Previous Lesson -- Next Lesson
d) Yaqubun övladlarının axır günlərdə xilas olmasının sirri (Romalılar 11:25-32)
ROMALILAR 11:25-32
25 Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. 26 Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq». 27 «Günahlarını aradan qaldırdığım zaman Mənim onlarla bağladığım Əhd budur». 28 Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. 29 Çünki Allahın ənamları və dəvəti geri alınmaz. 30 Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; 31 eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. 32 Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
Paul oxucularına doğma qardaşlar kimi müraciət etdi. O inanırdı ki, Allah onun Atası olduğu kimi, onların da Atasıdır; seçim və qəzavü qədər barədəki bütün fikirlər, söhbətlər, qərarlar sadəcə olaraq “Allah böyükdür” deməklə olmur, ancaq yaşayan Allahı Rəbbimiz İsa Məsihin Atası, məhəbbət və mərhəmət dolu Müqəddəs Atamız kimi tanımaqla gerçəkləşir.
Bu girişdən sonra Paul əvvəlcə anlamadığı, indi isə Səmavi Atanın ona tam açıq şəkildə elan etdiyi sirdən bəhs etdi. Paul bütün vaizlərdən, şərhçilərdən, ilahiyyatçılardan xahiş edir ki, Yaqubun övladları barədə xüsusi fəlsəfələrini öyrətməsinlər, amma Allahın Kəlamına diqqət yetirsinlər, çünki öz fikirlərini vəz edən adam özünü ağıllı və müdrik sayıb aldanır, dua edərək Allahın Kəlamına bağlanan və Müqəddəs Ruhun dediyinə qulaq asan adam isə getdikcə Səmavi Atamızın Allah məhəbbətinin sirlərini öyrənir.
Paulun bəhs etdiyi axır günlərə dair sirr çox hissədən ibarətdir:
1. İsrailin inadkarlaşması, qalın qumaşdan çadır kimidir – içində oturanları günəş şüalarından qoruyur. Onlar bayırda baş verənləri görmür və eşitmirlər, onların gözləri, qulaqları ola-ola, heç nə görə, oxuya, eşidə bilmirlər (Yer. 16:9-10).
2. Yaqubun övladlarının hamısı deyil, amma əksəriyyəti inadkar oldu. İsanın şagirdləri, həvariləri, erkən imanlılar cəmiyyəti Vəftizçi Yəhyanın çağırışı ilə sidq ürəkdən tövbə etmişdi və Yəhya onları Məsihin gəlişinə və xilasa hazırlamışdı. Onlar Məsihin cəmiyyətində yaşayır və Allahın izzətindən gələn nuru görürdülər!
3. Yeşayanın Kitabına görə, xalqın inadkarlaşması Məsihin gəlişindən yeddi yüz il öncə başlamışdı (Yeş. 6:5-13). İsa da bunu açıq-aydın təsdiq etmişdi (Mat. 13:11-15); Paulun özü də kədərlə bu həqiqəti təkrar etməli olmuşdu (Həv. 28:26-28). Yəhudilər öz Padşahını çarmıxa çəkdirib Müqəddəs Ruhun tökülməsini rədd edəndə, xalqın inadkarlaşması zirvəsinə çatdı və bunun nəticəsində romalılar onları bütün dünyaya qul olaraq satdılar.
4. Yəhudilərin bu inadkarlığı sonsuzadək davam etməyəcək, onlar yalnız başqa xalqlardan imana gələnlərin sayı tamamlanana qədər inadkar qalacaqlar. Başqa xalqlardan olan günahkarların tövbəyə çağırılması başa çatandan sonra Rəbb yəhudilərə tövbə edib yenilənmək üçün son fürsəti verəcək.
5. Paulun dediyinə görə, imanlılar cəmiyyətinin və xalqların tarixində çox mühüm rol oynayan və axır günlərdə xilas olacağı gözlənilən “bütün İsrail” nə deməkdir?
(qeyd: bu söhbətin siyasətə dəxli yoxdur, biz burada yalnız ruhani şeylərdən bəhs edirik).
