə münəccimlər həddən artıq sevindilər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.2.109)