Nəticələr: Gəlin, Məsihin nəzərində kimlərin əsil İsrail olduqlarını söyləməyə tələsməyək. Müqəddəs Kitab öyrədir ki, “İsrail” nə siyasi bir qrup, nə də müəyyən millətə mənsub olanlardır, amma hər şeydən əvvəl ruhani bir gerçəklikdir. Hal-hazırda Orta Şərqdə, Avropada, Amerikada yaşayan Yaqubun övladlarından minlərlə adam İsa Məsihdə yenilənir. Əsil seçilmiş xalq və Məsihin ruhani Bədəni onlardır. Biz onların sayını tam dəqiq bilmirik, ancaq bunu bilirik ki, Məsihin əleyhdarı gələcəyi zaman onlar şiddətli təqibə uğrayacaqlar, qanları töküləcək. Lakin Məsih Onun yolunda şəhid edilənlərin ruhlarını Öz müqəddəs taxtına qaldıracaq (Vəhy 13:7-10; 14:1-5).
Paulun Romalılara Məktubunu dərindən araşdıran hər kəs (11:26-27) Yaqubun övladlarının xilas olacağına dair bu peyğəmbərliklərdə aşkar olan bir sıra detalları görəcəkdir:
Paul, yəhudi dini icmasının bu yeni əhdə görə Müjdəyə düşmən olduğuna şəhadət edib. Lakin bu faciə başqa xalqların xeyrinə olub, çünki onlar Məsihin vasitəsilə xilası əldə ediblər və imanla Allahın lütfünə nail olublar.
Eyni zamanda millətlərin həvarisi Romadakı imanlılar cəmiyətinin düşməni olan yəhudilərə elan etdi ki, onlar ata-babalarının imanı və seçilməsi sayəsində hələ də Allahın sevimlisi olaraq qalırlar. Zira Allahın seçdiyi kəs günah etsə və seçilmişliyini rədd etsə belə, seçilmiş olaraq qalır. Allahın ayrı-ayrı insanlara verdiyi ruhani ənamları və üstünlükləri Allahın əsla dəyişməyən sədaqəti ilə bağlıdır (Rom. 11:29). Biz də seçildiyimizdən və həyatımızın təqdis edildiyindən əsla şübhələnməyək, lakin balaca uşaq atasının dediyinə inandığı kimi, Allahın Kəlamına inanaq!
Rom. 11:30-31-də Həvari Paul Məktubunun Yaqubun övladlarının xilasına dair ikinci hissəsinin şüarını və məqsədini təkrarladı və aşağıdakı həqiqətləri romalı məsihilərin düşmənlərinin beyninə yeritməyə çalışdı:
Paul bu həqiqətləri dahiyanə surətdə şərh etdi və Allaha ibadəti və səcdəsi üçün əsas götürdü. Dikbaş yəhudilərin büdrəyib-yıxılmasına yol verdiyi və həmçinin xilası imanla qəbul etdikləri təqdirdə yenə də onların hamısına mərhəmət göstərəcəyini nəzərdə tutduğu üçün Allah-Taalanı ucaldırdı (Rom. 11:32).
Paul bütün insanların mütləq Allahla barışacaqlarını müjdələməyib. O, Allahın guya böyük məhəbbətinə görə axır günlərdə günahkarların hamısını xilas edəcəyini, Rəbbə küfr edənləri, istəsələr də, istəməsələr də, cəhənnəmdən götürəcəyini öyrətməyib. Bəziləri Allahın şeytanı belə xilas edəcəyinə inanırlar və buna görə də şeytanla birlikdə cənnətə düşmək üçün şeytana qulluq edirlər! Əlbəttə ki, belə fikir yanlışdır, çünki Allah məhəbbət və həqiqətdir, Onun ədaləti sarsılmazdır!
Bununla belə Paul ümid edirdi ki, bütün yəhudilər tövbə edib Xilaskara imanla xilas olarlar. Lakin İsa acı həqiqəti söyləyib: haqq-hesab günündə O, yoxsullara məhəbbət göstərməyən hər kəsə “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblis ilə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!” (Mat. 25:41) deyəcəkdir. Bu qorxunc həqiqəti Yəhyanın Vəhyi də təsdiq edir (Vəhy 14:9-14; 20:10, 15; 21:8).
DUA: Ey göylərdə olan Atamız, Sənin vədlərin doğru, əhdlərin sonsuzdur. Biz cuşa gəlib sevinirik, Yaqubun nəslinin bütün qəbilələrindən tövbə edib Məsihin kəffarə qurbanını qəbul edərək, sülh ənamını əldə edən müqəddəslərinə görə Sənə şükür edirik! Bizə və xalqımıza kömək et ki, Müqəddəs Ruhunun qüvvəsi ilə yaşayaq, əmrlərini yerinə yetirək, sevimli Xilaskarımızın gəlişini gözləyək!
SUALLAR:
- Niyə Allahın vədləri və əhdləri ləğv edilməz və əbədi qalandır?
- Bütün ruhani İsrail kimlərdir?